Elə bil
Kimsəyə qıymayıb tək yüklənmisən:
Təpəni elə bil, dağı elə bil.
Göyə ki, dağlarda dönüb baxırsan:
Çiynində dayanıb tağı, elə bil.
Murova boylanıb, çatdın qaşları;
Üzündə seyr etdim qarlı qışları;
Alnında dağların qəm qırışları -
Tək sənə dağ çəkib yağı elə bil.
Dəlidağ hayanda, Çilgəz hayanda?!
Çəkilmir dərdimiz bir Haqq divanda.
Bir şux Qənbəriydin sən Ağdabanda;
Dəyişmisən qaş-qabağı elə bil.
Yola salmaqdasan yetmiş beşi də;
"Kəlbəcər qayıdıb!" - aləm
eşidə!..
Əlçimlə bu dərdi əyir teşidə,
Qopub səbrimizin bağı elə bil...
Durulmur bu dünya lillənib
qalıb;
Sönmüş ocağımız küllənib
qalıb;
"Yeddiqardaş dağı"na zillənib qalıb -
Gözünün qarası, ağı
elə bil…
Məmməd Aslan
Ədəbiyyat qəzeti.- 2013.- 15 noyabr.- S.7.