Şanlı nəsillərin yadigarı

  

Xalq şairi Nigar Rəfibəylinin 100 illiyinə həsr olunmuş kitab haqqında

    

«Nigar Rəfibəyli-100. Şanlı nəsillərin yadigarıyam». Çox nəfis tərtibatla çap olunan, 655 səhifəlik sanballı bir kitab. Bu kitabda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri - xalq şairi Nigar Rəfibəylinin həyatı, yaradıcılığı barədə məqalələr, xatirələr, şairənin öz yazılarından örnəklər, seçmə şeirlər toplanıb.

XX əsr Azərbaycanını böyük dövlət xadimləri, siyasi liderlər olmadan təsəvvür etmək mümkün deyil, amma XX əsr həm də dahi, görkəmli sənətkarlar əsridir. Sabirsiz, Mirzə Cəlilsiz, Cavidsiz, Haqverdiyevsiz, Çəmənzəminlisiz, Üzeyir Hacıbəyovsuz,Səməd Vurğunsuz, Rəsul Rzasız, Mehdi Hüseynsiz, Süleyman Rüstəmsiz, Mirzə İbrahimovsuz, Mir Cəlalsız, Qara Qarayevsiz, Fikrət Əmirovsuz, Səttar Bəhlulzadəsiz, Bəxtiyar Vahabzadəsiz, İsmayıl Şıxlısız, Tahir Salahovsuz, Bülbülsüzbu əsri necə təsəvvür etmək olar. Bu sırada Azərbaycanın görkəmli xanım ziyalıları - Nigar Rəfibəyli, Mirvarid Dilbazi də özünəməxsus yer tutur.

Nigar Rəfibəyli - 68 illik bir həyat, həm yaşadığı illərdə, həm də vəfatından sonra bu otuz iki illik dövrdə bir an belə unudulmayan Azərbaycan zərif, ziyalı xanımı.

Unutmaq üçün əsas yox. İlk növbədə, onun insan qəlbini həyəcana gətirən, ruhunu dilləndirən, kövrək, həzin, təbiətin özü qədər cazibədar şeirləri unutmağa qoymur.

 

Ala gözlüm, səndən ayrı gecələr,

Bir il kimi uzun olur, neyləyim?

Bağçamızda qızılgüllər hər səhər

Tezdən açır, vaxtsız solur, neyləyim?

 

Nərgizlərin gözü yaşla dolanda,

Bənövşələr baxıb qəmgin olanda,

Qərənfilin gözü yaşla dolanda,

Yasəmən saçını yolur, neyləyim?

 

Əsən ruzgarıın da yoxdur vəfası,

Düşmüşdür başına özgə sevdası,

Lalənin cırılıb qəmdən yaxası,

Saçları pərişan olur, neyləyim?

 

Çəkir çiçəklərin gözü intizar,

Ayrılıqdan betər dünyada var?

Bu bahar axşamı səni, bax, Nigar,

Həzin-həzin yada salır, neyləyim?

 

Bu, Nigar Rəfibəylinin ayrılıq haqqında oxuduğu ən həzin bir şeirdir. İllərdir ki, oxunur. XX əsrin ayrılıq vadisində ən çox çiçəklənən bir mahnısı.

Nigar xanımın insanı ruhən diri saxlayan elə şeirləri var ki, onların yazılış tarixi altmış ili, yetmiş ili keçib, amma hər dəfə səslənəndə elə bil bu gün doğulub, dünyaya gəlib, qənaətinə gəlirsən.

Nigar xanımı unutmağa qoymayan hər dəfə dünyaya gələn nəsillərdir. Sənətdə, cəmiyyətdə, insanlar aləmində yeni meyllər, tendensiyalar yaranır, amma keçmişin, ötən günlərin yaşarı ənənələri heç vaxt unudulmur. O, bugünkü gəncliyin sevimlisidir.

