Həsən Valeh - 75

  

Hörmətli Həsən müəllim! Sizi - istedadlı şairi 75 yaşınızın tamam olması münasibətilə təbrik edirik. Siz 1966-cı ildən 1980-ci ilə kimi "Yeni Ordubad" rayon qəzeti redaksiyasında şöbə müdiri, məsul katib, baş redaktor müavini vəzifələrində çalışmısınız. Təcrübəli jurnalist kimi yerli və mərkəzi mətbuatda dərc etdirdiyiniz məqalə və publisist yazılarınızla oxucuların rəğbətini qazanmısınız.

Sizin ədəbi yaradıcılığınız isə 50 ili əhatə edir. İlk şeriniz 1961-ci ildə "Sovet Gürcüstanı" qəzetində dərc edilib. Sonrakı illərdə şeirləriniz müxtəlif almanaxlarda, qəzet və jurnallarda işıq üzü görüb, ədəbi mühitin diqqətindən kənarda qalmayıb. Siz "Bir budağın qönçələri", "Ocaq", "Ömrün qürub çağı", "Məhəbbət duaları", "Görüşünə gəlməsəm", "Sözün söz yükü", "Şair bolluğunda şeir bazarı", "Qocaman çinarın nağılı" və başqa maraqlı şeir kitablarının müəllifisiniz. "Bir tarixdir Ordubad" kitabınız uzun illər ərzində aradığınız elmi araşdırmaların nəticəsi kimi qiymətlidir.

Sizin türkrus dillərində, habelə Tehranda nəşr edilən "Səhər nəğmələri" almanaxında işıq üzü görən şeirləriniz maraqla qarşılanmışdır.

Hörmətli Həsən müəllim! Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2013.- 8 noyabr.- S.8.