Ərənlər
mühitində
Böyük tarixi şəxsiyyətlərin
yurdunda qalıb, nəsil ocağına
ağsaqqallıq etmək nə qədər şərəflidirsə;
o
qayğıların çəki-düzəni, o abidəvi insanların soyun
yaddaşındakı mənəvi dəyərlərin üzüsulu qalması yönündə yurddaşların
məsuliyyətli davranışlarını ərənlər
vadisinə yönəltmək də o dərəcədə
gərəkli və çətindir. Bu,
uzun illər boyu bir vəzifə gərəyincə göstərilən
məmur fəaliyyətindən çox-çox
götür-qoylu və üzücü
işdir. Nəslin ağsaqqalı təkcə
yaşanılan günün qayğıkeşi
deyil, nəslinin ötüb
keçmiş hörmətinin,
qazanılmış işıqlı xatiratının bir növ
sayıq-sanballı keşikçisidir. Yoxsa yaşamağa, baş hərləməyə nə var ki?!
Məqamıdır, deyim ki, Qənbər Qurbanov atası, türk
dünyası aşıqlıq sənətinin hələ ki sonuncu nəhəngi olan Dədə Şəmşir
dünyasını dəyişəndən (fevral,1980) sonra Qənbər Şəmşiroğlu oldu. Həm də istər-istəməz
ulu dədəsi, XVI əsrin böyük sufi şairi, geniş
şöhrət qazanmış övliya Miskin Abdal
ocağının, o mənəvi
ocağın davamı olan Dədə
Şəmşir ocağının ərənlər qaydasınca
varisi və beləliklə, Miskinli Ocağının ağsaqqalı oldu.
Bu, çox böyük şərəf və
ağırdan ağır məsuliyyət yükü
idi.Yaşın irəliləyən bir
çağında di gəl bu ağırlığı çiyinlərində
daşı!..
İnsafla deyim ki,
Qənbər müəllim bu mənəvi
ağırlığın barkeşi olduğunu yuxarıda göstərdiyim tarixdən
xeyli əvvəl hiss
eləsə də, bəri başdan o zəhmətə
qatlaşdığını könüldən gərəkli
fəaliyyətləri ilə soyuna
çatdıra bilmişdi. Bu nöqtəyə
bir az təfərrüatlı
təmas etmək istəyirəm. Həqiqət naminə, bu ocağın tarixi naminə.
1951-ci ildə Qənbər
Qurbanov ikiillik Ağdam Dövlət Müəllimlər İnstitutuna daxil olmuşdu. Bir yaz tətilində tələbə
Qənbər doğma Ağdaban
kəndinə ailələri ilə, kənd-kəsəklə
görüşməyə gələndə evdə hər kəsi
qayğılı, daha doğrusu,
çox pərt görür.
Öyrənir ki, aran
rayonlarından bir dəstə özünü şair sayan kimsələr guya
qıfılbəndlər quraşdırıb Aşıq
Şəmşirin ünvanına göndəriblər. Sonra da həmin
yazılarının təkrarını bir
də, bir də yollayaraq
israrla cavab gözləyirlər.
Aşıq Şəmşir,
həmişə olduğu kimi,
hansı rayonlardasa toylar
keçirməkdə. Arvad-uşaq da ünvanlarına axışan
bağlamaların xofundan həyəcan
keçirməkdə...
Bu
çağacan Qənbər nəsə
şeirdə özünü
sınamamışdı. Amma bu dar macalda
qələmə sarılır, qıfılbəndlərin əksəriyyətini
uğurla açır və bədii cəhətdən
usta qələm sahibi
olduğunu əməllicə göstərə
bilir. Üstəlik də bir bağlama yazıb,
bədgüman dəstənin hər birisinin
açmasını istəyir. Tək bununla
qalmır: bağlamasının axır bəndində
onların saymazyanalıq edib, üz tutduqları nəslin kimliyini
fəxarətlə bildirir.Şəxsən öz
imzasını da ustalıqla bəyan eləyir:
Pədərim Şəmşirdi,
madərim Güllü;
Babam Şair Qurban, bir adı bəlli!
Tələbə Qənbərəm,
Ağdaban elli!
Qoy tanısın - hər kəs bizi bilmədi!..
Aranlı
aşıqların qıfılbəndlərinə
yazdığı cavablar və göstərdiyim
möhürbənd az vaxt
ərzində tələbə Qənbəri Kəlbəcər
aşıqlarına sevdirdi. Sənətkarlar
bu qabaqlaşmanı bir
az da özləri bəzək-düzək
vurmaqla toy-mağarda
gözəl əhval-ruhiyyə ilə oxuyardılar. Bu üsullu və sərt cavab gələcək Qənbər Şəmşiroğlunun
sanki bir şairlik təsdiqnaməsi idi.