Görkəmli ədəbiyyatşünas Arif Əmrahoğlunun redaktorluğu şair-tədqiqatçı Sona Xəyalın tərtibi ilə nəşr olunan «Şanlı nəsillərin yadigarıyam» toplusu Nigar Rəfibəylini bir daha, bu dəfə tam, mükəmməl dolğun şəkildə onu unutmayanların ünvanına yetişdi.

 

Mən könül mülkünün tacidarıyam,

Xəyal dünyasının şah nigarıyam.

Vətən torpağında iftixar olan

Şanlı nəsillərin yadigarıyam.

 

Kitab Nigar xanımın bu misraları ilə başlayır ilk səhifəsindən sonuncuyadək həmin qayəni izləyir, «Xəyal dünyasının şah nigarı» gözlərimiz qarşısında mənalı bir ömür dastanının qəhrəmanı kimi canlanır.

Redaktorun tərtibçinin çox sadə, amma çox da zəhmətlə başa gələn işi təqdirəlayiqdir.

Birinci sırada ulu öndər Heydər Əliyevin qiymətli fikirləri ilə tanış oluruq: «Mən Gəncəyə gələndə gəncəlilər məni çox böyük həyəcanla qarşıladılar. Mən xoş əhval-ruhiyyə gördüm. Yolumuz Sərdar bağına düşdü. Çünki orada Gəncənin dəyərli insanlarından biri - Nigar xanım Rəfibəylinin abidəsinin açılış mərasimini keçirdik. Nigar xanım Rəfibəyli Gəncənin böyük Rəfibəylilər ailəsinin çox parlaq nümayəndəsidir. Gəncənin tarixi haqqında danışarkən Rəfibəylilərin xüsusi yerini mən qeyd edirəm. Bəli, Nigar xanım Azərbaycan xalqına sədaqətlə xidmət etmişdir. Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmişdir... O, öz həyat yoldaşı-Azərbaycanın böyük şairi Rəsul Rza ilə birlikdə Azərbaycan ədəbiyyatının yüksəlməsində xüsusi rol oynamışdır və məmnunam ki, onların övladı Azərbaycanın böyük yazıçısı Anar da öz əcdadlarının, anasının, atasının işini davam etdirir».

Topluda Nigar xanımın həyat yolu, yaradıcılığı, bir ana və Azərbaycan xanımı kimi keçdiyi yol-ömür salnaməsi bir çox yazılarda öz parlaq ifadəsini tapıb və bu yazılardan birincisi onun öz oğlu Anarın qələmə aldıqlarıdır. «Durna taleyi» yazısının tarixi bu günlərə təsadüf edir. Anar müəllim onu 2013-cü ilin may-iyun aylarında yazmışdır. Təbii ki, bu, Anarın Nigar xanım haqqında ilk yazısı deyil, amma ilk ümumiləşdirilmiş yazıdır. Bu yazıda Nigar xanıma böyük oğulluq məhəbbətinin işığında onun ən sanballı, ən dəqiq, ən mötəbər avtobioqrafiyası təqdim edilir. Nigar xanımın həyatı, xüsusilə gənclik illəri təqiblər, qorxular içində keçib, amma bu təqiblərə, qorxulara baxmayaraq Nigar xanım həyatdan əlini üzməyib, NKVD-nin daimi izləməsinə baxmayaraq o, içindəki qorxunu məhv edə bilmiş, böyük şairimiz Rəsul Rza ilə birlikdə xoşbəxt bir ailənin binövrəsini yaratmışdır.

Nigar xanım bahar aşiqi idi. Bahar isə insan qəlbini qocalmağa qoymur. Onun bütün poeziyası əslində bahar çiçəklərini xatırladır Anar müəllim yazır ki: «Nigar Rəfibəylinin «Bahar» adlı bir şeri var. Şeirdə «pəncərənin önündə aram-aram puçurlayıb yarpaq açan, üzərinə qar kimi çiçəklər tökülən bir ağac» təsvir olunur. Rəssam bu yaşıllaşan ağacın yarpaqlarını fırçasıyla kətana köçürür. fəsillər dəyişir, «yaz gedir, yay ötüşür, budaqların üstünə qırov düşür», «quşlar şux nəğmələrini» kəsir.

