Qənbər Şəmşiroğlu - 80

  

Hörmətli Qənbər müəllim!

Sizi - tanınmış ziyalını, istedadlı şairi 80 illik yubileyiniz münasibətilə təbrik edirik.

Siz 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində Azərbaycan aşıq şerinin görkəmli nümayəndəsi Dədə Şəmşirin ocağında dünyaya göz açmısınız. Orta məktəbi bitirdikdən sonra təhsilinizi ikiillik Ağdam Müəllimlər İnstitutunda və Azərbaycan Pedaqoji İnstitutunda davam etdirmisiniz. Təhsilinizi başa vurduqdan sonra müəllim kimi əmək fəaliyyətinə başlamısınız. Uzun illər pedaqoq olaraq fəaliyyət göstərmisiniz. Siz həm də 30 ildən artıq Kəlbəcər və Gədəbəy rayonlarının partiyasovet orqanlarında müxtəlif məsul vəzifələrdə çalışmısınız. Bir çox bədii, publisistik kitabların - «Gədəbəy xatirələri», «Axtarıb Şəmşiri görmək istəsən», «Oğul gərək oğul olsun», «Bütövləşmək istədim», «Ömrün işıq anları», «Tale oxşarlığı», «Kəlbəcər: ömrüm, həyatım», «Bir də görüşərik» və s. müəllifisiniz.

Uzun illər babanız Ağdabanlı şair Qurbanın və atanız Aşıq Şəmşirin şeirlərinin tərtibi və kitablarının nəşri ilə məşğul olmusunuz. Böyük ustad şairimiz Aşıq Şəmşirin öz dilindən eşitdiyiniz söhbətləri, onun özünün iştirakı ilə baş verən hadisələri incə, şirin bir dillə qələmə almısınız. «Axtarıb Şəmşiri görmək istəsən...» kitabında toplayıb nəşr etdirdiyiniz xatirələr böyük ustaddan gələcək nəsillərə qiymətli töhfədir. Ədəbiyyata, poeziyaya olan məhəbbətiniz sizi ədəbi mühitə bağlayıb. Kitablarda toplanan şeirləriniz Dədə Şəmşir sənətinin davamçısı kimi sizi oxuculara sevdirib. Böyük sənətkarlarla bağlı maraqlı xatirələrinizi qələmə almısınız. Siz bu günyorulmadan yazıb-yaradırsınız. Torpaqlarımızın işğaldan azad olunması, müstəqillik və dövlətçiliyimizin möhkəmlənməsi mövzusu yaradıcılığınızın leytmotividir. Ermənilərin Xocalı, Qarabağ, Qərbi Azərbaycan torpaqlarında yeritdiyi işğalçılıq siyasətinin dünya xalqlarına çatdırılmasında rəhbərlik etdiyiniz Aşıq Şəmşir Mədəniyyət Ocağının böyük rolu vardır. Eləcə də xalq irsinin toplanması, tədqiqi, mədəniyyətimizin təbliği sahəsində fəaliyyətiniz böyükdür.

Hörmətli Qənbər müəllim!

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2013.- 15 noyabr.- S.7.