İki "Leyli
və Məcnun"
Əsbabi-soxən nişatü nazəst,
Zin hər do soxən bəhanə sazəst.
Nizami
Olduqca mən götürmə
bəladən iradətim,
Mən istərəm bəlanı,
çü istər bəla məni.
Füzuli
Nizami
ilə Füzuli arasında 400 illik bir zaman
vardır. Buna baxmayaraq, yazmış
olduqları "Leyli-Məcnun" hekayəti hər iki
şairi bir-birinə yaxınlaşdırmışdır.
Eyni amil bu iki şairin adını Azərbaycanla
daha sıx bağlı etmişdir.
Müsəlman Şərqinin farsca yazdığı
dövrdə, Şirvanşahın arzusuna uyğun olaraq, Gəncəli
Nizaminin dühası sayəsində "Leyli-Məcnun"
hekayəti Ərəbistanın "qızğın
qumsallıqlarından" çıxarılmış,
klassik İran ədəbiyyatının
yayıldığı bütün abad yerlərə
aparılmışdır. Daha sonra türk
klassizminin çiçəkləndiyi dövrdə, ədəbi
Azəri mühitindən doğan böyük
türk şairi Füzulinin yaradıcılığı
ilə bu dastan,
başda azərilər olmaqla, ədəbiyyat maraqlısı
bütün türk arifləri arasında məşhur
olmuşdur. Çağdaş Azərbaycan
bəstəkarı Hacıbəyli Üzeyirin hümmətiylə
də 1908-ci ildə opera şəklinə salınmasıyla
bu hekayə Azərbaycanda geniş xalq təbəqəsi tərəfindən
daha da mənimsənilmişdir. Beləliklə,
bugünkü halıyla "Leyli-Məcnun" bir ərəb
hekayəti olmaqdan artıq bir Azərbaycan operası kimi
tanınmaqdadır.
Füzulinin adıyla
bütün türk ədəbiyyatına,
opera şəklinə salınmaqla da Azərbaycan musiqi və
teatr aləminə mənsub olan bu mövzunun farscası ilə
türkcəsi arasındakı münasibət, şübhəsiz,
türk və Azərbaycan ədəbiyyat və sənət
adamları kimi, bütün ziyalıları da
maraqlandırır.
Təsəvvürü təbii olan bu
marağı nəzərə alaraq hər iki əsərin qarşılaşdırılmasından
doğan bu araşdırmanı da "Azərbaycan şairi
Nizami" kitabına əlavə etməyi faydalı bildik.
Təzkirələrdən
bəzilərində Füzulinin
adı Nizami əsərlərinin mütərcimləri
arasında qeyd olunmaqdadır.
Avropa şərqşünaslarının yazdıqları əsərlərdə
də Füzulinin
"Leyli-Məcnun"u üçün
"İran şairi Nizami"nin məşhur əsərindən tərcümə
və ya iqtibas edilmişdir, - deyə yazılır.
Türkcə "Leyli-Məcnun"un
farscadan tərcümə olmadığı elə ilk
baxışdaca iki əsər arasındakı həcm fərqi
ilə gözə çarpır. Nizaminin əsəri
4.600 beyt olduğu halda, füzulininki ancaq 3.200 beytə qədərdir.
Bundan başqa, hər iki əsər hər nə
qədər eyni vəzndə və məsnəvi şəklində
yazılmış olsa
da, Füzuli həsb-hallara aid parçaları
qəzəl şəklində vermiş və bunları
ayrı-ayrı vəznlərdə yazmışdır; bir
neçə yerdə dördlük şəklini də
işlətmişdir.
Nizami üslubuna xas olan təmsillərlə
hekayə içində hekayələr şairin bu əsərində
daha bol ikən, Füzulinin təhkiyəsində bu kimi əlavələr yoxdur.
Sonra Nizamidə hekayəyə daxil
edilmiş bəzi şəxslər
də Füzulidə yoxdur. Məsələn, Nizami Məcnunun
dayısına hekayədə bir rol verir. Bunun
kimi, Bağdadlı Səlam adında bir ədəbiyyat
maraqlısını bir neçə dəfə Məcnunla
görüşdürür. Bu adam
"vurğun bədəvi"nin şeirlərini toplayıb,
ədəbiyyat maraqlıları arasında yayır.
Bu iki şəxsdən
Füzulidə bəhs
olunmur. Bunun
kimi, Məcnuna dostluq və köməklik edən vəfalı
Zeydin macərası da mənzumənin türkcəsində
farscasından çox qısa verilmişdir.
