Klassik ədəbiyyatın

yorulmaz tədqiqatçısı

 

Azərbaycan ədəbiyyatşünaslıq elmində klassik ədəbiyyatın tanınmış tədqiqatçıları sırasında AMEA-nın müxbir üzvü Teymur Kərimlinin özünəməxsus yeri vardır. Teymur Kərimli qədim dövrorta əsrlər Azərbaycan ədəbiyyatının böyük tədqiqatçıları nəslinin yeni nümayəndəsidir. Ölkəmizin müstəqillik epoxasında klassik ədəbiyyatın tədqiqi, nəşrin tədrisi və təbliği sahəsində Teymur Kərimlinin ardıcıl və səmərəli fəaliyyəti qabarıq şəkildə nəzərə çarpır.

AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor Teymur Həşim oğlu Kərimov 1953-cü il oktyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun ucqar dağ kəndlərindən və Kiçik Qafqazın ən uca zirvələrindən biri olan Qazangöl dağın ətəyində, Ordubad Göy gölünün sahilində yerləşən Nürgüd kəndində anadan olub. 1960-1964-cü illərdə Nürgüd kənd ibtidai məktəbində oxuyan Teymur Kərimov təhsilini Sumqayıt şəhər 12 saylı məktəbində və Bakıda riyaziyyat təmayüllü 5 saylı internat-məktəbində davam etdirmiş, orta məktəbi qızıl medalla bitirmişdir (1970). Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirdikdən sonra (1975) təyinat üzrə Kəlbəcər qəsəbə 2 saylı orta məktəbində Azərbaycan dili və ədəbiyyatı, rus dili müəllimi olaraq pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Daha sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb (1977-1980). «Nizamidə tarixin romantik qavrayışı («Yeddi gözəl» poeması üzrə)» mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyası (1983) elmi ictimaiyyətin böyük marağına səbəb olub. «Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi» mövzusundakı doktorluq dissertasiyası müdafiəsi (2003) ilə o, böyük elmdə öz mövqeyi olan yeni nəslin istedadlı nümayəndəsi kimi tanınmışdır.

Göründüyü kimi, AMEA-nın müxbir üzvü Teymur Kərimli əsasən qədim dövrorta əsrlər ədəbiyyatı üzrə görkəmli mütəxəssisdir. Teymur Kərimlinin Nizami Gəncəviyə aid tədqiqatlarında bu böyük sənət dühasının əsərləri onun özünəqədərki tarixlə və öz dövrünün tarixi hadisələri və şəxsiyyətləri ilə birlikdə öyrənilmişdir. Teymur Kərimli qüdrətli sənətkar olan Nizami Gəncəviyə də dahi şair olmaqdan başqa həm də böyük tarixi şəxsiyyət kimi yüksək qiymət vermişdir. Teymur Kərimliyə görə, Nizami Gəncəvinin ölməz «Xəmsə»si yazıldığı dövrə qədərki möhtəşəm hadisələrin və şəxsiyyətlərin böyük ədəbiyyat vasitəsi ilə yazılmış tarixi, yarandığı dövrün isə mükəmməl ədəbi salnaməsidir. Böyük şairin haqqında bəhs etdiyi bir çox hadisələrin və şəxsiyyətlərin tarixini dəqiqləşdirmək üçün Teymur Kərimli qədim tarixi qaynaqlara, nadir əlyazmalarına müraciət etməklə tarix elmi və mətnşünaslıq üçün də əhəmiyyətli işlər görmüşdür. Ərəb fars dillərini bilməsi, müxtəlif xətt növlərində yazılan əlyazmalarını, divan nüsxələrini oxumaq imkanlarına malik olması Teymur Kərimlinin nizamişünaslıq tədqiqatlarında ədəbi-nəzəri düşüncə ilə tarixi təfəkkürün sintezi əsasında formalaşan qənaətlərin meydana çıxması ilə nəticələnmişdir. Beləliklə, Teymur Kərimli tarixçi biliklərinə malik olan geniş dünyagörüşlü ədəbiyyatşünas alim səviyyəsində diqqəti cəlb edir. 2002-ci ildə işıq üzü görmüşNizamitarix” monoqrafiyasında qarşıya qoyduğu və həll etdiyi elmi problemlər haqqında söz açan müəllif yazır:

Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə problemlərini müasir ədəbiyyatşünaslığın və tarixşünaslığın işığında nəzərdən keçirmək, indiyə qədər vulqar-sosioloji planda araşdırılmış problemlərə bir daha qayıtmaq və onlara obyektiv qiymət vermək, bizə qədər salınmış cığırları genişləndirmək, şairin öz sözləri ilə desək, «ləl qırıntılarından nə isə yonmaq» məqsədilə yazılmış bu monoqrafiyada əsas məqsəd kimi dahi həmyerlimizin ölməz sənətinin qlobal əhəmiyyətini daha bir rakursdan açmaq qarşıya qoyulmuşdur. Nizamitarix probleminin araşdırılmasında indiyə qədər nəzərdən qaçmış bəzi problemlər - məsələn, Nizaminin hətta tarixi olmayan mövzuda da tarixilik məsələlərini qoyub həll etməsi, bütün yaradıcılığının ana xəttini tarixiliyin təşkil etməsi, fərdin özünü də bəşər tarixi kontekstində götürməsi, şairin əsərlərində real tarixlə mifik-mistik-romantik tarixin çulğaşaraq ümumi ana məqsədə xidmət etməsi, Nizami poetik sənətinin tarixiliyiNizaminin tarixi poetikası problemis. və i.a. açıqlanması vacib mətləblər monoqrafiyada öz əksini tapmışdır. İmkan daxilində onları həll etməyə, heç olmasa, bu məqsədə yaxınlaşmağa çalışdıq.” Əsəri oxuduqca bu çalışqanlığın uğurlu nəticələr verdiyinin şahidi oluruq.

Böyük Azərbaycan şairi Məhəmməd Füzuli haqqındakı tədqiqatlarında Teymur Kərimlinin ədəbiyyatşünaslıq təcrübəsinin tarix yönlü axtarışlarla və mətnşünaslıq işi ilə əlaqəli şəkildə təzahürü mövzunun, problemin köklü, əsaslı şəkildə təqdiminə şərait yaradır. Teymur Kərimli ustad Füzulinin tərcümeyi-halını, şairin qaldırdığı problemləri onun dövrü fonunda təqdim etməklə sənətkar və zaman münasibətlərini tambütöv halda göstərə bilir və zəruri elmi ümumiləşdirmələr aparmağa nail olur. Xüsusi halda alimin belə bir fikri maraq doğurur ki: “Mövlanə Məhəmməd Füzuli XVI yüzillik Azərbaycan ədəbiyyatının yetirdiyi elə nadir şəxsiyyətlərdəndir ki, onun yaradıcılığı təkcə öz dövründə məşhur olmaqla qalmamış, həm də 500 ildən bəri türk dilinin anlaşıldığı bütün məkanlarda lirik-fəlsəfi poeziyanın irəliyə doğru inkişafında öz müsbət təsirini göstərmişdir. Füzuli insan həyatının məişət qayğılarını bu həyatın ülvi dünyasına transfer etməyin böyük ustadıdır.”

Füzulinin bədii irsinin transliterasiyası və nəşri məsələlərində isə Teymur Kərimli mükəmməl mətnşünaslıq bacarığına malik olduğunu nümayiş etdirir. Füzulinin müxtəlif əlyazma divanlarına bələd olan Teymur Kərimli vaxtilə şairin əski əlifba ilə nəşr olunmuş əsərlərinin də müqayisəsini apararaq yekun qənaətlərə gələ bilmiş, Füzuli babamızın şeirlərinin orijinalını, ən azı mənanın-mətləbin mətndə doğru-düzgün səslənməsinin təmin edilməsi baxımından ciddi əməliyyat işi həyata keçirmişdir. Bu məqamda Teymur Kərimlinin ümumiyyətlə, klassik ədəbiyyata dərindən bələdliyi də öz sözünü demişdir. «Görünməyən Füzuli»də Teymur Kərimli həm mükəmməl qədim və orta əsrlər ədəbiyyatı tədqiqatçısı, həm də çox sərrast mətnşünas səviyyəsində görünür. Ustad Füzulinin «Hədiqətüs-süəda» əsərinə həsr olunmuş tədqiqatlarında da o, ədəbi-tarixi həqiqəti aşkara çıxarmaq üçün ədəbiyyatşünaslıqla yanaşı, gerçək bir mətnşünas səriştəsi də nümayiş etdirir. Heç şübhəsiz, hazırda tamamlamaqda olduğu «İmadəddin Nəsimi» monoqrafiyası da çoxillik təcrübənin və çoxaspektli yanaşmaların zəminində formalaşan əhəmiyyətli bir elmi əsər kimi meydana çıxacaqdır.

