Zori Balayanın Vladimir Putinə ünvanlanmış
AÇIQ MƏKTUBUNA aid qeydlər
Yetərincə səciyyəvi
"Açıq məktub" tarixin dərslərindən
bixəbərlik haqqında Klyuçevskinin fikrinə istinadən
başlayır. Və yalnız buna görə də
epiqraf kimi başqa bir sitat gətirmək istərdik, - Jül
Lemetr, tarixin yaradılmasından bəhs edərək deyirdi
ki, "Bütün insanlar bu prosesə qatılır, deməli,
hər kəs heç olmasa ən cüzi ölçüdə
onun gözəlliyinə yardım göstərməli və
həddən ziyada eybəcər olmasına yol verməməlidir".
İndi
"Qarabağ problemi - Rusiyanın problemidir" adlanan məktubun
məğzi haqqında. Çox mübahisəli sərlövhədir
ki, çoxları da onu təkzib edə bilərdi, axı beynəlxalq
birlik artıq həmin problemi bir çərək əsrdir
ki, ilk növbədə, Azərbaycanın və Ermənistanın
qənaətlərini nəzərə
almaqla çözməyə cəhd edir. Lakin nə qədər
paradoksal və inanılmaz görünsə də, mən
problemi ilk növbədə Rusiyaya aid edən Balayanın qənaətilə
razılaşmaq istəyirəm. Məsələ
ondadır ki, Dağlıq Qarabağda qarşıdurma fəal
mərhələsinə səksən səkkizinci ildə
keçmişdi, məhz bu məqamdan bir zaman vahid -
bütöv ölkənin parçalanma problemləri ortaya
çıxmışdır. İndi artıq
arxayınçılıqla unudulmuşdur ki, hələ
o vaxt, səksən səkkizinci ildə, SSRİ Ali Sovetinin Rəyasət
Heyəti bu məsələni nəzərdən
keçirmiş və sərhədlərin dəyişdirilməsinin
qeyri-mümkünlüyü barədə birmənalı qərara
gəlmişdir.
İndi bu qərar
rahatca unudulmuş, yada düşən bircə Dağlıq
Qarabağın Azərbaycanın tərkibinə
qatılması haqqında 5 iyul 1921-ci il tarixli guya Stalinin
"sırıdığı" qərardır. Amma Dağlıq Qarabağ problemi ondan ibarət idi
ki, məhz bundan etibarən böyük ölkənin və
birbaşa nəticədə Rusiyanın özünün
dağılması başlandı. Əgər müttəfiq
respublikanın tərkibindəki muxtar vilayətin
ayrılmasına yol verilirsə, niyə də digər
müttəfiq ya muxtar respublikalar, müxtəlif milli
qurumlar öz müqəddəratını həll edə bilməsin?
Abxaziya, Osetiya, Dnestryanı bölgənin problemləri
körükləndi. Hətta İnquşetiya və
Çeçenistan bir-birindən qopmağa girəvə
tapdılar, hərçənd bunlar iki sıx qohum
xalqlardı. Elə həmin vədələrdə Tatarıstanda,
Başqırdıstanda, Krımda separatist hərəkatlar
baş qaldırdılar. Orta Asiyada qanlı
iğtişaşlar baş verdi. Ən dəhşətlisi
odur ki, Rusiya indiyədək Boris Yeltsinin rus xalqına, onun
dövlətçiliyinə bunca ziyan vurmuş siyasətinin bəhrələrini
biçməkdədir.
Yeltsinin "Nə qədər
bağımsızlıq götürə bilirsiz -
götürün" şüarı iki Çeçenistan
müharibəsinə gətirib çıxartdı və
onlar hələ də sona yetməyib. Volqoqradda baş
vermiş son partlayışlar da Dağlıq Qarabağdan
başlanmış həmin qanlı parçalanmanın nəticəsidir.
