Mirzə Saleh Təbrizi və
onun yeni əldə edilmiş divanı
Azərbaycan
dilini ictimai həyatın
bütün sahələrində yaymağa, dövlət dili
səviyyəsinə qaldırmağa çalışan Şah İsmayıl Xətaidən sonra da Səfəvilər
dövlətində türk dili ən yüksək dairələrdə öz nüfuzunu kifayət
qədər saxlamışdı. Doğrudur,
ardı-arası kəsilməyən Osmanlı-Səfəvi hərbi
toqquşmaları nəticəsində Azərbaycan XVII əsrdə
Səfəvilər dövlətinin siyasi-iqtisadi
mərkəzi rolunu itirmiş,
paytaxt Şah Təhmasibin
(1524-1576) dövründə Təbrizdən Qəzvinə, I Şah Abbasın (1587-1629) dövründə
isə Qəzvindən tiranın daxilində
yerləşən İsfahana köçürülmüşdü. Buna baxmayaraq, Azərbaycan
türkcəsi Təbrizdə və Qəzvində olduğu kimi, İsfahanda da sarayın və
qoşunun işlək dili
olaraq qalırdı. 1684-1685-ci illərdə
İranda olmuş alman səyyahı Engelbert
Kempfer Azərbaycan türkcəsinin Səfəvilər
sarayında rəsmi dil olması
haqqında məlumat vermişdir. Görkəmli Azərbaycan alimi Turxan Gəncəyi Avropa səyyahları
-Petra della Valle, Adam Oleari,
Şevalye Jan Şardən,
Şanson və Rafael dü Manın əsərlərini, Şah Səfinin (1629-1642) Avstriya-Macarıstan imperatoru II Ferdinanda və Şah Sultan Hüseynin (1696-1722) Saksoniya
hersoqu və Polşa
kralı Avqusta məktubunu nümunə gətirərək
Azərbaycan türkcəsinin İsfahandakı Səfəvi
sarayında yüksək mövqeyə malik
olduğunu göstərir. Alim
1636-cı ilin noyabrından 1638-ci ilin fevralına qədər İranda
yaşamış alman səfiri Adam Olearinin belə bir məlumatından sitat
gətirir: “Türk dili
İsfahanda o qədər
əhəmiyyətə malikdir ki, orada çox
nadir hallarda farsca bir söz
eşidirsən”.
1648-ci
ildə İsveç səfirinin
başçılıq etdiyi İrana gələn heyətin katibi
və həkimi olan alman
Engelbert Kempferin
yazdıqları isə həmin dövrdə sarayda
yuxarı təbəqənin nümayəndələri
arasında fars dilinin üstünlük təşkil etməsi barədə
fikirləri tamamilə alt-üst edir: “Sarayda işlənən
türk dili daha çox hakim sülalənin ana dilidir, nəinki sadə camaatın, bu dil saray
vasitəsilə əyan-əşraf ailələrində elə
geniş yayılmışdır ki, indi imtiyazlı təbəqədən
olan hər hansı şəxsin onu bilməməsi utanc gətirən
bir haldır”. XVII əsrdə Səfəvilər
dövründə ən yüksək vəzifələrə
sahib olan, türkcə
şeirlər yazan şəxslərin
adlarının sadalanması dediklərimizi bir
daha təsdiqləyir. I Şah
Abbas və II Şah
Abbasın ana dilindəki şeirləri
artıq məlum faktdır. XVII əsrin əvvəlindən
sonuna qədər 95 il
ömür sürmüş,
Şah Süleymanın (1666-1694) hakimiyyəti
dövründə dövlətdə ikinci
şəxs - sədri-əzəm, baş
vəzir olmuş Vəhid Qəzvininin Berlin Dövlət Kitabxanasında saxlanan türkcə divanı tərəfimizdən
geniş ön
sözlə çap etdirilmişdir.
Farsca divanında ana dilində
şeirləri aşkar edilmiş
Müsahib Gəncəvi II Şah
Abbasın sarayında eşikağasıbaşı,
şahın nədimi-müsahibi, Qum şəhərinin
darğası, Gəncə-Qarabağ vilayətinin bəylərbəyi
olub. Ana dilində divan müəllifi,
“Zəfər” təxəllüslü Mürtəzaqulu xan Şamlu Şah Səfi və II Şah
Abbasın dövründə eşikağasıbaşı,
divanbəyi, qorçubaşı, Kerman
vilayəti valisi, Şeyx
Səfiəddin türbəsinin mütəvəllisi, Ərdəbil
vəziri olmuşdur. Türkcə kiçik həcmli divanının əlyazması
Tehran Universiteti
Kitabxanasında saxlanan Səfiqulu bəy Səfi
Məşhəd valisi, Herat
bəylərbəyi vəzifələrini icra
edib. Mürtəzaqulu Sultan
Şamlu Şah Süleyman taxta
çıxarkən (1666) qorçubaşı, sonralar Qumun hakimi təyin edilmişdir.
