Dekameron
(IV
gün, Giriş)
Bu il dünya ədəbiyyatının klassiklərindən biri, italyan intibahının görkəmli nümayəndəsi Covanni Bokkaççonun (1313 -1375) 700 illik yubileyi qeyd olunur. İl boyu İtaliyada və ilk növbədə yazıçının vətəni, Firentse yaxınlığındakı Çertaldo şəhərciyində bu əlamətdar hadisə ilə əlaqədar geniş sərgilər fəaliyyət göstərməkdədir. Yubiley tədbirləri Bokkaççonun həyat və yaradıcılığından bəhs edən son tarixi araşdırmaların açıqlanması üçün gözəl imkanlar yaratmışdır. Yazıçının “Filostrato”, “Tezeida”, “Fiezola nimfaları” və “Qarğa” kimi məşhur poemalarının, “Fiametta” , “ Filokolo” və “Ameto” kimi maraqlı povest və romanlarının, həmçinin “Dante Aligyerinin həyatı” risaləsinin zövqlə tərtib edilmiş yeni nəşrləri kitabsevərlər tərəfindən sevinclə qarşılanmışdır. İllər ötdükcə öz təravətini itirməyən, həmçinin yeni yubiley nəşri ilə işıq üzü görmüş ölməz “Dekameron” əsəri isə dünya ədəbiyyatının ən möhtəşəm abidələrindən biri kimi xüsusi diqqət mərkəzində olmuşdur...
...“Bokkaçço öz “Dekameron”u ilə feodal-kilsə ideologiyasına hücum çəkmişdi. Onun şah əsərinin yarandığı gərgin ideoloji mübarizə şəraiti, hətta kitabın titul səhifəsinin uyumsuzluğunda belə nəzərə çarpırdı. Məşhur Orta əsrlər romanı olan “Göl cəngavəri Lanselot” əsərində kraliça Cinevra ilə Lanselotun sevgisinə köməklik göstərmiş nəcib cəngavər Qaleottonun adı tüccarlar firentsesində vulqar aradüzəldənin sinoniminə çevrilmişdi. Bokkaççonun kitabına da bu ayamanı kilsə senzurasına apellyasiya təqdim etmiş və “Dekameron”un, guya mənəviyyatın təməlini sarsıdan, ictimai baxımdan zərərli əsər olduğunu sübut etməyə çalışan ideya düşmənləri vermişdi. Bokkaçço onu ədəbsizlikdə ittiham edən riyakar - purist tənqidçilərə cavab olaraq deyirdi ki, “ədəbsiz”liyi istəsən hətta “İncil”də də tapa bilərsən... Öz davamçılarından, - XIV əsrin sonu XV əsrin birinci yarısında yaşamış humanistlərindən fərqli olaraq o, özünü ətrafında coşub-qaynayan dil və folklor ünsüründən kənara çəkmirdi. “Ədəbsiz” xalq sözləri və ifadələri “Dekameron”un zərif ədəbi dönəmlərinin təmtəraqlı axınını canlandırır, onda tam fabulalar formalaşdırırdı ( III, 10; VIII, 2 )...
Dördüncü günün başlanğıcında Bokkaçço özünün yaratdığı formanın ədəbi şərtiliyini pozaraq, şərhə cəsarətlə müdaxilə edir, o,“Dekameron”un şən cəmiyyətini kənara çəkərək birbaşa öz adından “Qazlar haqqında” yüz birinci novellanı danışmaqla, öz tənqidçiləri ilə mübahisəyə girişərərək, yeni nəsrin nəzəriyyəsini inkişaf etdirir”.
Yazıçının “Qazlar haqqında” hekayətlə öz mənəvi rəqiblərinə verdiy “klassik filoloji cavabın” da daxil olduğu həmin parçanı (IV günün Giriş hissəsi) “Ədəbiyyat qəzeti”nin oxucularına təqdim edirik (C.Bokkaçço, Dekameron, Sansoni, firentse 1966).
