Teymur Kərimli - 60

  

Bu günlərdə AMEA-nın kiçik akt salonunda Nizami adına Ədəbiyyat İnstitutunun direktor mavini, AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Teymur Kərimlinin 60 illik yubileyi keçirildi. Yubiley tədbirini giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Teymur Kərimlinin həyat və fəaliyyətinə bir nəzər salmaqla onun ədəbiyyatşünaslığımızdakı yerinə, mövqeyinə xüsusi dəyər verdi. Yubilyarın klassik ədəbiyyatımızın tədqiqindəki zəhmətini yüksək qiymətləndirən İ.Həbibbəyli onun həm də şair kimi şeirlərindən, publisist kimi məqalələrindən bəhs etdi. Vurğuladı ki, universal bilgi sahibi olan T. Kərimli eyni zamanda istedadlı şair, alovlu publisistdir.

T. Kərimlinin həyat yaradıcılığına geniş məruzə çevrəsində yanaşan professor Vaqif Arzumanlı onu şərqşünas, mətnşünas, naşir, şair publisist kimi dəyərləndirdi. Xüsusi vurğuladı ki, T.Kərimli 1990-cı ildən bəri Ədəbiyyat İnstitutunda klassik ədəbiyyatın ağırlığını öz çiynində gəzdirən zəhmətkeş təvazökar bir alimdir.

Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdulla T.Kərimlinin Nizami Gəncəvi, Füzuli, Nəsimi, Cavidlə bağlı elmi araşdırmalarını yüksək dəyərləndirərək onun təkcə Azərbaycanda deyil, xarici ölkələrdə tanınan alimlərdən olduğunu vurğuladı. Natiq klassik ədiblərimizdən gələn "Mirzə" sözünün klassikanın tədqiqi ilə məşğul olan T. Kərimliyə çox yaraşdığını da söylədi

Akademik Vasim Məmmədəliyev çıxışında qeyd etdi ki, T.Kərimlinin həqiqətən klassik irsin öyrənilməsində böyük zəhməti var. Bu yöndə tədqiqatlar tələb edir ki, heç olmasa fars dilini biləsən. Mən onu alqışlayır, elmi-ədəbi fəaliyyətində yeni-yeni uğurlar diləyirəm.

AMEA-nın müxbir üzvü, millət vəkili Rafael Hüseynov "alimin bayramı elmin bayramıdır" deyə çıxışına başladı. Qeyd etdi ki, T.Kərimli 60 illik bir ömrə sığışmayası işləri ilə əvəzsiz alim, maraqlı şəxsiyyətdir. O, fərqli düşünmək istedadına malik, orijinal, özünəməxsus dəst-xətti olan alim, şair, publisistdir.

F.ü.elmlər doktoru, millət vəkili Jalə Əliyeva da öz çıxışında 25 ildən bəri tanıdığı T.Kərimlinin hər kəsə, xüsusən hər bir ziyalıya örnək ola biləsi dəyərli məziyyətlərindən, elmi-ədəbi yaradıcılığından məhəbbətlə danışdı.

AMEA folklor İnstitutunun direktoru, f.ü.elmlər doktoru, professor Muxtar İmanov (Kazımoğlu) T.Kərimli üçün klassik ədəbiyyatın bir əxlaq məktəbi olduğunu vurğuladı. Qeyd etdi ki, onun klassiklərə yanaşma metodu tamamilə yeni nəzəri modellərdə özünü göstərir. Bəzən T.Kərimlinin xarakterindən irəli gələn baməzə, yumorlu yanaşmalar tədqiqat predmetinin çətinliyini ram edir.

Yubiley tədbirində çıxış edənlərdən AYB-nin katibi Arif Əmrahoğlu, Aybəniz Kəngərli, Elnarə Akimova, Abuzər Bağırov və b. T.Kərimlinin bu yaşa qədərki fəaliyyətindən ürək dolusu danışaraq ona möhkəm cansağlığı ilə müşayiət olunan uzun ömür və yaradıcılıq uğurları arzuladılar.

Bu arada xalq şairi Nəriman Həsənzadənin və ədəbiyyatşünas alim Vilayət Quliyevin T.Kərimliyə ünvanlanmış təbrikin mətni də oxundu.

Sonda T.Kərimli bütün iştirakçılara öz təşəkkürünü bildirib bioqrafik essesi ilə məclisə yekun vurdu.

 

A.    Savalan

 

Ədəbiyyat qəzeti.- 2013.- 15 noyabr.- S.8.