Ustad yadigarı

 

Unudulmaz ədib, alim və pedaqoq Mir Cəlalın

əbədiyyətə qovuşduğu gündən 35 il keçir

  

Mir Cəlal müəllim ilk növbədə gözəl romanlar, povestlər və hekayələr müəllifi kimi geniş şöhrət qazanmışdır. Həyatımızın tipik lövhələrini, aktual problemlərini xalq yumorunun fəlsəfi müdrikliyi və şux nikbinliyi ilə təcəssüm edən bu qüdrətli sənətkarın bədii yaradıcılığı onun zəngin elmi irsindən daha çox diqqəti cəlb etmişdir. Yəqin ki, bu cəhət bədii ədəbiyyatın kütləviliyi və daha geniş auditoriyaya malik olması ilə əlaqədardır. Halbuki Mir Cəlal müəllim bir alim kimi Azərbaycan filologiya elminin ən böyük və əvəzsiz yaradıcılarından olmuş, ədəbiyyatşünaslığımızda qüdrətli bir elmi məktəb formalaşdırmışdır.

Bədii təfəkkürlə, elmi təfəkkürün sintezi, qovuşuğu Mir Cəlal müəllimin həm yazıçılıq, həm də alimlik fəaliyyətinə xüsusi, təkrarolunmaz bir vüsət və qüdrət vermiş, onun hər iki sahədəki böyük uğurlarının məhvəri, əsası olmuşdur. Eyni zamanda həmin cəhətlər Mir Cəlal müəllimin son dərəcədə səmərəli pedaqoji fəaliyyəti üçün də tükənməz bir potensiya, gözəl təcrübə və nəzəriyyə mənbələrini təşkil etmişdir. Lakin yazıçılığında da, alimliyində də, pedaqoqluğunda da ən aparıcı, istiqamətləndirici amil heç şübhəsiz ki, məhz Mir Cəlal şəxsiyyəti olmuşdur!

Yaxından tanıyanlar bilirlər ki, Mir Cəlal müəllim bütöv xarakterli, müstəqil düşüncəli bir şəxsiyyət idi.

Vəzifəlilərə əyilməzdi, vəzifəsizlərin qəlbinə dəyməzdi. Həmişə də yalmz özü məsləhət bildiyini edərdi... Müxtəlif zamanların ictimai-siyasi təlatümlərində Mir Cəlal müəllim bədii və elmi yaradıcılığında yalnız öz vicdanının səsinə, öz qəlbinin istəyinə əməl etmiş, həqiqi şəxsiyyət və vətəndaşlıq nümunəsi olmuşdur. Hər iki halda şəxsiyyət, ailə, cəmiyyət və dünya məsələlərində yalnız onu qayğılandıran mətləblərə müraciət etmişdir.

Əgər bədii yaradıcılıqda Mir Cəlal müəllimin zəngin nəzəri səviyyəsi, biliyi bədii təxəyyülün məcrasına, istiqamətinə "nəzarət" edə bilirsə, əsərlərin poetika qaydaları ilə daha monolit və cazibədar şəklə gəlməsinə yardımçı olursa, elmi yaradıcılığında onun bir sənətkar kimi əsrarlı bədii prosesə yaxından bələd olması orijinal, sistemli nəzəri nəticələr söyləməsinə xeyli dərəcədə kömək etmiş olur.

Mir Cəlal müəllim bir yazıçı kimi ədəbiyyatımızda hansı mövqeyə, çəkiyə malik idisə, elm aləmində də təxminən o dərəcədə məşhur idi. 30-40-cı illərdə o, bədii yaradıcılıqla daha məhsuldar və səmərəli məşğul olurdusa, sonralar ədəbiyyatşünaslıq elmimizin aparıcı simalarından biri kimi alimlik fəaliyyətinə xüsusi maraq göstərirdi.

Mir Cəlal müəllimin elmi maraq dairəsi və erudisiyası çox geniş və zəngin idi. O, klassik Şərq poeziyasının və poetikasının da kamil bilirdi, içərisində yetkinləşdiyi müasir ədəbi prosesi, çörək kəsdiyi ədiblərin yaradıcılığını da. Özü nasir olsa da, poeziya duyumu, poetik obrazlılıq zövqü yüksək idi. Fars dilini gözəl bildiyindən klassik ədəbiyyatın bütün mərhələləri onun üçün tam və doğma idi. Buna görə də Füzulidən də, S. Vurğundan da eyni dərinlikdə, eyni vüsət və vəcdlə yazırdı.