Ona görə də Balayan burada haqlıdır. Bu bəla
Rusiyanın ən dəhşətli və ən qanlı
probleminə çevrilmişdir ki, iyirmi ildən
artıqdır həll edilməmiş qalır. Məhz
Dağlıq Qarabağın öz müqəddəratını
həll etmək cəhdindən oxşar proseslər başqa
müttəfiq respublikalarda da başlanmış, Yuqoslaviyada
başlanan faciəvi parçalanma amansız vətəndaş
müharibəsini alışdırmış,
Rusiyanın milli-inzibati subyektləri öz
bağımsızlığını car etməyə
çalışmış, müqəddəratını
müəyyənləşdirməyə cəhd göstərmişlər.
Bu məsələni Çeçenistanda hərbi zor işlətməklə
çözmək cəhdi indiyədək bitməmiş
Qafqaz müharibəsinə səbəb oldu. "Nord-Ost"
faciəsi, Beslan, Budyonovsk və Kizlyar qırğınları
- həmin kütləvi qarşıdurmanın bilavasitə nəticələridir.
Dağlıq Qarabağ bir növ dünya məkanlarına
siqnal oldu. Əgər kimlərəsə bu rəvadırsa,
niyə də başqaları üçün yasaq olsun? Budur,
baxın, artıq Şotlandiya və Kataloniya, Şimali
İtaliya və Korsika da öz müqəddəratlarını
həll etməyi tələb edirlər. Abxaziya, Cənubi
Osetiya, Kosovo artıq öz müstəqilliyini elan etmişlər
və ilaxır. Axı bütün bu mərəkələr
Dağlıq Qarabağ qarşıdurmasından
dolayısı nəşət tapmışdır. Bəlkə də rəhmətlik Sobçak,
Dağlıq Qarabağ problemi ən əvvəl Rusiyanın
problemidi - deyəndə haqlıymış, yəni beləliklə
bütün qalan milli təsisatlar öz müqəddəratının
müəyyənləşdirilməsini, ölkənin tərkibindən
çıxmasını tələb edəcəklər.
İndi Balayan
yazdığı müqavilələr haqqında. O, ixtisasca həkimdir,
mənim ixtisasım beynəlxalq hüquqdur, odur ki,
Balayanın sicilləmələrini mənimçün
yalnız oxumaq deyil, həm də diqqətlə incələmək
maraqlıdır.
Gülüstan
müqaviləsi Napoleonun Rusiyaya təcavüzündən dərhal
sonra imzalanmışdı, - o zaman ingilislər Rusiyaya, onun
öz qatı düşmənlərilə mübarizədə
hər cürə dəstək göstərməyi qərara
almışdılar. Məhz o məqam idi ki,
İngiltərənin İrandakı səfiri cənab Qor Ousli
növbəti müharibəni uduzmuş İran və Rusiya
arasında həmin müqavilənin təcili
bağlanılması üzrə konkret göstərişlər
almışdı. Çox maraqlıdır ki, indiyədək
heç kəs müqavilənin özünün
yalnız beş il sonra - 1818-ci ildə (!) üzə
çıxarılmasını dilə gətirməmişdir.
Bununla bağlı
V.Bartold yazırdı: "Azərbaycan
anlayışı məhz ona görə qəbul edilmişdir
ki, İran Azərbaycanı (Güney Azərbaycan) və bu ərazinin
(Quzey Azərbaycan) bütöv bir vəhdət təşkil
edəcəkləri nəzərdə tutulurdu, çünki
onlar əhali tərkibi baxımından çox böyük
oxşarlığa malikdirlər".