Zeyd İbni Səlamın vəfatı xəbərini
gətirdiyi zaman, Nizamiyə görə, Məcnuna
"düşmənin ömrünü sənə
bağışladı" - deyir. Məcnun
isə "Sənə - deyil, Leyliyə - deyəcəkdin"
- deyə Zeydin səhvini düzəldir. Lakin Zeyd "Məcnunla
Leylinin iki bədəndə bir can olduqlarını səndən
duymuşdum; bu halda, sənə bağışladı - deməklə,
Leyliyə bağışladı - demişəm" söyləməklə
Məcnun Zeydin özünü həqiqətən
tanıyır, gerçək bir dost olduğu qənaətinə
gəlir.
Füzulidə isə
eyni əhvalat bu yolla
cərəyan edir: Zeyd Məcnuna "Gözün aydın,
düşmənin öldü" - deyir. Məcnun isə:
Ol dostum idi, degildi düşmən,
Həm ol ana aşiq oldu, həm mən.
Ol canını verdi, vasil oldu,
Öz mərtəbəsində kamil oldu. -
deyə cavab verir.
Leylinin İbni Səlamla evləndirilməsi ilə əlaqədar
aşiqlə məşuq arasındakı tənələri
dahi şairlər ayrı-ayrı şəkillərdə qələmə
alırlar:
Nizamiyə görə, Leylinin ərə getdiyi xəbərini
alan Məcnun sevgilisinin vəfasızlığından
bəhs edən yanıqlı şeirlər
yazmışdır. Bu şeirləri Leyli
eşitmişdir. Atasının vəfatı
ilə əlaqədar Məcnuna başsağlığı məktubu
göndərən Leyli bu yolla özünün necə ərə
verildiyini Məcnuna anladır. Nikahlısı
olmaqla bərabər, İbni Səlama təslim olmayıb,
bütün səmimiliyi ilə Məcnuna bağlı
qaldığına inandırır.
Füzulidə isə
bu tamamilə başqa
şəkildədir; evlənmə hadisəsini eşidən Məcnun
Leyliyə bir məktub göndərir; bu məktubda aşiq əvvəlcə
sevgilisini vəfasızlıqda təqsirləndirərək:
Gül qönçəliyində xar iləndir,
Açılsa bir özgə yar iləndir.
Əslində dikən çəkər əzabın,
fəslində həkim alır
gülabın. -
dedikdən sonra, hər necə də
olsa, öz sədaqət və eşqini bu yolla təkrarlayır:
Peyvəndini qeyr ilə eşitdim,
Billah ki, bəsi təəccüb etdim.
Ey çeşməyi-abi-zindəgani,
Sən canım içindəsən
nihani.
Bir ləhzə gözümdən olmadın dur,
Vəslin necə oldu qeyrə məqdur?
Gər İbni Səlamə nuri-Leyli
Bir vəchilə eyləmiş təcəlli.
Leylidən olan xəyalı görmüş,
Öz vahiməsiylə eyş
sürmüş.
Leyli deməsin bina karındır,
Kim, ona xəyalı həmnişindir.
Məcnundan edərmi ol cüdalıq?
Qeyr ilə edərmi aşinalıq?!
Leyli isə bu məktuba verdiyi cavabda öncə
özünü müdafiə edir:
Mən gövhərəm, özgələr xiridar;
Məndə degil ixtiyari-bazar.
Dövran ki, məni məzada saldı -
Bilməm kim idi satan, kim aldı.
Olsaydı mənim bir ixtiyarım,
Olmaz idi səndən özgə yarım.
Gər töhmətə olmuşam giriftar,
İkrah ilə məndən olma bizar.
Bir dür degiləm ki, ola həkkak
Aldıqda təsərrüfündə çalak;
Gör İbni Səlamə dilfüruzəm,
Şəmi-şəbü afitabi-ruzəm.
Qanedir iraqdan almağa nur,
Mən andanü məndən ol ola
dur.
Axırda özünü qəfəsdə bir
bülbülə bənzədən Leyli məktubuna
bunları əlavə edir:
Bilməm bu qəfəsdə nola
halım,
Sındırdı bəla pər ilə
balım.
Bir vəhşi ilə gər etmişəm xu,
Müstəvcibi-sərzəniş degil
bu.
Vəhşilər imiş səninlə həmdəm,
Həmrəng olubam səninlə mən həm.
Ey aşiqi-müstəməndi-məhcur,
Tutqıl məni-müstəməndi məzur.
Səbr et neçə gün ola ki,
gərdun
Bu günləri eyləyə digərgun…
İlk hekayə arasında olayların gəlişməsiylə
hadisələrin necə olduğu haqqındakı rəvayətlərdə
də ayrılıqlar vardır:
Nizamidə Məcnun Nofəlin nəticəsiz
qalan əsgəri müdaxiləsindən sonra ancaq insanlardan
ümid kəsərək çöllərə
düşmüşdür. Füzulidə isə hələ Məkkədən dönən zaman Məcnun
atasından ayrılmış və çöllərə
düşmüşdür; Nofəl onu bu vəziyyətdə
tapmış, "qızı sənə alacağam" - deyə
məşhur macəraya atılmışdır.