XVII əsrdə anadilli ədəbiyyatımızın
inkişafında müəyyən rol oynamış
iki şair - Mövci Əhəri və Mirzə Saleh Təbrizi yüksək rütbəli din xadimi - şeyxülislam
olmuşlar. Mirzə Salehin
bu yaxınlarda əldə etdiyimiz
farsca divanında onun
türkcə şeirləri də vardır. Qeyd
etmək istərdik ki, Mirzə Salehin divanının surətini Tehranın Məclis
kitabxanasında saxlanan əlyazmasından
çıxararaq bizə göndərən Almaniyada
yaşayan həmvətənimiz Məhəmmədəli
Hüseynidir.
Mirzə Saleh Təbrizi barədə bildiklərimiz çox azdır. Vəliqulu bəy ibn Davudqulu Şamlu
h. 1072-ci ildə (m.1661) bitirdiyi
“Qisəsül-xaqani” adlı təzkirəsində şair haqqında yazır: “Mirzə Saleh Təbrizin şeyxülislamıdır. O,
bəzən Füzuli təbiətlidir və Nəvai kəlamının
ardınca gedir.... Bu alimin doğulduğu yer Təbrizdir.... O, cənabın türkcə
və farsca şeirlərinin cənnətnişan
ölkəmizdə çox böyük şöhrəti var”.
Göründüyü kimi, Vəliqulu bəy
şairin Füzuli ədəbi məktəbinin
davamçısı olduğunu qeyd etmişdir.
Məhəmməd Tahir Nəsrabadi (1623-1711) 1672-1679-cu illərdə
yazdığı “Təzkireyi-Nəsrabadi” əsərində
Mirzə Saleh barədə yazır: “Təbriz
kübarlarındandır. O, yüksək insan,
səlahiyyətdar və yumşaq bir şəxsdir. Təbrizin
şeyxülislamı vəzifəsində elə bir yol götürmüşdür
ki, bir kimsənin ondan şikayəti yoxdur. Türk və fars nəzmində
təbi, qüdrəti olan bir
şairdir...”
“Səfineyi-Xoşgu”
və “Sühufi-İbrahim” təzkirələrinin
müəllifləri şair barədə
fərqli bir fikir
söyləməmişlər. Divanının surətini
Tehranın Məclis kitabxanasından əldə etdiyimiz XVII əsrin ikinci
yarısı -XVIII əsrin əvvəllərində
yaşamış təbrizli şair Şükrinin əsərlərini oxuduqda onun Mirzə Salehin farsca şeirlərinə
nəzirə yazdığını gördük.
Bundan başqa, məlum
oldu ki, Şükri qürbətdə yaşayarkən
Mirzə Salehlə məktublaşmışdır.
2008-ci ildə M.Hüseyni ilə birlikdə tərtib etdiyimiz “XVII əsr Azərbaycan lirikası”
antologiyasında Mirzə Saleh Təbrizinin
Məclis kitabxanasında saxlanan Azərbaycan
dilindəki bir neçə şerini nəşr etdirmişik.
Bu
yaxınlarda şairin Tehranın Məclis
kitabxanasında saxlanan divanının surətini
bütövlükdə əldə etmişik.
Şairin əsasən farsca
şeirlərinin toplandığı bu topluya onun türkcə əsərləri
də daxil edilmişdir.
102 səhifədən ibarət divanın 65-79-cu səhifələrində
onun Azərbaycan türkcəsində
36 şeri - qəzəl, qitə, nəzm
və təkbeytlər cəmi 149 beyt həcmində
toplanmışdır. Mirzə Salehin
buradakı anadilli şeirlərində ilkin diqqəti cəlb edən cəhətlərdən
biri onun Füzuli yaradıcılığından bəhrələnməsi,
dahi şairin təsiri
ilə əsərlər yazmasıdır.
M. S. Təbrizinin
divanına salınmış anadilli əsərlərindən
“Yeriməz salik olan
rahi-rizadən qeyri” misrası ilə başalanan 10 beytlik qəzəli
Füzulinin şerinə nəzirədir. Əsərində
Füzulinin “Qeyri” rədifli
üç qəzəlinin (“Yar qılmazsa mənə cövrü
cəfadən qeyri”, “Nə görər əhli-cəfa
məndə vəfadən qeyri”, “Hasilim yox səri-kuyində
bəladən qeyri” misraları ilə başlanan 7 beytlik qəzəllər)
qafiyə sözlərini təkrar etdiyinə əsasən deyə
bilərik ki, Mirzə Saleh
dahi şairin hər üç şeirini oxumuşdur. Füzulinin “Qeyri” rədifli 1-ci
və 2-ci qəzəlində “Xudadən” qafiyə sözü təkrar olunur.