Bununla
yanaşı, müqavilədə aydınca qeyd olunmuşdu
ki, Rusiya tərkibinə Dağıstan, Kartli, Kaxeti, Meqreliya,
İmereti, Quriya, Abxaziya və aşağıdakı
xanlıqlar - Bakı, Qarabağ, Gəncə, Şamaxı,
Şəki, Dərbənd, Quba və qismən Talış
xanlıqları qatılırdı. Həmçinin
müqavilə mətnində guya Rusiyaya verilən erməni torpaqları ya Ermənistanın bir
qisminin verilməsi haqqında bir kəlmə də yoxdur,
baxmayaraq ki, "əlində qələm bu müqaviləni
öyrənən" Balayan bu gün bunu israr edir.
Türkmənçay
müqaviləsində isə erməni əhalisi haqqında
xüsusi maddə peyda olur, - İran erməni əhalisinin
Rusiya hüdudlarına köçürülməsinə
MANEÇİLİK TÖRƏTMƏYƏCƏYİNİ vəd
edir. Həmçinin, bütün adı çəkilən
xanlıqların Rusiyaya qatılmasının təsdiqlənməsilə
yanaşı, İrəvan və Naxçıvan
xanlıqları da buraya əlavə olunur. Əsas maddələrdən
biri də Rusiyanın Xəzər dənizində hərbi
donanma saxlamağa müstəsna hüquqa malik olmasının
tanınması idi.
Bu müqavilələr
Sovet İttifaqının lap dağılması məqamınadək
qüvvədə qalırdı; ardınca Xəzəryanı
məkanda eyni zamanda beş müstəqil dövlət
yarandı və hər biri öz donanmasına malik olmaq,
müstəqil dövlətin beynəlxalq hüquqi statusuna
uyğun olaraq öz dəniz sərhədlərini cizgiləmək
haqqını qazandı. Bu fakt nahaq yerə Balayanı bunca
narahat edir, axı məhz SSRİ-nin
dağılmasından sonra onun məkanında dabanbasma beş
müstəqil dövlət yarandı və heç kim
Estoniyanın yaxud Latviyanın Baltik dənizində özlərinin
hərbi-dəniz eskadralarını saxlamasını
danmır.
İndi Zori
Balayanın yazdığı "həyasızcasına verilən
Qarabağ" haqqında. Bu qərar 1921-ci ilin 5 iyulunda qəbul
olunmuşdu.
Qeyd edək ki, Balayan
öz naməsində hər dəfə vurğulayır ki, bu
əməli Stalin törətmişdir. Bu gün Stalini "əcinnələşdirmək"
xüsusi dəbə çevrilmişdir, amma gəlin məsələni
daha müfəssəl araşdıraq. Onu da nəzərə
alaq ki, milliyyətcə gürcü Stalin dəfələrlə
Bakıda olmuş və sözügedən problemin önəmliliyini
yaxşıca təsəvvür edirdi.
Di gəl, bu məsələ
barədə hər nə yazırlarsa, ağ yalandır. Sənədlər, protokollar saxlanılır.
İyulun 3-də, 4-də Dağlıq Qarabağı həqiqətən
də Ermənistana calamaq istəyirmişlər, lakin ayın
5-də Qafqaz bürosunun iclasında çıxış edən
ORCONİKİDZE və NAZARETYAN əvvəlki qərara təzədən
baxılması məsələsini qaldırırlar. Fikir verin, gürcü və erməni! Qərarda "müsəlmanlar və ermənilər
arasında milli əmin-amanlığın zəruriyyəti",
həmçinin "Yuxarı və Aşağı
Qarabağın iqtisadi ilgiləri və onun Azərbaycanla daimi
əlaqəsi" vurğulanır. İclasda RK(b)P Mərkəzi
Komitəsinin təmsilçisi Stalindən başqa, Kirov, Fiqatner,
Oraxelaşvili, Orconikidze, Maxaradze, Myasnikov, Nazaretyan, Nərimanov
və dəvət olunmuş Azərbaycanın xarici işlər
xalq komissarı Hüseynov iştirak etmişlər.
Ən çox heyrət
doğuran odur ki, Dağlıq Qarabağ haqqında məhz belə
məzmunlu qərarı vəcdlə Anastas Mikoyan da dəstəkləmişdir,
onu da qərəzçilikdə suçlamaq çətindir.
