Dörd yüz on altı

 

(Diviziyanın döyüş yollarından fraqmentlər)

 

Ukraynada

 

Ukrayna, Ukrayna!

Qırx birinci ildən bəri,

Dneprin göy suları

Ötür matəm nəğmələri.

Yadlar geniş çöllərini

Ayaqlayır,

Şevçenkonun şeirləri

Qan ağlayır.

Meşələrdə bülbüllərin

İndi ötür həzin-həzin.

Füzulinin nəvələri

Harayına gəlib sənin.

Gecə-gündüz meşədəyik,

Payızın gur yağışından

Çöllər, düzlər aşıb-daşır.

Diviziyamız

Qarşıdakı döyüşlərə hazırlaşır.

Kəşfiyyatçı dəstələri

İz axtarır

Dövrəsində hər xəndəyin, hər kahanın.

Kəsik-kəsik kötüklər

Dişlərini xatırladır

Yeddibaşlı əjdahanın.

Hər addımda ötən qanlı döyüşlərdən

Neçə izlər...

Səpələnib yola-kola

Dəbilqələr, boş gilizlər.

Hər cığırda

Bir vahimə, bir təhlükə.

Elə həmin bu meşədə

Canavarla qarşılaşıb

O qırmızıpapaq bəlkə?

Nələr, nələr pıçıldayır qulağıma

Bu cığırlar, dolay yollar.

Bəlkə... elə bu meşədə gizlənibdir,

Nənələrin danışdığı

Tükürpədən o nağıllar?..

Çəkmələrin dabanında əridərək

Günləri mən, ayları mən,

Keçib getdim

Coğrafiya kitabında

Adlarını oxuduğum

Neçə-neçə şəhərləri, çayları mən.

Kitablarda yazılanlar

Necə azmış, dayazmış...

Mərmilərin tüstüsündən

Göyün köksü damar-damar,

Qəlpələrin zədəsindən

Yerin köksü naxış-naxış,

Min kitabda yazılanı

Əvəz edə bilməz imiş bircə baxış.

Xəritədə, kitablarda

Adı belə çəkilməyən

Obalardan, aullardan, düzənlərdən

Keçirəm mən.

Saatlarla döyüş gedir,

Bu kəndlərin hər tinində, küçəsində.

Neçə qanlı xatirəm var

Bu kəndlərin neçəsində.

 

Yan-yana

 

Çox güclüdür hələ düşmən,

Bu kəndləri, şəhərləri

Asanlıqla vermir əldən.

Fevral ayı...

Sular aşır,

Sular daşır

Diviziyanın ön dəstəsi Dneprə

Yaxınlaşır.

Tanklarımız həmlə gəlir

Düşmənin ön cərgəsinə,

Katyuşalar

Matəm marşı qatıb bu gün öz dilinə -

Sıxışdırır almanları

Dneprin sağ sahilinə.

Döyüş gedir iki sahil arasında

Çay bölünüb iki yerə.

Çay sığışa bilmir daha -

Sağdan sola, soldan sağa

Mərmi atan sahillərə.

Dneprin göy suları

Al-əlvan, al-əlvan.

Sahil boyu hara baxsan,

Qızıl qan, qızıl qan.

Elə bil ki, göy sulara

Payızdan xal düşür,

Sahil boyu meyit axır

O yandan, bu yandan.

 

Enli çayın ortasında

Meyitlər görüşür...

Dalğaların qucağında

Dayana-dayana.

Üzüb gedir

Düşmən olan meyitlər

Yan-yana, yan-yana.

 

Bəxtiyar Vahabzadə

 

Ədəbiyyat qəzeti.- 2013.- 22 noyabr.- S.1.