İşıqlı
adam
Unudulmaz qələm dostumuz, görkəmli alim və pedaqoq, bizi qəfil tərk etmiş Firidun Hüseynovun dünyaya gəlişindən 80 il keçir.
Ədəbi ictimaiyyətimizə yaxşı məlumdur ki, Firidun Mir Cəlal müəllimin ən istəkli tələbələrindən idi. Ustadının bir əsrlik yubileyi günündə böyük müəllimi haqqında vaxtilə yazdığı qeydlərini verməklə hər ikisinə Allahdan qəni-qəni rəhmət diləyirik.
Oxucular Mir Cəlalı həm gözəl
hekayə ustası, sanballı romanlar, povestlər müəllifi
kimi tanıyır, həm Azərbaycan sovet ədəbiyyatının
yaradıcılarından biri, həm də gözəl ədəbiyyatşünas-alim
kimi qiymətləndirirlər. Bu
doğrudan da belədir. Mir Cəlal əli qələm
tutan gündən ömrünün sonuna qədər həm bədii
ədəbiyyat, həm də ədəbiyyatşünaslıq
sahəsində eyni həvəs və coşqunluqla, eyni
ardıcıllıq və uğurla, yorğunluq bilmədən
çalışmış, zəngin və məhsuldar
yaradıcılıq yolu keçərək, yüzdən
artıq kitab çap etdirmişdir. Ədibin arxivində hələ
nə qədər əlyazmaları, çap üzü
görməmiş əsərlər yatır...
Bu kiçik yazıda
Mir Cəlalın nə ədəbi-bədii
yaradıcılığından, nə də ki, alimliyindən
danışmaq istəyi var. Ancaq iyirmi beş
illik tanışlıq, tələbəlik, aspirantlıq,
müəllimlik, birgə iş və dostluq münasibətilə
bağlı olan, kitab-dəftərə düşməyən
maraqlı şəxsi keyfiyyətlər, elmi və ədəbi
söhbətlərin, mübahisələrin bir qismini qələmə
alıb yaşatmaq arzusu var.
Mir Cəlal bir insan, ədib,
müəllim, alim, kafedra müdiri kimi həmişə —
yaşının bütün çağlarında və hər
yerdə bir cür görünən adam idi. O, sadəlik, səmimilik,
təvazökarlıq timsalı bir adam idi. Ahıllığında
hətta bir uşaq məsumluğu, paklığı, kövrəkliyi
duyulurdu. Əslində böyük yazıçı,
böyük alim, ustad müəllim olan, onu şəxsən
tanıyanların dilində “yaxşı kişi” kimi ad
qazanmış Mir Cəlalın ağzından “mən
yazıçıyam”, “mən aliməm” sözlərini
ömründə eşidən olmadı. O,
bütün hallarda asta yeriyər, yavaş danışar, səsinin
tonunu qaldırmazdı. Ancaq addımını sərrast atar,
sözü mənalı, təsirli olardı. Onun sadəliyi,
təmkini, dözümü, zahirən loru
danışığı, fitrətən xəlqiliyi,
bütün bunlarla yanaşı, dərinliyi, ciddiliyi, səmimiyyəti, suyuşirin adam olması
haqqında çox şey demək olar. İncə təbəssümü,
mənalı baxışları, duzlu yumoru, sümüyə
işləyən kəsərli sözü, aydın məntiqi
vardı. Obrazlı danışar, obrazlı yazar, az sözlə
dərin fikir ifadə etməyə çalışardı.
Yazıçılıqdan gələn bir həssaslığı,
dəqiqliyi, ən başlıcası isə incə və dərin
müşahidə qabiliyyəti vardır. Müşahidəçiliyi
lap heyrət doğururdu. Tanış küçələrdən
keçib gedəndə ayrı-ayrı məşhur
binaların divarlarında, qapılarında olan xırda
detallara işarə edər, diqqəti yönəldərdi ki,
adamın matı-qutu quruyardı.