“Qoy
tanısın - hər kəs bizi bimədi!”
- bəyanında gənc tələbənin öz
ocağını təqdim etmədə gözgörəti təntənəli
iddiası vardı: “Necə ola bilər ki, şairlik sevdasına
düşəsən, amma mənim
ata-babamın qüdrətli ilhamından hələ indiyəcən
xəbərdar olmayasan?!.”
Amma, doğrusu bu ki, gənc tələbə
gözləmədiyi halda qəlbinin dərinliklərindən
özünü büruzə verən bu ümidli ilham harayının arxasınca düşə
bilmədi o zamanlar.
Bütün böyük sənətkarlar
kimi, Aşıq Şəmşir də Qənbərinin
pərvazlanıb ortaya
çıxmasına qədər, siz deyən
elə gün-güzəran görməmişdi. Qənbər
bundan sonrakı ömrünü
sənətkar atanın üzünü
güldürməyə sərf edəcəkdi. Fikri qəti idi.
Ağdam Dövlət Müəllimlər İnstitutunu bitirəndən sonra
(1953) bu arzusunu
çiçəkləndirməyə girişdi.
Əvvəlcə Ağdabandakı yeddillik
məktəbin direktoru, az
sonra Kəlbəcər rayon
Partiya Komitəsində təbliğat-təşviqat
şöbəsinin müdiri vəzifəsində
çalışır. Daha sonralar... Kəlbəcərdə,
Bakıda, Gədəbəydə məsul vəzifələrdə
işlədiyi illərin tarixi Qənbər
müəllimin bioqrafiyasının məhsuldar fəaliyyətindən
xəbər verir. Xüsusilə Kəlbəcər
və Gədəbəydə yüksək mövqedəki rəhbərlik
fəaliyyəti dövründə geniş
xalq kütləsinin dərin rəğbətini
qazanmağa müvəffəq oldu. Yeri gəlmişkən,
Qənbər Şəmşiroğlu olduğu
yerin insanları ilə çox
tez zamanda ünsiyyət
bağlamağı bacaran müdriklərdəndir.
Bu mənada, məmləkətimizdə onun qədər könüldən dostluqlar qurmuş rəhbər
işçiyə az-az təsadüf olunar.
Həyat
fəaliyyətinə atıldığı bir
zamanda daxilində çoxdan
bəri mürgüləyən yaradıcılıq qabiliyyəti
təzədən baş qaldırdı. Uzun zaman ərzində
xalqı, xalqın mənəvi dəyərlərini, onun istək-arzularının həryönlü
çırpınışlarını kağıza
köçürməyə
fürsət tapdı Qənbər Şəmşiroğlu.
Əvvəllər poeziyadan yan keçməyə qərarlıydı; indi həm də nəsr əsərləri yazmağa girişdi. “Gədəbəy
xatirələri”, “Axtarıb Şəmşiri görmək istəsən”,
“Tale oxşarlığı”, “Kəlbəcər:
ömrüm, həyatım” kimi hekayə, povest və
xatirələri; “Caninin etirafı”
romanı, “Oğul gərək oğul olsun”, “Bir də görüşərik” şeirlər
kitabları onun hərtərəfli qələm
sahibi olduğunu
göstərdi.
Təbiətindəki
şuxluq, mizahlı duyğuları Qənbər
Şəmşiroğlunun qələmindən maraqlı satirik əsərlər kimi
ortaya gəldi. Bir
ömürdə nə qədər təmsil, lətifə,
ümumiyyətlə, məzhəkəli əhvalat bilmək
olarmış! Qələm məhsulu bir yana dursun, heç
kəs bunları Qənbər müəllim kimi
baməzəliklə qarşıdakına çatdıra bilməz.
“525-ci qəzet”, “Dünya” və “Yenilik” qəzetlərində
vaxtaşırı dərc olunmaqdadır. İxtiyar
yaşında belə Qənbər Şəmşiroğlu qələm
məhsuldarlığı ilə diqqəti cəlb edir. Deyəsən cavanlığında ədəbiyyatdan
kənara çəkildiyinin də əvəzini
çıxmaq istəyir. Başqa sözlə,
özü özündən intiqam almağa qərarlıdır. Qələminə qüvvət!
Aşıq Şəmşirlə
Qənbər Şəmşiroğlunun şipşirin
bir ata-oğulluq
münasibətləri vardır.Qəmxar olan
iki dost kimi. Ətraflarında yad olan kənar adamlar
onların söhbətlərindən ata, oğul olduqlarını anlaya
bilməzdilər.
Aşıq, harda olduqlarından asılı olmayaraq, oğlunu həmişə
“Qənbər müəllim” deyə çağırardı.
Bir dəfə niyəsini soruşdum.
“Mən belə çağırdım ki,
bütün kənd ona
“Qənbər müəllim” deyə müraciət elədi” -
deyə cavab verdi.
