Üçüncü minilliyin şairi

 

Hüseyn Cavid əsərlərinin İstanbul nəşri (2013) haqqında düşüncələr

    

Mənsub olduğu xalqın tarixi taleyində mühüm rol oynayan sənətkarların tez-tez xatırlanması, gündəmə gətirilməsi və vaxtaşırı tədqiq edilməsi gələcəyə doğru yönələn baxışlar sisteminin formalaşmasında mühüm rol oynayır. Belə sənətkarların ədəbi irsinə qayıdış daha çox yubiley, xatirə və onun əsərlərinin nəşri formasında həyata keçirilir. Hər hansı bir gökəmli sənətkarın əsərlərinin istənilən növbəti nəşri həmin sənətkarın yenidən doğuluşu deməkdir. Rus poeziyasının günəşi hesab edilən A.S. Puşkinin əsərləri təxminən min dəfə çap edilib. Deməli, Puşkin ruslar üçün min dəfə yenidən doğulub. Təəssüf ki, bunu bizim sənətkarlar haqqında demək çox çətindir. Elə Hüseyn Cavidinçap olunmuş əsərlərinin sayı barmaqla sayıla bilər. Bu mənada diqqət yetirsək, repressiyadan sonra o, öz əsərləri ilə bir neçə dəfə yenidən doğulub.

H. Cavidin ilk yenidən doğuluşu 1956-cı ilə aiddir. O zaman antisovetizm ittihamı ilə məhkum edilən H. Cavid bəraət aldı, 20 illik qadağa gecolsa, onun üzərindən götürüldü, yasaq edilmiş əsərləri yenidəni çap edildi. Amma həmin illərdə şair-dramaturqun bütün şeirlərinin və dram əsərlərinin tam nəşri mümkün olmadı.

H. Cavidin ikinci dəfə yenidən doğuluşu 1982-ci ildə baş verdi. Həm də bu, qeyri-adi bir doğuluş idi. O zaman respublikamıza rəhbərlik edən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə H. Cavidin nəşi Uzaq Sibirdən Azərbaycana - Bakıya, oradan da Naxçıvana gətirildi. Onun vətənə qayıdışı ilə çoxcildlik əsərlərinin çapının başlanması da üst-üstə düşdü. Bu nəşr artıq öz mükəmməlliyinə görə, sözün həqiqi mənasında, ondan əvvəl işıq üzü görmüş həm bircildliyi, həm də üçcildliyi arxada qoydu. Bu nəşrdə sənətkarın indiyədək cildlərinə daxil edilməyən «Peyğəmbər» kimi əsəri də yer aldı.

2004-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən Hüseyn Cavidin əsərləri latın əlifbası ilə çox böyük tirajla çap olundubu da görkəmli sənətkarın yenidən doğuluşuna parlaq bir nümunə kimi yaddaşlarda qaldı.

2013-cü ildə İstanbulda nəşr olunan «Hüseyn Cavid. Eserləri» kitabı H.Cavidin yenidən doğuluşuna daha bir nümunədir. Mədəniyyət tariximizdə elə nəşrlər var ki, onlar nadir çaplar silsiləsinə daxildir. Nümunə üçün «Kitabi-Dədə Qorqud»un DrezdenVatikan nüsxələrini, «Molla Nəsrəddin» və «Füyuzat» jurnallarını, M.Ə.Sabirin «Hophopnamə» kitabını göstərmək olar. Düşünürəm ki, Hüseyn Cavidin əsərlərinin İstanbul nəşrini də bu sıraya daxil etmək mümkündüronu sadəcə Hüseyn Cavidin İstanbul nəşri də adlandırmaq olar.

Bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Hüseyn Cavid ədəbiyyat və mədəniyyət tariximizin elə bir korifeyidir ki, onun haqqında rəsmi səviyyədə bir neçə qərar və sərəncam imzalanmışdır. Ümummilli lider Heydər Əliyev tərəfindən 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi və 2002-ci ildə 120 illiyi, prezident İlham Əliyev tərəfindən 2007-ci ildə Hüseyn Cavidin anadan olmasının 125 illiyi və 2012-ci ildə 130 illiyi haqqında sərəncamlar, eyni zamanda 1992-ci ildə Naxçıvanda olarkən Heydər Əliyevin Hüseyn Cavidin anadan olmasının 110 illiyinin keçirilməsinin təşəbbüskarı kimi çıxış etməsi və orada böyük nitq söyləməsi dövlətçilik və mədəni irs probleminə tam aydınlıq gətirir. Bu mənada Hüseyn Cavid əsərlərinin İstanbul nəşrinin Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü ilə çap edilməsi dövlətçilik və mədəni irs probleminə diqqət göstərmək ənənəsinin davamı kimi başa düşülməlidir. Əli Həsənovun orta məktəb illərində müəllimi olduğum üçün bu gün fəxarətlə qeyd etmək istəyirəm ki, aydın və səlis nitq, çevik təfəkkür, dəqiq və məntiqli təhlil - bütün bunlar Əli Həsənovu səciyyələndirən əsas xüsusiyyətlərdir.

