Səfərdən qalmayan ömür

  

Əllinci illərin əvvəllərində bütün ədəbi gənclik, poeziya həvəskarları bir cavana çox qibtə ilə baxır, tez-tez ondan söhbət salır, təzə şeirlərini səbirsizliklə gözləyirdilər. Həmin gənc yaradıcılığının bütün rənglərilə parladığı bir zamanda öz sevimli oxucularını vaxtsız tərk etmiş görkəmli şairimiz Əliağa Kürçaylı idi. İş belə gətirmişdi ki, o zaman "Literaturnıy Azerbaydjan" jurnalının redaktoru mərhum yazıçı İmran Qasımov Ə.Kürçaylının "Muğan axşamları" poemasını rəy üçün Səməd Vurğuna göndərmiş, o da əsəri oxuyub bəyənmiş, elə poemanın mətninin aşağısındaca rus dilində yazmışdı: "Bu cavanın böyük gələcəyi var. Mən onun əsərlərini oxuyanda öz gənclik illərimi xatıralyıram". Böyük sənətkarın bu ikicə cümləsini redaktor poema üçün ən mötəbər müsbət rəy kimi qəbul etmiş, əsəri rus dilinə tərcümə etdirib çapa vermişdi…

Bu, Ə.Kürçaylının yaradıcılıq həyatında böyük xalq şairimizin nəcib rolunu göstərən yeganə hadisə deyildi. Universitetdə oxuduğumuz illərdə mən Ə.Kürçaylı ilə yoldaşlıq etmişəm; birgə təhsildə, səfrələrdə, hərbi xidmətdə, məzuniyyət və ezamiyyətlərdə sıx əlaqələr sayəsində yoldaşlığımız dostluğa çevrilmişdi. Əziz-əziz qoruyub saxladığı və hərdən xüsusi iftixar duyğusu ilə mənə göstərdiyi sənədləri arasında S.Vurğunun bu avtoqrafından savayı onun imzaladığı bir məktub da var idi. 1976-cı ildə çap etdirdiyi xatirələrində böyük minnətdarlıq duyğusu ilə xatırladığı həmin məktubun mətnini Əliağa mənə hələ 1952-ci ildə, təzəcə qurduğu ailəsi ilə yaşadığı M.F.Axundzadə küçəsindəki xırdaca mənzilində göstərmişdi. Salyanda fəhləlik edərkən ilk şeirləri mətbuatda görünən Ə.Kürçaylı S.Vurğunun diqqətini cəlb etmiş, o da Salyan rayonunun o zamankı birinci katibinə bu məzmunda bir məktub yazmışdı:

"...Gənc şair Əliağa Kürçaylını birhəftəlik çörək kartoçkası ilə təmin edib 1947-ci il iyul ayının 16-da Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsinə göndərməyinizi xahiş edirik.

Yazıçılar İttifaqının sədri Səməd Vurğun"

Əliağanın həmin müşavirədə oxuduğu ilk əsərləri, o cümlədən də "İlk bahar çiçəyi" şeri müsbət təsir oyatmışdı:

 

Yadımdadır, güllələr şığıyıb keçən zaman

Səni qanlı otların üzərindən dərdiyim.

O incə tellərini mərmilər biçən zaman

Xatirə dəftərimin arasına sərdiyim.

 

Qayıtmışam cəbhədən, indi yenə bahardır,

Bitmisən çəməndə sən, ləçəklərin qan kimi.

Üzündə nə həyəcan, nə qorxu izi vardır,

Mən qorudum güllədən səni qəhrəman kimi.

 

S.Vurğunun məsləhətinə əsasən elə həmin ilin sentyabrında Ə.Kürçaylı orta təhsilini tamamlamaq məqsədilə Bakıdakı 40 nömrəli fəhlə-gənclər məktəbinin onuncu sinfinə daxil olmuş, mənzili olmadığı üçün təqribən yarım il Yazıçılar İttifaqının hesabına mehmanxanada qalmışdı...

Həssas ürəkli müdrik sənətkar Ə.Kürçaylıya münasibətində əsla yanılmamışdı. Onun xeyirxahlığı Ə.Kürçaylının istedadlı və zəhmətkeş bir şair kimi yetişməsində ciddi rol oynamışdı. Böyük şairin vaxtilə öz gənc həmkarı haqqında məhz S.Vurğuna məxsus geniş ürəklə dediyi sözlər bala qartalı müstəqil uçuşa yola salan zirvələr sakininin xeyir-duası kimi səslənmiş və etiraf etmək lazımdır ki, müstəcəb olmuşdu. Ə.Kürçaylı da öz növbəsində gözəl bir şair kimi tanınmışdı.