Mir Cəlal
üçün ədəbiyyat hava və su idi. Həmişə,
hər yerdə, bütün söhbətlərində ədəbiyyatdan,
sənətdən, bunların elmi təhlilindən uzağa
getməzdi. Nizami, Füzuli,
Mirzə Cəlil, Sabir, Cavid, Səməd Vurğun kimi sənətkarlar
haqqında danışmaqdan usanmaz, doymaq bilməzdi. Ədəbiyyat
tarixi yazılanların tarixi deyil, oxunanların tarixidir, deyərdi.
Və öz sözləri ilə desək, “kiflənmiş
ədəbiyyatı” üzə çıxarıb
mübaliğəli şəkildə tərif edənləri
sevməzdi. Ədəbiyyatda ən çox qiymətləndirdiyi
həqiqət, müasirlik, xəlqilik, sadəlik və
yığcamlıq kimi məziyyətlər, aydın dil və
üslub idi. Bədii əsərlərindən
ən çox istədiyi övladları qədər sevdiyi
“Bir gəncin manifesti” romanından tez-tez söhbət
açsa da, bunu da yazıçılığını
gözə soxmaq üçün eləmirdi, roman janrında
yığcamlığa əməl etmək baxımından
nümunə göstərirdi... Bir də
vaxtilə “Dirilən adam” romanının haqsız tənqid
olunduğunu yada salardı. Başqa heç bir əsərindən
söhbət salmaz, yazıçı olduğunu, nə kimi əsərlər
yazdığını dilinə belə gətirməzdi. Füzuli, Mirzə Cəlil, Sabir
yaradıcılığından bəhs edən elmi əsərləri
üzərində cilalama işini ardıcıl davam etdirərdi.
“Azərbaycanda ədəbi məktəblər” adlı
doktorluq işini kitab halında görmək ən
böyük arzularından idi.
Qısa və mənalı
yazmaqda Füzulini, Mirzə
Cəlili, Sabiri, həmişə hamıya örnək hesab edər,
nümunə göstərərdi. Füzuli poeziyası və
poetikasının incəliklərini ümumiləşdirən
tədqiqat əsəri ilə ədib özünü
böyük qəlb şairinin incə bilicisi kimi
tanıtmışdı. Sənət və sənətkarlıqdan
söhbət düşəndə Füzulidən və Sabirdən
yadında saxladığı misra və beytləri astaca əzbərdən
söylərdi. Füzulinin:
Mühərrirlər
yazanda hər nəsə aləmdə bir ruzi,
Mənə hər
gün dili-sədparədən bir parə yazmışlar. —
beytini tez-tez yada salar,
yüksək sənət nümunəsi kimi təqdir edərdi.
Bir əyrilik, haqsızlıq, qeyri-obyektivlik görəndə
Ağaməsih Şirvaninin iki misrası ilə ürəyini
boşaldır, hirsini soyudurdu:
Nə vəfa dustda, nə
şəfa dərmanda qalmışdır...
Nədəndi
doğrular əyri qılınctək yanda
qalmışdır?
Sabirdən daha
çox misallar çəkər, xüsusilə “fəhlə”
şerindən misralar deməyi xoşlardı.
Açıq
hiss edirdin ki, bədii əsərlərindən ən çox
sevdiyi “Bir gəncin manifesti” idisə, elmi tədqiqatlarından
“Füzuli poetikası” və bir də “XX əsr
Azərbaycan ədəbiyyatı” kitabı idi (bəlkə də
bu kitab onun “Azərbaycanda ədəbi məktəblər”
adlı doktorluq işi ilə bağlı idi, ona görə). İyirminci əsrdə
ən böyük şəxsiyyətlərimiz kimdir? — deyə
sual edər və özü də heç kimin
cavabını gözləmədən xüsusi iftixarla
beş adamın adını çəkərdi: Mirzə
Cəlil, Sabir, Üzeyir bəy, Hüseyn Cavid, Firidun bəy Köçərli. Klassik və müasir poeziyamızın bir-biri ilə
bağlı və ayrılan, seçilən cəhətlərini
daim araşdırar, onların sıx
yaxınlığını göstərməklə
yanaşı, fərqini də obrazlı bir dillə
açmağa, ağartmağa çalışardı. Füzuli şerini
gözəllik, döyüşkənlik timsalı kimi
qiymətləndirərdi.