Diqqətəlayiqdir
ki, 1922-ci ildən 1936-cı ilədək Azərbaycan da, Ermənistan
da Zaqafqaziya Sovet Sosialist Respublikasının tərkibindəydilər.
Və Ermənistan tərəfi bir dəfə də olsun
Dağlıq Qarabağın Ermənistana qatılması haqqında
məsələ qaldırmamışdı. Axı formal
baxımdan Zaqfederasiya vahid dövlət təsisatı idi.
Və iyirminci illərdə
hələ bütün məsələlər üzrə
polemikaya yol verilirdi, buna da otuz yeddinci ildə son qoyuldu. Qeyd
edim ki, Zaqfederasiyaya Orconikidze (22-26), Oraxelaşvili - (26-29),
Krinitski (29-30), Lominadze (30), Kartvelişvili (30-31), yenə də
Oraxelaşvili (31-32) və nəhayət, Beriya (32-37) rəhbərlik
etmişlər. Bütün üç
respublikanın hər birində sayca azərbaycanlılar,
müsəlman əhalisi qat-qat gürcü, erməni sakinlərdən
artıq olsa da, lakin bircə müsəlman da federasiyanın
başçısı olmamış, bütün birinci katiblər
də milli bölgünü düzgün saymış,
şübhə altına almamış, o cümlədən
erməni rəhbərləri də.
"Azərbaycan"
anlayışının guya yerli-dibli yox olduğu haqqında
söyləmələr də heyrət doğurur; halbuki eyni səpkili
məfhumları hələ Bartold dilə gətirirdi; 1918-ci
ildə Şərqdə ilk Demokratik cümhuriyyət heç
də bölşeviklər tərəfindən
qurulmamışdı. Və hələ o vaxtlarda Azərbaycanın
sərhədləri Dağlıq Qarabağ vilayəti və Zəngəzur
qatılmaqla müəyyənləşdirilirdi. Bəs bu ərazidə
az qala min il boyu yaranan müsəlman dövlətləri necə
olsun? Yoxsa bunlar da "pantürkist tədqiqatçıların"
uydurmalarıdır? Bəs bu yerlərin yetişdirdiyi ulu
şairlər, musiqiçilər, memarlar, rəssamlar naməlum
müəlliflərin "qaravəlliləri"
sayılırmı?
Və
Şirvanşahlar, Səfəvilər, Atabəylər dövlətləri
Azərbaycan tarixçilərinin sadəcə təxəyyül
məhsuludurmu? Maraqlıdır ki, həmin dövrü
araşdıran Amerika tədqiqatçıları qeyd edirlər
ki, on beşinci yüzillikdə yalnız Şirvan və Şəki
xanlığı öz nisbi müstəqilliyini qoruyub
saxlayırdılar; Qafqaz ötəsinin qalan torpaqlarında
"türk ordaları ("Orda" - burada "güruh"
mənasında işlədilmişdir - Ç.A.) şəriksiz
meydan oxuyurdular". Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinə
"orda" kəlməsinin şamil edilməsi çox da
xoşuma gəlməsə də, tarixi gerçəkliklərdən
xəbər verir. Mənşəcə azəri türklərdən
olan İran hökmdarları Nadirqulu xan Əfşarı (XVIII
əsr) və Ağa Məhəmməd şah Qacarı (XIX əsr)
da qeyd etməliyik; onların türk soylu olduğunu bu gün
hətta Balayanın tərəfdarları da inkar etmir.