Ə.Kürçaylı 1928-ci ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində anadan olmuş, 1944-cü ildə təhsilini yarımçıq qoyub dəmir yolunda fəhləliyə başlamışdı. İlk şeirlərini də elə fəhlə ikən yazıb çap etdirmişdi. Bakıda axşam məktəbində orta təhsilini bitirdikdən sonra Ə.Kürçaylı ADU-nun fılologiya fakültəsinə daxil olmuş, 1954-cü ildə universiteti, 1957-ci ildə isə Moskva Ali Ədəbiyyat kurslarını bitirmişdi. Ə.Kürçaylı fəal bədii yaradıcılıqla yanaşı, ömrünün axırına kimi dövri mətbuat və nəşriyyat sahəsində çalışmış, müxtəlif illərdə "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri" redaksiyalarında şöbə müdiri, "Literaturnıy Azerbaydjan" və "Azərbaycan" jurnallarının redaksiyalarında məsul katib, Yazıçılar İttifaqında nəşriyyat şöbəsinin rəisi, "Yazıçı" nəşriyyatında baş redaktor vəzifələrində işləmişdir.

Ə.Kürçaylı 1980-ci il fevralınm 11-də uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir. Əmekdar incəsənət xadimi Ə.Kürçaylı 1978-ci ildə, sağlığında işıq üzü görmüş "Bütövlük" adlı son kitabına görə Azerbaycan Dövlət mükafatına layiq görülmüşdü...

"Arifin bağçası" adlı uşaqlar üçün yazılmış ilk kitabçasından tutmuş ən sanballı kitabı olan "Bütövlük"ə qədər Əliağa Kürçaylınm iyirmi altı orijinal və tərcümə kitabı çap edilmişdi. Tələbəlik illərimizdən başlayan və ənənəyə çevrilən adəti üzrə şair qardaşım onların hərəsindən bir nüsxəni öz aydın, dənəvər xətti ilə yazıb bu sətirlərin müəllifinə ünvanlamışdır. Vəfatından bir az sonra, 80-ci ilin axırlarında bir kitabı da kitabxanamın "Əliağa Kürçaylı" rəfində öz yerini tutdu... Lakin şairin "Həyat!" deyə hayqıran ağ-qırmızı, mavi-çəhrayı, göy-sarı cildli kitablarının yanında zil qara rəngindən, xəzan çaları ilə yazılmış adından sıxılırmış kimi küskün görünən ilk və o zaman yeganə kitab idi ki, müəllif onu əlinə götürməyə imkan tapmamış, otuz üç il şeir yazan barmaqları ilə vərəqlərini çevirməmiş, heç kəsə ünvanlamamışdı...

Əlbəttə, bu sözləri yazarkən mən hissə qapılmışdım. Axı Ə.Kürçaylının əvvəlki kitabları ilə "Ülkər" arasındakı bu mənada fərq, əsasən, elə zahiri əlamətlərlə müəyyən edilə bilər. Son kitabını tərtib edərkən müəllif sağalmaz dərdə mübtəla olub həyatla ölüm arasında çarpışırdı. Bununla belə, həmin kitabın səhifələrində ah-nalə, inilti, dünyaya laqeydlik yoxdur. Şairin vaxtilə yazdıqları arasından seçdiyi, xüsusən də ilk dəfə məhz bu kitabına daxil etdiyi şeirlər onun həyat və insanlar haqqında, məhəbbət və sədaqət haqqında duyğu və düşüncələri idi. Deməli, "Ülkər"in ünvanı dəqiq idi. Ə.Kürçaylı həmişə olduğu kimi, bu dəfə də öz kitabını ürəkdən sevdiyi, qədrini əziz bildiyi, zövqünə, səviyyəsinə inandığı oxucularına, poeziya həvəskarlarına təqdim etmişdi. 1978-ci, xüsusən 1979-cu illərdə şair üçün ağır, gərgin keçən ayların məhsulu olan "Daşlar" silsiləsi dediyimizə sübutdur.

Hamının az qala hər gün gördüyü, qarşılaşdığı adicə daş insan mənəviyyatı, vətəndaş borcu, tarix və müasirlik kimi çox vacib kateqoriyalar haqqında əsl şair qənaətlərini ifadə etmək üçün müəllifin əlində maraqlı ədəbi vasitəyə çevrilmişdir. Yaxşı şairlərdən bəhs edərkən onların güclü istedadını səciyyələndirmək üçün adətən belə deyirlər ki, sənətkar sözü muma döndər-məyi bacarır. Bu konkret halda isə Ə.Kürçaylı daşın özünü muma döndərmiş, ona elə məcazi, fəlsəfı məna aşılamış, elə əlvan rəng və çalar vermişdir ki, oxuduqca gözlərimiz önündə bir-birinə bənzəməyən insanlar, onların taleləri, xarakter və xasiyyətləri canlanır.