Nizamidən tutmuş
bugünkü şair və ədiblərimizə qədər
Azərbaycan ədəbiyyatının elə klassiki yoxdur ki,
Mir Cəlal onun ədəbi irsi haqqında yazmasın, həm
də yaxşı yazmasın. Yazdıqları məşhur və
hamıya bəllidir. Yuxarıda deyildiyi kimi, burada ancaq onun yaza
bilmədiklərindən, dediklərindən söhbət
gedir. Hüseyn Cavid və Əbdürrəhim bəy
Haqverdiyev, Nəriman Nərimanov, Məmməd Səid Ordubadi,
Səməd Vurğun, Mehdi Hüseyn, Sabit Rəhman,
Süleyman Rəhimov, Rəsul Rza və başqalarının
şəxsiyyəti, yaradıcılığı, hikmətli
sözləri, hazırcavablığı haqqında
maraqlı fikirlər Mir Cəlalın söhbətlərini
daha da şirinləşdirər, yapışıqlı edərdi.
Ədib həmişə
öz müəllimi saydığı böyük şair və
dramaturq Hüseyn Cavidlə yaxınlığını,
görüş və söhbətlərini
vaxtaşırı yada salar və belə deyərdi: “Cavid
peyğəmbər kimi adam idi”. Sonra sözünə davam edərdi:
“İçərişəhərdə mənim mənzilimə
tez-tez gələrdi. Bir dəfə gəlib mənim
yazı-pozu ilə məşğul olduğumu görüb
soruşdu:
— Komsomol, nə yazırsan?
— Dissertasiya.
— Nədən?
— Azərbaycan qadın şairlərinin
yaradıcılığından.
— Komsomol, heç çernil-kağıza heyfin gəlmir?
Füzulidən yaz ki, sənin də adın Füzuli
ilə bərabər tarixdə yaşasın.
Bu söhbətdən mən
ayıldım, “Füzuli poetikası” kitabı belə
yarandı. Sonra məşhur filosof Heydər
Hüseynovun məsləhəti və təhriki ilə bu kitab
mənim namizədlik dissertasiyam oldu”.
Böyük şairlə bir balaca mükalimə də
onun poeziya aşiqi olduğunu, şeir sənətinə
vurğunluğunu öyrənmək baxımından xeyli
maraqlıdır: “— Cavid əfəndi, siz həm mənzum, həm
də mənsur pyeslər yazırsınız. Hansını
daha çox sevirsiniz? Şeri, yoxsa nəsri?
— Əgər müsahibim mənə şeirlə cavab
verə bilsəydi, mən söhbəti də şeirlə edərdim”.
Mir Cəlal müəllim Cəlil Məmmədquluzadənin
adı ilə bağlı olan Molla Nəsrəddin ədəbi
məktəbinə yüksək qiymət verir, Mirzə Cəlilin
adını bəlkə də bütün dünya ədəbiyyatında
ən uca tutduğu Lev Tolstoyla yanaşı çəkirdi. Azərbaycan klassiklərindən Nizamini, Füzulini,
Mirzə Cəlili və Hüseyn Cavidi epoxal sənətkarlar,
məktəb başçıları kimi ümumi bir
sıraya qoyurdu. İyirminci əsr realist ədiblərimizdən
biri haqqında dediyi “Haqverdiyev yeriyən Azərbaycandır”
sözlərində sənətkarın dərin xəlqiliyinə,
böyük ədəbi sima olduğuna aydın və qəti
bir baxışı olduğu görünməkdədir.
