Yüz ildən sonrakı qayıdış
"Hər
yazıçı yenidən çap olunursa, o yenidən doğulur. Doğulursa, deməli,
xalqa, cəmiyyətə, insanlara
yenidən qayıdır. Dahi şair və şəxsiyyət olan Hüseyn Cavid də qardaş
Türkiyədə, özü də ilk dəfə nəşr olunan
seçilmiş əsərləri ilə
yenidən doğuldu. Hüseyn
Cavid Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının banisi kimi tanınır. O,
mənzum romantik dramaturgiyanın əsasını
qoymaqla ədəbiyyatımızda yeni bir istiqamət
açdı, Azərbaycan şerini bir çox janrlarla zənginləşdirdi, eyni zamanda fəlsəfi
dramaturgiyamızın banisi oldu. Bir mütəfəkkir
cəmiyyətin fəlsəfəsini yaratdı. Cavid Azərbaycan ədəbiyyatına ümumtürk məfkurəsi gətirən böyük sənətkarlardan biri kimi həmişə
hörmətlə anılıb. O, Avropa romantizm ənənələrini Türkiyədən
əxz etmişdi, türkçü
olduğuna görə sovetlər dönəminin
qurbanına çevrilmişdi".
Bu
deyilənləri Prezident Administrasiyası
ictimai-siyasi məsələlər
şöbəsinin müdiri, professor Əli Həsənovun təşəbbüsü
və "Kaspi" qəzeti - Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında
İstanbulda nəşr olunan
"Hüseyn Cavid.
Əsərləri" (ilk Türkiyə
nəşri - 2003) kitabının AMEA-da
keçirilən təqdimat
mərasimində Akademiyanın vitse-prezidenti,
Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli
səsləndirdi. Qeyd etdi
ki, bu kitabla
cavidşünaslıqda yeni mərhələnin
başlanacağı şəksizdir. Kitabı nəşrə
hazırlayan tanınmış ədəbiyyatşünas Azər
Turan ortaq türkcəyə
yaxın bir yol tutub. "Cavidin əsərlərini
ortaq türkcədə səsləndirməyi
bacarıb. Orijinalın ruhu, səs, vurğu sistemi tamamilə qorunub saxlanıb. Azər Turan
bu nəşrdə Cavid
ucalığının tamamilə əhatə olunmasına nail ola bilib,
ən münasib, ən vacib
sözləri tapıb, elə bil
çevirməyib, səsləndirib, orijinalı qoruyub. Təqdim
edə bilib ki, "Azər" Cavidi 37-yə aparan ideoloji yoldu. O cəmiyyətin fəlsəfi
və tənqidi dərsi "Azər"dən
keçir. Bu nəşr
mükəmməlliyi, tamı, varlığı,
mahiyyəti ilə Cavidi bütün baxım bucaqlarından ifadə edir, Cavidi əyani, elmi təqdim etmək üçün yaxşı nümunə və örnəkdir. Cavidə əsl siyasi bəraəti ulu öndər Heydər Əliyev verdi; misilsiz
bir şücaətlə
cənazəsini doğulduğu
torpağa gətirdə
bildi, məqbərəsinin
ucaldılmasına nail oldu,
Cavidi yenidən həyata qaytardı. Cavid irsinə məhəbbət
ölkə başçısı
tərəfindən bu
gün də ləyaqətlə davam etdirilir. Cavidşünaslıqda yeni mərhələ
başlayıb. İndiyə
qədər Cavid irsini tədqiq edən Əkrəm Cəfər, Turan Cavid, Rəfael Hüseynov, Gülbəniz
Babaxanlı kimi alimlərin sırasında
Sona xanım Vəliyeva və Azər Turanın xüsusi yerini görmək çox xoşdu".
Filologiya
elmləri doktoru,
professor Kamran Əliyev
də H.Cavidin bütün zamanlar üçün yenidən
doğulan irsindən dərin sayğıyla söz açdı. Yeni nəşrin məziyyətlərini önə
çəkərək qeyd
etdi ki, Cavidin əsərlərinə
baxanda Türkiyəni
görürük, bir
az da
geniş anlamda yanaşsaq, oradan bütün dünya görünür. "Bu gün təqdim olunan yeni nəşr
böyük türkoloji
hadisədir, bu nəşrdən Hüseyn
Cavid olduğu kimi görünür.
Nəşrin əsas təşəbbüskarlarından
olan Sona xanım Vəliyeva da, kitabı nəşrə hazırlayan
Azər Turan da bu vacib
tərəfə xüsusi
diqqət yetiriblər.
