Görkəmli
musiqişünasın
yeni töhfəsi
Azərbaycanın
əməkdar incəsənət xadimi, əməkdar
elm xadimi, sənətşünaslıq
doktoru, AMEA-nın müxbir
üzvü, professor,
görkəmli musiqişünas Zemfira Səfərova uzun
illərdir ki, musiqi tariximizin öyrənilməsi və təbliği
sahəsində yorulmadan
çalışan alimlərdəndir. AMEA-nın Memarlıq və
İncəsənət İnstitutunda rəhbərlik
etdiyi “Musiqinin tarixi və nəzəriyyəsi” şöbəsində
o, bu vacib
fəaliyyətini bu gün
də uğurla davam
etdirərək musiqi tariximizin
təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox
kənarlarda belə bütün
çalarları, incə tarixi
aspektləri ilə tanınmasında böyük
işlər görür.
Bu baxımdan professor
Z.Səfərovanın bu günlərdə
rus dilində işıq üzü
görmüş “Muzıkalnaya nauka Azerbaydjana (XIII-XX veka)” - “Azərbaycanın musiqi
elmi (XIII-XX əsrlər)”
monoqrafiyasının xüsusi əhəmiyyəti
vurğulanmalıdır. Qeyd etmək
lazımdır ki, Zemfira
xanımın bu əsəri Azərbaycan
dilində ilk dəfə 1998-ci ildə dərc
edilmiş, 2006-cı ildə isə kitab latın qrafikasında oxuculara
təqdim edilmişdi. “Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər)”
kitabının milli musiqi
elminin inkişafında əhəmiyyəti
böyükdür. Müəllifin 20 ildən
artıq gərgin elmi
axtarışlarının məhsulu olan bu fundamental əsər, sözsüz ki, milli musiqişünaslıq tariximizdə mühüm və dəyərli mərhələlərdəndir.
Xüsusi qeyd etmək istərdik ki, əsərin rus dilindəki
nəşrində Fətullah
Şirvani, Cabbar
Qaryağdıoğlu, Səfiyəddin Urməvi və Üzeyir Hacıbəylinin əsərlərinin
müqayisəli təhlili, Qara Qarayevə
həsr edilmiş hissələr ilk dəfə olaraq oxuculara təqdim olunur.
Elmi əsərin əhəmiyyətini tam olaraq dərk etmək üçün burada
müraciət edilən mövzulara nəzər
salmaq kifayətdir.
İlk növbədə monoqrafiyada
əhatə olunan böyük
tarixi dövr diqqəti
cəlb edir. Əsəri tam
haqla XIII-XX əsrlər Azərbaycan musiqi tarixinin panoramı
adlandırmaq mümkündür. Burada bir sıra görkəmli,
əvvəllər adları və elmi fəaliyyəti
geniş ictimaiyyətə yaxşı məlum
olmayan alimlərin həyat və
yaradıcılığı, məşhur əsərlərinin
tərcüməsi və ətraflı, dəqiq şərhi verilir.
Əsər səkkiz
hissədən ibarətdir ki, onların hər
biri ayrı-ayrılıqda müstəqil
və musiqi elmində yeni
bir səhifə açan
tədqiqatdır. Təbii haldır ki, bu cür fundamental
əsər uzun illərin
axtarışları, böyük zəhmətin
inikası kimi görünür.
Kitabla tanış olduqca,
sanki hər zaman kəsiyində
milli musiqişünaslıq tarixinin bir görkəmli
abidəsi oxucunun gözü
önündə canlanır.