Mirzə Cəlil ədəbi irsini və
ümumən Molla Nəsrəddin realist ədəbi məktəbini
gənclik illərində Səməd Vurğuna və Mehdi
Hüseynə sevdirdiyini də ədib təvazökarlıqla
qeyd edərdi.
M.S.Ordubadinin hazırcavablığı,
incə yumoru, maraqlı atmacaları heç dilindən
düşməzdi. Yenə də qısa və
yığcam yazmağın məziyyətindən söhbət
düşəndə “Gizli Bakı” romanını vaxtilə
ixtisar və redaktə etdiyindən, Ordubadinin bu işdən
razı qaldığından maraqlı söhbət
açardı. Ordubadidən çəkdiyi
misalların bir qismini bu sətirlərin müəllifi bir vaxt
ədəbiyyatşünas Kamran Məmmədova vermiş və
o da bunları “Azərbaycan yazıçılarının həyatından
dəqiqələr” toplusunda çap etdirmişdir.
Azərbaycan ədəbiyyatının
klassiklərindən Səməd Vurğun və Mehdi
Hüseynlə dostluğu, şəxsi söhbətləri və
yaradıcılıq əlaqələri ədibin istinad və
iftixar mənbələrindən idi. Elə
gün olmazdı ki, bu iki qiymətli dostunu, qələm
yoldaşını yada salmasın, onların hər hansı
bir yaxşı işini, bir tutarlı fikrini, bir əsərini,
ya da bir misrasını, cümləsini,
sözünü-söhbətini nümunə gətirməsin.
Səməd Vurğunun hələ ilk gənclikdən
odlu-alovlu qəlbə, fitri şairlik istedadına malik
olduğunu deyər və bu adamın daxilində ictimai bir
yanğı olduğunu məntiqi vurğu altına alardı.
Mir Cəlal müəllim mənəvi cəhətdən
saf, təmiz bir insan idi. Tamah hissindən uzaq,
az-çoxa qane olan, gözü-könlü tox, təmiz bir
ziyalı idi. Özü də həmişə deyərdi
ki, Səməd Vurğun məni bir dost kimi sevərdi, tərifdən
sonra zarafat eləyərdi: “Mir Cəlal, sənin bir
böyük eyibin var, sən “slişkom poryadoçnı
adamsan”.
Ədibi bir alim, ədəbiyyatşünas
kimi başqalarından fərqləndirən mühüm cəhət
bu idi ki, tarixi şəxsiyyətlərə və ədəbi
hadisələrə bir cümlə ilə, kiçik bir
ştrixlə aydın və bitkin xarakteristika verməyi
yaxşı bacarır, bir neçə sözlə onun yaddan
çıxmayan portretini çəkə bilirdi. Qiymətləndirmək istədiyi adamın ən səciyyəvi
keyfiyyətlərini üzə çıxarmağı, onu obrazlı
şəkildə qabartmağı bacarırdı. Məsələn,
bu sözləri heç yadımdan çıxmır: “Ədəbiyyatşünaslıq
fikir söyləməkdir”, “Mirzə Cəlil məzlum Şərqin
böyük ədibidir”, “Anamın kitabı” həqiqət
kitabıdır”, “Haqverdiyev yeriyən Azərbaycandır”, “Bir
institutun görə bilmədiyi işi Firidun bəy
Köçərli görmüşdür”, “Azərbaycanı
şeirə Səməd Vurğun gətirdi”, “Mehdi ədəbiyyatın
qeyrətini çəkəndir”, “Müşfiq nakam
şairdir” və s.