Qənbər müəllim
idarə etdiyi kütləni
atasının mərhəm davranışlarından öyrənmişdi.Onun
xalq kütləsi ilə rəftarı
ayrıca bir dərslik idi.
Şəmşir
Ocağının mükəmməl ağsaqqalı olan Qənbər müəllim ömür
boyunca həm mənsub olduğu
nəslin, həm bütünlüklə
soydaşlarımızın rəğbətincə dövlətçiliyimizə
yararlı işləri ilə fərqlənmiş ictimai xadimimizdir.
Gədəbəy
rayon İcra Hakimiyyətinin
başçısı işlədiyi zaman
ilk milli alay yaradılmasının (1992-ci ilin martında) təşəbbüşçüsü
və yaradıcısı olmuşdur. İki oğlu Qarabağ uğrunda gedən
qanlı döyüşlərdə iştirak
etmişdir. Onlardan Vüqar
mayor rütbəsilə istefaya
çıxmışdır. Digər oğlu
- Qarabağ müharibəsi veteranı
Şəhriyar polis polkovnikidir.
Qeyd etməyə dəyər ki, Qənbər müəllim bu
yöndə yeganə icra
başçısı olub.
Şəmşir
Ocağından iki nəfər - Şahlar Şükürov
və Sərdar Səfərov Azərbaycan respublikasının
Milli Qəhrəmanıdır.
Bu gün də Qənbər
müəllimin geniş kütlə ilə
birliyi-bərabərliyi dədəli günlərindən fərqsiz
davam eləyir. Bakıda verimli fəaliyyəti ilə zəvvarların
üzünə açılan “Aşıq Şəmşir”
Mədəniyyət Ocağı İctimai
Birliyinin sədri kimi
hər səhər iş yerinə gəldikcə
yenə kövrəlir: sanki ata ocağına gəlibmiş kimi, körpəliyində
girib-çıxdığı o ata evinin
qapısını açıb-örtür. Əlbəttə
ki!.. Bu mənəvi ev də Dədə Şəmşirin halalca ilhamının ona
qazandırdığı ana südü kimi
halal-haqqına öz evidir!
Yaradıcı insanların özlərindən sonra dünyada qalan mənəvi işıqları da tikib-qurmaq, rəhmani
işlərdə fəaliyyət göstərmək
gücünə malikdir.
...Qənbər Şəmşiroğlu
atasının işığında canlılığını
getdikcə artırmaqda olan “Aşıq
Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi çərçivəsində,
üzvü olduğu Ağsaqqallar Şurası fəaliyyətləri
yönündə əzmlə
çalışmağındadır. Nəsil-nəcabətinin
və ümumiyyətlə, Kəlbəcər
qaçqınlarının məskunlaşdıqları
yaşayış bölgələrində hər kəsin dərdinə
şərik olan, çətinlikləri aradan götürməyə çiynini
yük altına verən; xeyir-şərdə
kütlə ilə birlikdə nəfəs alan,
eldə deyildiyi kimi,
karlı köhnə kişilərdəndir; bir
“hohası” ilə dağa qaldıran, başqa bir “hohası” ilə
dağdan endirən ağsaqqallardandır...
İlk gəncliyindən ictimai-siyasi
fəaliyyətdəki uğurlu
çalışmaları həmişə diqqət mərkəzində
olmuşdur. Müxtəlif zamanlarda
layiq görüldüyü
“Şərəf nişanı” ordeni,
“Əmək igidliyinə görə”, “Tərəqqi” və
“Əmək veteranı” medalları Qənbər Şəmşiroğlunun
fiziki və mənəvi dəyərinə
işıq tutmaqdadır.
Kəlbəcərin vəhşət
və dəhşətli qətliamından xeyli
əvvəl faşist ermənilər
Aşıq Şəmşirin doğma kəndi
Ağdabanı da görünməmiş
vəhşiliklərlə yerlə-yeksan etmişlər.
Qətlə yetirilənlərdən
on dörd nəfəri
Aşıq Şəmşir ocağının sıra nəfərləridir...
Qənbər Şəmşiroğlunun
bir qızı, dörd
oğlu, bir çinar çətirinin altını dolduracaq sayda nəvəsi,
nəticəsi, kötükçəsi babalarının xalq arasındakı hörməti ilə fəxr
edirlər.
Möhtərəm
oxucular, Qənbər Şəmşiroğlunun
səksən illik ömür
bayramı haqqında olduqca qısa
yazdığım bu yazımı onun o cənnət
torpağımızın hər qarışı üçün tez-tez təkrarlanan
kövrəlmələrinin birisi
zamanı qələmə aldığım (1 yanvar
2008) bir
qoşma ilə bitirmək istədim.
Ədəbiyyat
qəzeti.- 2013.- 15 noyabr.- S.6.