I hissə XIII əsr
görkəmli Azərbaycan musiqişünas-alim
və bəstəkarı, məşhur ud
ifaçısı və xəttatı Səfiyəddin Urməvinin
həyat və yaradıcılığına həsr edilmişdir. Onun yaşadığı dövr,
tanınmış alimin fəaliyyəti
Z.Səfərova tərəfindən hələ 1995-ci ildə
nəşr edilən “Səfiyəddin Urməvi” kitabında
işıqlandırılmışdır. Əsərin qiyməti
həm də burada ilk
dəfə olaraq Urməvinin “Kitabül-ədvar”
və “Şərəfiyyə” risalələrinin Azərbaycan
dilinə tərcümə edilmiş
şəkildə, şərhlər və təhlillərlə
təqdim olunmasındadır. Hazırkı nəşrdə,
təbii olaraq bu və
digər tərcümələr artıq rus
dilində təqdim olunur.
Kitabın ikinci hissəsi XIV-XV əsrlərdə
yaşayıb-yaratmış musiqişünas-alim,
bəstəkar və ifaçı, şair
və xəttat Əbdülqadir Marağayinin
həyat və yaradıcılığından bəhs edir. Z.Səfərova bu
görkəmli şəxsiyyətin irsinin
üzə çıxmasında, dərc olunma
və araşdırılmasında böyük
xidmətlərə malikdir. Alim Ə. Marağayinin tərcümeyi-halı ilə
yanaşı, onun musiqi
elminə gətirdiyi yeniliklər, şeir
və bəstələrini də elmi
ictimaiyyət və geniş oxucu kütlələri üçün
“kəşf” etmişdir.
Üçüncü hissə XV əsrdə
yaşayıb-yaratmış alim, musiqişünas Fətullah Şirvaniyə və onun “Musiqi məcəlləsi”
risaləsinə həsr edilib. Müəllif
Şirvan torpağının bu istedadlı yetirməsinin həm də dövrünün gözəl
riyaziyyatçısı, astronomu, ədəbiyyatçısı
və elmin bir sıra
digər sahələrində dərin biliklərə malik olduğunu
vurğulayır. Bu hissədə həmçinin
“Musiqi məclisi” risaləsinin ətraflı
təfsiri təqdim edilir.
“Azərbaycanın musiqi elmi” kitabının
IV hissəsində Marağayidən sonrakı dövrdə Azərbaycan
musiqi elminin inkişaf yollarından söhbət
açılır. Bir sıra diqqətəlayıq
tarixi məlumatlarla yanaşı, burada “Behcatür-ruh” risaləsi
təqdim edilir və araşdırılır.
Zemfira Səfərovanın bir
musiqişünas-alim kimi
yaradıcılığında onun Mirmövsüm Nəvvabın irsinin
öyrənilməsilə bağlı tədqiqatlar da mühüm yer tutur. Onlar
hazırkı kitabın V hissəsində öz
əksini tapır. Müəllif Nəvvabın
yaşadığı dövr, onun məşhur “Vüzuhül-ərqam” əsərinin
araşdırılmasına zərgər dəqiqliyi
yanaşır. O, Azərbaycanın muğam
sənətinin mərkəzlərindən biri
olan Şuşa şəhərinin
mədəni həyatında Nəvvabın rolunu
məharətlə açıb göstərməyə nail olur.
Monoqrafiyanın VI hissəsi
görkəmli xanəndə Cabbar Qaryağdıoğluya
həsr edilmişdir. Ulu
muğam sənətinin
yaşadılması, təfsiri və təbliğində onun oynadığı böyük
rol yüksək səviyyədə
işıqlandırılmışdır. Musiqi elmimizin
görkəmli nümayəndələrinin həyat və tədqiqatlarına
həsr olunmuş əsərdə xanəndələrin
də xatırlanması, onların layiqli
xidmətlərinin vurğulanması, sözsüz
ki, monoqrafiyanın dəyərini
artıran məziyyətlərdəndir.