Tərcüməçi
Əziz xanımlar, mən həm müdrik
insanlardan eşitdiyim kəlamların, həm də çox
vaxt şahidi olduqlarımın və oxuduqlarımın əsasında
elə güman edirdim ki, paxıllığın azğın
və dağıdıcı qasırğası yalnız
hündür qüllələri və ağacların ən
uca budaqlarını yıxıb məhv edir, ancaq belə görürəm
ki, gümanımda yanılmışam. Çünki bu sərsəm ruhun vəhşi
şiddətindən çəkinərək və daima da
çəkinməyə can ataraq mən həmişə nəinki
çöllərlə, hətta dərin dərələrlə səssiz və gizlincə
getməyə çalışmışam. Bunu fiorentin xalq
dilində, nəsrlə və başlıqlarsız, həm də
mümkün qədər sadə və adi bir üslubda qələmə
aldığım bu novellalara nəzər salan hər bir kəs
aydınca görə bilər. Bütün bunlara baxmayaraq, bu
qasırğa varlığımı amansızcasına
sarsıtmağa davam edərək, məni az qala kökümdən
qoparır, qibtə isə öz sancmaları ilə məni əzablara
düçar edirdi. Ona görə də aqillərin “bu
dünyada yalnız miskin insanlara qibtə edilmir” - kəlamını
mən indi çox gözəl anlayıram.
Beləliklə,
ağıllı xanımlar, bir para kəslər
tapıldı ki, mənim bu novellalarımı oxuduqdan sonra
israr etməyə başladılar ki, mən sizə həddindən
artıq vurğunam və sizi əyləndirib təsəlli
verməkdən bu qədər məmnunluq duymağım ədəbsizlikdir; bəziləri sizi bu ruhda vəsv etdiyimə
görə daha da pis danışdılar. Bir
başqaları, guya təmkinli danışmaq istədiklərini
göstərərək dedilər ki, yaşımın bu
çağında belə mətləblərin dalınca
düşməyim, yəni qadınlardan söz
açmağım və ya onlara xoş gəlməyə
çalışmağım ümumiyyətlə, ləyaqətdən
uzaqdır. Çoxları da, guya mənim şöhrətimin
qayğısına qaldıqlarını göstərərək
deyirlər ki, bu cür cəfəngiyyatla sizin beyninizi
doldurmaqdansa, Parnasda muzalarla birlikdə qalmağım daha
ağıllı hərəkət olardı.
Həmçinin
elələri də var ki, ağıllı
danışmaqdansa, sonsuz təkəbbürlə ərz edirlər
ki, bu cür səfeh şeylərə baş qoşub hava ilə
qidalanmaqdansa, bir parça çörək pulu tapmaq barəsində
düşünməyim daha düzgün olardı. Nəhayət,
bəzi digərləri də
var ki, çəkdiyim zəhmətə baxmayaraq, sübut etməyə
çalışırlar ki, nağıl etdiyim əhvalatlar əslində
sizə söylədiyim kimi deyil, tamamilə başqa cür
olmuşdur.
Baxın, ləyaqətli
xanımlar, sizə qulluq etdiyimə görə üzərimdən
bu cür tufanlar əsir, bu dərəcədə amansız,
iti dişlər bədənimə sancılaraq, mənə
olmazın əzablar verir. Tək Allah şahiddir ki, mən
bütün bunları toxtaqlıqla dinləyib, qəbul edirəm;
baxmayaraq ki, sizin məni müdafiə etməyiniz layiqli bir
iş olardı, bununla belə, mən heç də, öz
qüvvəmi əsirgəmək fikrində deyiləm; sadəcə, tələb olunan qaydada
sözümü deməyi lazım bilməyərək,
yalnız qulaqlarım dinc qalsın deyə, kiçicik bir
cavabla kifayətlənəcəyəm. Çünki əgər
indi, mən hələ zəhmətimin üçdə bir
hissəsinə gəlib çatmamışkən, o insanlar
sayca çox, həm də xeyli təkəbbürlü,
düşünürəm ki, birdən zəhmətim sona yetməmış
onlar o qədər çoxalsınlar ki, heç bir müqavimət
görmədən kürəklərimi asanca yerə vursunlar,
siz isə nə qədər qüdrətli olsanız belə,
onlara bata bilməyəsiniz.