Məsələn, "İnamın daş heykəli" şerində şair inamın qüvvəti, əqidənin bütövlüyü haqqında fıkirlərini oxucu ilə bölüşür, nurlu siması abidədə canlanan qəhrəman əsgərin dediklərinə bizi bir daha inandıra bilir:

 

Daşdan yonulsa da mənim abidəm,

Odlu, keşməkeşli yola şahidəm. ...

Sanma heykəltəraş əməliyəm mən,

Böyük bir inamın heykəliyəm mən!

 

Bu şeirlər mövzusu və əks etdirdiyi həyat materialı etibarı ilə həyatın özü kimi əlvandır. "Məzar daşları"nı isə oxuyarkən daşların "dil"i ilə gözümüz önündə canlandırılan və əvvəlki əsərlə kəskin təzad təşkil edən mənzərə xüsusi təsir qüvvəsi kəsb edir. Bir insan, bir vətəndaş kimi ləyaqətini itirib alçalmış, hələ diri ikən cəmiyyət üçün ölmüş bəzi məmurların məqbərələrindəki məzar daşları bu əsərdə fəryad edir, öz qara bəxtindən acı-acı şikayətlənirlər:

 

Bəzən tüfeylinin, acgöz zəlinin,

Qəbri tapşırılır bu yerdə bizə.

Adı yer üzündən silinməlinin

Adı həkk olunur daş köksümüzə...

 

Kürçaylı lirikası üçün xas olan zamana nikbin fəlsəfi baxışdan, hisslər, duyğular dramatizmindən bəhs edərkən ədəbi tənqidin tamamilə haqlı oldu-ğunu "Daşlar" bir daha təsdiq etdi.

Şairin ustalıqla işlətdiyi rəmzlər, həyat həqiqəti səviyyəsinə qaldırdığı şərtiliklər o qədər təbii verilir ki, onları oxuyarkən adam özünü köksünə yazı qazılan daşların etiraz səsini, ah-naləsini dinləyir kimi hiss edir. Bu şeirlər arasında poetik mətləbi şəxsi, subyektiv məqamdan ümumi ictimai məsələyə, oradan da xalq tarixinin vacib problemlərinə doğru inkişaf etdirməyin gözəl nümunələri var:

 

Əsiri olmadım dövlətin, varın,

Axı nçyi yoxdu bizim diyarın?!

Əli kəsilsəydi talançıların

Qızıldan olardı dirəyim mənim.

"Daşlı qitələr"

 

Burada oxucu üçün qaranlıq qalan, anlaşılmaz heç nə yoxdur. Bununla belə, misralardakı məna ardıcıllığnı izləmək üçün zehnini gərginləşdirməli olursan. Ona görə ki, bu misralarda fıkrin biri o birindən doğur, biri digərinin məntiqi davamıdır və yalnız bütün bənd birlikdə götürüldükdə onun poetik mənası tamamilə aydınlaşır, son misradakı xalq ifadələri də çox yerinə düşür.

Ə.Kürçaylı öz sənətini "Həqiqətə ana, mərdliyə bacı" kimi təşbehlərlə mənalandırır, sənətinə, yaradıcılıq həyəcanlarına, uğur və qüsurlarına dair hər şeyi dərin bir səmimiyyətlə etiraf edir:

 

Bəzən sellər kimi hey köpürən də,

Bəzən bulaq kimi quruyan da sən.

Mənə hamıdan çox əzab verən də,

Məni hamıdan çox qoruyan da sən...

 

Bu misraların mahiyyəti yalnız şairin yaradıcılıq əzablarını, uğurlardan doğan fərəh duyğularını əks etdirməsində deyil, burada biz Ə.Kürçaylını xalqla, onun həyatı, mənəviyyatı ilə möhkəm bağlayan tellərin qədirşünaslıqla qiymətləndirildiyini görürük.

Əlimizdəki kitab özünəməxsus qabarmaları, çəkilmələri olan, lakin həmışə dolu qalan şair qəlbinin həyəcanlarını yaxşı əks etdirir. Ə.Kürçaylı bədii yaradıcılığın digər sahələrində də özünü sınayırdı. Onun Musiqili Komediya Teatrında tamaşaya qoyulan səhnə əsərlərini görmüş, oçerk və publisist məqalələrini oxumuş, hətta bir povestini də mütaliə etmişdik. Sevimli şairimiz Səməd Vurğun haqqında mətbuatda derc olunmuş xatirələrin də ən yaxşılarından biri məhz Ə.Kürçaylının qələminə məxsusdur. Lakin bu əsərlərində də o, daha çox bir şair kimi göz önündə canlanır. Qüvvətli istedadı, otuz ilin hüdudlarını aşan yaradıcılıq təcrübəsi, öz sevimli mövzuları və qəhrəmanları olan Kürçaylı poeziyamızda elə bir mövqe tutmuşdu ki, başqa janrlarda müvəffəqiyyət qazananda da hamı onlardan məhz şair Kürçaylının dramaturgiya, nəsr, yaxud publisistika sahəsindəki nailiyyəti kimi danışırdı. Çünki Ə.Kürçaylı hər şeydən əvvəl yaxşı bir lirik şair idi.