Ən çox maraq göstərdiyi sənətkarlar isə M. Füzuli ilə C. Məmmədquluzadə idi. 1940-cı ildə nəşr olunmuş "Füzulinin poetik xüsusiyyətləri" kitabı və onun təkmilləşdirilərək "Füzuli sənətkarlığı" (1958) adlandırılmış variantı indi də bu poeziya dahisi haqqında ən dəyərli mənbələrdəndir.

Romantik Füzuli hələ nisbətən cavan Mir Cəlalı sehrləmişdisə, sonralar ahıl çağlarında realist Mirzə Cəlil onu daha artıq təsirləndirmişdi. O, Füzuli eşqinin fəlsəfi-estetik dərinliyini və zərifliyini böyük fəhmlə kəşf edə bildiyi kimi, Mirzə Cəlil dərdinin də gülüş təzahürünü, qəhqəhəli fəryadlarını xüsusi həssaslıqla duya bilmiş və dərin, dəqiq təhlilə cəlb etmişdir. Ədəbiyyat tarixi və ədəbiyyat nəzəriyyəsi sahəsindəki kamil biliyi və üstəlik də zəngin yazıçılıq təcrübəsi onun elmi təhlillərinə xüsusi vüsət verirdi. Bütün bunlardan əlavə, Mir Cəlal müəllimdə bədii materialın məğzinə, ruhuna, müəllif fikrinin dərinliklərinə nüfuz etmək, dəfələrlə haqqında bəhs olunmuş əsərlər barədə tamam yeni mülahizələr söyləmək və çox dəqiq, həssas təhlil aparmaq bacarığı var idi. Özü də ən mürəkkəb fikirləri belə elə sadə, aydın nəzərə çatdırırdı ki, lap adi oxucu üçün də anlaşıqlı olurdu.

Mir Cəlal müəllimin təhlil texnikası, üslubu son dərəcə orijinal idi. Bədii təhkiyədə olduğu kimi, elmi-nəzəri təhlildə də o, çox konkretdir, dəqiqdir, lakonikdir. Quru, mücərrəd mühakimə və xüsusən zahiri effekt naminə olan süni pafos Mir Cəlal müəllimin elmi mülahizələrinə və təhlillərinə yaddır. Mir Cəlal müəllim bədii yaradıcılığın mahir diaqnostiki idi. Uzun və dolaşıq ehtimallara, yaxud qəliz və mürəkkəb istilahlar düzümünə, düyününə uymadan həmişə çox aydın, konkret və orijinal nəticələr söyləməyə cəhd edir, əsaslı, sübutlu, inamlı hökmlər verirdi. Ən başlıcası da odur ki, onun fikirləri möhkəm, həyati və estetik məntiqlə əsaslandırılır. Bu təhlillərdə müəyyən emosionallığa, bəzən bədii təhkiyəni andıran obrazlı deyim tərzinə də təsadüf olunur. Amma zəruri məqamlarda və çox təbii şəkildə. Hətta tədqiqat obyektinin xarakterinə uyğun olan kinayəli intonasiyalar da bu təhlil üçün yad deyildir. C. Məmmədquluzadə, M.Ə. Sabir, Ə. Haqverdiyev kimi satiriklərin əsərlərindəki tənqidi mətləbləri qabarıq nəzərə çatdırmaq və onlara aydın, təsirli münasibət bildirmək üçün məhz belə üsullardan istifadə olunmuşdur.

Mir Cəlal müəllim fikir dərinliyinə və dəqiqliyinə, məna dolğunluğuna və ifadə aydınlığına xüsusi diqqət yetirərdi. Onun "Klassiklər və müasirlər", "Gülüş bədii silah kimi", "C.Məmmədquluzadə realizmi haqqında", prof. P.Xəlilovla yazdığı "Ədəbiyyatşünaslığın əsasları", prof. F. Hüseynovla yazdığı "XX əsr Azərbaycan ədəbiyyatı" kitablarında, yüzlərcə elmi məqalələrində məhz bu üslub əsasdır.