Ancaq kiminsə
cavabını verməzdən öncə mən öz
müdafiəmə bütöv bir novella yox ( elə
görünməsin ki, mən öz novellalarımı sizə
təqdim etdiyim ləyaqətli cəmiyyətin hekayələrinə
qatmaq fikrindəyəm), bir novelladan parçanı söyləmək
istəyirəm ki, onun natamamlığı öz -
özlüyündə sübut etsin ki, həmin hekayələrə
aidiyyəti yoxdur. Beləliklə, rəqiblərimə xitabən
ərz edim ki:
-
Çox-çox illər bundan qabaq şəhərimizdə Filippo Balduççi adında
aşağı mənşədən olan, ancaq varlı və
ədəb-ərkanlı, öz işində kifayət qədər
bacarıqlı bir vətəndaş yaşayırdı; onun
çox sevdiyi bir arvadı vardı, arvadı da onu sevirdi; onlar dinc, sakit həyat sürərək
bir-birinin qayğısına qalmaqdan başqa, özgə
heç nəyin fikrini çəkmirdilər .
Bir gün, əvvəl-axır
hamının başına gəldiyi kimi, tale elə gətirdi
ki, həmin xeyirxah qadın bu dünyadan köçməli
oldu və ondan Filippoya təxminən
iki yaşlarında bir oğlu qaldı.
Filippo
arvadının ölümündən sonra, əziz
adamını itirən hər bir kəs kimi təsəlli
tapmırdı. O, hər şeydən artıq
sevdiyi bir insanın mühitindən məhrum olub, tənha
qaldığını gördükdə, belə qərara gəldi
ki, daha bu fani dünyada qalmayaraq, özünü də,
körpə oğlunu da Tanrıya ibadətə həsr etsin.
Beləcə, bütün var-dövlətini Allah yolunda payladıqdan
sonra o, yubanmadan Asinayo dağına tərəf üz tutdu. Orada oğlu ilə birlikdə balaca bir hücrədə
nəzir və dualarla ömür sürürkən,
oğlunun yanında, hər şeydən çox, hansısa
dünyəvi bir şey barəsində söhbət
açmaqdan və ya ona belə bir şeyi göstərməkdən
ehtiyat edirdi ki, bu onu Tanrı ibadətindən
yayındıra bilməsin; üstəlik, ona dualardan başqa
heç nə öyrətməz, əbədi həyatın
şöhrətindən, Allahdan və müqəddəslərdən
söhbətlər açardı; bu minvalla o, oğlunu
hücrədən kənara buraxmayaraq, özündən
başqa bir kimsə ilə ünsiyyətdə olmağa izn
vermədən, bir çox illər bu cür həyat sürməyə
məcbur etdi.
Bu xeyirxah insan bəzən,
adəti üzrə, Firentseyə
yollanar, orada mömin bəndələrin köməkliyi ilə,
ehtiyacı olan şeylərdən əldə etdikdən sonra
geriyə, öz hücrəsinə qayıdardı.
Yenə, günlərin
birində, oğlan artıq on səkkiz yaşında, Filippo isə ahıl
çağlarında ikən, oğlu atasından hara
hazırlaşdığını soruşdu. Filippo cavab verdi. Onda oğlu dedi: “Atacan,
siz artıq qocalmısınız, yorğunluğa
dözümünüz qalmayıb; axı niyə
məni bircə dəfə də olsa, Firentseyə aparıb,
Allahımıza da, sizə də ehtiram göstərən o
dostlarınızla tanış etməyəsiniz ki, mən sizdən
cavan və gümrah ikən, ehtiyacımız olanda ora
yollanım, siz isə evdə oturasınız?”
Xeyirxah insan
düşünərək ki, oğlu artıq boya-başa
çatıb və Allah-taala sitayişinə elə öyrəncəlidir
ki, dünyəvi işlər onu çətin ki, yolundan
azdırsın, öz-özünə dedi: - Onun sözlərində
həqiqət var. - Ona görə də növbəti dəfə
Firentseyə getməli olanda oğlunu da
özü ilə apardı.