Kürçaylı lirikasının qəhrəmanını həyatla bağlayan hansı konkret amillərdir? Özü ilə bərabər dağlar qoynunda yaratdığı bəndi də ucaldan Arpaçay inşaatçılarının fədakarlığı, Bakı metrosu tunelqazanlarının sərt laylarla əlbəyaxa olub göstərdiyi möcüzələr, vətən yurdunu abadlaşdıranlara gərək olmaq arzusu, xəlvət meşədə xalq sərvətini talayan, cavanca ağacları oğrun-oğrun yıxan əlibaltalı yaşıllıq cəlladlarına qarşı qəzəb... 1941-45-ci illər müharibəsində ömrünü əbədiyyətə qovuşdurmuş əsgərlərlə ürəkdolusu fəxr edən bu qəhrəmanı dünyamızın qayğıları dərindən mütəəssir edir, təkcə öz evini, həyətini vəten sayan dargözlərə, antipodlara qarşı onun qəzəbi vulkan kimi püskürürdü.

Şairin məhəbbət lirikası, təbiət şeirləri, mahnıları, beynəlxalq mövzulara həsr olunmuş əsərləri, poemaları, satirik ruhlu yazıları, bütövlükdə insan haqqında, zəhmətkeş adamın qeyrəti və namusu, məhəbbəti və nifrəti, sevinci və fərəhi, qayğısı və dərdləri haqqındadır. Tamamilə təbiidir ki, vətənpərvərlik Kürçaylı yaradıcılığının baş mövzusudur. Ən gözəl şeirləri başdaş-başa ana vətənin vəsfindən, ana-övlad məhəbbətinin tərənnümündən ibarətdir:

 

Mən səndən bir yaşıl budaq istədim,

Sən mənə bəxş etdin zümrüd meşələr.

Mən səndən kiçik bir otaq istədim,

Sən mənə bəxş etdin dilbər guşələr.

 

Mən səndən adicə həyat istədim,

Sən məni çıxardın min-min səhərə.

Mən səndən kiçik bir qanad istədim,

Sən məni uçurdun ənginliklərə.

 

Mən səndən istədim açıq bir alın,

Sən mənə bəxş etdin əzəmət, vüqar.

Mən də başıaçıq, ayağıyalın

Yolunda can qoysam yenə az olar!

 

Əlbəttə, burada müəllifin məqsədi payına düşən nemətləri, öz qismətini göstərmək deyil, vətənin böyük səxavətlə öz övladlarına verdiyi maddi və mənəvi sərvətlərin müqabilində oxucularını qədirşünaslığa çağırmaqdır. Vətəni, daha qüdrətli, daha da zəngin görmək üçün səyləri artırmağa dəvət etməkdir.

"Aktyor dostumun söhbətləri" silsiləsində lirik qəhrəmanı sənətinin zirvəsində dayanan vətəndaş aktyor əvəz edir. Bu, əlbəttə, lirik qəhrəmanla yeni bədii surətin yerdəyişməsindən ibarət metamorfoza deyil, poeziyamız üçün təzə olan surətin mahiyyətindən doğan tələbatdır. Aktyor zəmanəmizin çox mürəkkəb əxlaqi-mənəvi problemləri ilə qarşılaşır, onları bütün varlığı ilə yaşayır; bu təmasdan daxili aləmi təlatümə gəlir, duyğu və düşüncələrində, mülahizələrində fəal həyat mövqeyi aydın təzahür edir. O, qədim ədəbiyyatdan, antik yunan sənətindən başlamış, müasir Azərbaycanın bədii təfəkkürünə qədər bəşər dramaturgiyasının bir çox görkəmli nümunələrinin səhnə tə-cəssümündə iştirak etmiş, öz qastrol səfərlərində dünya paytaxtlarını və çoxlu əyalət şəhərlərini gəzmiş, görüb-götürmüş adamdır. Bu obrazdan istifadə etməklə Ə.Kürçaylı bir növ lirik qəhrəmanın görüş dairəsini vüsətləndirmiş, hadisə, fakt və insanlara yeni, daha gur bir, işıq altında baxa bilmişdir. Şair ədəbiyyatımızm nailiyyətlərindən fərəhləndiyi kimi, onun qarşısında duran vəzifələrin böyüklüyünü də dərindən dərk edir, "Sənin əsərin" şerində öz aktyor dostımun dili ilə oxucunu müasir sənətin ciddi ideya-bədii problem-lərinə yönəldir.

