Qasım Qasımzadənin
lirikası
Nizami adına Ədəbiyyat
İnstitutunda şair Qasım Qasımzadənin baş elmi
işçi kimi çalışdığı şöbəyə
(bir qədər sonra o, şöbənin müdiri vəzifəsinə
seçildi) laborant qəbul edilmişdim. Yetmişinci illərin
əvvəli idi. Bir dəfə Azərbaycanın gözəl
mənzərəli bir rayonundan söz
düşmüşdü. Qasım müəllim məndən
vətənimizin hansı guşələrində olduğumu
soruşdu. Bakı kəndlərindən başqa heç yeri
görmədiyimi eşidəndə təəssüf
qarışıq soyuq bir eyhamla: “Səndən nə ədəbiyyatçı
ola bilər? Torpağımızı qarış-qarış
gəzməmisən, dağ, meşə, çəmən,
çay, bulaq, qaya, şəlalə görməmisən,
şerimizi necə başa düşə bilərsən?!” Mən
etiraz etdim ki, S.Vurğunun, M. Müşfiqin,
S. Rüstəmin, Rəsul Rzanın təbiət
şeirlərini yaxşı başa düşürəm,
xeyli əzbər də bilirəm. Qasım müəllim:
“Oxucu kimi ola bilər, ədəbiyyatçı kimi bu
mümkün deyil” - deyib söhbəti kəsdi. Bu kəskin
iraddan çox təsirləndim...
Tezliklə
institutun həmkarlar təşkilatının tədbirləri
sayəsində Azərbaycanın Şuşa, Göy göl,
Hacıkənd, Quba, Qusar, Qazax, Şəki,
İsmayıllı, Yalama, Lənkəran, Astara kimi dilbər
guşələrində üfüqləri şəfəqli
buludlarla qucaqlaşan ecazkar panoramlı peyzajları seyr edərkən
təbiət gözəlliklərinin
sonsuz rəngarəngliyinə, füsunkarlığına
heyran qalır, iç dünyamın necə genişlənib,
hissimin, duyğumun təptəzə şırnaqlarla
doluşmasından qeyri-adi bir fərəh duyur, ona haqq verirdim.
Q. Qasımzadənin taleyi elə gətirmişdi
ki, Qubadlının Xocamsaxlı kəndində dünyaya gəlmiş,
nənnisi barlı-bəhrəli bağların ağac
budaqlarından asılmış; iməkləməyi,
durub-yıxılmağı “quzu tüklü”
yaşıllıq sərilmiş güllü-çiçəkli
çəməndə olmuş, uşaqlığı bulaq
başında, çay kənarında, məktəb yolu Kəlbəcərin
sıldırım qayalı uca dağlarından
keçmiş, miniyi dırnağından od qopan ceyran
yerişli köhlənlər olmuşdu. Buna görə
də təbiət onun poeziyasında ilk təcəssüm
obyekti olmaqla yanaşı, bədii təfəkkürünün
mayasını təşkil edirdi.
Milli
poeziyamızda təbiət mövzusu hələ orta əsrlərdən
müəyyən dərəcədə özünə yer
tutsa da, ilk dəfə romantik üslublu Abbas Səhhətin
yaradıcılığında rövnəqlənib həqiqi
poetik lövhələrdə əhatəli təcəssümünü
tapmışdı. Otuzuncu
illərdə S.Vurğun, M. Müşfiq,
S. Rüstəm, R. Rza, O. Sarıvəlli və b.
ara-sıra təbiət gözəlliklərini qələmə
alsalar da, təbiət şeirlərinin poeziyanın xüsusi
bir qoluna çevrilməsi 1950-1960-cı illərdə H.Arif, Nəbi
Xəzri, Q.Qasımzadə, M.Arazın və b. şeir
nümunələri sayəsində gur bir axına çevriləndə baş verdi.
