Kəsmə, külək...
Hekayə
Dövlət
orqanlarını təmsil edən, iqtidar yönümlü bütün
qəzetlər mizin üstünə
yığılmışdı. Son üç gündə bu
qəzetlərə bəlkə min dəfə
baxmışdı. Birinci səhifədə
dərc olunmuş sərəncamı da azından min dəfə
oxumuşdu. Amma yenə də onu
həzm edə bilmirdi ki,
bilmirdi…
Dövlət
başçısının imzaladığı sərəncama
görə dövlətin maliyyələşdirdiyi bütün xəstəxanalar, poliklinikalar,
tibb mərkəzləri, doğum
evləri və s. bundan
sonra əhali üçün
pulsuz fəaliyyət göstərəcəkdi.
Deməli, əhalinin müalicəsində pullu
xidmət qanunla qadağan
olunurdu! Necə yəni? Pul
onlar üçün
qadağandır?! Bilirsiz bu
nə deməkdir?
- Baş
həkim kabinetində var-gəl etməyə başladı. İyirmi ildir o, bu məşhur xəstəxanada
məşhur baş həkimdir. Onun evinə pulsuz getdiyi gün olmayıb. Bircə
gün burdan ona yetərincə pul
verilməsə gecəni yatmaz, səhəri
də açılmaz!
Dəstəyi götürdü. Kimə zəng eləyib bu "ağır xəbəri" bölüşsün? Xəstəxanalara? Poliklinikalara? Yox, yəqin ki, onlar da
əzbərlədikləri bu sərəncamın
indi də enini-boyunu
ölçməklə məşğuldurlar.
Yaxşısı budur nazirliyə - məsul
şəxslərdən birinə - köhnə dostuna zəng eləsin. Nömrəni
yığıb elə birbaşa mətləbə
keçdi:
- Oxumusan
də… Sərəncamı?
- Əlbəttə…
- Aydındır… hər
şey?
- Əlbəttə… -
məsul şəxs baş həkimin nə
düşündüyünü, daha doğrusu, nə
çəkdiyini, nə demək istədiyini çox
gözəl anlayırdı. - Əlimizdən nə gəlir ki…
- Amma…
nəsə eləmək gərəkdi… Pulsuz
camaat axışacaq xəstəxanalara…
- Neyləyə bilərik?
- Fikirləşməliyik! - Dəstəyi
yerinə qoydu. Qəzetləri bir də gözdən keçirtdi…
Elə bil sərəncamın yox olacağını görəcəkdi. Yox, bu belə davam edə bilməz! - öz-özünə əmr
edirdi.
Kabineti dörd dolanıb pəncərəyə
yaxınlaşdı. Yayın qızmar günləridi… Otaqda kondisioner işləsə
də, həkimin havası çatmırdı. Pəncərənin
bir tayını açdı. Dərindən
nəfəs aldı. Sonra ətrafa
baxdı. Burdan xəstəxananın həyəti,
giriş qapısı, qarşı tərəfdən
uzanıb gedən prospekt aydın görünürdü. Daş
hasarın boyunca əkilmiş çinar, qovaq, küknar ağacları xəfif mehdən
sığallanırdılar. Ağacların dibinə
saralmış yarpaqlar səpələnmişdi.
Yəqin susuzluqdandı… Yox… nə vaxtsa, hardasa oxuduğu bir misra düşdü
yadına: "Bəzən baharda da yarpaq saralır"… Duyğulansa da, dərhal özünü ələ alıb sərtləşdi.
Onun belə bir vaxtda şair olmaq fikri yox
idi. Pul olan yerdə, siyasət meydanında duyğular yox,
ağıl, sərtlik, ötkəmlik… işləyirdi. Hər
halda, iyirmi illik baş həkimlik təcrübəsindən
bilirdi bunları…
Polis-gözətçi
həyətdə olan maşınları yan tərəflərə
yığdırırdı.
- "Aha,
birini tapdım!" - Baş
həkim pəncərəni örtüb
yerinə qaytıdı. Kresloya yayxanıb
planlaşdırdı: - Polis - gözətçilərin
sayını artırmaq!..
Xəstəxanaya gələn
xəstə axınının qarşısını
yalnız onlarla almaq olar. Dəhlizdə səs-küy
başlamışdı. Xəstələrin səsi idi. Getdikcə güclənirdi. Deyəsən
növbə davasıdı. Katibəni
çağırdı: - Bu nə səsdi
belə? - soruşdu.
- Mahir
həkimin qəbuluna gələnlərdir. UZİ-dən
keçmək istəyirlər. Əlli nəfərdilər!..
- Necə? Pulsuz?
- Əlbəttə!