 

Böyük bir yürüşə başlamışıq biz,

Bu yolun dönməyən igidləri var.

Onları göstərsin gərək səhnəmiz,

Onları göstərsin gərək sənətkar.

 

...Hanı səhnəmizin yeni Alması?

Hanı qalstuklu İmamyar, ay dost?

Onların bitməyib hələ davası,

Başqa görkəm alıb vuruşlar, ay dost.

 

Keçmiş muzdurlar var - zadəganlaşıb,

Keçmiş nökərlər var - ağalaşıbdır.

Qurdlar var - quzutək mehribanlaşıb,

Quzu var - qurd kimi həddin aşıbdır.

 

Bunları göstər ki, şanlı səfərdə

Buxov olmasınlar ayağımıza.

Böyük mətləblərdən doğur əsər də,

Kim gəlib tamaşa edər cılıza?

 

"Qəzəb", "Başçılar", "Futbol və Şekspir" bu silsilənin ən yaxşı şeirləri olub, daxili həsrəti, problemin yeniliyi və müəllif mövqeyinin aydınlığı ilə yadda qalırlar.

Fakt və hadisələrin mahiyyətinə varmaq, onları əsl poeziyanın predmetinə çevirib dərin ictimai mənasını açmaq Kürçaylı sənətinin məziyyətlərindəndir. "Çörək" şeri bu cəhətdən çox səciyyəvidir.

 

Mən hərb illərində son tikəsini

Yetim bir uşaqla bölən görmüşəm.

Yarıac oxuyub şən nəğməsini

Kədərli-kədərli gülən görmüşəm.

 

Kiminsə ağzından alıb bazarda

Qanı qiymətinə satan görmüşəm.

Çəngəli çörəklə aşxanalarda

Silib külqabına atan görmüşəm.

 

Qəhrəman aclığın məngənəsində

Sıxılıb dönsə də kibrit çöpünə,

Əqidə yolunda son nəfəsində

Düşmən tikəsini yeməyib yenə.

 

Ürəklə qazansan əgər çörəyi,

Demək o, qəlbinin şah nəğməsidir.

Bəlkə buna görə çörək ürəyin

Ən gözəl, müqəyyəd qafiyəsidir?!

 

Bu vasitə ilə şair bir tərəfdən bizə "çörəyin qədrini bilin, taxılçı əməyinə ehtiramla baş əyin!" deyirsə, digər tərəfdən də oxucusunu dərin düşüncələrə daldırır, insanın fəal həyat mövqeyi məsələsinə, mənəvi saflıq, təmiz vicdan, halal çörək kimi problemlərə öz aydın münasibətini bildirir.

"Qızım Ülkərə" ithafı ilə verilmiş "Düşüncələr" silsiləsində də məzmun və mahiyyətcə iki irəliki bölmənin motivləri üstünlük təşkil edir. "Bəzən düşünürəm: köhlən bir atam", "Bizim planet", "Vətən", "Torpağım" kimi şeirlər kamil insan, torpağa, kökə bağlılıq, ictimai borc haqqında düşüncələrinin bir-birinə bənzəməyən həyat materialı əsasında davamıdır. Bu silsiləni təşkil edən şeirlər arasında daxili məzmun vəhdətinə nail olmaq üçün şair onları formaca da bir-biri ilə bağlamışdır. Maraqlıdır ki, bu düzümdən olan hər bir şerin son beyti, misraların yerini dəyişmək şərtilə, özündən sonra gələn şerin ilk bəndində təkrar olunur. Bu beytlər elə zərgər dəqiqliyi ilə cilalanmışdır ki, hər iki halda (həm birinci şerin finalında, həm də ikinci şerin ekspozisiyasında) eyni dərəcədə təbii səslənir:

 

Büdrəsən qolundan tutar el özü,

Büdrəmək dönməsin ancaq vərdişə.

Kölgəli deyilsə insanın gözü,

Qara çeşməksiz də baxar günəşə.

"Vicdan" şerinin finalı

 

"Qara çeşməksiz də baxar günəşə,

Kölgəli deyilsə insanın gözü".

Mustafa müəllim dərsdə həmişə,

Belə başlayardı birinci sözü.