Q.Qasımzadənin
“Təbiətin qız vaxtıdır”, “Baharlı,
vüqarlı diyarım”, “Laçın qayası”, “Gəlmişəm”,
“Ballı qaya”, “Zümrüd tac” və s. şeirlərində
bilavasitə təbiət təsvirləri ilə yanaşı
təbiətlə insan ünsiyyətinin bənzərsiz
lövhələri yüksək sənətkarlıqla qələmə
alınmışdır. Hələ əllinci illərdə
istedadlı tənqidçi Məsud Əlioğlu
yazırdı ki, şairi dilə gətirən başlıca
ideya - Azərbaycan təbiətini, insanla təbiət
arasındakı ünsiyyəti göstərməkdir;
doğma təbiəti tanıtmaqdır”. “Bələdikmi
özümüzə” şeri məhz belə bir qayənin
inikası olaraq şairin təbiətə məhəbbətini,
vətənpərvərlik duyğularını
açıqlayırdı:
Adam var ki, Kür,
Araztək çay görməyib,
Qarışmayıb
gülüşünə şəlalələr.
Uçurumun şir
ağzından gül dərməyib,
Dodağını
öpməyib daş piyalələr...
- deyə
Vətəni tanımayan “kəsi”, heç olmasa, şerinin
misralarında seyrə çıxarır, İstisu, Göy
göl, Batabat, Bərdə, Astara, Zəngilan, Masallı, Gəncə,
Lənkəran, Şirvan, Qarayazı, Pənahabad, Şəki,
Şahdağ, Murovdağ, Qobustan gözəlliklərindən
səciyyəvi lövhələr canlandırır, bu
torpaqlarda izi qalan igid
babaları xatırlayırdı. Onun
yaradıcılığında doğma təbiətin
inikası daha çox aşıq şerinə yaxın
üslubda, şəxslənmiş və ünsiyyətlidir.
Bu tərənnümlərdə lirik “mən”in təkcə
estetik görümü, duyumu, zövqü deyil, həm də
qayğısı, narahatlığı əksini tapır. Belə
ki, şairin peyzaj lirikasında böyük ustalıqla çəkilən
mənzərələrə həmin andaca həssas insani
münasibət onu daha da doğmalaşdırır. “Bir şəlalə var idi”, “Laçın
qayası”, “Sinəsi dağlı dağ”, “Göy göl mənzərələri”,
“Torağaylar çıxır yola”, “Qərib bahar” və s.
kimi şeirlərdə təbiət lövhələrinin təkrarsız
gözəllikləri həm də müqəddəs yurd yeri
olduğu üçün oxşanır, əzizlənirdi.
Şair
təbiətin xırda böcəyindən, otundan,
çiçəyindən tutmuş onun uca dağlarınadək
hər təzahürünə böyük mənəvi həssaslıq
göstərmiş, həm də onda baş verən hər
cür titrəyişi, nəsimi, tufanı - dəyişikliyi
hiss etmiş, duymuş, təsirlənmişdir.
Xüsusilə fəsil dəyişikliyi
zamanı təbiətdə baş verən yeniləşmələr
hər dəfə onun ruhunu tərpətmiş, qəlbini
ehtizaza gətirmişdir. Şair payızı,
qışı, ilk baharı, son baharı, yayı tərənnüm
etdiyi şeirlərində elə məqamları duya bilmiş
və elə poetik obrazlarla bədii lövhələr
yaratmışdır ki, yalnız ona xas olan bir şeriyyət
aləminin varlığını bir daha təsbit etmişdir.
Bu aləm duyğulu bir qəlbin işığı ilə
munis, nəvazişli, hərarətlidir.
Q.Qasımzadə
təbiətin şair övladı idi. “İki lövhə”,
“Elqovan”, “Qərib bahar”, “Baharın məktubu”, “Bakıda
qış” və s. şeirlərdə fəsillərin təkrarsız
gözəlliklərini təzə, həm də hər kəsə
doğma bir biçimdə canlandırır, baharın ilk gəlişini onun təbiətdən insanlara
yazdığı ilk məktubuna təşbeh edib, “qələmi
bəndləri sökür”, “mürəkkəbi seltək
axır...” - deyə özünün bənzərsiz poetik
görümünü təqdim edirdi. Uzun illər şairi
yaxından tanıyan və onunla dostluq edən istedadlı tənqidçi
Əkbər Ağayev yazırdı: “İncəliyin və həssaslığın
ən poetik, saf, dupduru təbii çalarlarını onun
yaradıcılığında görmək olur... Təbiətin
dilini bilmək, onunla baş-başa verib söhbət etməyi
də Qasım çox gözəl bacarır. Budur onun
dağlarla söhbəti:
Səndən
ayrılanda, dağlar, cavandım,
İndi
görüşünə qoca gəlmişəm...”