Mehdi Hüseynin geniş erudisiyalı, cəsarətli,
dönməz iradəli, sabit xarakterli şəxsiyyət, ədib
və tənqidçi olduğunu dönə-dönə
xatırladan Mir Cəlal müəllim belə bir epizod da
danışardı: “Bir dəfə professor Cəfər Xəndan
kafedrada Mehdi Hüseynə Cəlil Məmmədquluzadənin
yaradıcılığından xüsusi kurs vermişdi. Mühazirələri həvəslə oxuyan tənqidçi
günlərin birində dərsdən çox əsəbi
halda çıxdı. Kafedrada öyrəndik ki, bir tələbə
auditoriyada ona belə bir sual verib:
— Müəllim, axı bu Mirzə Cəlildən nə
qədər danışmaq olar?
— Nə qədər ki, sən başa düşməmisən,
danışmaq olar, — deyə Mehdi Hüseyn ona kəskin cavab
vermişdi”.
Mir Cəlal müəllim bu ibrətli misalı
Cəlil Məmmədquluzadənin bir mütəfəkkir-ədib
kimi böyüklüyünü anlamayan və yaxud anlamaq istəməyən
bəzi elm adamlarına gətirərdi. “Mirzə
Cəlil haqqında nə qədər dissertasiya yazmaq olar?”
— deyənlərə özü belə cavab
verirdi: “Cəlil Məmmədquluzadə haqqında biz hələ
indi-indi yazmağa başlayırıq. Onun
yaradıcılığından nə qədər yazılsa,
yenə azdır”. Mir Cəlal müəllim
bu böyük realistin ədəbi irsinə iyirmidən
artıq elmi məqalə və “Cəlil Məmmədquluzadə
realizmi haqqında” adlı qiymətli bir kitab həsr
etmişdi. Ədibin
yaradıcılığı üzərində elmi işini həyatının
son günlərinə qədər həvəslə davam
etdirirdi. Mirzə Cəlildən nə vaxt söhbət
düşsəydi: “XX əsrdə Yaxın Şərqdə
heç bir xalqın belə böyük adamı olmayıb” —
deyər və bu böyük həqiqəti dərk etməyənləri
dünyadan xəbərsiz sayardı. Odur ki, Mirzə
Cəlil yaradıcılığından dissertasiya
mövzuları verməkdə səxavətini əsirgəmirdi.
“Cəlil Məmmədquluzadə filosof
yazıçıdır” fkrinə qarşı
çıxıb “onun sistemi yoxdur” söyləyənlərə
Mir Cəlal müəllim istehza ilə deyərdi: “Bəs sizin
fəlsəfi sisteminiz varmı ki, diplomunuza “filosof”
yazdırmısınız?”
Ədəbiyyatdan canlı həyat qədər zövq
alan, şeir və sənətdən danışmaqdan əsla
doymaq bilməyən, bədii əsərlərin, klassik irsin nəşri
və ardıcıl təbliğini bir an belə unutmayan həssas,
tələbkar, qayğıkeş bir vətəndaş olan
Mir Cəlal gənc ədəbiyyatşünaslara ədəbiyyatımızın
və dilimizin qeyrətini çəkməyi həmişə
tövsiyə edərdi.
Bədii yaradıcılıqda
istedadın gücünə üstünlük verən ədib,
hər yazıçını bəyənməzdi. Füzuli, Mirzə Cəlil, Sabir, Lev Tolstoy,
Çexov onun üçün sənətkarlıq meyarı
idi. “Biz Mirzə Cəlilin “Poçt
qutusu”ndan çıxmışıq” fikri məşhurdur.
Yazıçılar siyahısında
adamların çoxluğu, əsl qələm sahiblərinin,
yaxşı yazanların azlığı onu çox narahat
edirdi. Ona görədir ki, tez-tez deyirdi: “Qardaş,
küçədə kimi görürsən, qoltuğunda
papka, deyir yazıçıyam, heç oxucuyam deyən
yoxdur”.