VII hissə Azərbaycan
peşəkar bəstəkarlıq məktəbinin banisi dahi Üzeyir
Hacıbəylinin elmi irsindən, bununla bağlı olan nəzəri
problemlərdən bəhs edir. Maraqlıdır ki, müəllif
bu hissənin ayrıca bir
bölməsini “Səfiyəddin Urməvi və Üzeyir Hacıbəyli” adlandıraraq hər
iki alimin məşhur
əsərləri - “Kitabül-ədvar” və “Azərbaycan xalq musiqisinin əsasları”
kitablarının müqayisəli təhlilini təqdim edir. Z.Səfərovanın
üzeyirşünas-alim kimi
bir çox elmi araşdırmaların müəllifi
olması və Üzeyir bəyin əsərlərinin
akademik nəşrlərinin
hazırlanmasında yaxından iştirak
etməsini nəzərə alaraq
kitabın bu hissəsi xüsusi
maraq doğurur.
Sonuncu - VIII hissə Qara
Qarayevlə bağlıdır. Burada əsas
etibarilə dahi bəstəkarın musiqili-estetik konsepsiyası və elmi-publisistik irsi
araşdırılır. Müəllif göstərir ki, Q.Qarayevin elmi publisistik fəaliyyətinin
işıqlandırılması vaxtilə bəstəkarın
özü tərəfindən ona həvalə olunmuşdur.
1988-ci ildə Zemfira xanımın
hazrladığı “Qara Qarayev.
Elmi-publisistik irs”
kitabı “Elm” nəşriyyatı tərəfindən
buraxılmış və tez bir zamanda istər peşəkar
musiqiçilərin, istərsə də geniş
oxucu kütlələrin böyük
marağına səbəb olmuşdur.
Hazırkı monoqrafiyaya Qara
Qarayevə həsr edilmiş hissənin daxil edilməsi ulu
keçmişdən bugünümüzədək olan böyük bir dövrü əhatə
etməklə tədqiqata məntiqi yekun vurur.
“Azərbaycanın musiqi elmi” kitabının vacib məziyyətlərindən biri də sonda S.Urməvi,
A.Marağayi, F.Şirvani və
M.M.Nəvvabın risalələrinin əsasında tərtib olunmuş luğətinin təqdim
olunmasıdır. Zənnimizcə, bu cür lüğətin verilməsi rusdilli oxucuların milli musiqi terminoloğiyası ilə daha yaxşı tanış olmasını
şərtləndirər.
Monoqrafiyanın
ayrı-ayrı hissələri, onların müsbət məziyyətləri
haqqında çox danışmaq olar. Burada Z.Səfərova dəst-xəttinə xas olan mövzuya
ciddi, əsl peşəkarcasına yanaşma, alimin bütün elmi fəaliyyəti
boyu sezilən müəyyən istiqamət
üzrə ardıcıl, pillə-pillə inamla
irəliləmə kimi keyfiyyətlər nümayiş olunur. Əsəri
musiqişünas alimin
yaradıcılığının zirvəsi də
adlandırmaq mümkümdür.
Bütövlükdə
“Azərbaycanın musiqi elmi”
monoqrafiyasının rus dilində nəşr
olunması milli musiqi
elmində əlamətdar bir hadisədir. Müxtəlif əsrlərdə
yaşayıb-yaratmış alimlərin həyatı,
onların başlıca əsərlərinin əvvəl Azərbaycan,
hazırkı nəşrdə isə rus
dilinə tərcümə edilməsi, ətraflı şərhi
və izahatı son dərəcə vacib və vaxtında həyata keçirilmiş
layihədir. Zənnimizcə, bu dəyərli əsərin ingilis,
fransız, ərəb və digər dünya
dillərinə tərcüməsi görkəmli alim Zemfira xanım Səfərovanın
fundamental əsərinin və onun timsalında milli musiqi elminin tarixinin dünya
çapında daha da
yaxşı tanınmasına xidmət edər. Bu işdə hörmətli musiqişünas
alimə yeni-yeni yaradıcılıq
uğurları diləmək istərdik.
C.MAHMUDOVA
sənətşünaslıq üzrə elmlər
doktoru, Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının
professoru
Ədəbiyyat
qəzeti.- 2013.- 8 noyabr.- S.7.