Ə.Ağayev
Q.Qasımzadənin təbiət şeirlərindən bəhs
edəndə təsadüfi olaraq bu şeri xatırlamayıb.
Şairin təbiətlə ünsiyyətinin ən bariz
ideya-bədii, emosional təcəssümü məhz “Gəlmişəm”
və “Dağlar buraxmır məni” şeirlərində təkrarsız
inikasını tapmışdır.
Azərbaycan poeziyasında “dağlar” mövzusunda çox
şeirlər yazılmışdır. İyirminci
yüzillikdə elə realist şair tapmaq çətindir ki,
öz yaradıcılığında hər hansı bir məqsədlə
“dağlar” motivinə toxunmamış olsun. Q.Qasımzadənin
şerində isə “Dağlar” canlı lirik obrazdır: “Gəlmişəm”də
“dağ” dədə-baba ocağının müdrik el
ağsaqqalı timsalıdır: hər şeyə qabil bir
qüdrətdir. Şair onun yanına:
Xatirəmin güllərini
üzməyə,
Cığır
örtən otlarını əzməyə,
Haraylayıb gəncliyimi
gəzməyə,
Yollarını
quca-quca gəlmişəm.
-deyə
qayğılar üstünə düşən qocalıqdan
“zəri alçı duran bəxtə-naxışa”, “möhkəmcə
yaddaşa”, daşı üyüdən “cağbacağ
dişlərə”, “qırışsız alına, gözlüksüz
gözə”, “çəliksiz əllərə, əsməyən
dizə”, “dayı dedirtməyən qapqara telə”, “qızlar bəyəndiyi boya-qamətə” ömrün
ondan birbəbir tutub aldıqlarını qaytarmaq umsuntusu ilə
gəlib. Bir zaman dağların qoynunda ikən şairə mənsub
olanların hamısını qayğılı keçən
illər indi yoxa çıxartmaqdadır. Ancaq şair
qürurludur ki:
Ömrün zinətini
illər alıbdır,
Mahir oğru kimi
bir-bir çalıbdır.
Bircə sən
verdiyin vüqar qalıbdır,
Hüzuruna
başı uca gəlmişəm.
Duyğunun, hissin
poetik ekstazı şairin ruhani “mən”indən keçib kamil
bir tamlıq əmələ gətirmişdir. Şeirdə
lirik həyəcanın şüalandığı təmas
bucağı açıq-aydındır: yaylaq günləri
başa çatıb. Dağdan arana köç etmək
vaxtıdır. Şair son dərəcə sadə, səmimi
bir tərzdə söhbətinə başlayır:
Oyandım ki, qar tutub
Yurda yaxın zirvəni.
Üzü arana
sarı
Yatan gördüm dəvəni.
Qara qoyun, qara kəl
Dümağ olub
qırovdan
Bir gecənin
içində
Baş qaldırıb
elqovan...
Sən
demə, torpağımızın hər otu, hər
çiçəyi kimi elqovan gülünün də insana
yararlı əlamətləri var imiş. “Nə ətri, nə
də hüsnü” olan bu sapsarı çölçiçəyi
“boran qoşun çəkməmişdən “haray-həşir
qoparıb”, eli xəbərdarlıq edər. Onun bu əlamətini əsrlər
boyu sınaqdan keçirmiş el-elat da tezliklə tufan-qar gələcəyini
başa düşüb köçlərini
yığışdırıb, bu yerlərdən
uzaqlaşmağa tələsirlər. Şair dostu dağla
ayrılıq məqamı yetişdiyi üçün dərdlidir.
Onun bu halında qəflətən yağan “yağış
da göz yaşına” bənzəyir, qarşıdakı
“yalı, çəməni lay-lay” döşəyirdi.