Təcrübə göstərir ki, çox vaxt görkəmli alimlərin maraq dairəsi müəyyən tarixi - mərhələvi mahiyyətdə olur; ədəbiyyat tarixinin hər hansı bir dövrü, mərhələsi başlıca maraq obyekti, mənbəyi seçilir. Şübhəsiz, bunun da üstün cəhətləri vardır. Lakin elə alimlər də məlumdur ki, onlar üçün bu cəhət səciyyəvi deyildir. Mir Cəlal müəllim orta əsrlərdən başlamış lap müasir dövrə qədər bir sıra görkəmli sənətkarlara aid dəyərli əsərlərin müəllifidir. Bu, bir cəhətdən Mir Cəlal müəllimin Azərbaycan ədəbiyyatına mükəmməl bələdliyi, çox geniş erudisiyaya, maraq dairəsinə malik olması ilə əlaqədardırsa, digər tərəfdən (bəlkə də başlıca olaraq) onun yüksək səviyyəli ədəbiyyat nəzəriyyəçisi olması ilə izah edilə bilər. Həqiqi ədəbiyyat nəzəriyyəçisi isə milli ədəbiyyatın təkamül prosesini, mərhələlərini və əlamətdar xüsusiyyətlərini dərindən, sistemli bilməlidir. Mir Cəlal müəllim də məhz belə zəngin, ensiklopedik biliyə malik çoxcəhətli alim idi. Onun namizədlik dissertasiyası füzuliyə həsr olunduğu halda, doktorluq əsəri "Azərbaycanda ədəbi məktəblər (1905-1917) " adlanır. Bu əsərdə müxtəlif ədəbi metoda, müxtəlif bədii üslublara əsaslanan bir sıra görkəmli sənətkarın yaradıcılığı tarixin və dünyagörüşlərin mürəkkəb təzadları fonunda geniş nəzəri təhlilə cəlb edilmişdir. 1946-cı ilin dekabrında tamamlanmış və 1947-ci ildə uğurla müdafiə olunmuş bu dissertasiya işi Mir Cəlal müəllimin kamil bir alim kimi formalaşma prosesinin uğurlu yekunu, nəticəsi kimi də qiymətləndirilə bilər.

Məlum olduğu kimi, ötən əsrin əvvəlləri, xüsusən 1905-1917-ci illər kiçik zaman kəsiyi olsa da, milli ədəbiyyatımızın bəlkə ən qüdrətli, zəngin və mürəkkəb dövrü kimi səciyyələnə bilər. Məhz bu zaman təxminən minillik ədəbiyyatımızın romantik və realist ənənələri görünməmiş, qəribə bir təkamül və novatorluq zirvəsinə çataraq bütün əvvəlki əsrlərin təcrübələrini bütün sonrakı zamanların ədəbiyyatına əmanət etdi; ədəbiyyatımızın gələcək nailiyyətlərinə sarsılmaz milli zəmin yaratmış oldu! XX əsrin əvvəllərində milli ədəbiyyatımızın həm realist, həm də romantik inkişafında həlledici ideoloji-estetik keyfiyyət dəyişikliyi yarandı, eyni zamanda bir növ nəzəri və əməli istiqamət proqramları da müəyyənləşdi.

Məhz bu dövrün ideoloji-bədii xarakterini, mürəkkəbliklərini və sənət xarüqələrini sistemli və mükəmməl nəzəri təhlildən keçirmək, ədəbiyyatımızın həm klassik ənənələrini, həm böyük novatorluq yaranışlan-m, həm də sonrakı ədəbi prosesin təkamül proqramlarını müəyyənləşdirmək üçün son dərəcə aktual, mühüm (həm də müşkül!) bir vəzifə idi...

"Azərbaycanda ədəbi məktəblər (1905-1917)" adlı əsərində Mir Cəlal müəllim həm geniş məlumatlı ədəbiyyat tarixçisi, həm də bədii faktları nəzəri ümumiləşmələr əsasında sistemləşdirən və səciyyələndirən mahir ədəbiyyat nəzəriyyəçisi kimi çox dəqiq təhlillər aparmışdır.

Mir Cəlal müəllim bu əsərində dünyagörüşlər, estetik baxışlar, metod, üslub və s. cəhətdən formalaşan və müxtəlif sənət yaxınlıqlarına əsaslanan milli ədəbi məktəblərin meydana gəlməsindən və özünəməxsusluğundan bəhs etmişdir.

