İstedadlı şair Ədalət Əsgəroğlu Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri idi. Məsləkdaşımız, şair dostumuz idi. Bir zaman Göyçayın Bığır kəndindən gözəl bir gülöyşə narı üzüb, köksü altında gizlədib Bakıya qaçmışdı. Bakıda təhsil aldı, şair oldu, ev qurdu, evləndi, ata oldu, baba oldu. Amma ömrü boyu Bakı ilə Göyçay arasında işıq teli kimi gərili yaşadı, axı sinəsinin altında çırpınan Göyçay narı idi. Müxtəlif qəzetlərin, saytların tənqidi, təhqiri, böhtanı, Yazıçılar Birliyinə atılan daşlar Mətbuat xidməti kimi ona da dəyirdi. O da cavab verməli olurdu. Yazılan haqsız yazıları oxuyanda ağrıyan ürəyi cavab yazanda ikiqat ağrıyırdı. Çünki onu yazanlar, haqsız sözlərlə zəhərləyənlər də söz adamları, qələm yoldaşları idi.

Payızda narlar paçallayır. Oktyabrın gələn ilk saatında Ədalət Əsgəroğlunun sinəsi altında döyünən gülöyşə nar da paçalladı, partladı, döyüntüləri zümrüd dənələri kimi öz içinə dağıldı. Oktyabrın 1-də onu əbədiyyətə yola saldıq. Xanımı, balaları, nəvəsi, dostları, qələm yoldaşları, hətta qələm yoldaşı olmayıb əlində qələm tutanlar da arxasınca baxırdı... Görəsən, baxanlar heç olmasa öz ürəyində özündən soruşurmu, Ədalətin ömrünü bir an da olsa, uzatmaq üçün ona xeyirxahlıq eləmişəmmi, bir xoş söz demişəmmi? Ətrafınızdakılara baxın, biz bir Ədalət boyu qısalmışıq, bir Ədalət sayı azalmışıq. Gedən hər insan özü ilə haqq-ədalət aparır. Axı dünyada hər şeyin insan ömrünü qısaltmağa çalışdığı vaxtda, heç olmasa biz bir-birimizə arxa olmaqdan qorxmayaq...

Əlvida dostumuz, gözəl şairimiz... Xanımının, övladlarının, nəvə-nəticələrinin fəxri sənin adın, yaradıcılığın, ölməz şeirlərin olacaq.

Üzümü ailə üzvlərinə və ədəbiyyata qalan yaradıcılığına tutub “başımız sağ olsun” - deyirəm. Şair dostumuza Allahdan rəhmət diləyirəm. Yerin rahat, ruhun hüzur tapsın deyirəm.

 

Fikrət Qoca

 

Ədəbiyyat qəzeti.- 2013.- 4 oktyabr.- S.8.