Ağcabədidə folklor konfransı  

     

 Bu günlərdə AMEA Folklor İnstitutu və Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədi şəhərində “Qarabağ folkloru: problemlər, perspektivlər” mövzusunda II respublika elmi konfransı keçirildi. Qarabağın qeyri-maddi-mədəni irsinin mühafizə imkanları, onun toplanması, tədqiqi və nəşri, eləcə də dünyaya tanıdılması prosesindəki problemlərin müzakirəsi və bu sahədə qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi konfransın əsas məqsədi idi.

Plenar iclasda Folklor İnstitutunun direktroru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov konfransın məqsədindən, onun 2012-2013-cü illərdə həyata keçirilmiş “Azərbaycanın Qarabağ bölgəsinin folklor nümunələrinin toplanması, sistemləşdirilməsi, arxivləşdirilməsi və dəyərləndirilməsi” layihəsinin tərkib hissəsi olmasından, qeyri-maddi-mədəni irsin, o cümlədən milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində əhəmiyyətindən bəhs edən geniş məruzə ilə çıxış etdi. Məruzədə vurğulandı ki, Qarabağa həsr olunmuş I konfransda olduğu kimi, II konfransda da Folklor İnstitutunun toplama, tərtib və nəşr sahəsindəki uğurlu işlərindən biri sayılan 6 cildlik «Qarabağ: folklor da bir tarixdir» toplusu dəyərləndirmənin başlıca obyektlərindən biri kimi götürülüb. M.İmanov bildirdi ki, Folklor İnstitutu, bundan əlavə, Qarabağ musiqisindən və xalq oyunlarından ibarət üç disk buraxıb. Layihə cərçivəsində çap olunmuş kitablarda 200-dən artıq mifoloji mətn, 1000-ə yaxın əfsanə və rəvayət, 300-dən artıq nağıl, 360 lətifə, 607 atalar sözü və məsəl, 2000-ə yaxın bayatı, həmçinin laylalar, oxşamalar, uşaq folkloruna dair nümunlər, bölgədə yaşayan tayfaların məişətinə, tarixinə dair maraqlı məlumatlar toplanıb oxuculara təqdim edilib. Bu layihə sayəsində bir çox folklor personajları və süjetlər haqqında təsəvvürlər dolğunlaşıb, həmçinin yeni süjetvariantlar hesabına Azərbaycan folkloru daha da zənginləşib. Müəyyən edilib ki, çap olunmuş 300-ə yaxın nağıl içərisində 50-dən çoxunun başqa xalqlarda qarşılığı yoxduronlar Beynəlxalq Nağıl göstəricisinə düşməyib. Bu layihə sayəsində Abdal Qasım, Aşıq Abbas, Bic Paşa, Lotu Əmirqulu kimi hazırcavab adamlar haqqında maraqlı lətifələr yazıya alınaraq Azərbaycan folkloruna yeni lətifə personajları daxil edilib. Layihənin icrası zamanı bölgənin folklor örnəkləri toplanmaqla yanaşı, həm də burada yaşayan tayfalar, nəsillər, onların tarixi, məişəti, etnoqrafiyası haqqında zəngin məlumatlar da yazıya alınıb. Tayfalarla bağlı materiallar kimi, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı materiallar da Qarabağ (ümumilikdə Azərbaycan) folklorunun diqqətdən kənar qalmış bəzi məsələlərini öyrənmək üçün bir qaynaq təşkil edir. Vurğulandı ki, institutun əməkdaşları Əlyanlı qaçaqları, Sarıtel Aslan, Qaçaq Süleyman, Qaçaq Camal, Xanalı, Kürdoğlu Məhəmməd, Qaçaq Səfo və digər qaçaqların fəaliyyəti, taleyi haqqında şifahi ifadan onlarla rəvayət və xatirə qeydə alınmış və ilk dəfə üzə çıxarılan bu materiallar bölgədəki qaçaqçılıq hərəkatının öyrənilməsində əhəmiyyətli mənbə olacaqdır. Məlum oldu ki, layihə çərçivəsində görülən işlərin mühüm nəticələrindən biri də Əli Süleymanov (Ağdamın Ətyeməzli kəndi), Musa Bayramov (Bərdənin Seyid Yusifli kəndi), Narış Bayramova (Ağcabədinin Afşar kəndi) və b. professional söyləyicilərin - Qarabağın sinədəftər adamlarının üzə çıxarılmasıdır və haqqında ötəri də olsa danışdığımız folklor örnəklərinin xeyli hissəsi həmin adamların dilindən yazıya alınıb.

Tədbirdə belə bir fikir də səsləndi ki, çap olunmuş kitablar Qarabağ folklorunu hələ tam əhatə etmir. Gələcəkdə Qarabağın rayonlarını daha bir neçə sistemli toplamaya cəlb etməklə, bölgə folklorunu tam əhatə edəcək yeni-yeni toplular ortaya qoyulmalıdır.

Plenar iclasdan sonra konfrans bölmələrdə öz işini davam etdirdi. Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun, fil.ü.e.d. prof. Qəzənfər Paşayevin, prof. Füzuli Bayatın, AMEA-nın müxtəlif institutlarını təmsil edən alimlərin, Ağcabədi rayon ictimaiyyətinin iştirak etdiyi konfrans öz işini uğurla başa vurdu.

 

A. Savalan

 

Ədəbiyyat qəzeti.- 2013.- 22 noyabr.- S.8.