1-ci qəzəlində o, sirri-qeybini Tanrıdan başqa
heç kimin bilmədiyindən
danışır. 2-ci qəzəldə isə şair deyir ki, yarını sevdiyinə görə
hamı ona əğyar oldu,
Xudadan başqa ona yar olası heç kimsə qalmadı. Mirzə Salehin nəzirəsində “Xudadən” qafiyə
sözü ilə iki
beyt vardır:
Əhli-məal nəvü
mehrü nəvü kini
nə ola,
Saymadım heç kimi mövcud Xudadən qeyri...
Qapı çox gəzdimü göz
yaşımı bica tökdüm,
Yox imiş dadə yetən
kimsə Xudadən qeyri.
Bu beytlər mənaca Füzulinin 2-ci qəzəlindəki beytə daha yaxın olsalar da, ondan müəyyən
qədər fərqli fikir ifadə edirlər.
Mirzə Saleh 1-ci beytində
“əhli-məal” (“məna əhli”) adlandırdığı
nasehlərin, zahidlərin məhəbbət və kinlərini
heçə saydığını, Xudadan
başqa heç kimi mövcud bilmədiyini
elan edir. 2-ci beytində
isə deyir ki, çox qapılar gəzib göz
yaşları tökdümsə də, Tanrıdan başqa dada yetən
olmadı. M. S. Təbrizi qəzəlin məqtə beytində
orijinal qafiyə kimi bir az dəyişdirərək
öz adından (və təxəllüsündən)
istifadə edir:
Salehi mən` edərlər meyü
məşuqindən,
Mənə heç kim sitəm etməz
Salehadən qeyri.
Yəni şairə meyi və eşqi qadağan edirlər. Lakin ona özündən başqa
heç kim nəyi isə
yasaq edə, əziyyət verə bilməz.
Maraqlıdır ki, Vəliqulu bəy Şamlunun
“Qisəsül-xaqani” təzkirəsində Mirzə Salehin misal gətirdiyi beyt onun əlimizdə olan şerində yoxdur:
Kimsə açmaz qapımı badi-səbadən qeyri,
Tanımaz kimsə məni
dərdü-bəladən qeyri.
Bu beyt Füzulinin eyni rədifli
3-cü qəzəlinin 5-ci beytinə daha
yaxındır:
Nə yanar
kimsə mənə atəşi-dildən özgə,
Nə açar
kimsə qapım badi-səbadən qeyri.
Göründüyü kimi, Füzulinin insan tənhalığını
yüksək bədii formada təsvir etdiyi misralarından birini
Mirzə Saleh demək olar
ki, təkrar etmişdir.
M.S.Təbrizinin haqqında danışdığımız qəzəlinə
düşməyən beytin mövcudluğu şairin
“Qeyri” rədifli digər qəzəlinin də
olması ehtimalını irəli sürməyə imkan verir.
Mirzə Salehin anadilli şeirlərində
nəzərə çarpan cəhətlərdən
biri də danışıq dilinin söz və ifadələrindən,
atalar sözü və
məsəllərdən istifadə etməsidir. Onun şerində “kərə” mənasında
işlənən “kərəz” sözü
dövrün ədəbi dilinin,
tarixi leksikasının öyrənilməsi
baxımından maraq doğurur:
Ola, yarəb, bir kərəz
yarım bəni yad eyləyə,
Afəti-qəm
görməsin hər kim bəni şad eyləyə.
Mirzə Salehin müasirləri - Sadiq
bəy Əfşar, Saib Təbrizi və Məczub
Təbrizinin də anadilli şeirlərində
rast gəlinən bu söz Cənubi Azərbaycanın Maku bölgəsində indi
də işlənməkdədir.
İnanırıq ki, Mirzə Saleh Təbrizinin
surətini yeni əldə etdiyimiz
divanı şairin XVII əsr ədəbiyyatımızdakı
mövqeyini müəyyənləşdirməyə
kömək edəcəkdir.
Mirzə Salehin bir neçə şeirini oxucuların diqqətinə
çatdırırıq.
Paşa Əlioğlu
AMEA-nın füzuli adına Əlyazmalar
İnstitutunun direktor əvəzi,
filologiya elmləri doktoru
Ədəbiyyat qəzeti.- 2013.- 22 noyabr.- S.5.