Orada
oğlan sarayları, evləri və kilsələri, həmçinin
şəhərdə olan bütün başqa şeyləri
gördükdə,- o şeyləri ki, nə qədər
yaddaşını cəmləşdirsə də, elə bil
heç vaxt görməmişdi, - son dərəcə heyrət
edərək, elə hey bu
nədir, bu nə olan şeydir deyə, atasına çoxlu
suallar verməyə başladı.
Atası ona cavab verir,
o isə qulaq asıb razı qaldıqdan sonra, başqa şeylər
soruşurdu. Beləcə, oğul soruşur, ata
isə cavab verirkən, təsadüfən elə oldu ki,
onların qarşısına toydan qayıdan bir dəstə
yaraşıqlı, gözəl xanım çıxdı;
oğlan qadınları görcək, dərhal heyrətlə
atasından onların nə olduğunu soruşdu:
Atası cavab verdi:
- Oğlum, gözlərini
yerə dik, baxma, çünki onlar pis şeylərdir.
Onda oğlu
soruşdu:
- Bəs, onların
adı nədir?
Atası oğlunun
cismani istəklərində azacıq da olsa ehtiras hissi
oyatmamaqdan ötrü onların əsl adını, yəni
qadın olduqlarını söyləməyib, dedi:
- Onlara qaz deyirlər.
Eşidin,
məgər, heyrətamiz deyilmi?! Ömründə bircə dəfə
də olsa qadın görməyən, nə sarayların, nə
bir öküzün, nə bir atın, nə bir eşşəyin,
nə pulun, nə də şəhərdə
gördüyü özgə bir şeyin zərrə qədər
də fərqinə varmayan oğlan birdən - birə atasına dedi:
- Atacan, sizdən rica edirəm, elə edin ki, o qazlardan
biri mənim olsun.
-Yox, oğlum, - deyə atası söylədi, - sus,
onlar pis şeylərdir.
Oğlu soruşdu:
- Məgər pis şeylər də bu cürmü olur,
ata?
- Bəli, bu cür, - deyə atası cavab verdi.
Onda oğlu dedi:
- Mən anlaya bilmirəm siz niyə belə deyirsiniz və
niyə onlar pis şey olmalıdırlar. Mənə
qaldıqda, - mən hələ onlar qədər gözəl
və füsunkar bir şey görməmişəm. Onlar
sizin mənə dəfələrlə göstərdiyiniz rəngli
mələk təsvirlərindən də gözəldirlər!
Ata, nə olar, əgər məni sevirsinizsə,
izn verin o qazlardan birini özümüzlə ora, hücrəmizə
aparaq, mən orada onu yedirdərəm.
- Yox! Heç vaxt! Sən hələ
onları necə yedirtməyin yolunu da bilmirsən, - deyə
atası söylədi, ancaq yalnız bu vaxt anlayaraq ki,
insanın təbiəti onun idrakından güclüdür,
oğlunu firentseyə gətirməyinə peşiman oldu.
Ancaq bu novelladan bura qədər deyilənlər
yetər; indi isə mən onu kimlərə söyləmişəmsə,
yenidən onlara müraciət etmək istəyirəm.
Beləliklə, qeybətcilərimdən bəzisi
buyurur ki, sizin xoşunuza gəlməyə həddən
artıq çalışdığıma və sizə də
həddən artıq vurğun olduğuma görə pis
iş tuturam. Mən bunları açıqca
boynuma alıram, yəni ki, siz mənim xoşuma gəlirsiniz və
mən də çalışıram ki, sizin xoşunuza gəlim.
