Mənim validolum

 

Bu fikir mərhum şairimiz Əhməd Cəmilə məxsusdur.

Bir dəfə səhhətini soruşanda dedi: "Nəvəm mənim validolumdur. O, bizə gələndə bütün ağrılarımı unutdurur". Bir neçə ildən sonra bu hiss mənə də doğmalaşdı. Həmin fikri yazıya çevirməyə çalışdım.

 

Mənim validolum körpəcə nəvəm...

O gəldi - ürəyim ağrını danır.

O gəldi - çay gəlir, çöl gəlir evə,

Olur otağım futbol meydanı.

At kimi çullayır yazı masamı,

Açıb qayışımı cilov düzəldir.

"Quyruğu bəs hanı?

Yalı bəs hanı?

Yox, belə at olmaz!" - xoşuna gəlmir.

Kağıza bığ çəkir: uzun bığ, eşmə.

"Qoy, - deyir, - babacan, çənəndən asım,

Qara bığlarını buna dəyişmə,

Qoy elə saqqalın bığ da saxlasın".

Sualın aramı, uyğusu yoxdur:

"Niyə qaranlıqda ulduzlar azmır?"

"Bəs niyə pişiyin buynuzu yoxdur?"

"Göy niyə tökülmür?"

"Yer niyə aşmır".

Kiminsə kəlamı yadında qalıb;

Mən tutqun olanda dillənir balam:

"Günəş güləyəndir,

Ay qaşqabaqlı...

Birisi nənəmdir, birisi babam".

Mənim validolum, - körpəcə nəvəm,

Həniri gəldimi - qəm itkin düşür.

 

O gəldi - çay gəlir, çöl gəlir evə

Gözümə, könlümə gün ilkin düşür.

Boyuna boy alım, oda varmağa

Adına ad verim: qeyrət səngəri!

Mən qoca qoruqçu vəzifəsində -

Sən ana dilimə sərhəd əsgəri

Suya yönəlməyə, oda varmağa

Qolum, qanadım ol, ey körpə nərim!

Üfüqdən-üfüqə od aparmağa

Gözündən qığılcım gözlər gözlərim.

 

Borc

 

Dönüb, ömrün qürubuna baxıram hərdən,

Zarıdığım, sızladığım çağlar olubdu.

Qələmimə, varlığıma göz yaşı həmdəm,

Göz yaşımın sirdaşı da çaylar olubdu.

 

Kədərimlə yük olmuşam bir kədərliyə,

Qolsuz olub - dişləriylə qolumdan tutub.

Bir sünbüldən bir sütüllük dən alım deyə -

Qılçıq dartan qarışqalar əlimdən tutub.

 

Həkim olub - çarpayımda ölüm küsdürüb,

O, inama ovsun deyib, ölümə gürzə.

Sinəsindən doğru donlu yalan püskürüb

Gümanımı inamıma şübhəli görsə.

 

Çağrışıma uşaq kimi yüyürən qadın,

Tez ələyib,

Yox eləyib dərdi-sərimi,

Gözsüz olub - ürəyinin gözünü qatıb,

Ümid verib: necə xoşca,

necə səmimi!..

 

Ünvanıma yarpaq-yarpaq şeirlər yağıb,

Hər alqış da qələmimə bir söykənəcək!

Bu torpaqdır bu gün mənim ilham çırağım,

Bilməm sabah yazılıb,

söylənəcək!..

 

Borcu borcla qaytarmazdı bizim babalar,

Yaxşılığı yaxşılığa xırdalamazlar!

Bu özüldən ucalıbdı bizim qalalar,

Bunu yazsa -

Mənim kimi bir şair yazar.

 

İndi mənim bir borcum var:

Borclu qalmayam -

Ağlar, sızlar anlarımı

yığam bir yerə,

Özəyində qəlbim olan tonqal qalayam,

Boz külünü yem eləyəm quduz yellərə.

 

Ünvanımı tanımasın

Qəm adlı o çən, -

Gündoğandan günbatana qolumu açam.

Deyəm: indi qalan ömrü zərrəsinəcən,

Ölümlərə

baş əymədən yaşayacağam...