Nizamidə Leylinin təşəbbüsü
ilə biri İbni Səlamın sağlığında, biri
də onun vəfatından sonra Leyli ilə Məcnun
arasında iki dəfə görüşmə səhnəsi
təsvir edilməkdədir. Halbuki
füzulidə Leyli Məcnun ilə yalnız bir dəfə
baş-başa qalmışdır.
Məcnunun atası ilə keçən
görüşmələri də iki şair tərəfindən
iki cür anladılmaqdadır:
İki rəvayəti bir-birindən
ayıran şəklə aid daha bir çox təfsilat da
vardır.
Füzuli
Məcnunun hələ
qundaqda bir körpə ikən aşiq
olduğunu göstərmişdir. Bu
ovunmadan ağlayan körpəni ovutmaq üçün dayəsi
qonşudakı gözəl qadına götürdərmiş,
uşaq da ancaq bu gözəlin qucağında
ovunarmış. Bu cəhət Nizamidə
yoxdur.
Məcnunun təbiət ünsürləri ilə olan təmas
və münasibətləri haqqında da iki şairin hekayələrində
bəzi ayrılıqlar vardır:
Füzulidə
dağ və irmaqla həsb-hal edən Məcnun Nizamidə
ağacla danışır. Nizamidə
qarğa ilə həsb-hal edən aşiq füzulidə
göyərçinə dərdini deyir. Bu qəbildən
az önəmli daha bir sıra fərqlər
var…
Məcnun surətini təsvir edərkən
Nizamidəki bəzi təfərrüatın Füzuli
tərəfindən atılması
və onda olmayan bir sıra cəhətlərin,
əksinə, artırılması, şübhəsiz, gəlişi
gözəl bir əməliyyat əsəri deyildir. İrəlidə görəcəyimiz kimi,
bütün bunlar dərin düşünülmüş bir
tablonun əsl göstərmək istədiyi ana fikri tamamlamaq və
bildirmək üçün bir sənətkar
fırçasının şüurla vurduğu və ya
sildiyi boyalardır.
Nizaminin Məcnunu ərəb qəbilələrindən
Amirilər şeyxinin oğludur. Şəxsinin
coğrafi bir müəyyənliyi vardır. Bağdadlı ədib Səlamın Məcnunla təmasını
qeyd etməklə də şair bu müəyyənliyi
bildirmiş olur. Leyliyə aid bəzi təfərrüatı
anladarkən də Nizami yerli ərəb adət və
üsullarıyla hesablaşır. Onun surətlərində,
əvvəlcə də qeyd etdiyimiz kimi, zaman və məkan
damğaları vardır.
Füzulinin
Məcnunu isə bu kimi qeydlərdən azaddır. O, Amiri
şeyxinin deyil, bir ərəb əmirinin oğludur. Buradakı ərəblik qeydi belə, bəlkə də,
əfsanənin mənhəyinə hörmət
üçün edilmişdir. Hər hansı bir cinsdən
həqiqi bir adam, Füzuliyə
görə, həqiqi
aşiq - yəni Məcnun ola bilərdi. Necə ki, Füzulidə
sırf bir ərəb qəbiləsinə aid olaraq təsvir
olunan macərada rol alan Nofəlin "Rumlu
bir igid" olması ilə ordusunun da bir "türk
ordusu" olduğuna işarələr vardır. Bu surətlə hekayənin müəyyən bir
reallıq deyil, mücərrəd bir xəyal məhsulu
olduğu rəmzləndirilmiş olur.
Daha "Məcnun" deyə aləmə rüsva bir
aşiq deyil, qundaqda, məsum bir körpə ikən Qeysi
hüsnə vurğun göstərərək:
Eşq idi ki, oldu hüsnə mail,
Hüsnü nə bilirdi tifli-qafil.
- deyən "Leyli-Məcnun"dakı Füzuli
bundan əvvəl qəzəllərinin birində:
Vadiyi-eşqdə sevda ilə
sərgəştə idim,
Gəlmədən gərdişə bu
künbədi-dəvvar hənuz. -
deyən şairin
özüdür.
Eşqin qədimliyinə qane olan sənətkar
qəhrəmanındakı eşqi məktəbdə
rastlaşacağı Leylisini görmədən
açığa vurmasıyla eşq fəlsəfəsini
Nizamidən daha mistik bir üslubla ifadə etməkdədir.