Amerikalı tarixçi Riçard Xorosanyan
yazır ki, "Azərbaycan" adı fars kəlməsinin ərəbləşdirilmiş
şəklidir və eramızdan əvvəl 320-ci ildə
yaradılmış müstəqil Atropatena dövlətilə
bağlıdır; ardınca Mid-in-Atrupatkan yaxud Midiya Atropatova
şəklini almış, daha sonra "Azərbaycan"a
çevrilmişdir. Maraqlıdır, tədqiqatçı
Atkin bildirir ki, "Azərbaycan" adı Şərqi
Qafqazın bütün müsəlman xanlıqlarına
şamil edilirmiş. Gülüstan və Türkmənçay
müqavilələrini xatırlasaq, görərik ki, Rusiyanın
tərkibinə məhz gürcü torpaqları və müsəlman
xanlıqları qatılmış və həmin sərhədlərdə
Balayanın göstərdiyi erməni knyazlıqları (məliklikləri)
xatırlanmır.
"Açıq məktub" müəllifinin
Azərbaycan haqqında, qonşuları barədə
yazdıqları qəribə təsir bağışlayır:
"Bu gün İranı ən çox narahat edən" Xəzər
dənizindəki "Azərbaycan bayrağıdır".
Yaxud Azərbaycanın timsalında guya Rusiyanın "əzəli-əbədi
düşməni" olması haqqında tezisi. Dönük
keşiş Qaponun rolu həmişə ikrah hissi
doğurmuşdur. Amma Balayanın "pantürkist Türkiyə
tərəfindən talan olunan" müsəlman Suriyasına
məhəbbət bəsləməsi xüsusən əyanidir.
Və burada tarixi Ermənistandan, Qış sarayının
alınmasına bir neçə gün qalmış Rusiya
qoşunlarının çıxarılmasını (ermənilər
öz müqəddəratını özləri həll
etsinlər deyə) tələb edən Leninin üstünə
bütün günahları yıxmaq lazım deyil. Və
Leninin günahı deyil ki, talan edilmiş, az qala yarısı
işğal altında qalmış Türkiyə öz
qüvvələrini səfərbər etməyi
bacarmış, Ermənistanla savaşda zəfər
çalmış, bir sıra əraziləri - Qars, Ərdahan,
Sarıqamış qatılmaqla qaytarmış, Türkmənçay
müqaviləsilə Rusiya tərkibinə verilmiş həmin
obaları geri almışdır.
Burada erməni
xalqını milli fəlakət həddinə sürükləmiş
daşnak partiyasının tarixi günahından
danışmaq daha vacib olardı; eləcə də
bolşevik partiyasının həqiqi xidmətlərindəndir
ki, iyirminci illərdə faktiki olaraq erməni dövlətçiliyini
xilas və bərpa etmişdir.
Türkiyənin
Rusiyadakı səfiri general Əli Cəbsoyun söyləmələrinə
gəldikdə, burada da həqiqət tam deyilmir. Mustafa Kamal Türkiyəsi və sovet hökuməti
arasında danışıqlar artıq elə şəraitdə
aparılırdı ki, Ermənistan Türkiyəyə
qarşı savaşda tam məğlubiyyətdən XİLAS
edilməli idi və həqiqətən də bolşeviklər
bu ərazinin qalıqlarını Moskva müqaviləsini
razılaşdırmaqla xilas edirdilər; Cəbsoy yazırdı
ki, "bugünkü durumun gerçəklikləri elə
apaydınca göz qabağındadır ki, hər iki tərəf
onlara diqqət yetirməyə bilməz".
Məhz o zaman
Naxçıvan Respublikasının yaradılması
haqqında qərar qəbul edilmiş, Rusiya və Türkiyə
onun mövcudluğuna təminat vermişdilər. Azərbaycanın
ərazisi isə tərkibinə Dağlıq Qarabağ
qatılması şərtilə müəyyənləşdirilmişdi.
Balayan bu əraziyə
tarixi hüquqları barədə yazır. Atropatenaya
yaxud Midiyaya istinad etməyək. Gəlin
1823-cü ildə general Yermolovun sərəncamıyla həqiqi
dövlət müşaviri Mogilevski tərəfindən
hazırlanmış Qarabağ əyalətinin vergi reyestrinə
nəzər salaq.
