Durna
Mən
yuxuda durna oluram
gecələr,
Çırpıb qanadlarımı
yerdən üzülürəm.
Geniş-geniş havalarda səf çəkən
Durnaların qatarında düzülürəm.
Uçuruq uça bildikcə,
Uçuruq diyar-diyar...
Uçuruq - qəlbimizdə
Torpaqdan aldığımız
Ən şirin,
Ən incə,
Ən sevimli arzular.
Uçuruq uça bildikcə...
Bizə həsrət qalan ellərə
Qanad salırıq,
Uca-uca dağların başında
Əylənib qonaq qalırıq.
Torpağın ətrini aparırıq
Ulduzların aləminə.
Həyat səsi qatırıq
Göydə soyuq-soyuq işıqlanan
ayın yalqızlıq qəminə.
Səhər
şəfəqlər oyadır məni.
Sevinə-sevinə durub
Qalxıram ayağa:
Sonra bütün günü
Nə həvəsim olur,
Nə macalım,
Bir də yerdən üzülüb
durna olmağa.
Düşüncələr
Ağır düşüncələr içindəyəm
bu axşam,
Bilmirəm,
ömrümü düzmü,
əyrimi yaşamışam.
Ömür keçdi
axıb gedən sular kimi.
Əsib keçdi sevinclərim
bir qanadsız ruzgar kimi.
İndi ağır düşüncələr
içindəyəm,
Bilmirəm
kiməm
nəyəm?
Ey mənim gəncliyimi xatırladan, təzə qız,
bu sözləri səninçün
yazır titrəyir əlim,
Yazır ki, sən heç zaman,
ey ağıllı gözəlim,
Olmayasan mənimtək
dünyada yapyalqız.
Saçına dən düşəndə
ömrünün budağından
bir yarpaq salmayasan.
Belə həzin axşamlar
ağır-ağır fikirlər
bəhrinə dalmayasan.
Bahar nəğməsi
Yaşıllanır çöllər, oyanır torpaq,
Bəzənir gəlintək hər dərə, hər
dağ,
Ruhuma bir adət olur çırpınmaq.
Məhəbbətim səndə, könlüm səndədir,
Bahar nə nazəndə, nə nəzandədir.
Gah yoluna çıxdım, gah yola saldım,
Gah intizar çəkdim, həsrətdə
qaldım.
Qışda sorağını uzaqdan aldım,
Dedim əmanətim, eşqim səndədir,
Bahar nə nazəndə, nə nəzandədir.
Xoş nəğmələr qoşdum sənin adına,
Saf bir nəfəs kimi çatdın
dadıma.
Bir həzin axşamda düşsəm yadına
Bil ki, məhəbbətim, könlüm səndədir,
Bahar nə nazəndə, nə nəzandədir.
Ayrılıq
Mən ki, doymamışdım heç
vüsalından,
Mənə zülm elədi yaman
ayrılıq.
Nə olardı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq...
Biz ki, bir ruh idik iki bədəndə,
O gülüb-sevinsə gülərdim mən də,
Vüsalın bülbülü uçub gedəndə,
Daş kimi gəlbimdə qalan
ayrılıq.
Kim qıydı dostların bahar elinə?
Mehriban sözünə, şirin dilinə,
Cananın sazını alıb əlinə
Əğyar mizrabıyla çalan
ayrılıq.
Mən görəndə orda yaz səhəriydi,
Xoş nəfəs baharın küləkləriydi,
Açılan ağ badam
çiçəkləriydi,
İndi onlardımı solan, ayrılıq!
Gün çıxar, dağların əriyər
qarı,
Pozulmaz dostların əhdi, ilqarı,
Keçər ürək dərdi, könül
qubarı,
Gəl etmə meydanda cövlan, ayrılıq!
Dənizin
səsi gəlir
Unutmaq istəyirəm xatirələri,
Dənizin səsi gəlir...
Unutmaq istəyirəm
Qəlbimin sınıq məhəbbətini,
İztirablı bir eşqin hekayətini.
Unutmaq istəyirəm
Acı-şirin xatirələri,
Dənizin səsi gəlir.
Dəniz, sevdalı dəniz,
Əfsanələr kimi şirin, xəyali dəniz,
Sevmişəm dalğalarında,
Günəşində yanmışam.
Qumlu sahillərini
Yalınayaq gəzib-dolanmışam.
Məhəbbətim sənə
bağlı, dəniz.
Sinəsi sinəm kimi
Hicran dağlı dəniz.
Unutmaq istəyirəm
Sahilində şirin yuxular ki keçən
Həzin axşamları,
Günəşli səhəri,
Unutmaq istəyirəm
Yandırıb-yaxan xatirələri,
Dənizin səsi gəlir...
Neyləyim
Ala gözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur, neyləyim?
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır, vaxtsız solur,
neyləyim?
Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yolda qalanda
Yasəmən saçını yolur, neyləyim?
Əsən ruzgarın da yoxdur vəfası,
Düşmüşdür başına
özgə sevdası.
Lalənin cırılıb qəmdən yaxası,
Saçları pərişan olur, neyləyim?
Bəlkə tez gələsən əlac verəsən,
Sünbülün saçını yığıb
hörəsən,
Əlvan çiçəkləri özün dərəsən,
Gözləri yollarda qalır, neyləyim?
Çəkir çiçəklərin gözü
intizar,
Ayrılıqdan betər dünyada nə var;
Bu bahar axşamı səni bax, Nigar
Həzin-həzin yada salır, neyləyim?
Sənsiz
Bir son bahar da düşdü
ömrümün təqvimindən,
Nə sənə məhəbbətim,
nə həsrətim
azaldı.
Özüm də heç bilmirəm
niyə bir ömür boyu
Gözüm uzaq yollarda -
sənin yolunda qaldı.
Bir qocaman dağ olsan
səni vurub yıxardım.
Ürəyimdən ən incə
teli necə qopardım?
Dünyada gözəl də çox,
gözəl ürəklər də
çox.
Şirin-şirin arzular,
incə diləklər də
çox.
Bir sən oldun könlümün
yaxın dostu, həmdəmi.
Sən olmasan tutmazdı
bəlkə əlim qələmi.
Sən olmasan baharın,
yazın ətri olmazdı.
Sən olmasan bir dünya
sevinc belə çox
azdı.
Baharın çiçəkləri
açıb solmasın sənsiz.
Ömrüm sənsiz
olmasın,
şerim olmasın sənsiz.
Nigar Rəfibəyli
Ədəbiyyat qəzeti.- 2013.-
22 noyabr.- S.4.