 

Dəyişir təbiətin

Rəngi, əhvalı,

Yalnız dəyişmədi

Rəssamın bahara vurğun xəyalı.

O, baharı yaradırdı,

Qəlbində bahar vardı.

 

Təbiətin və dolaşıq ictimai həyatın dəyişən fəsillərində -təhlükəli qış şaxtalarında da, aldadıcı yaz ruzgarlarında da, qızmar yayın atəşində də, payızın hüznlü yarpaq tökümündə də Nigar Rəfibəyli daima qəlbində baharla yaşadı və qəlbində baharı yaşatdı…»

Nigar Rəfibəyli haqqında söhbət onun mənsub olduğu nəsil söhbətindən başlanır və bu mənada Rəşid Rəfibəylinin (Nigar xanımın qardaşı) xatirəsi maraqlıdır, bir ailənin başına gətirilən müsibətləri açıqlayır. Amma Nigar xanımın ailəsinin sevimliləri - qızı Fidan xanımın, gəlini Zemfira xanımın və nəvələrinin (Turalın, Ayselin, Günelin) ürək sözləri sanki işıqlardan yaranan gur işıqlardır. Elə işıqlar ki, onların qəlbində həmişə yaşayacaq.

Nigar Rəfibəyli XX əsr Azərbaycan ədəbiyyatında öz yeri, mövqeyi olan xanım yazar idi. Qətiyyətlə demək olar ki, o, ədəbiyyatımızın inkişafında xüsusi xidmətləri olan kişilərdən heç də geridə qalmayıb. Hətta ailə qayğıları onu sıxanda daOnun yaradıcılığı ilə bağlı yazılan məqalələrdə də (Əli Nazim, Mikayıl Rzaquluzadə, Mirvarid Dilbazi, İlyas Əfəndiyev, Abbas Zamanov, Balaş Azəroğlu, Gülhüseyn Hüseynoğlu, Nəbi Xəzri, Əzizə Cəfərzadə, Qəzənfər Paşayev, Qulamrza Səbri Təbrizi, Qabil, Əliağa Kürçaylı, Bəkir Nəbiyev, Gülrux Əlibəyova, Xəlil Rza, Nəriman Həsənzadə, Tofiq Hacıyev, İsa İsmayılzadə, Sabir Rüstəmxanlı, Yavuz Akpınar, İsa Kayacan, Ayişə Balkan,Rafael Hüseynov, Afaq Məsud, Arif Əmrahoğlu, Vaqif Səmədoğlu, Tofiq Abdin, Südabə Ağabalayeva, flora Xəlilzadə, Safura Quliyeva,Ədalət Əsgəroğlu, Pərvin (bu siyahını uzatmaq da olar) ilk növbədə Nigar xanımın şair obrazı canlandırılır. Əli Nazim onu «Şair qız» adlandırır (30-cu illərdə) və get-gedə bu «şair qız» məmləkətin ən qüdrətli şairlərindən biri kimi təqdir olunur: «Nigar xanım sevmək, sevilmək üçün yaranmış incə xəyallı, coşqun ürəkli, romantik təbiətli şairə idi» (M.Dilbazi), «Nigar xanımın həyatının yarım əsrini həsr etdiyi, sevə-sevə yazıb yaratdığı və sevilə-sevilə oxunan şeirlərini bir küll halında nəzərdən keçirdikdə görürsən ki, vətən torpağının gözəlliyi… ən başlıcası, insanlar, onların taleyi, mənəvi aləmi bu kövrək qəlbli şairənin hissini, şüurunu necə də ehtizaza gətirib şerə çevrilmişdir» (Balaş Azəroğlu). «Siz bizim görkəmli şairlərimizdənsiniz. Sizin böyük həyat təcrübəniz və mənalı poeziya yolunuz var. Bu, həqiqi şairin keçdiyi ləyaqətli bir yoldur» (Nəbi Xəzri). «Nigar xanım bir incə qəlbli lirik şair olaraq öz dinləyicisini də dənizin ənginliklərinə, onun cazibəsindən zövq almağa səsləyir» (Əzizə Cəfərzadə). «Nigarın şeirləri hər cür cansız qaydalardan uzaq bir üslubda yazılmışdır» (Gülrux Əlibəyli). «Nigar xanımın əsərlərini mütaliə etdikcə insan daxilən zənginləşir: onda həyat, dünya, zaman haqqında ilginc fikirlər ortaya çıxır. Bu, o deməkdir ki, Nigar xanımın şeirləri dərin düşüncəyə sahib, həyatın, dünyanın mahiyyətini dərk edən və bu dərketmənin ağrılarını yaşayan bir insanın düşüncələridir» (Qulam Rza Təbrizi). «Onun «Mətbəx şeirləri»ndə ağrı, acı, göynərti... də var, zərif etiraz, üsyankarlıq, narazılıq… da var, səmimi və səmimi olduğu üçün riskli etiraf da var. Nigar xanım şair idi, bir evin xanımı idi, ömür-gün yoldaşı və ana idi. Otaqların birində onu kağız-qələm, mətbəxdə isə qab-qacaq gözləyirdi» (Arif Əmrahoğlu).