Axı Balayan məhz on doqquzuncu əsrdə
Rusiya - İran arasında bağlanmış iki məlum
müqavilə dövrünə istinad edir. Adı
çəkilən sənəddə göstərilir ki, həmin
dövrdə Qarabağda bir Şuşa
şəhəri, altı yüz kənd - onlardan dörd
yüz əllisi (!) Azərbaycan, yüz əllisi
erməni məskənləri idi. Əhalinin
sayı doxsan min nəfərmiş. Azərbaycan
tatarları (o vaxt belə adlanırmışlar) on beş min yeddi yüz iyirmi doqquz ailə, erməni
ailələrinin sayı dörd min üç yüz
altmış altı nəfər idi. Şuşada
o zaman min yüz on bir azərbaycanlı ailəsi, dörd
yüz bir erməni ailəsi yaşayırmış.
Erməni mənşəli Amerika tədqiqatçısı
Corc Burnutyan bildirir ki, 1836-cı ildə Peterburqda dərc edilən
rəsmi məlumata görə, Dağlıq Qarabağda on
doqquz min erməni və otuz beş min
türk yaşayırdı. Maraqlıdır ki,
bir çox tədqiqatçılar, o cümlədən erməni
müəllifləri də əhali siyahıya
alınmasının qışda və yayda keçirilməsinin
fərqinə varmağın vacibliyini
vurğulayırdılar; köçəri yaxud
yarıköçəri soydaşlarımızın
dağlara, yaylaqlara köçməsinin nəzərə
alınmasını xatırladırdılar. Rusiya araşdırıcısı Yamskov göstərirdi
ki, Dağlıq Qarabağ əhalisi 1845-ci ildə otuz min nəfər
erməni və altmış iki min müsəlmanlardan ibarət
idi, müsəlmanların səksən faizi köçəri
həyat sürürdü.
Rusiyanın İrandakı səfiri
Qriboyedov erməni arxiyepiskopu Nersesin məlumatına əsaslanaraq
Türkmənçay müqaviləsindən sonra Arazın bu
tayına səkkiz mindən artıq erməni ailəsinin
köçürülməsini bildirirdi.
Olmaya arxiyepiskopun şəhadəti də
cənab Balayan üçün əhəmiyyət kəsb
etmir?
1888-ci ildə Tiflisdə nəşr
edilmiş "Qafqaz diyarının etnoqrafik oçerkləri"ndə
bildirilirdi ki, "Qafqaz ermənilərinin hamısı
diyarın yerli sakinlərinə mənsub deyil. Qafqazda rus hakimiyyəti bərqərar olandan sonra onun
himayəsilə İran və Türkiyə erməniləri dəfələrlə
(buraya) köçürülmüşlər".
Qraf Paskeviçə göndərilən raportunda səfir
Qriboyedov yazırdı: "Hər şey mənasızcasına
başdansovdu və bağışlanmaz şəkildə
görülmüşdür. Ermənilər əksər
qismilə müsəlman mülkədarlarının
torpaqlarında məskunlaşdırılmışlar… Köçənlər özləri basırıqda
ola-ola müsəlmanları sıxışdırır, onlar
da get-gedə əməlli-başlı hiddətlənirlər".
Bu olaylar dərhal Türkmənçay
sazişi bağlanandan sonra baş vermiş və bu barədə
qəsdən törədilmiş xalq qiyamı nəticəsində
faciəvi tərzdə həlak olmuş Qriboyedovun nəşr
olunmuş qeydlərində oxumaq olar.
İndi artıq yaxşı məlumdur
ki, Rusiya səfirliyinə basqının səbəbi erməni
xədimlərinin fitnəkar hərəkətləri
olmuşdur.