Nizami
də, Füzuli kimi, eşqi kainatın səbəbi olaraq alır. Ustadın bu xüsusdakı görüşü
kitabımızın müəyyən yerində
anladılmışdır. Yalnız sənətindəki,
növünə məxsus, realizm ilə o, Amiri şeyxinin
oğlundakı eşqi onu məktəbdə Leyli ilə
görüşdürmədən üzə
çıxarmamışdır.
Eyni metod fərqiylə Nizami Məcnunu
insanlardan məyus edərək, çöllərdə vəhşilərlə
həmdəm qılmaq üçün Nofəlin müdaxiləsi
kimi şiddətli bir amilə bağlamağı sənət
realistliyinə daha münasib gördüyü halda, füzuli
buna ehtiyac duymur. Leyli ailəsinin Qeysin
atasına, sadəcə, "Oğlun dəlidir" - deyə
rədd cavabı verməsi aşiqin dəli olub çöllərə
düşməsi üçün kifayət edir.
Nizami küskünlük və
vurğunluğun qüvvətini göstərmək
üçün Məcnunun atasını və
dayısını dəfələrlə onun özüylə
görüşdürür; aralarında saatlarca
danışıqlar və çəkişmələr olur. füzuli isə bu cazibənin qüvvət və
qüdrətini uzun-uzadıya deyişmələr və
dürlü şəxslərin mübahisələrinə
lüzum göstərmədən, daha çox təsəvvür
olunmayacaq bir-iki qələm çalmaqla simvolik bir vaqiə ilə
anladır.
Zavallı ata ilk dəfə oğlunu səhranın
bir tərəfində, hər kəsdən ayrı,
öz-özüylə qalmış, dalğın və pərişan
bir halda tapır. Məcnun başını belə
qaldırmadan:
Get, dərdimə sən dəva degilsən,
Biganəsən, aşina degilsən.
Mən böylə kəlamə tutmazam guş,
Leyli sözü söylə, yoxsa
xamuş. -
deyir.
Zavallı kişi atası
olduğunu anladaraq özünü nişan verməyə
başlayınca da Məcnunun ona üz vermədiyini şair
belə anladır:
Dedi: nədir, ata, yoxsa anə,
Leyli gərək, özgədir fəsanə!
Vəziyyəti belə görüncə işin nə
qədər ciddi olduğunu anlayan ixtiyar, oğluna hiylə gəlir:
Verdi bu firiblə təsəlli
Kim, dur gedəlim, çağırdı
Leyli.
Leyli adını eşidincə Məcnun
dərhal yerindən qalxır və atasıyla bərabər
evə gəlir.
Atasının Məcnunla ikinci görüşündə
də Füzuliyə xas mistik bir nöqtə ilə
qarşılaşırıq:
Hadisə Nofəlin müdaxiləsindən
sonra baş verir. Leyli ailəsinin,
başlarına yeni bir macəra açar deyə Məcnunu
öldürəcəkləri xəbəri yayılır.
Zavallı ata dura bilmir, oğlunu qandıraraq evə
gətirmək istəyir. Görüşürlər:
ata öyüd-nəsihət verir; oğul da öz növbəsində
eşqin sağalmaz bir dərd olduğundan bəhs edib durur.
Buraya qədər hər iki şairin hekayələri,
aşağı-yuxarı, bir-birinə bənzəməkdədir.
Fəqət Füzuli
davam edir:
danışdığı yerdə Məcnunun qolundan qan
açılır: atası təlaş və heyrətdə
ikən tövrünü belə pozmayan Məcnun, "Ata,
fikir eləmə" deyir və "fəssadın qan almaq
üçün Leylinin qolunu neştərlədiyini"
anladaraq əlavə edir:
Ol zəxm əsəri göründü məndə,
Biz bir ruhuz iki bədəndə.
Bizdə ikilik nişanı yoxdur, məndə,
Bir-birinin özgə canı yoxdur.
Sanma ki, ol oldürü mənəm mən,
Bir canlə zindədir iki tən.
Xürrəm oluram o olsa xürrəm,
Qəm yetsə ona bana yetər qəm.
"İki canda bir ruh" fikri Nizamidə
də vardır. Şair özünə xas
təşbeh bolluğu ilə bu "ikili birliyi"
dürlü tapıntılarla tərif edir. Məcnunun
Leyli adına söylədiyi Nizamicə
monoloqları bu fikri ifadə edən şah beytlərlə
doludur; fəqət incə tapıntılı bu beytlərdən
heç biri Məcnunun qolundan açılan qan
qədər inandırıcı
deyildir.
(Ardı var)
Ədəbiyyat
qəzeti.- 2013.- 29 noyabr.- S.1; 5.