Mən onlardan soruşmaq istərdim, - onların özlərinin
odlu öpüşlərə, çılğın
ağuşlara və sizin, gözəl xanımlar, onlara dəfələrlə
lütf etdiyiniz valehedici yaxınlığa bələd
olmaları bir yana, əgər onlar sizin incə ədalarınızı,
cazibədar gözəlliyinizi, füsunkar məlahətinizi,
üstəlik də qadın təvazönüzü daima
görür və seyr edirlərsə, kimsəsiz,
çılpaq dağın ətəyindəki kiçik,
darısqal bir hücrədə atasından başqa heç
kimi görmədən bəslənmiş və tərbiyə
olunmuş bir adamın sizləri görən kimi birinizə
yaxınlıq, bir başqanıza istək, digərinizə isə
ehtiras duymasında təəccüblü nə var? Onlar məni,
bütün varlığı göylər tərəfindən
sizi sevmək üçün yaradılmış,
baxışlarınızın gücünü, bal axan
nitqinizin zərifliyini, rəhmdil ahlarınızın yanar atəşini
dərk edərək, gənclik çağlarından qəlbi
sizə yönəlmiş birisini sizlərə meyl elədiyinə
və ya xoşunuza gəlməyə
çalışdığına görə məzəmmət
edə, ələ sala, yamanlaya bilərlərmi, xüsusilə
də onu nəzərə alsaq ki, bu cavan zahid, heç bir
anlayışı olmayan bu gənc, daha doğrusu vəhşi
bir heyvan sizləri biri-birinizdən daha çox bəyənmişdir?
Həqiqətən də, yalnız sizi sevməyən, sizin tərəfinizdən
sevilməyi arzulamayan, yalnız təbii istəyin həvəsini,
gücünü və nəşəsini duyub hiss etməyənlər
məni bu cür yamanlaya bilərlər, bu isə məni az
narahat edir.
Mənə yaşımı
xatırladıb istehza edənlər isə görünür
bilmirlər ki, kəvərin başı artıq,
ağarmış ikən, gövdəsi niyə hələ də
yaşıl qalır. Belələrinə mən, zarafatı
bir yana qoyub, cavab verirəm ki, çoxdan qocalmış Qvido
Kavalkanti və Dante Aligyerinin, hətta artıq əldən
düşmüş Çino da Pistoyanın da
lütfkarlıq göstərməyi özlərinə şərəf
və fəxr bildikləri o kəslərə
yarınmağımı ömrümün axırına qədər
özümə ayıb bilməyəcəm. Qəbul
etdiyim şərh etmə qaydasından kənara
çıxmalı olmasaydım, qərinələrə
istinadən sübuta yetirərdim ki, tarix artıq ahıl
yaşlarında da qadınlara səylə yarınmağa
çalışmış qədim və şərəfli
kişilərlə dolu olmuşdur; bunu bilməyənlər
varsa, qoy gedib öyrənsinlər.
Mənim muzalarla birlikdə Parnasda qalmağıma gəldikdə
isə, deməliyəm ki, yaxşı məsləhətdir,
ancaq nə biz onlarla daima birlikdə ola bilərik,
nə də onlar bizimlə və əgər kimsə bir vaxt
onları tərk etməli olursa, o kəsin onlara bənzər
başqalarından zövq almasında məzəmmətə
layiq bir şey yoxdur. Muzalar qadındırlar və
qadınlar muzaların layiq olduqlarlına layiq olmasalar da, ilk
baxışda onlara bənzəyirlər; ona görə də
özgə bir şeylə mənə xoş gəlməsələr
də, məhz buna görə ürəyimə
yatmalıdırlar. Mən hələ onu
demirəm ki, muzalar bircə şerimə belə səbəb
olmadıqları halda, qadınlar minlərlə şerimin səbəbkarıdır.
Düzdür, onlar mənə bu minlərcə
şeri necə yazmağı öyrətməkdə
yaxşı köməklik göstərmişlər və
olsun ki, bu iddiasız hekayələri də qələmə
almaqdan ötrü qadınların istəyinə görəmi
və ya onlara olan oxşarlıqları şərəfinəmi
mənə bir neçə dəfə baş çəkmişlər.
Ona görə də bu hekayələri qələmə
alarkən mən, bəzilərinin güman etdiyi kimi, nə
Parnas dağından, nə də muzalardan uzaqlaşıram.
Bəs mənim şöhrətimə bu
qədər acıyaraq mənə çörək dərdinə
qalmağı məsləhət görənlər barəsində
nə deyək? Doğrusu, bilmirəm.