Dağlar şairdən ayrılmaq istəmirdi. Bundan sonrakı
bənddə atla yol getməyin, atla rəftarın çox incə
nüanslı bir lövhəsi canlanır: çox sadə, təbii
və poetik. Sözlər elə bil zərrəbinlə
seçilib, həm həssas qəlbli bir insanın atla
doğması kimi rəftarı, həm dağ yollarına məhrəmlik
hissi, həm də sahibi kimi atın da dağlardan ayrılmamaq
istəyi elə səmimi ifadə olunub ki, özünü o
yerlərdə at belində hiss edirsən. Burada bir-birindən
heç vəchlə ayrılmaq istəməyən, digər
tərəfdən də bu “müdhiş”
ayrılığın sərt labüdlüyünü qəlbinin
dərinliklərində dərk edən iki dostun son vida
oyunları riqqətə gətirir. Poeziyamız
üçün ənənəvi müdrik, qocaman dağ
simvolu əvəzinə bu şeirdəki “dağ” şairin
tay-tuşudur, onun kimi şuxluq edir, küsür,
barışır, dostundan ayrılmamaq üçün min “kələk
qurur”. Ondan ayrılmaq istəməyən dostunun qurduğu
torlardan necə çıxsın?! Şair düyünün
açılışına çox kəsə, çox sadə,
çox təbii keçid edir:
Bir qəribə həvəslə
Köhlənimdən
tez endim,
Təbiətin fəndinə
Uşaq kimi sevindim,
Süzdüm
çılğın fərəhlə
Bu keçilməz
guşəni:
Öyünməyim,
neyləyim -
Dağlar buraxmır məni!
Dağlar buraxmır məni!..
Bu şeir təbiətlə
insan münasibətlərini, təbiətin şəxsləndirilməsini
orijinal səpkidə təcəssüm edən kamil bir poetik
nümunədir. Lirik yaradıcılıq, məlum olduğu
kimi, şairin mənəviyyatı ilə sıx bağlı
bir prosesin məhsuludur. Lirik şeirdə şairi yazmağa
vadar edən konkret obyektdən oyanmış həyəcan onun
hissi-şüuri varlığında, psixi-əxlaqi-mənəvi
özəlliyində qaynayıb həll olandan sonra misralara
dönüb bədii fakta çevrilir. Buna görə də hər
şeir öz yaradıcısının “mən”liyindən bir
yarpaqdır - desək, səhv etmərik. Bu yarpağın
“torpaqdan” da, “günəşdən” də, “sudan” da qüvvət
aldığı yaxşı məlumdur. Q.Qasımzadənin
bütün şeirlərində onun mənəvi-əxlaqi-şüuri
varlığının müəyyən bir təzahüründən
bəhs açmaq mümkündür. Xüsusilə şairin
Vətənə, zəhmət adamlarına, doğmalarına
yazdığı şeirlərdə onun öz “mən”liyini
daha aydın müşahidə etmək olur. Vətənə
həsr etdiyi təkrarsız şeirlərindən “Bənövşə
yarpağı”nın lirik həyəcanı gerçək
yaşanılan belə bir əhvalatla bağlı olmuşdur.
“Qərbə, qəribliyə səyahət” adlı yol qeydlərinin
birində şair yazırdı ki, “Gəminin geniş, rahat
foyesində yığışmışdıq. Azərbaycanlı
səyyahlar söhbəti
qızışdırmışdılar... Yerliçilik “xəstəliyinə”
tutulmuş birisi özünün məhdud
dünyagörüşünü
açıq-açığına qanqaraldıcı tərzdə
izah edib, meydan sulayırdı. Mən onun qolundan tutub divardan
asılmış dünya xəritəsinin
qarşısına gətirdim:
- Eloğlu, burda Azərbaycanı
tap görüm?
O, bir qədər
bozardı:
- Coğrafiya müəllimisən?
Məni imtahan eləyirsən?
O, gözlərini
qıyıb divara tərəf çevrildi. Yarımkürələr
xəritəsində, doğrudan da Azərbaycanın ərazisini
göstərmək çətin idi. Barmağını bənövşə
yarpağından kiçik yaşıl bir işarə üzərində
gəzdirdi...
- Sözünün
canını de.
- Demək istəyirəm ki, eyib olsun! Dünya ərazisi
ilə müqayisədə bənövşə
yarpağından da kiçik olan torpağımızı bir
neçə yerə bölsək, nöqtəyə
dönüb itmərikmi?..”
