Özünə sadiq qal...
Arıq,
qarabuğdayı oğlan mənə
şeirlərini verdi.
-Vaxtınız olanda bu yazılara
baxın. Fikrinizi bilmək istəyirəm.
-Harda oxuyursan?
-İncəsənət
Universitetini bitirmişəm.
-İşləyirsən?
-Bəli. İctimai televiziyada
çalışıram.
-Dərnəklərə getmisən?
-Xeyr.
Yazıçılar
Birliyində Gənclər
günü fəaliyyət
göstərir, ayda bir dəfə gənclər öz yazılarını oxuyur,
müzakirə edir. Yazıçılar Birliyinin gənclər
üzrə katibi Rəşad Məcid müzakirələrə rəhbərlik
edir. Orda olmusan?
-Xeyr, olmamışam,
baxın yazılara məsləhətinizi deyin...
İstədim
deyəm, gedin Rəşad Məcidin qəbuluna, başımı
qaldırıb ona baxdım, üz-gözü
həyəcandan, maraqdan
alışıb-yanırdı. Niyə get-gələ salıb üzünə soyuq su çiləyim. Yazılarına baxım, bəlkə
oğlanın belə
şeylərlə vaxt
itirməyinə dəyməz.
Qarşımdakı yarımçıq
işi kənara qoyub onun narahatlığının
havasını almaq üçün gülümsündüm:
-Yaxşı, bir
neçə şerini
ver oxuyum, görək...
-Haçan gəlim
cavab üçün,
hansı gün?
-Get bir on-on beş dəqiqə havada gəzin, gəl!
Oğlan
şeirlərini qoyub otaqdan çıxdı. Mən də getdim 1955-56-cı illərə. Bakı Dəmir
Yolu Texnikumunun yol tikintisi şöbəsində
oxuyurdum, şeirlər
də yazırdım.
O zaman hər bir mədəniyyət klubunun nəzdində ədəbiyyat-incəsənət sahələri üzrə
dərnəklər fəaliyyət
göstərirdi. Hər
bir universitetin, məşhur kitabxanaların,
böyük müəssisələrin
dərnəkləri yaradıcı
gəncləri cəlb
etmək, yönəltmək
üçün ciddi
iş görürdü.
Gəncləri dərnəyə cəlb etmək rəqabəti vardı.
Burada keyfiyyət unudulurdu, kəmiyyət birinci plana çıxırdı.
Çox
vaxt dərnəyə
gələn uşaqların
sayı əsas göstərici sayılırdı.
Bu mövzuda hələ
də ekranlardan düşməyən, sevilə-sevilə
baxılan Sosialist Əməyi Qəhrəmanı,
SSRİ xalq artisti Rəşid Behbudovun baş rolda oynadığı “Bəxtiyar”
filmi yaxşı yadınızdadır. Əlbət ki,
istedadlı gənclərlə
yanaşı, bir dəstə yeniyetmə beş-altı dərnəyə
yazılırdı, yazdığı
bir şeri on dərnəkdə oxuyurdu.
Dərnəkdən-dərnəyə sürtülür, şerinin yaxşılığı
ilə yox, özünün görünməyi
ilə tanınmasını
məşhurluq sayırdı.
Ədəbiyyat sahəsində olan
dərnəkdən hər
bir gəncin bir mərtəbə qalxıb Yazıçılar
İttifaqındakı Gənclər
günündə çıxış
etmək, tanınmaq arzusu vardı. Bu da acı həqiqətdir ki, yeniyetmələrdən Yazıçılar
İttifaqının pillələrini
birinci qalxanlardan çoxu dərnək kastralenlərindan olurdu.
Əsl istedad utanıb, dahi yazarların, klassiklərin qalxdığı
pillələrə yaxınlaşmağa
həya edirdilər.
O illərdə mən
də Sabir kitabxanasındakı dərnəkdə
iştirak etmişəm.
Daha sonralar bir müddət
tibb universitetində dərnək aparmışam.
İndi illər keçib, sovet imperiyası dağılıb. Azadlığa qovuşan ölkələrdən
biri biz olduq. Bayrağımız dalğalanır, gerbimiz sinəmizdə, himnimiz dodaqlarımızda
səslənir. Ölkəmiz azaddır. Lakin daxilən, şüurən
azad doğulan insanı azadlıqdan məhrum eləmək olmur. İnsanı zindana sala bilərsən,
lakin onun xəyalı, düşüncəsi,
arzuları azad olacaq! Nəsimi kimi dərisini
soya bilərsən. O:
Məndə sığar
iki cahan,
Mən bu
cahana sığmazam
- deyəcək.
İçindəki azadlığı dərk edən insan bilir ki,
azadlıq ölənə
kimidir, ölüm isə mütləq azadlıqdır. Sonra səni
heç kəs bu azadlıqdan məhrum edə bilməz. Azadlığı
insan tam dərk edəndən sonra qorxu hiss etmir. Bu o andır ki, sahildə qum
üstündə uzanıb
özünü günə
verən qocaya Makedoniyalı İskəndər
yanaşıb:
-Sənə nə
kimi yaxşılıq
edə bilərəm?