Ancaq öz-özümə fikirləşəndə,
ehtiyac üzündən onlardan bir parça çörək
istəsəydim, onların mənə nə cavab verəcəyini
təsəvvür edirəm. Güman edirəm ki, deyərdilər:
“Get, onu təmsillərdə axtar”. Yeri gəlmişkən,
şairlər onu öz təmsillərində daha çox
tapmışlar, nəinki bəzi varlılar öz xəzinələrində.
Və çoxları da öz təmsillərinin
ardınca gedərək ahıl yaşlarına qədər
ömür sürmüşlər və əksinə, qədərindən
artıq çörək axtarışında olan bir
çoxları isə vaxtından əvvəl ölüb
getmişlər. Daha nə? Qoy, bu adamlar, əgər onlardan çörək istərəmsə,
məni qovsunlar. Ancaq şükür
Allaha, hələlik buna ehtiyacım yoxdur və bir vaxt
ehtiyacım olarsa da, mən, Apostol demişkən, bolluğa
da, ehtiyaca da dözə bilirəm. Ona görə də
heç kim mənim özümdən də
çox qeydimə qalmasın.
Söylədiklərimin başqa cür
olduğunu sübut etmək istəyənlər isə
orijinalları üzə çıxara bilsəydilər, məni
çox məmnun etmiş olardılar və orada yazılanlar
mənim yazdıqlarımla uyğun gəlməsəydi, mən
onların məzəmmətlərini qəbul edər və
düzəlməyə çalışardım. Ancaq hələ ki, boş sözlərdən
başqa heç nə təqdim olunmur, mən onların
öz rəylərində qalması ilə
razılaşacağam, özüm isə öz rəyimin
ardınca gedərək, onlar mənim barəmdə nə
deyirlərsə, mən də onlar barəsində onu deyəcəyəm.
Bu dəfə suallara kifayət qədər
cavab verdiyimi güman edərək ərz edim ki,
Allah-taalanın və daima ümid bəslədiyim siz, əziz
xanımların köməkliyi ilə və möhkəm səbirlə
silahlanaraq kürəyimi bu küləyə tutub gedəcəyəm
- qoy, nə qədər əsir-əssin.
Çünki görürəm ki, mənimlə yalnız
şiddətli külək zamanı onun yerdən ya heç
qaldırmadığı, ya da qaldıraraq göyə
ucaltdığı, çox vaxt insanların başı
üzərindən, kral və imperatorların tacları
üstündən apardığı, bəzən də uca
sarayların, hündür qüllələrin üstünə
qoyduğu toz zərrəciyinin başına gələnlərdən
savayı özgə heç bir şey baş verə bilməz
və əgər bu toz zərrəciyi oradan yerə enərsə,
o, heç vaxt qaldırıldığı yerdən
aşağı düşə bilməz. Qabaqlar
var gücümlə sizə yarınmağa meyl edirdimsə,
indi buna bir vaxtlar olduğundan daha çox meylliyəm. Çünki bilirəm ki, heç kimin bundan
başqa özgə bir şey söyləməyə əsası
yoxdur ki, bir çoxları da, sizi sevən mən də təbiətə
uyğun hərəkət edirik. Onun, yəni
təbiətin qanunlarına zidd hərəkət etmək
üçün isə həddən ziyadə güc gərəkdir
və çox vaxt bu güc nəinki əbəs yerə, hətta
güc göstərənin özünə belə,
böyük ziyanla sərf olunur. Etiraf edirəm
ki, məndə bu qədər güc yoxdur və bundan
ötrü onun olmasını da istəmirəm. Və hətta belə bir gücüm olsaydı belə,
mən onu daha çox başqaları ilə bölüşər,
nəinki özümə sərf edərdim. Buna görə
də qoy söyüşkənlər sussunlar və əgər
onlar alışıb-yanmağa qadir deyillərsə, qoy,
donaraq həyat sürsünlər və öz zövqləri
ilə, daha doğrusu, pozğun meylləri ilə birlikdə
qalaraq, mənə də, bizimçün ayrılmış
bu qısa həyatımızda öz zövqümlə
qalmağıma imkan versinlər...
Covanni Bokkaçço
İtalyan
dilindən tərcümə edəni:
Cəmşid
CƏMŞİDOV
Ədəbiyyat
qəzeti.- 2013.- 4 oktyabr.- S.7.