Baş həkim fısıldayıb ayağa qalxdı, elə bil
dədəsinin evini ondan
xəbərsiz zəbt eləmişdilər. - Get
polisə tapşır ki, giriş
qapısını bağlasın. Bizim rayona aid olmayan
adamları xəstəxanaya buraxmasın.
- Baş
üstə.
Sonra da əlüstü
xəstələrin verməli olduğu, amma verməyəcəkləri pulu
da hesabladı. Əlli nəfər, iyirmi manatdan… Min manat… İlahi,
min manat!..
Oturduqları yerdə gör nə qədər
xərcə-borca düşdülər. Otaqda
dövrə vurmağa başladı.
Alnına döyəcəlyə-döyəcləyə dəli-dəli,
öz-özünə danışırdı. - İndi bunun
qarşısını almaq üçün nəsə edə biləmyəcəklər?!
Fikirləş, fikirləş!.. İyirmi ilin baş həkimi! Fikirləş!.. Düşünməkdən,
kabineti ölçməkdən yorulmuşdu, ağlına bir
şey gəlmirdi ki,
gəlmirdi…
Televizorun qarşısında dayandı. Əl
atıb düyməsini burdu. Xanəndə
xanım sualı-suala calamışdı:
Külək, niyə
belə əsirsən, külək,
Sən niyə sözümü kəsirsən külək?..
Kresloda oturub
ayaqlarını qarşısındakı böyük
stolun üstündə üst-üstə
aşırdı. "Başına qan
yaxşı işləmirdi deyəsən… Bir
az da belə fikirləşsin
görək nə çıxır bu
başın içindən.
- Evrika!
- kişi ayaqlarını stolun
üstündə oynatmağa
başladı. - Tapdım! Tapdım! Sən dahisən! Sən,
vallah, tapılmaz incisən! Yerin dərin qatlarında gizlədilmiş cavahir dolu mücrüsən…
Hə! Hə! - Baş həkim özü haqqında sanki
sağlıq deyirdi. Yenə katibəni səslədi:
- Ceyran,
çay! Yox, kofe! - telefonun dəstəyini
götürüb Səhiyyə Nazirliyindəki
dostunun nömrəsini təkrar
yığdı:
- Mənsiz sizin işiniz heç vaxt keçməyib,
bundan sonra da keçməyəcək!
- Bir şey tapdın!
- Bəs necə?!
- De gəlsin!
- Biz niyə hər
yoldan keçəni xəstəxanaya, poliklinikaya,
nə bilim doğum evlərinə… qəbul edirik?
- Ona görə
ki, bura Azərbaycandır, onlarsa Azərbaycan vətəndaşları…
- Amma... Hər kəsin
bir şəxsiyyət
vəsiqəsi var. Hər
vəsiqədə də
onların yaşadığı
rayon, kənd, nə bilim qəsəbə… var?
- Əlbəttə, var…
Nolsun?
- O olsun ki, bu xəstə adam, zəhmət
çəksin, öz
yaşadığı ərazinin
poliklinikasına, xəstəxanasına
müraciət etsin!
- Əgər o xəstəxanada bu xəstənin xəstəliyinin
müalicəsi yoxdursa,
çətindirsə, kadrlar
- həkimlər istənilən
səviyyədə deyillərsə
və sizin xəstəxana da profilə uyğundursa, onda necə olsun?
- Bunun üçün
xarici ölkələr
var, - Almaniya, İran, Rusiya, Türkiyə… Burda bizə pul ödəyə
bilməyənlər gedib
görsünlər ki,
nə qədər pulları çıxır…
Bir sözlə, qısası, bu xəstəliyin müalicəsi
bizdə yoxdur, vəssalam! - Dəstəyi
yerinə qoyub, televiziyanın səsini qaldırdı. Xanəndə
xanım hələ də yalvarırdı:
Külək niyə
belə əsirsən,
külək,
De, niyə sözümü kəsirsən,
külək?
Həkim
də xanıma qoşulub oxumağa başladı. Elə
oxuya-oxuya da katibəni səslədi:
-Ay nazlım,
Ay duzlum,
Ay sözlüm,
Ay üzlüm,
Gəl görüm,
Tez görüm!..
Qız
nazlana-nazlana, sallana-tullana
əlində bir fincan kofe kabinetə
girdi. Həkimin qarşısında
fırfıraya dönsə
də, heyrətindən
ağzı da açıq qalmışdı.
"Üç gündü
doğan arvadlar kimi ağrı çəkən baş həkim deyəsən bir yanı qızıl,
bir yanı gümüş olan oğlan doğmuşdu… Kefi ala buluddadı. Yox, qızıl
yumurtlayan toyuğa da oxşayırdı, gör necə qaqqıldayırdı!"