Siz fikir verdinizsə, mən Azərbaycan
tarixçiləri ya siyasətçilərinin bircə
söyləməsinə də istinad etmədim. Misal gətirdiklərim yalnız erməni, Amerika və
Rusiya araşdırmalarındandır. Amma
bu da kifayətdir ki, Dağlıq Qarabağ mövzusu ətrafında
alver aparılmasın. Lakin bu gün bu
keçmişə üz tutmalar hər halda çox da məhsuldar
görünmür. Kosovoda nəinki serblərin
tarixi məbədləri vardı, bu vilayət Serblərin mədəniyyət
beşiyi sayılırdı. Bu gün isə
bura alban əhalisi üstünlük təşkil edən
müstəqil dövlətdir. Yaxud Kordova əmirliyi - İstanbul
(Konstantinopol) istisna olmaqla qalan Avropa mərkəzləri Orta əsrlər
zülmətində sıxıldığı əyyamda,
sivil dünyanın ən mötəbər dövlətlərindən
sayılan Kordova…
Ərəb təsirindən orada yadigar
qalan dəbdəbəli məscidlər və imarətlər
olsa da, nə ərəblərin, nə onların
sivilizasiyasının izi, sorağı var. Rekonkista təkcə
dövlətin özünü darmadağın etməmiş,
həm də ərəbləri də Afrikaya
sıxışdırmışdır. Zamanlar dəyişir, xalqlar qürbətə üz
tutur, reallıq başqalaşır.
Kifayətdir ki, bir dövlətə nəzər
salıb, onun əhalisinin dəyişməsini, mədəniyyətinin
gəlişməsini, etnik tərkibinin
başqalaşmasını, yerli sakinlərin gəlmələrlə
qaynayıb-qarışmasını izləyəsən.
Bu gün belə araşdırmalara
qatılmaq maraqlı olsa da, bunlardan öz iddialarını təsdiqləmək
niyyətilə faydalanmaq cəhdi sadəcə baş tutan
deyil.
Qəribədir ki, bir çərək
yüzillik ərzində qondarma Dağlıq Qarabağ qurumunu
heç bir dövlət tanımayıb. Heç bir ölkə, həmçinin Ermənistan
özü də. İyirmi beş
ildir ki, Dağlıq Qarabağ vətəndaşları
başqa ölkələrin pasportlarını almağa məcburdular
ki, harasa müalicəyə, istirahətə ya ezamiyyətə
yollana bilsinlər. Sülh yoluyla tənzimlənmənin
heç olmasa ağlabatan cizgiləri sezilən kimi, dərhal
bu tünük körpüləri alt-üst edən növbəti
fitnəkar bir yazı meydana çıxır.
Cənab Balayan! Ədəbiyyatın
amalı dağıtmaq yox, yaratmaqdır. Biz
yüksək əxlaqi dəyərləri təlqin etməliyik,
elə dəyərlər ki, onlar üçün bu qədər
ahu-zar edirsiniz. Belə pafosnan vəsf
etdiyiniz Xristian məzhəbinin məğzinə varın.
Mən hətta demirəm ki, öz düşmənlərinə
məhəbbət bəslə (Həzrət İsanın
çağırışlarından - red.). Amma ən əvvəl özcə xalqına məhəbbətlə
köklənin. Başa düşürəm
öz qonşularınız türklərə, azərbaycanlılara
bunca nifrət bəsləməyinizin səbəbini. Lakin öz xalqınızı bunca sevmədiyinizi
anlamıram. Dostoyevski hesab edirdi ki, bəşəriyyətin
bütün günahlarını Servantesin bircə "Don
Kixot" kitabı yuya bilər. Siz isə öz epistolyar
və jurnalist sicilləmələrinizlə var qüvvənizlə
başqa bir həqiqəti sübut etməyə can
atırsınız. Bircə fitnəkar məqalə
növbəti dəfə bir xalqı o birisinə qarşı
qənim edə bilər.