Şairin Qərb ölkələrinə bu səyahəti
1958-ci ilin may ayında baş vermişdi. “Bənövşə
yarpağı” şerinin altında “mart, 1963”
yazılmışdı. Göründüyü kimi, Vətəni
bənövşə yarpağına təşbeh etmək
üçün beş il şair onu
köksündə, şüurunda gəzdirib bəsləmiş,
nəhayət, bu yaşantıları ilə uyuşan bir lirik
əsər yarada bilmişdi. Bu şerin başqa
heç bir Vətən şerinə bənzəməməsi
üçün şair onda çox uğurlu alınan lirik
süjet qurmaq üsulundan istifadə etmişdi. Güman ki, şeirdəki əhvalat müəyyən
dərəcədə gerçəklikdə həqiqətən
baş vermiş və məhz həmin əhvalatın
oyatdığı emosional əhval-ruhiyyə “bənövşə
yarpağı” obrazının bədii həqiqətə
çevrilməsinə təkan vermişdi. Şeirdə
istili-bürkülü yay günündə şəhərdə
qalmalı olan şairə doğmaları, dostları Azərbaycanın
müxtəlif yerlərindən - hələ bənövşəsi
solmayan Turşsudan, çiskinli payız havalı Kəpəz
tərəflərdən, qar sevincli Dəlidağdan zəng
edib hal-əhval tuturlar. Beləliklə, yay qızmarlı
şəhər otağına dağların “ilk baharı”,
sonra “sərin payız” və “qışın sərt”
havasını gətirən bu telefon zənglərindən
sonra şair dünya xəritəsinə nəzər yetirir və
orada çiçəkli, çisəkli dağları, od
püskürən qızıl Abşeronu, bürkülü
Muğanı, Mili axtarır:
Axtarıb gəzdikcə mən heyran-heyran,
Baxıb gülümsədi sanki yer üzü...
Azərbaycan dünya xəritəsində
Görünür bənövşə
yarpağı qədər.
Şairin “heyran-heyran”, “gülümsədi yer
üzü” məcazlı ifadələri ilə günəş
zərrəcikli “bənövşə yarpağı” təşbehinə
hopdurduğu istilik, hərarət “xoş sədası bənövşə
ətritək dünyanı tutan” Azərbaycana
köçürülür və bu bahar simvolu “bənövşə”
obrazı qəlbi bahar səmaları qədər
işıqlandırıb, Vətən məhəbbəti ilə
doldurur. Maraqlıdır ki, Vətən
torpağının kiçik bir bənövşə
yarpağına təşbeh olunması nəinki onu
kiçiltmir, şairin yüksək emosional duyumu sayəsində
daha cazibədar, daha möhtəşəm edir.
Hər fəslin getsə də burda söhbəti,
Hamı bahar bilir Azərbaycanı,
Onun xoş sədası, onun şöhrəti
Bənövşə ətritək tutub
dünyanı.
Həqiqətən, “odlar diyarı”, “qəhrəmanlar,
igidlər oylağı”, cənnət guşəsi günəşli
Azərbaycanı “bənövşə yarpağı”na təşbeh
etmək bənzədilənin daxili qüvvəsi ilə
müəyyən dərəcədə bağlansa da, fikrimizcə,
həm də bu poetik obyektin sonsuz məhəbbətlə əhatə
olunmasında idi. Həmin məhəbbət
ab-havasında bənövşə yarpağına bənzədilən
Vətən ilk baharı, bahar səması, köksü
günəşli Azərbaycanı xatirə gətirir. Və nəhayətdə Vətən sevgisi
kiçicik bir çiçəyə qoynunda dünya iqlimi
yaşayan Azərbaycan boyda bir əzəmət verir. Zərif bənövşə ətirli Vətəni
şair həm də qocaman qartalla məcazlandırır və
bir neçə şerində bu vüqar, əzəmət
simvolu quşun poetik obrazını qövsü-qüzehləndirirdi.
“Qartal” şerində Azərbaycanın xəritədəki
qartalabənzər təsvirindən ilhamlanan şair
Bakını qartalın gözünə bənzədirdi.