 

"Mustafa müəllim " şerinin ekspozisiyası

 

Ə.Kürçaylını ilk növbədə qoynunda yetişdiyi Muğan torpağı, Kür qırağı şair eləmişdi. Onun nəinki poema və şeirlərində, hətta məqalə və çıxışlarında da Azərbaycan torpağının bu füsunkar guşəsi, onun ecazkar gözəllikləri, tarixi keçmişi, bugünü ehtirasla tərənnüm edilmişdir. Şair öz palitrasındakı rənglərin, demək olar ki, ən zəiflərini sərf edərək təbiətin nadir hadisələrindən birinin baş verdiyi, yəni, iki çayın: Arazla Kürün qovuşduğu Muğanı vəsf etmiş, Azərbaycan torpağına da Babizənan dağının zirvəsindən baxmış, dünyanın ən uzaq guşələrinə səfərləri - uçuşları üçün məhz Muğanı özünə start meydanı seçmişdi. Onun təxəllüsü olan Kürçaylı sözünü də bu kontekstdə düzgün başa düşmək olar. Azərbaycan xalqının ictimai-siyasi həyatında, onun inkişafında baş verən bir sıra mühüm hadisələrə də şair Muğan, Kür obrazlarının prizmasından baxır, onlardan xüsusi fərəh duyğusu ilə bəhs edirdi. Azərbaycanın fərhad biləkli övladları Kür suyuna yol açıb onu Bakıya gətirdilər, yay aylarında paytaxtımızın, onun sakinlərinin abi-kövsərə olan ehtiyacını xeyli dərəcədə ödədilər. Özünü həmişə minnətdarlıqla Muğan oğlu, Kür övladı hesab edən şair o zaman bu hadisəni belə incəliklə mənalandırmışdı:

 

Kürüm, Ərzurumdan Muğana kimi

Axdın, nə yoruldun, nə də dincəldin.

Ordan da vəfalı bir ana kimi

Oğlunun dalınca Bakıya gəldin...

 

Kitabdakı "Kəndimiz", "Anamın əlləri", "Kəndimizin gözəli" kimi şeirlər Muğanın poetik salnaməsinə salınmış bənzərsiz naxışlar sırasında həmişə öz təravətilə seçiləcəkdir:

 

Burda çöl ceyranlı, səma turaclı,

Yulğunlar ucalıb meşələnibdir.

Burda sürü izi, orda at nalı,

Ətəkdə turaclar eşələnibdir.

 

Torağay torpağı ayaqlarıyla

Çörək üzü kimi naxışlayıbdır.

Təbiət rəngləri çalarlarıyla

Bizim kəndimizə bağışlayıbdır.

 

... Burda oğullar var, qız ismətlidir,

Burda qızlar da var, oğul kimi mərd.

Analar lap Muğan təbiətlidir,

Yaz kimi mülayim, payız kimi sərt.

 

Təbiətin gözəlliyi haqqında poeziyamızın ən səmimi sözlərindən ibarət bir antologiya tərtib edilsəydi, bu parça seçmə söz kimi oraya daxil edilə bilərdi. Lakin şair kəndə yalnız təbiət gözəlliyi, idilliya mənbəyi kimi baxmır. Kürçaylı poeziyasının ən dəqiq gözəllik meyarı insanın xalq, cəmiyyət arasında böyük ehtirama layiq vüqarıdır. Hansı sahədə çalışmasından, yaşından, ictimai mənşəyindən asılı olmayaraq, şairin başlıca surətlərinin demək olar ki, hamısı onun əsas estetik idealının daşıyıcılarıdır. Büllur kimi təmiz məhəbbət, ləkə götürməyən vicdan, ictimai borca sədaqət, düzlük, paklıq Kürçaylının qəhrəmanları üçün ən səciyyəvi əlamətlərdir.

Kürçaylının təbiət gözəlliklərinin tərənnümündən ibarət olan əsərlərinə yaxşı mənada əhval-ruhiyyə şeirləri demək doğru olardı. "Elə bil ki, meşəyə yaşıl rəng dağıdıblar", "Söyüd", "Meşənin sükut dolu qucağında durmuşam", "Peredelkino" kimi əsərlərin hər biri insanın zəngin, rəngarəng duyğular aləmindən, insan əhval-rahiyyəsinin bir çalarından, bir məqamından xəbər verir. Buludlu, çiskinli hava, yağışlı gün adətən qəm-qüssə gətirir, kəsalət oyadır. Lakin sən demə, yağışlı gecə insan qəlbində özgə bir büsat qurmağa da, şən, şux duyğular oyatmağa da qadir imiş. Bunu "Lövhə" şerindəki oynaqlıq, ahəngdarlıq, təkrirlərin gözəlliyindən doğan cazibədarlıq da sübut etməkdədir:

 

Səmada dövrələnirkən buludların düzümü

Zillədim göylərə həsrətlə yol çəkən gözümü.

İldırımlar mənə göstərdi nurlu gündüzümü.

 

Sübhədək mən belə süzdüm bahar yağışlarını,

Saplı mirvaritək üzdüm bahar yağışlarını,

Güllərin boynuna düzdüm bahar yağışlarını.