Haçanadək? Nə qədər
olar? İyirmi beş il boyu qanlar
axır, düşmənçilik, qarşıdurma davam edir. Bəlkə dayanmaq vaxtıdır? Bəlkə bəsdir? Öz
xalqınızın iqbalını necə
görürsünüz? Doğma
Qarabağın aqibətini? Qonşularla əbədi,
sonu bilinməyən müharibədəmi?
Sizi əhatə edənlərin
hamısına qarşı nifrət bəsləməkdəmi? Və bu nə qədər davam edəcək? Məhz
sizin kimi "qələm sahibləri"nin
sayəsində iki xalq bir-birinə qarşı amansız cəngə
qalxmışdır.
Bərəkallah xidmətlərinizə. Azərbaycanlılara, türklərə qarşı
ardıcıl nifrət körüklənməsində
tayınız-bərabəriniz yoxdur. Lakin
erməni xalqı öz seçimini etməlidir. İyirmi birinci yüzillikdə əbədi
qarşıdurmaya onun haqqı yoxdur. İndi
başqa zəmanədir, başqa əxlaqi davranış
düşüncələrə hakim olur. Mən
hər cürə millətçilərə - istər
özümüzünkü, istər özgəsi olsun - nifrət
bəsləyirəm. Hər hansı millətin balası
qətlə yetirilirsə bu, vəhşilikdir, heç cür
bəraət qazandırılası olmayan vəhşilik!
Sizin çılğın
çıxışlarınızın ardınca hər iki tərəfdən
minlərlə uşaq, qadın, ağsaqqal, ağbirçək
qətlə yetirilmişdir. Soruşmaq
istəmirəm - xəcil olmursunuzmu? Bilirəm
ki, haqlı olduğunuza şübhə etmirsiniz. Amma inanıram ki, əvvəl-axır ölkələrimizdə,
Qafqazda özümüzün bir Simon Vizentalı qabağa
çıxacaq və hər hansı millətdən olan qatilləri
arayıb tapacaq, cinayətlərini faş edəcək. Onda nə siz, nə də başqa havadarlar və mərdimazarlar
məsuliyyətdən qaça bilməyəcəklər.
Və nəhayət, məktubunuz
haqqında. Burada erməni xalqına nəsə
gözükölgəlik gətirən, alçaldıcı
çalar var. Sanki tutaşmış, vuruşmuş iki
oğlan uşağının biri özgə dayını
köməyə çağırır.
Axı sizin prezidentiniz aləmə car
çəkmişdi ki, Qarabağ artıq qonşu
respublikanın ərazisinin beşdə bir hissəsini zəbt
etmiş, hərbi əməliyyat davam edərsə,
qalanını da basmarlaya bilər.
Bir tərəfdən Serj Azatoviçin bu
lovğalığı, digər tərəfdən də sizin
"Açıq məktub"unuz.
Bəlkə
qonşularla dalaşmaqdan, sonra da "dayını"
haraylamaqdan daha yaxşısı dinc oturmaqdır? Bəlkə
qonşularla sadəcə dil tapıb dostluq etmək daha
yaxşıdır?
Yoxsa arası kəsilməyən
kin-küdurət və düşmənçilik durumu sizə
daha xoşdur?
Daha bir məqam. Sizin
tərcümeyi-halınızda və Ermənistan prezidentinin tərcümeyi-halında
Azərbaycan Respublikasında doğulduğunuz göstərilir.
Bunun sizin hamınızı necə haldan
çıxardığını təsəvvür edirəm.
Amma neyləyəsən, tarixi həqiqət budur. Və bu həqiqət
isə sizin nifrətinizdən, yaxud qonşulara qərəzli
münasibətinizdən asılı deyil.
Çingiz ABDULLAYEV
Azərbaycanın xalq yazıçısı,
Azərbaycan
PEN-klubunun prezidenti
Ədəbiyyat
qəzeti.- 2013.- 8 noyabr.- S.3.