Ədəbiyyat nəzəriyyəsinin bir sıra problemləri kimi ədəbi məktəb anlayışı da müxtəlif vaxtlarda, məqamlarda müxtəlif məzmunlarda başa düşülmüşdür. Ədəbi məktəb anlayışı əsas etibarilə hər hansı bir böyük sənətkarın yaradıcılığının təsiri ilə yazıb-yaradan, onun ənənələrini davam və inkişaf etdirən ədiblərin ideya-estetik yaxınlığı, ümumiliyi kimi başa düşülür. Mir Cəlal müəllim də ədəbi məktəblərdən bəhs edərkən mahiyyətcə həmin prinsipə əsaslanmışdır. Lakin o, ədəbi məktəb anlayışını bəzən müxtəlif' modifikasiyalarda, fərqli şəkillərdə, modellərdə ədəbiyyat tarixi faktlarına aid etmişdir.

Mir Cəlal müəllimin bu əsərində ümumilikdə ədəbi məktəb anlayışı daha çox ədəbi platforma birliyi və ədəbi təsir mənalarında işlədilmişdir. Dünyagörüşlərdəki yaxınlıq, inikas tiplərinə görə uyğunluq (realist, romantik) və bədii üslub komponentləri əsasında bəzən də (şərti mənada) müxtəlif ədəbi məktəblərin mövcudluğundan bəhs olunmuşdur. Məhz bu zəmində eyni tarixi dövrdə yaşamış sənətkarların yaradıcılıq səciyyəvilikləri müqayisələr, paralellər əsasında daha qabarıq, konkret və əsaslı nəzərə çatdırılmış, onların qüvvətli-zəif cəhətləri, ənənəvi-novatorluq keyfiyyətləri, fərdi-ümumi xüsusiyyətləri tarixilik və müasirlik meyarları əsasında qiymətləndirilmişdir.

Bu əsərdə bəlkə ən əhəmiyyətli cəhət isə ondan ibarətdir ki, Mir Cəlal müəllimin bir sıra klassiklərimizin dünyagörüşündəki və bədii yaradıcılığındakı özünəməxsusluq, orijinallıq və mürəkkəbliklər haqqında fikirlərini bilmək imkanı yaranır; həmçinin onun bir sıra ədəbiyyat hadisələri, faktları barədə münasibəti aydınlaşmış olur.

"Azərbaycanda ədəbi məktəblər (1905-1917)" əsərindən bəzi hissələr müxtəlif vaxtlarda müxtəlif şəkillərdə çap olunmamışdır. Xüsusilə Mir Cəlal müəllimin professor f.Hüseynovla birlikdə çap etdirdikləri "XX əsr Azərbaycan ədəbiyyatı" adlı ali məktəb dərsliyində bu əsərdən də istifadə edilmişdir. Lakin "Azərbaycanda ədəbi məktəblər (1905-1917)" əsəri indiyədək bütövlükdə nəşr olunmamışdır.

Mir Cəlal müəllimin bu əsərini kitab şəklində hazırlamaq və onun redaktoru olmaq mənə təklif ediləndə, dərhal çoxdan olmuş bir əhvalat yadıma düşdü... Universiteti bitirərkən diplom rəhbərim rəhmətlik Mir Cəlal müəllim idi. Diplom işinin mövzusu da xalq yazıçısı Ə.Vəliyevin "Qəhrəman" romanı idi. Mir Cəlal müəllim diplom işi haqqında rəyini diktə etdi və tapşırdı ki, makinada yazdırım, sonra qol çəksin. Mir Cəlal müəllimin rəyini oxudum və mənə elə gəldi ki; onun yüngülvari redaktəyə ehtiyacı var... Rəyin bəzi yerlərini üslubca "redaktə" etdim və düşündüm ki, Mir Cəlal müəllim belə xırda düzəlişləri sezməz, onlara diqqət yetirməz. Rəyi makinada yazdırdım və müdafiədən əvvəl Mir Cəlal müəllimə təqdim etdim. Mir Cəlal müəllim rəyi oxudu, gülümsədi və dedi: "Təhsin, rəyə qol çəkirəm, müdafiən də uğurlu olsun. Amma yadında saxla, bir də mənim yazımın üslubuna dəymə". Mir Cəlal müəllim həmişə olduğu kimi öz fikrini beləcə böyük səmimiyyətlə, mədəniyyətlə və pedaqoji taktla bildirdi.