İndi məni belə bir sual düşündürür:görəsən, İstanbul nəşrindən Hüseyn Cavid necə görünür? Əvvəlcədən onu qeyd edim ki, H.Cavidin əsərlərindən ilk növbədə İstanbul özü görünür. Təsadüfi deyildir ki, H.Cavidin sənət dünyasının beşiyi İstanbul şəhəri hesab olunur. H.Cavid orada təhsil almış, Rza Tofiq məktəbinin dinləyicisi olmuş və dünyanı duymaq fəlsəfəsinə məhz orada yiyələnmişdir. Həmçinin belə bir həqiqət var ki, təhsillə alınan düşüncə sistemi məqalə və kitabları oxumaqla qazanılan düşüncə sisteminə heç vaxt bərabər tutula bilməz. Hüseyn Cavid ayrı-ayrı şəxslərə deyil, ideyalara bağlı sənətkardır. Ona görə də görkəmli sənətkarın əsərlərinin İstanbul nəşrinin bir mühüm simvolik mənası var: Hüseyn Cavidin İstanbuldaoradan Azərbaycana qayıtdıqdan sonra qələmə aldığı bütün əsərlərinə İstanbul havası hakimdir.

Hüseyn Cavid yaradıcılığında İstanbul əxlaqlı şəhərdir - əsl Şərq şəhəridir. «Uçurum» pyesində Cəlalın Avropaya - Parisə səyahəti antiəxlaqi bir duyum tərzi yaradır. Göyərçinin məsum bir taleyi oxucuda Cəlala və Cəlalı yolundan sapdıran Avropa mühitinə qarşı dərin nifrət oyadır. Əgər belə bir məqamda Nobel mükafatı laureatı Orxan Pamuku xatırlasam, qəti demək olar ki, Orxan Pamukla müqayisədə Hüseyn Cavidin İstanbulu daha pak, daha gözəl və daha təmizdir. Yeri gəlmişkən bildirim ki, Hüseyn Cavid əsərlərinin İstanbul nəşrinin layihəsinə başçılıq edən «Kaspi» elm, təhsil və mədəniyyət mərkəzinin rəhbəri Sona xanım Vəliyevanın şeirlərinə də məhz bu cür paklıq, gözəllik və təmizlik hakimdir. Həmin şeirlərə yazılan musiqinin ahəngini təyin edən də elə bu xüsusiyyətlərdir.

Hüseyn Cavidin əsərlərindən İstanbul açıq-aydın göründüyü kimi İstanbul türkcəsi də açıq-aydın eşidilir. H.Cavidin özünün İstanbul türkcəsi adlandırdığı bu dil anlaşıqlı olmaq baxımından osmanlıcadan xeyli dərəcədə fərqlənir. Amma buna baxmayaraq, Füzulini oxuyub tam başa düşə bilmədiyimiz kimi, Cavidioxuyub gileylənənlər vardır. Əslində Füzuli o zamankı ədəbi dili nə qədər sadələşdiribsə, Cavidin də işlətdiyi İstanbul türkcəsi osmanlıcadan bir o qədər sadə və anlaşıqlıdır.

İstanbul türkcəsi ilə bağlı bir məsələni xatırlatmaq yerinə düşər. 1913-cü ildə Hüseyn Cavidin «Şəlalə» jurnalında çap olunanİstanbul nəşrinə də daxil edilən «Sevinmə, gülmə, quzum» şerinə «Şəlalə» jurnalının redaktoru əl gəzdirmişdir. Bundan narazı qalan şair «İqbal» qəzetində «Bir-iki söz» adlı məqalə ilə çıxış etmişçox ehtiyatla yazmışdır ki, redaktor «dördüncü misraya bir (mərhəmət takınmış), yeddinciyə də bir takım (altun, gümüş, ləl) hədiyyə etmişdir». Müəllif öz izahını bir az da dərinləşdirmək üçün qeyd edir ki, bunun səbəbi «düşünüş» felinin İstanbul türkcəsinə uyğun gəlməməsidir. Deməli, H.Cavid İstanbul türkcəsini çox gözəl bilirmişonun nəzərincə, İstanbul türkcəsi şairin əqidə və məsləkinə uyğun gələn əsl romantizm dilidir. Daha geniş anlamda isə bu dil H.Cavid üçün ortaq türk dilidir. Hüseyn Cavid əsərlərinin İstanbul nəşrini hazırlayan tədqiqatçı alim Azər Turanın romantik sənətkarın dilinə çox diqqət və ehtiyatla yanaşmaşı da məhz bu məsələlərdən qaynaqlanır. Əgər nəşrin hazırlanmasına dəyər vermiş olsaq, qeyd etməliyik ki, Azər Turanın bundan əvvəl heç bir tədqiqatı olmasaydı və bundan sonra da heç bir araşdırması üzə çıxmasa, o, bu nəşr vasitəsilə ədəbiyyat və mədəniyyət aləmində qalacaqdır.

