"Bir çağırış sərəncamdı əbədi bir qurtuluşa"

  

"Tarix bizim olubdur, tarix yazan özgələr, tarixə düşməyibdir bizim tarixi hünər" ağrısından, vətəndaş-şair etirazından qaynaqlanıb xalq şairi Nəriman Həsənzadənin "Nuru Paşa" poeması. Bir xalqın adından tarixə edilən səsləniş kimi oxunub yaddaşı, ruhu oyadır:

 

Nuru Paşa at belində

Türkiyədən, Karsdan gəlir.

"Azərbaycan" - deyə-deyə

Yaralanmış aslan gəlir.

 

Qardaşın-qardaşa kömək əlinin şəkli, surəti, əksi belədi. Bu gəlişlə "arxasıza arxa gəlir, qisas gəlir, tufan gəlir, qovğa gəlir…"

Nə mutlu ki:

Türk can verdi bu torpağa

"Azərbaycan" - deyə-deyə.

Tarix, səni oxuyuram

Mən türkə "can" deyə-deyə…

 

Nə mutlu ki, haqlar itmir, təzələnir qələm ucunda. Yalanlara qəh-qəh çəkir, məzələnir qələm ucunda. Tariximin nə qədər ki, qaranlığı var - aydınlıqla təzələnir qələm ucunda. Qələm də ki, gərək şair əlində ola. Yazılanlar yatımıyla, anlamıyla Nərimanın dilində ola

"Nuru Paşa" o zamandan söz açır ki:

Bakı qətl meydanıdı,

Geniş meydanlar

Car çəkir.

Daşnak başlı bolşeviklər

Qan gölündə avar çəkir

Davamını Türkiyənin Azərbaycandakı səfirliyinin, Milli Azərbaycan Tarixi Muzeyinin Yunis İmrə Türk Kültür Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil edilən "Qafqaz İslam Ordusu Bakının qurtuluşu" sərgisində diqqətə çatdırdığı poetik misralarla xalq şairi Nəriman Həsənzadənin özü diqqətə çatdırdı; hədsiz qürur, iftixar hissi, vətəndaş mövqeyi ilə. Apaydın ortaya qoydu Nuru Paşanın at üstə gəlişinə heyranlığını. İnandırdı ki, "bir çağırış sərəncamdı əbədi bir qurtuluşa".

 

Sərvaz Hüseynoğlu

***

Bakı, 17 sentyabr 2013-ci il

Hörmətli Nəriman bəy,

Türkiyə və Azərbaycan arasındakı qardaşlıq tellərinin və tale birliyinin 95 il əvvəlki nümunələrini əks etdirə bilmək və Qafqaz İslam Ordusu tərəfindən yazılan dastanı gələcək nəsillərə ötürə bilmək məqsədilə təşkil etdiyimiz "Qafqaz İslam Ordusu və Bakının azad edilməsi - 95" sərgisinin açılış mərasimində iştirak edərək, duyğu dolu şerinizi bizlərlə bölüşdüyünüz üçün təşəkkür edirəm.

Dərin hörmətlə,

Alper Coşkun

səfir

Nəriman Həsənzadə

xalq şairi

Bakı

 

Ədəbiyyat qəzeti.- 2013.- 4 oktyabr.- S.6.