- Yaz! - Həkim
amiranə səslə
dedi. - Bizim xəstəxanya yalnız,
istisna hal kimi, xüsusi göndərişli xəstələr
qəbul olunur! Əks hal yoxdur!
Xəstələrdən xahiş
edirik özlərinin də, bizim də vaxtımızı almasınlar! Yazdın?
- Bəli!
- Bundan bir neçə nüsxə hazırla, apar yapışdır xəstəxananın
həyətinə, giriş
qapısına, dəhlizlərinə,
tualetlərə… Anladın?! Di cəld ol! Bir
də qapıda dayanmış polis, gözətçi,
qarolçulara çatdır
ki, əvvəlki əmrimiz də yerindədir… Yəni ağır xəstələri
xəstəxanaya qəbul
etməsinlər. Ölsələr, xəstəxanamızın adı
pis hallanar. İndiyə
kimi, bu iyirmi ildə hələ bir xəstə də burda ölməyib. Çünki ağır xəstəliyə
tutulmuşları biz xəstəxanaya
götürməmişik. Bildin?
- Hə!
- Onda “uçdun!”
Bir azdan katibə
başı alovlu otağa qayıtdı:
- Həkim, pəncərədən
baxın! Bir "Jiquli" maşını
xəstə, yaşlı
qadını zorla içəriyə salmaq istəyir!
Həkim
sakitcə pəncərəyə
yanaşdı. Pəncərələr kip bağlandığından səsi,
danışığı, polisin mübahisəsini eşitmirdi. Bir onu başa düşdü ki, küçədə yolu keçmək istəyən qadın qəflətən yıxılıb.
Ya gün vurmadı, ya da infarkt… Yaxın xəstəxana
bura olduğundan onu bir maşın
götürüb tez bura çatdırıb.
Baş həkim çığırdı:
- Get polislərə denən
ki, xəstəni qəbul etməsinlər, küçəyə çıxartsınlar!
Bircə
həştat yaşlı
qarımız çatmırdı.
Getsin rahatca evində ölsün də. Gərək burda ölə?
Katibə
dərhal yox oldu. Hirsindən, hikkəsindən əsən həkim artıq soyumuş kofeni birbaşa başına çəkdi.
Üstündən limonlu soyuq çay da içdi.
Arxa otağa keçib divana sərələndi.
- Oxay, nə sərindi! Bir az yatmaq
pis olmazdı! - Elə bil ağır
xəstəlikdən sonra
özünə gəlmişdi,
xeyli yüngülləşmişdi…
Öz
xorultusuna ayıldı. Başının üstündə dayanmış polis və katibə təəccüblə,
heyrətlə, qorxa-qorxa…
nə bilim nə cürsə ona baxırdılar. Həkimin oyandığını
görüb xorla dilləndilər:
- "Jiquli" maşını
xəstə qadını
həyətə atıb
getdi… Qadın öldü…
- Elə həyətdə?!
- Bəli…
- O maşını tapın,
onun sürücüsünü
də bu arvadın yanında basdıracağam! - Görüm
onu bura niyə gətirib axı?
Polis günahkar adamlar
kimi, yavaşca dedi:
- Yaxşı olar
ki, həkim, ölən qarıya siz də baxasınız…
- Nəyinə baxmalıyam?!
- Baş həkim necə nərildədisə
pəncərənin şüşələri
də cingildədi. - Aparın atın morqa!..
Bu dəfə polis çəkinə-səkinə
pıçıldadı:
- Həkim, o… öləndə
dedi ki, baş həkimə çatdırın, südüm
ona haram olsun… Yanıma üzü qara…
pis sifətdə gəlsin.
- Nəəə? - Anaaam?!..
***
…Baş həkimin
böyümüş, qızarmış
gözləri hədəqəsindən
çıxmışdı… Beli sınmışdı… əyilə-əyilə
yeriyirdi. Polisin köməyilə aşağı
mərtəbəyə güclə
düşdü… Həyətə
açılan qapı
bağlıydı… Açar
tapılmırdı… Yarımqaranlıq
dəhlizdə baş
həkim başını
divara çırpırdı…
…Gözətçilərdən biri qapını çöldən bağlayıb
həyətdə qalan
ananın meyitini morqa aparmışdı…
… Qəflətən xəfif
mehi dəli xəzri əvəz etmişdi… Xəstəxana toz burulğanı
içində çabalayırdı.
Güclü külək
onu gücü çatdığı, yetdiyi
qədər süpürüb
atmaq istəyirdi…
…Qisas qiyamətə
qalmır… deyirlər…
Ədəbiyyat
qəzeti.- 2013.- 8 noyabr.- S.7.