- deyəndə,
- Edərsən, edə
bilərsən, bir az kənara
çəkil, üstümə
gün düşsün!
- deyir filosof.
Ölkəmiz
müstəqildir. Amma insanlar
hamısı ayrı-ayrılıqda
öz müstəqilliyini
dərk edə bilirmi? Yox! Bəlkə heç Allah özü də insanların hamısını öz içindəki köləlikdən
azad eləmək istəmir. Bəlkə onların bəzisi
bu azadlığı düzgün başa düşməyib Allahlıq
iddiasına düşə
bilər. Elə ona
görə illər keçsə də, ədəbiyyat, mədəniyyət
və mənəviyyat
aləmində biz - yəni
hər birimiz öz azadlığımızı
tam dərk edə bilməmişik. Mənzərə çox dəyişməyib.
İndi də dərnəklər
var. Bəzilərinin adı
dəyişib. Bəziləri kitabxanalarda yox, çayxanalarda yığışır.
Bəziləri özlərinə Yazıçılar Birlikləri
də düzəldiblər.
Yeni adlar altında yığışıb köhnə
qiybətləri qılırlar.
Bütün bu qabarmaların,
enmələrin, dalğaların
arasında Yazıçılar
Birliyi yenə də öz əzəmətini qoruyub saxlayıb. Daha da güclü
bir təşkilata çevrilib. Ölkədə
on iki, xarici ölkələrdə dörd
filialımız var. Gələn
il mart ayında
Birliyin səksən illiyini qeyd edəcəyik.
Müstəqilliyimizin ilk illərində SSRİ-nin bütün ölkələrində Yazıçılar
İttifaqları dağılarkən,
Azərbaycan Yazıçılar
Birliyinin salamat qalması, həmlələrə
dözə bilməsində
Anarın xidmətini qeyd etməmək Allahsızlıq olar.
Sonra isə ümummilli liderimiz Birliyin qolundan yapışdı.
Bu gün də İlham Əliyevin bu qədim ocağa
qayğısını hər
an hiss edirik. Ən dəyərlisi də odur ki, bu
qayğı minnətsiz
göstərilir. Müqabilində şərtlər, tələblər
qoyulmur. Yuxarıda dediyim
kimi, indi də o dərnəklərdən,
yeni formada olan dərnək kimilərdən süzülüb,
seçilib Yazıçılar
Birliyinin Gənclər
gününə gələnlər
daha çoxdur. Yazıçılar Birliyinin tarixində
ötən qurultaya kimi ayrıca gənclər üzrə katib yox idi.
Keçən qurultayda təsis
olundu və bu yerə o zaman özü də gənc olan Rəşad Məcid Anarın təklifi ilə səsə qoyuldu, seçildi. Bu illər ərzində nə Gənclər günündən, nə də ümumiyyətlə,
gənclər üzrə
katibin işindən şikayət oxumamışam,
eşitməmişəm. Amma tərbiyəsində və
təbiətində ödü,
şəri, böhtanı
çox olan bəzi gənclər yeri gəldi-gəlmədi
içindəki xıltı
Anarın üstünə
yağdırırlar. Deyəcəksiniz, Fikrət Anarı
müdafiə edir.
Yaxşı, kimsə sizdən
soruşmalıdır, Anardan
nə istəyirsiniz?
Birliyin yükü olmadan Anar özünü daha rahat, daha
sərbəst hiss edərdi,
daha çox yazardı. Biz sədri hər birimizin məişət məsələlərimizlə məşğul olmaq üçün seçmirik,
baxmayaraq ki, onunla da məşğul
olur. Yazıçıların beynəlxalq görüşlərində,
forumlarda, ədəbiyyatın
bu gününün müzakirəsində, sabahının
yönəldilməsində, bizi, xalqımızı, qədim kökləri olan ədəbiyyatımızı
layiqincə təmsil etməsi üçün
sədr seçirik.
Beynəlxalq aləmdə nümayəndələrimizə
baxıb, ölkəmizə,
mədəniyyətimizə, ədəbiyyatımıza qiymət
verəcəklər. İndi
əlinizi ürəyimizin
üstünə qoyub
deyin, Anar qədər tanınan, savadlı, məlumatlı,
xidmətləri olan, çoxcəhətli yaradıcılığa
malik, əsil-nəcabətli
(bu da vacibdir)
Yazıçılar Birliyinin
hansı üzvünü
onunla yanaşı qoyar, onun yerinə
təqdim edə bilərsiniz. Adını deyin, müzakirə edək.
Belə-belə
işlər, mənim
gənc dostum. Sənin şeirlərini oxuyarkən
gör nələri düşündüm. Sən bizə
doğru xoş gəlirsən. Yəni, yazıların
xoşuma gəldi, bunlarda şairliyin mayasını gördüm.
Şairlik öz-özünlə döyüşdü. Bu döyüşdə sənin
köməkçin yalnız
öz ağlın, ürəyin və iradən olacaq. Oxu, öyrən, olanları təkrar etməmək üçün, görmək
üçün gözlərini
geniş aç, dünya gözlərinə
sığsın. Özünə sadiq
qal. Uğur olsun!
Fikrət
QOCA
Ədəbiyyat
qəzeti.- 2013.- 22 noyabr.- S.7.