Hüseyn Cavid əsərlərinin İstanbul nəşrindən baxdıqda yalnız İstanbul özü deyil, həmçinin bütün Türkiyə görünür. XIX əsrin sonlarında Məhəmməd ağa Şahtaxtlı «Türkiyəni necə xilas etməli» kitabını yazmış və XX əsrin əvvəlləri boyunca bu məsələ həm ictimai-siyasi həyatı, həm də ədəbiyyat və mədəniyyət xadimlərini daim düşündürən məsələ olmuşdur. Yaxşı diqqət yetirilsə, romantik sənətkarın «İblis» faciəsinin dünya müharibəsi, ümumiyyətlə, müharibələr əleyhinə yazılması həqiqətinin arxasında Türkiyəni xilas etmək idealı da dayanırdı. «İblis» faciəsində iştirak edən zabitlər kimlərdir? Türk, ərəb və rus zabitləri. Düşünürəm ki, bugünkü geosiyasi vəziyyət onlardan heç də fərqlənmir. Deməli, «İblis»dən nəinki Türkiyə, hətta Türkiyənin gələcəyi də aydın görünür.

Hüseyn Cavidin əsərlərinə həm Türkiyədən, həm də Azərbaycandan baxanda qarşımızda ucsuz-bucaqsız dünya - Şərq və Qərb, Şimal və Cənub, bütövlükdə Avroasiya canlanır. Onun pyeslərindəki hadisələrin zamanına gəldikdə isə, demək olar ki, həmin əsərlərdə tarixin həlledici olan bütün dövrlərini tapmaq olar. «Səyavuş»da İranTuran zamanı, «Peyğəmbər»də və «Xəyyam»da birinci minilliyin ortaları və sonları, «Topal Teymur»da və «Knyaz»da ikinci minilliyin ortaları və sonları tam aydınlığı ilə görünür. Bu qədər məkan və zaman genişliyinin bir düşüncəyə, bir təfəkkürə sığışması Hüseyn Cavidin qeyri-adi romantik təxəyyülünün möcüzəsidir.

Hüseyn Cavid yaradıcılığından həm də gələcək görünür. Şübhə yoxdur ki, hər hansı bir sənətkarın yaddaşda qalmasının ilkin şərti öz dövründə tanınması və məşhurlaşmasıdır. Əgər belə olmasa o, sonradan yaddaşlara köçə bilməz. Hüseyn Cavid öz zamanında tanınmış bir sənətkar idi. Ötən əsrin 20-ci illərində yaradılan «Hüseyn Cavid axşamları»nda onun əsərlərinin müzakirəsi, pyeslərinin ayrı-ayrı adamlar tərəfindən tam şəkildə əzbər söylənməsi, eyni zamanda həmin dövrdə dram teatrının bütün mövsümlərinin Hüseyn Cavidin əsərləri ilə açılması bu həqiqəti təsdiq edir.

İkincisi, hər hansı bir sənətkarın ədəbiyyat tarixinə düşməsi üçün ən azı onun yüz il ədəbiyyat aləmində qalması vacibdir. Sadəcə nəzər yetirilsə, aydın olar ki, Hüseyn Cavidin 1913-cü ildə nəşr olunan «Keçmiş günlərdən» kitabı ilə indi işıq üzü görən əsərlərinin İstanbul çapı arasında düz yüz illik məsafə var. Deməli, Hüseyn Cavid azman bir sənətkar kimi ədəbiyyat tariximizin əbədi bir şəxsiyyəti, əbədi bir simasıdır.

Düşünürəm ki, ədəbiyyat tarixlərinə düşmək də azdır. Gərək dahi sənətkarlar xalqın yaddaşına həkk olunsunlar. Qlobal mövzular, qlobal problemlər, qlobal məkan-zaman dəyişmələri və qeyri-adi sənət möcüzəsi - bütün bunlar Hüseyn Cavidin xalqın yaddaşına həkk olunmasının əsas səbəbləridir.

Ədəbiyyat tarixi həmişə bizim fəxr yerimizdironun heç bir nümayəndəsindən imtina etmək fikrində deyilik. Amma elə ədəbi şəxsiyyətlər vardır ki, onlarla gələcəyə doğru gedə bilmərik. Yeni minillikdə bizimlə bərabər addımlayacaq sənətkarlar sırasında, şübhəsiz, Hüseyn Cavid vardır. Hüseyn Cavid üçüncü minilliyin sənətkarıdır.

 

Kamran ƏLİYEV

professor

 

Ədəbiyyat qəzeti.- 2013.- 22 noyabr.- S.3.