Sən bizimləsən,

əzizim...

 

Firidun Cəlal oğlu Hüseynov... insanlıq mərifəti ilə seçilən məşhur alim idi. Elminə, yadigar qoyduğu elmi əsərlərinə, gəncliyə bilik verən dərsliyinə görə onu nə qədər hünərli, yüksək səviyyəli bir alim kimi iftixarla yad ediriksə, insanlığına görə iki qat artıq hörmətlə xatırlayırıq. Firidun sağlam əxlaq mücəssəməsiydi, onun üzündən əskik olmayan işıq məncə, nadir isnanlığının nurundan yağırdı. Belə nadir insanlığa bəzən Allah vergisi deyərək onun səbəbini ilahiləşdiririk. Əslində bu, ailədən, nəsil-nəcabətdən, məktəb tərbiyəsindən başlayıb sonralar da düşdüyü insanlar aləmində formalaşan, ömürlük müəyyənləşən bir prosesin nəticəsi olmalıdır. Burada Firiduna təlim-tərbiyə verən ümumtəhsil və ali təhsil ocaqlarındakı müəllimlərindən keçən mənəvi gözəlliklər də vardır. Təsadüfi olsa da, Firidunun atasının adındakı Cəlal ilə Firidunu doğma övladlarından ayırmayan Mir Cəlal müəllimin adındakı eynilik mənə rəmz kimi görünür. Böyük ədibimiz, unudulmaz müəllimimiz filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayev dalbadal yetişdirdiyi bir neçə nəslin mənəvi atasıydı. Heç təsadüfi deyil ki, ali məktəb üçün ədəbiyyat nəzəriyyəsi dərsliyini yazanda özünün sevimli tələbələri sırasından məni özünə ortaq müəllif kimi seçmişdisə, "XX əsr Azərbaycan ədəbiyyatı" ali məktəb dərsliyinin yaradılması üçünbaşqa bir tələbəsini, məhz Firidun Cəlal oğlunu ortaq müəllif kimi seçmişdi. Mən onun göstərdiyi etibardan necə məğrur olduğunu bildiyim üçün, məndən 10 yaş kiçik olan Firidunun da necə iftixar etdiyini təsəvvürümə gətirirəm və bunun şahidi olmuşam. Müəllim-tələbə əməkdaşlığının - elmi əməkdaşlığın ləzzətini o ləzzətə çatanlar bilərlər.

 

Pənah XƏlilov

professor

 

Ədəbiyyat qəzeti.- 2013.- 15 noyabr.- S.6.