Şairin “Vətən” mövzulu şeirləri içərisində
“Azərbaycan” adlı şerinin xüsusi vəzni-çəkisi”
var. Şerin poetik orijinallığı ondadır ki, “ana deyə
çağırdığımız Azərbaycanı ilk dəfə
şair öz üslubuna xas lirik təhkiyə ilə canlı
bir insana bənzədir: “Şirvan yolu alnındakı
qırışlar”ı, “Mingəçevir - sevinc ilə yanan
gözlər”i, “Şah dağının silsiləsi - sıx
qara qaşlar”ı, “Zümzüməli Kür - şirin
sözlər”i, “Abşeronum - odlu, isti ürəyi”, “Bakı
küləyi - qəzəbi, nifrəti”dir və s. Bu dolğun
məzmunlu obrazlı ifadələr Vətənə
doğmalıq, məhəbbət hissləri aşılamaqla
bərabər, Azərbaycanın həm maddi-mənəvi zənginlikləri,
həm əzmi, qüdrəti (“Düşməninə
yumruğudur Laçın, Qubadlı”), həm də sözdə-sənətdə
məharəti sarıdan dərin iftixar hissi oyadır. Vətəni tanıdıqca, ona valeh olur, onunla
qürrələnir, onu sevirik. Şair Vətənə
məhəbbət, vətənpərvərlik kimi müqəddəs
duyğunun məhz ana təbiətin əsrarəngiz qoynunda
ehtizaza gəldiyini dönə-dönə təsdiqləyirdi.
Vətəni görməyə, tanımağa,
duymağa, sevməyə şövqləndirirdi.
Q.Qasımzadənin
yaradıcılığından bəhs edən ədəbiyyatşünas
alimlər, tənqidçilər düzgün olaraq onun “Vətən”
mövzulu şeirlərini “Vətənin əmək
adamları” tematikası ilə inkişaf etdirmişlər. Çünki o, yaradıcılığa
başladığı illərdən ətrafındakı
insanlara qarşı çox həssas olmuş, onların mənəvi-əxlaqi
saflığına, əməksevərliyinə heyran
qalmış və şeirlərində onları sevə-sevə
vəsf etmişdir. “Zəhmətin ətri”, “fəhlə
ürəyi”, “Muğan qızları”, “Qara qız”, “Dağlar
oğlu”, “Gözlərin sevinci”, “Müəllim” və s. kimi
şeirlərində sadə zəhmət adamlarının təkcə
xeyirxah əməllərindən deyil, həm də insani zənginliyindən
söhbət açılır. Şairin ən səmimi hissləri,
yüksək mənəvi-əxlaqi keyfiyyətləri
«Xeyirxahın intiqamı», «Yaxşı adam», «Nəsillərə
sovqat», «Halal ömür» və nəhayət, «İnsan min il
yaşardı» və s. şeirlərinin poetik toxumasını
müəyyənləşdirmişdir. Məna-məzmunla
bağlı həssas, səmimi bir duyumu özündə əks
edən təşbeh və məcazlı ifadələr
«şirin bir söhbətə» bənzər ahəng tərzi
bu şeirlərin lirikliyini xeyli artırmışdır.
Çünki Q. Qasımzadə öz şeirlərinin
böyük bir əksəriyyətini məhz həyati bir
hadisədən təsirlənərək yazır, adi
baxışda sezilməyən insan münasibətlərindəki
incəlikləri heyranlıqla tərənnüm edirdi. “Xeyirxahın intiqamı” şerində şair
xatırlayır ki, “cavanlıq çağlarında” haqq-nahaq
bir nəfər “fasıq”ı qaralayıb, tez-tez onun “izzət-nəfsini”
təhqir edərək, özünün nizəsayaq tənqidləri
ilə “qəlbini yüz dəfə yaralayıb”mış.
İllər keçir, o adam həyat pilləsində
inamla yüksəlir, zirvə mövqeli bir vəzifəyə
təyin edilir. Şairin o adama işi düşəndə
həmin kəs nəciblik göstərir, şairə
çox böyük hörmət göstərir, onun
bütün arzuladıqlarını “nağıldakıtək”
dərhal hazır edir. Bu, şairi daha çox məlala
salır:
Xeyirxahın intiqamı yamanmış,
Əlinə “girəvə” düşəndə
gördüm.