«Heydər Əliyev və klassik ədəbiyyat» adlı professor Vilayət Quliyevlə birlikdə yazdığı geniş həcmə malik sanballı monoqrafiyası Teymur Kərimlinin qədim dövrorta əsr ədəbiyyatını (və ümumiyyətlə ədəbiyyatı) siyasi cəhətdən də təhlil edib dəyərləndirmək istiqamətində də səriştəli olduğunu nəzərə çarpdırır. Bütün bunlar Teymur Kərimlinin hazırda ölkəmizdə klassik ədəbiyyatın öyrənilməsinin əsas «yükünü» daşıyan və bu işi təşkil etməyə məsul olan səviyyəli bir tədqiqatçı alim olduğunu nümayiş etdirir. Bununla belə, Teymur Kərimli bütövlükdə klassik ədəbiyyat ağırlıqlı və ümumiyyətlə ədəbiyyat haqqında ciddi elmi söz demək səriştəsi və səviyyəsi olan bir ədəbiyyatşünasdır. XIX-XX əsrlər və müasir dövr ədəbiyyatının ayrı-ayrı nümayəndələri haqqında yazdığı portret oçerklər, icmallar, resenziyalar Teymur Kərimlinin ədəbiyyatşünaslıq görüşləri haqqında tam elmi təsəvvür yaratmağa imkan verir. «Molla Nəsrəddin» və «füyuzat» jurnallarının latın qrafikası ilə nəşrinin redaktoru kimi səmərəli xidməti də onun ədəbiyyatşünaslıq üzrə fəaliyyətinin genişliyini nəzərə çarpdırır.

Bundan başqa Teymur Kərimli Azərbaycan Milli Ensiklopediyasının xüsusi cildindəki «Azərbaycan ədəbiyyatı» və «Ədəbiyyatşünaslıq» oçerklərinin, orta ümumtəhsil məktəblərinin onuncu sinifi üçün «Ədəbiyyat» dərsliyinin həmmüəllifi kimigeniş elmi dünyagörüş nümayiş etdirir. Ardıcıl olaraq elmi yaradıcılıqla məşğul olduğunu, hətta cəsarət edib «Hicran ömrü» adlı şeir kitabını nəşr etdirdiyini də nəzərə alsaq, onda Teymur Kərimlinin ədəbiyyatçı obrazı geniş mənada tamamlanmış olar.

AMEA-nın müxbir üzvü Teymur Kərimli həm də görkəmli adamların həyatından bəhs edən JZL (Görkəmli Adamların Həyatı) tipli maraqlı əsərlərin müəllifi kimiözünü təsdiq etmişdir. Teymur Kərimlinin JZL-lərində əsasən tanınmış elm xadimlərinin həyatı və fəaliyyəti bütün zənginliyi və genişliyi ilə öz əksini tapır. Bu janrda qələmə aldığı əsərlərində də o, şəxsiyyəti tarixilikmüasirlik baxımından, həm də hərtərəfli şəkildə təqdim etməyi bacaran elmşünas qismində diqqəti cəlb edir. «Akademik Akif Əlizadə: İstedadla enerjinin harmoniyası» (2004), bu sətirlərin müəllifinə həsr edilmiş «Şərqin qapısından dünyaya» (2009), akademik Bəkir Nəbiyevdən bəhs edən «Gözəllərin axıra qalmışı» (2010), «Akademik Əhməd Mahmudov» (2013) kitablarındakı elmi təhlillərin roman təhkiyəsi elementləri ilə zənginləşdirilməsi janrın yüksək tələblərinə cavab vermək mənasında düşünülmüş yanaşma kimi mühüm əhəmiyyət kəsb edir. Teymur Kərimlinin JZL-ləri Azərbaycan elmşünaslığının qiymətli nümunələri olaraq da dəyərlidir.

Artıq dörd cildi işıq üzü görmüş altıcildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin baş redaktorunun müavini, Moskvanın «Xudojestvennaya literatura» nəşriyyatında rus dilində çap olunan «Azərbaycan ədəbiyyatı klassikası» seriyasından I (2009), II (2010), III (2011), IV (2012) cildlərin ön sözlərinin həmmüəllifi (akademik Bəkir Nəbiyevlə birlikdə), böyük romantik şair Hüseyn Cavidin 5 cildlik külliyyatının redaktoru kimi apardığı işlər, Teymur Kərimlinin nəşriyyat və redaktə işindəki fəaliyyətinin uğurlu nəticələrindəndir.