 

Saç ağartdım

 

Saç ağartdım: söz yolunda,

Sevda yolunda.

Təsbeh kimi dənələndim qovğa yolunda,

Yolağasız yolçu gördüm dünya yolunda,

Saç ağartdım,

Saç ağartdım.

 

Bir üzə üz söykədim, qubarım itdi,

Hansı qəlbə qıfıl asdım - açarım itdi.

Boz dumanla həmdil oldum, qatarım itdi.

Saç ağartdım,

Saç ağartdım.

 

Qara kölgəm güzgü bilib divara sindi,

Buz sinəmi elə sıxdım, divar isindi.

İsmi dönük, divar dedim, divar "isim"di...

Saç ağartdım,

Saç ağartdım.

 

O ürəkmi? Çaylağı boş, dəhnəsi boşdu?

Duz-çörəyi tapdayanın təhnəsi boşdu, -

Söz anlamaz boyadımış bayatı qoşdu,

Saç ağartdım,

Saç ağartdım.

 

Dil yalandan damla içsə - düzü ağarmaz,

Göz gülürsə, goz yaşının duzu ağarmaz,

Araz boyu ha daş çapdım - izim ağarmaz...

Saç ağartdım,

Saç ağartdım.

 

Vəzifə. İnsan...

 

Vəzifə insana şan-şöhrət deyil,

İnsan vəzifəyə şöhrət olmalı.

                  Bəxiyar Vahabzadə

 

Keçərdin göylərin yeddi qatından,

Çağlayan çağında çağa düşdün!

Ayağın üzüldü mənsəb atından,

Ayağın üzüldü -

Ayağa düşdün.

 

Gödənə göz tikən ağlın qudurdu;

Bilmədin haqq-nahaq ata malıdır.

Yıxdığın payındı yıxıldı, durdu,

Növbə yıxanındır - yıxılmalıdır.

 

Yolun əvvəlində görünmür sonu,

Bu gülünc sonluğa gülməzdim onda.

Sağ gözün sol gözə qonşuluğunu

Bilməli olsan da, bilməzdin onda.

 

Devikmə, təntimə, özünü yolma,

Yoxdu ötürmələr, qarşılamalar.

Bu həmin qatardı, həmin yolunan...

Bu həmin adamlar, o qarışqalar...

 

Özün öz gəzənin, özün itiyin,

Bir daş yaddaşında izin qalıbsa,

Qonşu pişiyinin, qonşu itinin

Üzünə baxmağa üzün qalıbsa,

Səhərlər eyvana çıxmağa qorxma,

Üfüqə, günəşə baxmağa qorxma.

İndi öz hökmünlə ev dustağı sən,

Üzü dönüklərə dönükdür bu xalq.

 

Əyil, sürt üzünə bu torpağı sən,

Əyilsən, bağışlar, böyükdür bu xalq.

Bir dən bitirmədi öz alın tərin,

Yox günəş zərrəsi qanında, yazıq.

Yazıqdı yaşmaqlı pəncərələrin,

Dost əli açmayan qapın da yazıq.

Bu dəniz kimliyin fərqinə varmaz,

Cəmliyin, kəmliyin fərqinə varmaz.

Hərdən çıx sahilə ayaq gəminlə,

Su səni daşlamaz, meh səni yıxmaz.

Cavanlıq dostların şeş-beş dəmində,

Vəzifə dostların sahilə çıxmaz.

Mənəmlik, hərislik gözdən tük qapar -

İnsan alçalanda, insan enəndə.

Vəzifə çapardır, kəmfürsət çapar,

İnsan öz əliylə yəhərlənəndə.

Vaxt olur vicdanın səsi baş yarır,

Onda keçmişini çağır - gələcək.

Hərdən çək özünü,

Çək gözəyarı,

Gör hansı tərəfın ağır gələcək...

 

Duyarmı eyhamı söz duymaz, qalın,

İnsanlıq ən qədim qoruqdu yerdə.

Vəzifə itəndə insanlıq qalır,

İnsanlıq itibsə - yer yoxdu yerdə!

 

Məmməd Araz

  

Ədəbiyyat qəzeti.- 2013.- 4 oktyabr.- S.5.