Yeni nəşrdən baxanda aydın görürsən
ki, Hüseyn Cavid zəkasında bütün zamanlar bir araya gəlib.
Azər Turan yaxşı bir tədqiqatçıdı
və bu günə qədər heç nə etməyib, təkcə bu nəşri hazırlasaydı belə yenə ədəbiyyatşünaslıq
tariximizdə xüsusi
yeri olduğu etiraf olunacaqdı. Mən
professor Əli Həsənova
bu təşəbbüsü
üçün minnətdarlığımı
bildirirəm".
Hüseyn Cavidin
ev muzeyinin direktoru Gülbəniz Babaxanlı çıxışında
vurğuladı ki, vaxtilə Hüseyn Cavid İstanbuldan 27 yaşlı bir gənc kimi vətənə dönmüşdü,
bu gün isə ondan örnək olan fundamental bir nəşrlə Türkiyəyə qayıtdı.
Filologiya
üzrə fəlsəfə
doktoru Sona Vəliyeva Hüseyn Caviddən böyük irfan adamı kimi bəhs etdi. "O, milli məfkurəni, türkçülüyü
və Turan düşüncəsini inamla
irəli apardı. Bu yolda əziyyətlərə
qatlaşmağın, ömrü
fəda verməyin örnəyi oldu. Təsadüfi deyil ki, ulu öndər Cavidin sıradan bir şəxsiyyət olmadığını xüsusilə
vurğulayırdı. Dahi şəxsiyyət olan ümummilli lider Hüseyn Cavidə olan ehtiramını onun xatirəsi önündə gördüyü
böyük işlərlə
ifadə etdi, məqbərəsini ucaltdı.
Məqbərə yalnız öz
xalqının taleyində
və tarixində böyük şəxsiyyətlərə
ucaldılır. Ulu öndərdən
başlanan bu mənəvi yol cənab Prezident İlham Əliyevin Cavidin əsərlərinin
nəşri və yubileylərinin keçirilməsinə
diqqət göstərməsi
ilə davam etdi".
Cavidin
əsərlərinin İstanbul
nəşri ilə yenidən doğulduğunu
vurğulayan S.Vəliyeva
əsərin Türkiyədə
dövlət səviyyəsində
yayılmasının gərəkli
olduğunu da önə çəkdi.
Tədbirdə çıxış
edən millət vəkili Elmira Axundova, Azəri - Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Türkiyənin
Azərbaycandakı səfirliyinin
turizm və tanıtım müşaviri
Seyid Əhməd Arslan da öz
çıxışlarında yeni nəşrin əhəmiyyətindən, Türkiyə
- Azərbaycan ədəbi
əlaqələrinin tarixi
məqamlarından bəhs
etdilər.
Azərbaycan
Mətbuat Şurasının
sədri Əflatun Amaşov qeyd etdi ki, Hüseyn
Cavidin yaradıcılığı
insanlıq üçün
örnəkdir. Onu gənclərimizə
olduğu kimi təqdim etmək mənəvi borcumuzdur və yeni nəşr
də bu borc hissinin ortaya
qoyduğu abidələrdən
biri kimi dəyərlidir.
Kitabı nəşrə
hazırlayan ədəbiyyatşünas
alim Azər Turan dedi: "Mən çox xoşbəxt insanlardan biriyəm ki, Hüseyn Cavidin 1913-cü ildə çap olunan ilk kitabı - "Keçmiş günlər"in
nadir nüsxələrindən biri məndədi… Hesab edirəm ki, Hüseyn Cavidin əsərlərinin çox
gec də olsa Türkiyədə çap olunması tarixi bir ədalətsizliyə
son verəcək. Baxmayaraq ki,
o türk məfkurəsi
uğrunda canını
fəda etmiş bir mütəfəkkirdir,
ancaq onun yaradıcılığı indiyədək
Türkiyədə tədqiq
edilməyib. İnanıram ki, bu kitab
onun əzablı ruhunu sevindirəcək və yaradıcılığının
daha dolğun şəkildə öyrənilməsinə
vasitə olacaq. Belə bir mükəmməl nəşri hazırlamaq çoxdankı arzum idi. Bu arzunun
reallaşmasına dəstək
verən hər kəsə dərin minnətdarlığımı bildirirəm".
Sərvaz
Hüseynoğlu
Ədəbiyyat
qəzeti.- 2013.- 22 noyabr.- S.3.