Həm görkəmli bir ədib kimi
çıxış və söhbətlərində, həm
də ədəbiyyatşünas-alim kimi qiymətli
monoqrafiyalarında, məqalələrində tarixi və ədəbi
şəxsiyyətlərə düzgün, obyektiv qiymət
verən, ağı qaradan, yaxşını pisdən,
güclünü zəifdən seçməyi bacaran Mir Cəlal
başqalarından da bunu tələb edirdi. “Gövhəri
qumdan ayırmağı bacarmaq lazımdır, arxivlərin əsiri
olmaq yaramaz” - deyərdi.”
Gənc ədəbi qüvvələrə qayğı
bəsləmək, onların yazılarını çap
etdirmək, yaradıcılıq dərnəklərində
onları dinləmək, ilk şeir və hekayələrini
bir ustad kimi qiymətləndirmək, saf-çürük eləmək,
sənətin çətin, şərəfli və doğru
yollarını göstərmək Mir Cəlal müəllimin
gündəlik işlərindən idi.
Mir Cəlal müəllim həyatının,
elmi-pedaqoji fəaliyyətinin, bədii
yaradıcılığının əsas hissəsini, ən
gözəl və məhsuldar çağlarını Azərbaycan
Dövlət Universitetində, filologiya fakültəsinin tələbələri
arasında, Azərbaycan ədəbiyyatı tarixi
kafedrasında keçirmişdir. Tam on səkkiz il bu kafedranın müdiri olmuşdur. O,
filoloqlara, şərqşünaslara, jurnalistlərə,
kitabxanaçılara ədəbiyyatşünaslığın
əsaslarından, XX əsr Azərbaycan ədəbiyyatı
tarixindən mühazirələr oxumuş, gənc elmi
qüvvələrin yetişməsində uzun illər
böyük əmək sərf etmişdir.
Azərbaycan Dövlət Universitetini Mir Cəlal
müəllim öz doğma evindən, ocağından
artıq sevirdi.
Mir Cəlal müəllim kafedrada öz
müdirliyini heç vaxt hiss elətdirməzdi. Hamı ilə son dərəcə mülayim rəftar
edərdi, uşaqla uşaq, böyüklə böyük idi.
Bir dissertasiyanı, ya kitabı müzakirə
üçün oxutmaq lazım gələndə, məsləhət
bildiyi adama işarə ilə “əlindən öpür” deyərdi.
Yaxud heç görməzdin ki, işə
yubanan, ya da uzun zaman işdə gözə görünməyən
bir adamı danlasın, işdən-gücdən aralı
dolanmağın səbəbini soruşsun. Belə
hallarda çox sərrast və təmkinli bir sualı
vardı: Harda işləyirsən? Bütün
mətləb yumorda yoğrulmuş bu sadə sual altında
durulub aydınlaşardı.
Vəfatından bircə gün əvvəl kafedrada
bizimlə yenə də dərsliklərin, monoqrafiyaların
çapından, bədii əsərlərinin
çoxcildliyindən inamla, ümidlə, şirin-şirin
söhbət edən bu əvəzsiz ədibimizin, unudulmaz
müəllimimizin, yenilməz həyat eşqi ilə
yazıb-yaratmaqda olan müdrik insanın aramızdan vaxtsız
gedəcəyinə inanmaq çətin idi. İnana bilmirdim
ki, “Dirilən adam”ı yazan ədib ölə
bilər. “Bir gəncin manifesti”, “Füzuli poetikası” və
başqa onlarla kitabların, “Həyat hekayələri”nin müəllifi birdəfəlik köçə
bilər. Elə bil ki, sinəsi sözlə,
dodağı gülüşlə dolu olan bu nəcib insan həyata
həmişəlik göz yummadı. Elə
bil ki, bir göy göyərçinə dönüb harayasa
uçub getdi və nə zamansa qayıdıb bizimlə
yarımçıq qalmış söhbətini davam etdirəcəkdi.
Firidun Hüseynov
Yanvar, 1983
Ədəbiyyat qəzeti.- 2013.- 15 noyabr.- S.6.