İnsanı xəyalla fikrə salanmış,
Yaxşılıq gördükcə çoxaldı dərdim...
Bu şeirdə “xeyirxah”ın mənəvi zənginliyi
qədər də lirik “mən”in daxili aləmi saf, səmimi
etirafı, peşmançılıq əzabı ilə rəğbət
oyadır. Eləcə də, “Yaxşı adam”
şerində şair təsadüfən qısa müddətli
bir zaman kəsiyində ünsiyyətdə olduğu bir
adamın daxili gözəlliyinə heyranlığını
bildirəndə də həmçinin öz baxış
bucağı ilə heyrətləndirirdi:
Nur vermişdi baxışına
Yurdumuzun od-ocağı,
Ağır eldən götürmüşdü
Mərifəti, qanacağı...
İnsanın mənəvi aləmi barədə
düşüncələrini, qənaətlərini şair
“İnsan min il yaşardı” şerində ümumiləşdirir
və onu 1973-cü ildə nəşr etdirdiyi kitabının
adına da “İnsan min il yaşardı” -
çıxarır. Şerin əvvəlindən
əlvan obrazlar, təkrirlər, pafoslu ahəng belə,
dalğın, düşüncəli çaları gizlədə
bilmir. Ahəngdəki bu incə nüans
süjetin inkişafı üçün açar xidmətindədir.
Okeanlar, dənizlər... “Əlvan xalçalı düzlər”,
çənli dağ, bal bulaq, gen dərələr,
bağçalar, meşələr, “Zirvədəki qar,
çiçək, üfüqdəki min bəzək, səmadakı
min naxış - insan üçün yaranmış”.
İnsan isə xoşbəxt deyil, təbiətin bu gözəl
nemətləri içində bəs niyə insan min il yaşaya bilmir?! Səbəbləri
isə çoxdur. Şair insanın qaçılmaz
yaşantılarını yad edir: həsrət, qürbət,
ayrılıq, “cavabsız ilk məhəbbət...” Bu şeirdə Q. Qasımzadənin poeziyası
üçün səciyyəvi olan bir keyfiyyətə də
diqqət cəlb etmək istərdik. Bu da
millilik duyğusunun parlaq təzahüründən ibarətdir.
Çünki şeirdəki insan bəşəri olmaqla
yanaşı, həm də azərbaycanlıdır: öz
görüm və duyumları, düşüncə və dəruni
iztirabları ilə özündə millət
övladının mənəvi dünyasını əxz edən
bir insandır. Milli keyfiyyətlər ümumiyyətlə,
şairin çox şeirlərinə koloritverici bir mənalılıq
gətirməkdədir. Şairin bədii
üslubunun ümdə məziyyətlərindən olan səmimilik
və özümləşdirmə meyli bu subyektiv
başlanğıca pəncərə açırdı.
Şair yalnız onu həyəcanlandıran, təsirləndirən
hadisələrə deyil, həm də mənalılığı
ilə diqqətini çəkən həyati faktlara əhəmiyyət
verir və şeir boyu bu fəlsəfi-əxlaqi-estetik mənanı
xüsusi vurğulayırdı. Onun bir
çox şeirləri sənətkarlıq baxımından
bütöv bir tamlıq təşkil edən lirik nümunələrdir.
Bunlarda konkret həyati faktlar müəllifin
özünə xas mənəvi münasibəti sayəsində
uyarlı təbiət fonunda, ab-havasında poetik biçimi və
intonasiyası ilə pillə-pillə açılaraq ideya-bədii
mənalandırılırdı.
Q. Qasımzadənin lirikası təkrarsız poetik aləmi,
ideya-bədii siqlətinə görə milli
poeziyamızın tarixində özünə yer almış,
ədəbi məskunlaşmışdır.
Safura
Quliyeva
AMEA-nın
Nizami adına Ədəbiyyat
İnstitutunun
aparıcı elmi işçisi, fil.ü.f.d.
Ədəbiyyat
qəzeti.- 2013.- 8 noyabr.- S.5.