İndi mənə Mir Cəlal müəllimin samballı bir əsəri redaktə üçün təqdim olunurdu. Şübhəsiz, bu çox böyük məsuliyyət və diqqət tələb edirdi. Dissertasiya təxminən 60 il əvvəl yazıldığı üçün ilk növbədə onu sovet dövrü ideologiyasının təzahürlərindən azad etmək lazım idi. Bu ideologiya isə, xüsusən, humanitar tədqiqatlara çox qüvvətli şəkildə, dünyagörüş səviyyəsində sirayət etmişdi. Buna görə də o zamankı başqa əsərlərdə olduğu kimi Mir Cəlal müəllimin əsərində də bəzi ədəbiyyat faktlarına və bir sıra ədiblərin yaradıcılığına əsərin yazıldığı illərin tələbləri baxımından tendensiyalı münasibət mövcud idi. Vəziyyəti yüngülləşdirən o idi ki, Mir Cəlal müəllim "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyi üçün dissertasiyasından götürmüş olduğu bölmələri ideoloji baxımdan da müəyyən dərəcədə redaktə etmişdi. Lakin onda da sovet ideologiyası hələ mövcud idi. Demək, istər həmin bölmələri, istərsə də dərsliyə düşməyən digər hissələri (belə hissələr isə çoxdur) redaktə zamanı bu günün ictimai-siyasi tələbləri, obyektivlik meyarları nəzərə alınmalı idi. Eyni zamanda unutmaq olmaz ki, bədii yaradıcılığın ideya-estetik mahiyyəti barədə qənaətlər, meyarlar dəyişdikcə, başqalaşdıqca, eyni ədəbi fakta və ya eyni sənətkarın yaradıcılığına münasibətlər və kriteriyalar da dəyişir, başqalaşır. Xüsusən böyük zaman məsafəsindən sonra eyni ədiblər, əsərlər haqqında təsəvvürlər də bəzən dəyişir, yetkinləşir, kamilləşir. Bunun səbəbi dünyagörüşlərdəki metamarfozalarla bərabər, elmin özündəki inkişaf və o cümlədən hər bir alimin professionallıq təkamülü də ola bilər. Mir Cəlal müəllimin "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyindəki bölmələri də dissertasiyadakından müəyyən dərəcədə fərqlidir. Hətta elə yerlər var ki, Mir Cəlal müəllim dərslikdə əvvəlki fikirlərindən tamam fərqli olan nəticələr söyləmişdir. Şübhəsiz ki, bu Mir Cəlal müəllimin elmdəki obyektivliyini, tələbkarlığını və dəqiqliyini göstərən bir cəhətdir.

Çapa hazırlanan kitabda alimin dərslikdəki son , qənaətləri və düzəlişləri yeri gəldikcə nəzərə alınmışdır. Daha çox məzmunla bağlı redaktələr monoqrafiyada da öz əksini tapmışdır. Dərslikdə istifadə olunmuş hissələrin çoxu dissertasiyada və təbii ki, monoqrafiyada daha ətraflıdır, müfəssəldir; üslubları da daha sərbəstdir, daha obrazlıdır. Dərsliklə monoqrafıyanın spesifikalarına görə istər məzmun, istərsə də üslubca fərqli olmalan əslində tam qanunauyğundur. Məsələn monoqrafıyada C.Məmmədquluzadənin publisistikası geniş və orijinal təhlilini tapdığı halda, dərslikdə bu yerlər verilməmişdir. M.Ə.Sabir, Ə.Haqverdiyev, M.Hadi, A.Səhhət və başqa ədiblərin yaradıcılığı monoqrafiyada xeyli əhatəli poetik təhlilini tapmışdır. Dissertasiyadakı bir sıra problemlər və ədəbi portretlər ilk dəfə çap olunur. Və təbiidir ki, Mir Cəlal müəllim tərəfindən də sonralar redaktə edilməmişdir. Belə hissələrdə müəyyən ixtisarlara da ehtiyac olmuşdur. Bu daha çox romantik ədəbiyyatla əlaqədar bölmələrə aiddir.