 

"Dəmirağac" şerində bütün dünyanın ən nadir bitkisi olub, deyilənə görə, yalnız Azərbaycanda bitən bu ağacın əlamətləri böyük bir aludəliklə təsvir olunur. Hamı bilir ki, dəmirağac çox dözümlü, davamlıdır, odda yanmır, suda batmır, ona mismar vurmaq çətindir. Lakin dəmirağacın bu mühüm keyfiyyətləri şeirdə gəlişigözəl sadalanmır. Həmin yüksək keyfiyyətlər şairin xəyalında vətən torpağının yenilməzliyi ilə assosiasiya doğurmuş, onu sehrləmişdir:

 

Bir damcı su içsə bir il bəsidir:

O, hansı bulaqdan gileylənibdir?!

Sanki bu diyarın iradəsidir,

Dəmirlə yoğrulub, zirehlənibdir.

 

"Qəmli hekayətim düşdü dillərə" qəbilindən olan şeirlərdə Kürçaylı insanı ucaldan, saflaşdıran məhəbbəti tərənnüm edir. Burada uğurlu məhəbbətdən doğan coşqunluqla yanaşı, uğursuz sevginin acıları da öz əksini tapmışdır. Xüsusən, aşağıdakı misralarda bakir duyğuları cavabsız qalan lirik qəhrımanın daxili aləmi, təsirli vasitələrlə açılmışdır.

 

Mən bir qəm şələsi aldım dalıma,

Qalxdım yamacıma, endim yalıma.

Bir üzüdönükçün mənim halıma

Ceyran çöldə yanar, qartal qayada.

 

Mən neçin onunla gəldim üz-üzə?

Dərdim əlli idi, çatdırdı yüzə.

Sirrimi söylədim çaya, dənizə,

Ahımdan od düşdü axar suya da!

 

Ürək yanğısı ilə yazılmış bu bəndlərdən şifahi xalq ədəbiyyatımızın kamil nümunələrinin, gözəl bayatılarımızın ətri gəlir. Ümumiyyətlə, Kürçaylı xalq ədəbiyyatını, klassik poeziyanı yaxşı bilir, əsərlərində bu intəhasız xəzinədən yaradıcı yolla faydalanırdı. Şairin bəzi şeirlərində rast gəldiyimiz aforizm təsiri bağışlayan misra və beytlər də öz ruhu etibarı ilə xalq şeri qaynaqlarını andırır.

 

Vətən intəhasız, ömür azdı, az.

Bu qısa ömür də keçməsin hədər.

Adam səadəti evə çağırmaz,

Adam səadətin dalınca gedər!

 

Bu deyilənlər poeziyada sənətkarlığın ən mühüm təzahürlərindən olan dil üzərində işləmək problemi ilə bağlıdır. Bir çox hallarda Kürçaylı şerinin dili o qədər axıcı, rəvan və təbiidir ki, onların az qala, Aşıq Ələsgərin ifadəsi ilə desək, elə "qüdrətdən" bu cür yarandığına inanmaq istəyirsən.

 

Fələyin qəhrinə şeri, sözüylə

Ağladı Natəvan, güldü Natəvan.

Elin kədərini, elin özüylə

Yavan tikə kimi böldü Natəvan.

 

Camalı bir günəş, üzü aypara,

Saçları gecənin gözündən qara.

Vəfasız dövrana, vəfasız yara

Söz qoşan yanıqlı dildi Natəvan.

 

Qəlbinə söylədi güntək yaşa, yan!

Qalar el içində yanıb, yaşayan.

Dönüb tunc heykələ gözəl Şuşadan

Bakının qoynuna gəldi Natəvan.

 

Burada müvəffəqiyyəti təkcə forma tələblərinə riayət olunması təmin etməmişdir. Qoşmada birinci növbədə Kürçaylının Natəvan yaradıcılığına münasibəti özünün maraqlı ifadəsini tapmışdır. Şair haqlı olaraq bu qənaətdədir ki, Natəvanın əsərlərindəki dərin kədər duyğuları heç də onun yalnız şəxsi həyatının, ailə faciəsinin, sinəsinə çəkilmiş oğul dağının inikası deyil. Natəvanın sənətində həm də yoxsulluq, gerilik, cəhalət içrə qalmış o zamankı Azərbaycan kəndinin, elin, obanın dərdi, faciəsi səslənir. "Elin kədərini elin özüylə Yavan tikə kimi böldü Natəvan" beyti çox təbii və bədii cəhətdən mükəmməldir. Qoşma oxucunu o haqsızlıq və cəhalət aləminin cansıxıcı quzeyindən təqribən yüz il sonrakı dünyamızın güneyinə, yaşadığımız günlərin Bakısına gətirir.

