Yusif Seyidov
Azərbaycanın ədəbi
ictimaiyyətinə ağır itki üz vermişdir.
Tanınmış alim, əməkdar elm xadimi, Azərbaycan
Dövlət mükafatı laureatı Yusif
Seyidov vəfat etmişdir.
Yusif Mirəhməd oğlu Seyidov 1929-cu il mayın 3-də
Şərur rayonunun Yengicə kəndində
anadan olmuşdur.
1944-cü ildə orada orta
məktəbi bitirib ikiillik
Naxçıvan müəllimlər İnstitutunda
təhsilini davam etdirmiş,
1947-1952-ci illərdə indiki Bakı
Dövlət Universitetinin filologiya
fakültəsində təhsil almış, dilçilik
ixtisası üzrə aspiranturaya qəbul edilmiş,
1955-ci ildə «Müasir Azərbaycan dilində
feli bağlama tərkibləri»
mövzusunda namizədlik dissertasiyası
müdafiə etmişdir. 1955 -ci ildə həmin universitetdə dərs deməyə
başlamışdır. 1965-ci ildə «Müasir
Azərbaycan dilində söz birləşmələri»
mövzusunda doktorluq
dissertasiyası müdafiə etmişdir.
Universitetdə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının əsası
qoyulduğu gündən o
kafedraya rəhbər təyin edilmişdir. Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı ədəbiyyatşünas
kimi vaxtaşırı mətbuatda
çıxış etmiş, ilk məqaləsi 1952-ci ildə «Azərbaycan
müəllimi» qəzetində dərc edilmişdir.
1966-cı ildə «Azərbaycan ədəbi dilində söz birləşmələri» kitabı
işıq üzü görmüşdür.
«Müasir Azərbaycan dili.
Sintaksis»,
«Klassik Azərbaycan şairləri söz haqqında», «Yazıçı və dil (XIX-XX əsrlər)», «Sözün
şöhrəti», «Şairin fikir dünyası», «Ədəbi tənqid və
bədii dil», «Sözün
hikməti», «Nəsiminin dili»,
«Demokratiyanın uzun yolu»,
«Azərbaycan dilinin qrammatikası. Morfologiya», «Azərbaycan və rus
dillərinin müqayisəli qrammatikası. fonetika», «Azərbaycan dilinin
qrammatikası problemləri» (15 cilddə) əsərləri nəşr
edilmişdir.
Yusif Seyidovun
xalqımız qarşısındakı xidmətləri
yüksək qiymətləndirilmiş, ona
«Əməkdar elm xadimi»
fəxri adı verilmiş, 1974-cü ildə
Azərbaycan Dövlət mükafatına layiq
görülmüşdür.
Görkəmli elm xadimi, dəyərli alim, səmimi, təvazökar insan
Yusif Seyidovun
işıqlı xatirəsi xalqımızın qəlbində
yaşayacaq.
Allah rəhmət eləsin.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat
qəzeti.- 2013.- 22 noyabr.- S.8.