Məlum olduğu kimi, sosialist realizmi metodunun hegemonluğu dövründə romantik ədəbiyyata müəyyən dərəcədə ögey münasibətin mövcudluğu görkəmli romantik sənətkarların ədəbi irsinin obyektiv qiymətləndirilməsinə imkan vermirdi. M.Hadi, H.Cavid, S.Mənsur kimi böyük romantiklərə olan əsassız hücumlar, müxtəlif böhtanlar o zamankı elmi tədqiqatlara da öz təsirini göstərmişdir. Mir Cəlal müəllimin dissertasiyasında da bu münasibətlər müəyyən dərəcədə öz təzahürünü tapmışdır. Şübhə ola bilməz ki, Mir Cəlal müəllim o zaman görkəmli bir alim və yazıçı kimi həmin romantik sənətkarların həqiqi, obyektiv qiymətini və ədəbiyyat tariximizdəki mövqeyini gözəl bilirdi. Lakin o da başqaları kimi zamanənin hakim ideologiyasına tabe olmalı idi. Görünür, elə buna görə də M.Hadi və A.Səhhət yaradıcılığı istisna olmaqla, dissertasiyada başqa romantik sənətkarlara az yer verilmiş, onlar haqqında müxtəsər təsəvvür yaradılmışdır. Lakin bu hissələr də həmin sənət-karlar haqqında o zamankı qeyri-obyektiv mülahizələrə əsaslandığı üçün kitabda onların bəzisi bütünlüklə ixtisar edilmişdir, bəzisi haqqında isə fraqmental məlumatlar verilmişdir.

Göründüyü kimi, "Azərbaycanda ədəbi məktəblər (1905-1917)" kitabının redaktəsi (belə demək mümkünsə, həm də restovrasiyası) son dərəcədə mürəkkəb və məsuliyyətli bir proses olmuşdur. İş prosesində bir sıra yerləri dönə-dönə oxuyub müəllifin əsl məqsədini, mətləbini tam dəqiqliyi ilə aydınlaşdırmaq və müasir tələblər səviyyəsində təqdim etmək çətinlikləri də az olmamışdır. Çətinliyin bir səbəbi də o idi ki, bu şəkildə redaktə etmək işində bizdə elə bir təcrübə, ənənə olmamış, konkret elmi-nəzəri kriteriyalar müəyyənləşməmişdir.

Kitabda hər cəhətdən Mir Cəlal müəllimin fərdi üslubunun qorunmasına xüsusi diqqət yetirilmişdir. Özü də mümkün qədər (dərslikdən fərqli olaraq) məhz dissertasiyadakı üslubun saxlanılmasına və bununla həmin illərin ruhunu, xarakterini də mühafizə etməyə cəhd olunmuşdur. Nəhayət, kitabın ümumilikdə müasirlik tələblərinə tam uyğun olması nəzərə alınmışdır.

Məlum olduğu kimi, Mir Cəlal müəllim fars dilini mükəmməl bilmişdir. Dissertasiyada fars dilində olan bəzi mətnlərin tərcüməsini də özü vermişdir. Lakin əsər kitab şəklində nəşr ediləndə artıq geniş oxucu auditoriyasının ehtiyacı nəzərə alınaraq fars dilində olan digər mətnlərin də tərcüməsi vacib görünür. C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Səhhət, Ə.Cənnəti, Z.Marağalı və Ə.Talıbov ilə əlaqədar olan hissələrdə fars dilində verilmiş elmi və ya bədii nümunələrin tərciiməsi Bakı Dövlət Universitetinin "İran filologiyası" kafedrasının müdiri dosent Tofiq Cahangirova məxsusdur ki, bu zəhmətinə görə ona minnətdarlığımızı bildiririk.

Hər bir işdə olduğu kimi, bu əsərin redaktəsində də bəlkə müəyyən zəif cəhətlər, nöqsanlar tapıldı. Lakin Mir Cəlal müəllimin bu əmanətini redaktə edərkən özümü əziz və unudulmaz müəllimin qarşısında bir daha imtahan verən tələbə yerində gördüm. Bu dəfə isə "imtahan" qiymətini ustadın özü deyil, hörmətli oxucular verəsi olacaqlar.

Klassik sənət əsərləri kimi böyük elm yadigarları da bütün zamanlar üçün gərəklidir, əhəmiyyətlidir. Mir Cəlal müəllimin "Azərbaycanda ədəbi məktəblər (1905-1917)" əsəri də XX əsr Azərbaycan ədəbiyyatını öyrənənlər, tədqiq edənlər üçün daima vacib və nüfuzlu elmi mənbə olacaqdır. İndiyədək yalnız bir dissertasiya nüsxəsi olub kitabxanada oxuna biləcək bu əsər, indi geniş auditoriya qazanmış olur, ədəbiyyat elmimizin çox dəyərli bir nümunəsi kimi gələcək tədqiqatçıların ixtiyarına verilir. Gözəl alim, böyük pedaqoq Mir Cəlal müəllimin bu da bir xeyir-duası olsun!..

 

Təhsin MÜTƏLLİMOV

professor

 

Ədəbiyyat qəzeti.- 2013.- 4 oktyabr.- S.1; 3.