Tarixdən, əfsanədən aldığı motivləri işləyəndə də Ə. Kürçaylı onların əsiri olmur, ədəbi, tarixi, mifoloji mənbələrdən yaradıcılıq yolu ilə faydalanırdı. Şair əfsanənin qanadların ərşi-əlaya qaldırdığı oxucusunu ilk baxışda gözlənilməz hesab olunan süjet dönümü ilə yenə də yerə, müasir beynəlxalq hadisələrin ən qaynar nöqtəsinə sala bilirdi. Qədim yunan əfsanələrindən birində deyilir ki, qaçaq Prokrust əlinə keçən yolçuları soymaz, qarət etməz, lakin əvəzində onları dəhşətli bir sınağa məruz qoyarmış. Kimin boyu boyundan uzun olsa, kəsib öz boyu ilə bərabərləşdirərmiş, boyu gödək olanları isə xüsusi dəzgaha salıb dartar, uzadarmış... Bir sözlə, Prokrustun beynində belə idbar, idiot bir qənaət yuva salıbmış ki, "gərək hamının boyu mənim boyuma bərabər ola, nə artıq, nə də əskik!" Kürçaylı bu qədim rəvayətin dumanları arasından bəşər tarixinə nəzər salır, Prokrust meyarlı hakimləri silkələyir, onların bizimlə müasir olan həmtaylarını rüsvayçılıq sütununa bağlayırdı:

 

O vaxtdan illər keçib, dəyişibdir zamana,

Başqa prokrustlar gəlib indi cahana.

Onlar qaçaq deyildir, əllərində hökm var,

Onlar beyin kəsirlər, fikir tarazlayırlar.

Deyirlər mənim kimi düşün, anla, danış, din,

Fikirlər eyni olsun mənim fikirlərimin.

Mənim kimi nəğmə de, mənim kimi oxu, yaz.

Mənim fikirlərimin fovqündə durmaq olmaz!

Düşüncələr, duyğular bir qəlibə salmır,

Qəlibə sığmayandan min intiqam alınır.

Dühaların kitabı tonqallara çatılır,

İşıq dolu beyinlər zindanlara atılır.

Prokrast hər əsrdə bir cür çıxıbdır üzə -

Gözləri oya-oya, başları üzə-üzə.

Prokrustlar, "ənəlhəq" söyləyəndə Nəsimi,

Dərisini çıxartdı əynindən köynək kimi.

Cordano Brunonu, Qalileyi, Yan Qusu

Onlar salmaq istədi fikir qəliblərinə.

Neçə nəmli zindanda bu gün mərdlər qan qusur,

Zəkalar qılınc kimi qına salınır yenə.

Bu gün qandal vuraraq düşüncəyə, beyinə

Prokrustlar dünyada hökmfərmandır yenə.

 

Ə.Kürçaylının "İnsan həsrəti", "Uşaqlıq", "Durnalar cənuba uçur", "Adi adam", "Ana" və s. poemalarında tariximizin və müasir varlığın geniş epik lövhələrdə, maraqlı insan taleləri əsasında əks etdirildiyini görürük.

Biz burada rus və dünya poeziyasından etdiyi tərcümələrlə bağlı bircə onu qeyd edək ki, gözəl rus şairi Sergey Yeseninin yaradıcılıq səltənətinin açarını bizə verdiyi üçün, onun üç kitabını məhəbbətlə dilimizə çevirdiyi üçün Azərbaycan oxucuları Kürçaylının sənətkar əməyinə minnətdardırlar. Bu sahədə onun ən böyük xidmətlərindən biri də dahi italyan şairi Aligyeri Dantenin "İlahi komediya"sını tərcümə edib Azərbaycan oxucularına çatdırmasıdır.

Əliağa Kürçaylı gözəl poeziya kitablarından, orijinal tərcümələrindən, şirin mahnılarından ibarət qiymətli bir irs qoyub getmişdir. Onun vaxtsız ölümünün qəlbimizdə oyatdığı dərin kədərin ən böyük təsəllisi bu əsərlərin zaman keçdikcə kəsb etdiyi yeni həyat qüvvəsi olacaqdır.

Şeirlərindən birində Kürçaylı yazmışdır:

 

Vurğunam insanın səadətinə,

Onun dözümünə, mətanətinə,

Çıxıram qəlblərin səyahətinə

- Ən böyük səfərim hələ daldadır!

 

İstəkli qələm dostumuz özü bu gün sıralarımızda olmasa da, qiymətli əsərləri səfərindən qalmayacaq. Onların son mənzili, son dayanacağı həmişə oxucuların könül aləmi olacaqdır.

 

Bəkir NƏBİYEV

akademik

  

Ədəbiyyat qəzeti.- 2013.- 4 oktyabr.- S.4, 8.