Topluda Nigar Rəfibəyliyə həsr olunan çoxlu şeirlər də diqqəti cəlb edir. İlk şeir ömür-gün yoldaşı Rəsul Rzanındır:

 

Mən bayquş olub

sevmədim səni fəryad kimi.

Sevdim səni həyatı sevən kimi..

Sevdim səni:

tarlada sıx sünbül kimi,

düşmən nizələrini yaran,

qanlı cəbhələrdən yaralı dostunu çıxaran

vəfalı bir atı sevən kimi.

Sevdim səni həyat kimi..

 

Əlbəttə, çox zəngin, hətta ensiklopedik səviyyədə olan bir kitab haqqında çox danışmaq olar.

Bu sətirlərin müəllifi Nigar xanımın 80 illiyi münasibətilə 1993-cü ildə «Həzin xəyal» adlı bir məqalə yazmışdı (məqalə «Azərbaycan» jurnalında, həmin ildə dərc edilib)... Amma çox təəssüf ki, tərtibçinin huşsuzluğu üzündən həmin yazı bu topluya düşməyibdir. Ona görə həmin yazıdan bir abzasla sözümü bitirmək istəyirəm: «Nigar Rəfibəyli «Nizami ünvanlı, Füzuli imzalı» millətinin şairi idi. O, mənsub olduğu xalqın böyük dahilərindən tutmuş kiçik yarpağını da hərarətlə sevirdi. Bəlkə bu sevgi idi həyatındakı bütün nisgilləri, ağrı-acıları, mənəvi repressiyaları ona unutduran. Onun poeziyasında Azərbaycan torpağının, Azərbaycan təbiətinin səsləri, rəngləri, fəsillərinin ətri əks olunurdu. Ölümündən on il əvvəl Nigar xanım şeirlərinin birində yazmışdı:

 

Bir ömrü yüz ömrə calasan belə,

İnsanlara borcum qurtarmaz mənim.

 

Amma Nigar xanım öz borcunu ləyaqətlə ödədi: şair kimi, vətəndaş kimi, ana kimi». indi onun həzin xəyalı şeirlərində, oxucuların yaddaşında yaşayır

 

Vaqif Yusifli

 

 Ədəbiyyat qəzeti.- 2013.- 22 noyabr.- S.4.