Sən itərkən insanların arasında
Mən bir yolun astanasında
Bir sualın yaxasında
Asılıb qaldım.
Qaçımmı arxanca...
Bir qırmızı sandıqça
Aylarla uyuyarkən cibimdə
Açımmı ...
Yox...yox...dayansam yaxşıdır.
Bu qorxunc yuxudan
Oyansam yaxşıdır...
Məndən uzaqlaşan
Qara sevdanı
Qara daş kimi
Dalğaların qoynuna
Atsam yaxşıdır...
***
Biz tanış olsaydıq
Payız gəlməzdi.
Kimsə bilməzdi
Gizli sevgimizi,
Nura qərq edərdik
Bu qara şəhərimizi.
Üşüməzdik, gecələri
Birgə gəzərdik
Nəmli küçələri.
Biz tanış olsaydıq,
Nələr edərdik,
Nələr... nələr...
***
Bir qız vardı,
Mənə çoxlu yazardı.
Keçən ilin bu vaxtı
Havası idim, suyum idi,
Laylası idim, yuxum idi.
Çox gəzdim-dolaşdım,
Payızla rastlaşdım
Keçən ilin bu vaxtı
Ölmüsənmi,qalmısanmı
Cavab ver,səsimə səs ver,
Mənə nəfəs ver.
Hər küçədə bir parçam var
Səni axtarır.
Baxışınla nələrisə demişdin,
Demək birdəfəlik getmişdin
Keçən ilin bu vaxtı...
***
Heç kim bilməyəcək
Sənə olan hislərimi.
Qoy gizli qalsın
Bir tarix kimi
Sənin göz yaşlarından
Mənim gün daşlarımdan
Tikiləcək həsrətimiz
Otaqları tər-təmiz
Tavan, döşəmə
Bir-birinə baxacaq,
Aşiq olacaq
Ayrılıqlar mənzilində
Körpə doğlacaq
Sənin göz yaşlarından
Mənim gün daşlarımdan...
***
Çox yoruldum...
Unuduldum sənin kimi.
Göz yaşların tanış gəlir,
Yollarıma düzülür,
Yanağımdan süzülür.
Bax bu şəhərə, görürsənmi?!
Nələr çəkdiyimi bilirsənmi?!
Yazılar yazıldı, pozulmayacaq,
Görülən yuxular yozulmayacaq.
Bizdən bir də olmayacaq
Ayıl, gözəlim,
Əlini mənə ver
Heç kim bilməsin, -
Səssiz gedəlim...
***
Məni çaşdırmışdı yuxular,
İnanmışdım gördüyümə,
Peşman oldum, sıxıldım
Sizə qonaq gəldiyimə.
Gözüm axtarırdı güllərimi,
Verdiyim hədiyyələrimi.
Tapmayınca üzüldüm,
Geri çevrilən zaman
Səni gənc kapitan ilə
Sevişən gördüm.
Qarışdı duyğularım
Tutularkən səmalarım
Yatmaq istədim,
Mələk qanadlarımı
Atmaq
istədim.
İnsanlığımı özlədim
Bir küçənin döngəsində
Əlimdə çiçəklərlə
Gəlişini
gözlədim.
Röyal
Əliyev
Ədəbiyyat qəzeti.- 2013.-
22 noyabr.- S.7.