AMEA-nın müxbir üzvü (2007), professor (2010) rütbələrini daşıyan Teymur Kərimli Azərbaycan Respublikası Prezidentinin 26 may 2010-cu il tarixli sərəncamı ilə «Heydər Əliyev və Azərbaycan ədəbiyyatı» kitabına görə B.Nəbiyev, M.Qasımlı, V.Quliyev, N.Cabbarlı və N.Şəmsizadə ilə birlikdə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavid irsinin öyrənilməsi və təbliğində də Teymur Kərimlinin xidmətləri qeyd olunmalıdır. O, 2005-ci ildə Hüseyn Cavid külliyyatının Turan Cavid tərəfindən tərtib edilmiş və Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 25 min tirajla nəşr edilmiş beşcildliyinin redaktoru və lüğətin həmmüəllifi olmuşdur. Beşcildliyin 2007-ci ildə işıq üzü görmüş yeni nəşrində redaktorön sözün həmmüəllifidir. «Hüseyn Cavid yaradıcılığında Qərb və Şərq» (Aida İmanquliyevanın xatirəsinə həsr edilmiş Beynəlxalq konfransın materialları. Bakı, 2006) məqaləsinin müəllifidir. «Cavid hikməti. Seçmə aforizmlər» (Bakı, 2007) kitabının redaktoruön sözün həmmüəllifidir. On cildi çapdan çıxmış «Cavidşünaslıq» seriyasının, 6 cildlik Füzuli külliyyatının, 2 cildlik Nəsimi külliyyatının, 12 cildlik «Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid» nəşrinin və bir çox başqa klassik sənətkarların əsərlərinin redaktorudur.

Bədii tərcümə sahəsində də qələmini uğurla sınamış alimin farsrus dillərindən çevirdiyi bir sıra bədii və elmi kitablar ədəbi mühitin marağına səbəb olmuş və hüsn-rəğbətini doğurmuşdur.

Teymur Kərimli AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA Humanitarictimai elmlər bölməsinin büro üzvü kimi səmərəli fəaliyyət göstərir.

Bakı, Kazan, Dərbənd, Ankara, Təbriz, Tehran, Bağdad, Marağa, Urmiya, Hələb, Dəməşq, Daşkənd, Budapeşt, İstanbul, Milan, Dehli şəhərlərində keçirilən müxtəlif mövzulu Beynəlxalq konfranslarda klassik Azərbaycan ədəbiyyatının aktual problemləri barədə maraqlı məruzələrlə çıxış etmiş, Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Beş ildən bəri Azərbaycan Dövlət Televiziyasında müntəzəm fəaliyyət göstərən və Azərbaycan klassik ədəbiyyatının dünyada təbliğ edilməsində mühüm rol oynayan «Məclisi-üns» verilişinin daimi üzvü olaraq etdiyi çıxışlar böyük tamaşaçı auditoriyasının rəğbətini qazanmışdır.

AMEA-nın müxbir üzvü Teymur Kərimli hazırda «İmadəddin Nəsimi», «Nizamitürklük», «NizamiŞekspir» monoqrafiyaları üzərində tamamlama işləri aparır. Rəhbəri olduğu doktorantlara elmin böyük yollarına çıxmaq üçün göstərdiyi qayğı klassik ədəbiyyatın tədqiqi ilə məşğul olan yeni nəslin formalaşmasına uğurla xidmət edir.

AMEA-nın müxbir üzvü Teymur Kərimli 60 yaşını yorulmaz elmi fəaliyyəti, Azərbaycan elminin daha böyük inkişafına ünvanlanan yeni yaradıcılıq axtarışları ilə qarşılayır. Yaradıcı fəaliyyətə ürəkdən bağlılıq, dərin məsuliyyət hissi, təmkinli bir həyat eşqi Teymur Kərimlini daha böyük elmi uğurlara doğru aparır.

 

İsa HƏBİBBƏYLİ

AMEA-nın vitse-prezidenti, akademik

 

Ədəbiyyat qəzeti.- 2013.- 4 oktyabr.- S.5.