“...Xalqımız bu əsərlərdən
çox bəhrələnmişdir”
Dünən İlyas Əfəndiyevin anım günü idi. Onu bizdən ayıran bu 17 il ərzində o bizə daha da doğmalaşmış, yaxınlaşmışdır. Bu, sabah da belə olacaq. Çünki İlyas müəllimin dramaturgiyasından söz düşəndə Azərbaycan teatr sənətinin yarım əsrdən çox bir dövrü gözümüz önündə canlanır. Böyük bir aktyor nəsli, neçə-neçə rejissor səhnədəki uğurları üçün bu dahi sənətkarın dramaturgiyasına minnətdardır.
Onun səhnə əsərləri keçmişimizin və bu günümüzün bədii obrazlarla ifadəsidir. Elə bir ifadəsi ki, sabaha gedən yollara şəfəq saçır. Onun bu böyüklüyünü vaxtilə Azərbaycan dövlətinin başçısı Heydər Əliyev belə dəyərləndirmişdir: “İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. İlyas Əfəndiyevin yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o, öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə böyük nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir. Beləliklə, xalqımızı həm tarixə hörmət bəsləməyə sövq etmişdir və bu barədə xidmət göstərmişdir, tarixi bilmək üçün xalqımıza yardım etmişdir, eyni zamanda, yaşadığımız zamanda mənəviyyat, əxlaq, insanlıq, Vətənə və millətə sədaqət ruhunu aşılamışdır. Hesab edirəm ki, xalqımız bu əsərlərdən çox bəhrələnmişdir.”
***
İlyas müəllim bir insan kimi də mənim
yaddaşımda dərin izlər buraxmışdır. Əvvəla,
o, hər adamla
ünsiyyət bağlamaz, onun
öz ətrafı, öz
həmsöhbətləri olardı. O, istedadsız,
sırtıq, mütaliəsiz, dayaz adamlardan qaçardı. Amma
istedadlı, mütaliəli və ziyalı adamları özü
tapar, onlarla söhbətdən
ləzzət alardı. Çünki özü daxilən ziyalı adam
idi. Dərin mütaliəsi vardı. Mən
cəsarətlə deyə bilərəm ki,
yazıçılar içərisində Qərb və rus ədəbiyyatını onun
qədər dərindən bilən qələm sahiblərini barmaqla saymaq olar.
O, Kommunist Partiyasına daxil olmadı. Çünki
əqidəsinə zidd gedə bilmirdi. Amma
bunu büruzə verməzdi. Nədənsə,
mənimlə çox açıq idi. O, mənə
inanırdı və mən də çəkinmədən
ona ürəyimi açar, içində
yaşadığım rejimə nifrətimi bildirərdim. Çünki onun saflığına, xarakter
bütövlüyünə və ən ümdəsi də mənim
kimi totalitar rejimə nifrət etdiyinə çox yaxşı
bələd idim. Bir sözlə, İlyas
Əfəndiyev həm yazıçı kimi, həm də
insan kimi bütöv və özünəməxsus bir xarakterə
malik olan kamil bir şəxsiyyət idi.
Bəxtiyar
Vahabzadə
***
İlyas Əfəndiyevin yazıçı
obrazını nəzərdən keçirəndə
gördüm ki, qələmə aldığım xatirəni
ancaq belə adlandırmaq olar: "Məhəbbətin tərənnümü…"
İlyas Əfəndiyev nasir idi, dramaturq idi,
ancaq o, məhəbbəti şair kimi tərənnüm
etmişdir. Məhəbbət ədibin əsərlərində
bir nəğmə kimi oxunmuşdur. İlyas
yaradıcılığı bütövlükdə bir məhəbbət
dastanıdır, əvvəli, axırı olan, sevgi macəraları
ilə dolu şairanə bir hekayətdir.
Kamal
Talıbzadə
***
Azərbaycan Milli teatr sənəti
möhtəşəm bir binadır. Bu sənət
sarayı "Axundzadə teatrı" təməli üzərində
yüksəlirsə, onun özünəməxsus mərtəbələrini
"Mirzə Cəlil teatrı", "Hüseyn Cavid
teatrı", "Cəfər Cabbarlı teatrı" təşkil
etməkdədir…
İlyas Əfəndiyev ömrü boyu bu
xoşbəxtliyə yeriməkdəydi və sonuncu niyyəti onu arzuladığı mənzilə çatdırdı.
Həsənağa
Turabov
***
Onun teatr sənətinə ülvi, təmiz yüksək
məhəbbəti, sənətkarlara münasibəti,
tamaşa üzərində aktyorlarla işləmək
bacarığı, tamaşa hazırlanıb istehsalata
buraxılandan sonra da tamaşanın qayğısını
çəkməyi, tamaşa ilə bağlı hər bir məsələ
ilə maraqlanması, sənətdə heç bir kompromisə getməməsi bizə həmişə
dərs idi...
İlyas müəllim, biz "Hökmdar
və qızı" tamaşasını sizin adınıza
layiq oynadıq. Siz təmtərağı, dəbdəbəni
çox sevərdiniz, premyeramız olduqca təmtəraqlı,
səviyyəli keçdi… Ancaq çox heyiflər olsun ki…
İlyas müəllim, mən sizinlə birgə işlədiyim
birinci tamaşadan - "Büllur saray"dan tutmuş sonuncu
tamaşa - "Hökmdar və qızı"na
qədər böyük bir mənəvi dünya qazandım.
Bu dünya çox ülvi, çox işıqlı,
çox böyük, çox zəngin idi…
Bəsti
Cəfərova
Ədəbiyyat
qəzeti.- 2013.- 4 oktyabr.- S.3.