Türkologiyada

cığır açan araşdırma

    

Dörd il əvvəl - 2009-cu ildə İstanbuldakı Kabalçı yayım evi “Hürufilik” adlı bir kitab buraxıb (Fateh Usluer, Hürufilik, İstanbul, Kabalçı, 2009). Bu kitabda Azərbaycan hürufişünaslığı üçün ciddi bir yenilik vardır. Bu yenilik Diyarbəkirli mətnşünas və alim Əli Əmirinin 1500-dən çox türkcə və farsca hürufi mətnlərinin toplandığı kataloqdur. 1925-ci ildə vəfat etmiş bu alimin kataloqu 1973-cü ildə qeyd edilən Nəsimi yubileyi zamanı bizim alimlərə məlum deyildi. Təəssüf ki, indi də bizim elmi dövriyyədə yoxdur. Alimlərdən az bir qismi isə indi Əli Əmirini Mahmud Kaşğarinin “Divani-lüğat-it-türk” lüğətini Türkiyədə üzə çıxaran bir şəxs kimi tanıyırlar. Lakin onun hürufişünas kimi nəhəng fəaliyyəti, xüsusilə kataloqu bizdə tanınmayıb. Halbuki belə bir kataloqun mövcudluğu hürufişünaslığın mətn sərhədini aydınladır, türkologiyanın bu sahəsini yeni elmi mövqeyə çıxarır.

Fateh gəncdir, 2009-cu ildə kitabı çıxanda cəmi 33 yaşı var idi. O fars, ərəb, fransız, ingilis dillərində elmi ədəbiyyatdan geniş istifadə edir. Onun kitabının unikallığı isə bir də ondadır ki, bütün tədqiqatları birinci mənbələrə - kataloqlardakı əlyazmalarına əsaslanır. O Parisdə Sosial elmlər Akademiyasında “Şeyx Qalib və Nizami Cedid” mövzusunda namizədlik işi müdafiə edib, 2007-də Sarbonna Universitetində “Hürufilik” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2009-da çıxan kitab doktorluq dissertasiyasının geniş variantıdır. Suriyanın Şam universitetində və İranın Qum şəhərində islam təriqətləri ilə bağlı ixtisas-təcrübə kursları keçib. Hazırda Ankara universitetlərindən birində çalışır.

Fateh Usluerin hürufişünaslıq tarixində ən əsas xidməti hürufi mətnlərini əlyazma nüsxələrindən oxuması və onları küll halında elmi dövriyyəyə gətirməsidir. O müasir hürufişünaslığı mətn mənbələri dəqiq bəlli olan bir kurs kimi təqdim edir. Bu, talesiz hürufilərin öyrənilməsində bir mərhələ kimi qəbul edilməlidir. Cəsarətlə demək olar: ilk mənbələrə bələd olmaq və onları elmi vicdanla işıqlandırmaq baxımından o, bu gün dünyada bir saylı hürufişünasdır. Dəqiqlədək: söhbət hürufiliyi necə anlamaqdan getmir, onun elmi və mətn faktlarına bələdlikdən gedir. Düzdür, ona qədər hürufi mətnlərinin kataloqu Türkiyədə 1989-da Əbdülbaqi Gölpinarlının adından dərc edilmişdir. Lakin fateh bəy hürufi kataloqunun əsl müəllifi kimi Əli Əmirini qəbul edir və onun onun elmi xidmətlərini özünə qaytarmağa çalışır. 1989-cu il kataloqunu dərc edənlər bu mətnlər haqqında bir küll halında fikir deməmişlər və bu iddiada olmamışlar.

Fateh Usluer isə cavan bir tədqiqatçı olmasına baxmayaraq, bunların hamısını oxumuş, nüfuzuna baxmadan özündən qabaqkı alimlərin mətnlər barədə dəqiq olmayan qeydlərini belə düzəltməyə çalışmışdır. Onun Nəsimi mətnlərinin çapındakı xətalar barədə böyük bir məqaləsi də vardır. O, öz “Hürufilik” kitabına belə bir başlıq altı da vermişdir: “İlk əldən qaynaqlarla doğuşundan etibarən”. Yəni yarandıqdan bəri bütün əsas mətnləri araşdırmış və 623 səhifəlik bir kitabda əhatə etməyə çalışmışdır.

Alim göstərir ki, orijinal hürufi əsərlərinin yaranması prosesi XVII əsrə qədər davam edir. Bu əsərlərin üzünün köçürülməsi və toplanması işi isə XIX əsrin ortalarına qədər indiki Albaniya ərazisində yaşamış hürufi icmaları tərəfindən davam etdirilmişdir. Güman etmək olar ki, hürufi icmaları İran və Əfqanıstan ərazilərində də XIX əsrə qədər mövcud olmuşdur.

Biz bu alimə belə yüksək dəyər verəndə onun hər şeyi düz yazdığına və hürufilər demiş, düz yorumladığına görə vermirik. Biz bir çox şeydə onunla razılaşmırıq. Amma bu onun alim hünərini gözdən sala bilməz. Bu hünər isə onun ilk mənbələr ilə ancaq klassik ailmlər - Fuad Köprülü, Salman Mümtaz, Əli Əmiri, Krımski və başqaları kimi tükənməz eşqlə, yoruldum demədən işləməsidir. 2012-ci ildə o “Cavidannamə”nin türkcəyə bir dərviş tərəfindən tərcümə edilmiş mətnini latın əlifbasına çevirib nəşrə hazırlayıb “Kabalçı” nəşriyyatında çap etmişdir. Sayıram ki, iki nüsxə əsasında görülmüş bircə bu iş türkologiyada sayılan bir iş olaraq qalacaqdır. Onun Əli Əmirinin hürufi kataloqundan nəşrə hazırladığı daha altı kitab “Kabalçı”da çapdadır və buraxılacaqdır. Fateh bəyin mühüm xidməti Əli Əmirinin və onun kataloqunun elmi əhəmiyyətini üzə çıxarması, Diyarbəkirdə yaşamış bu alimin halal haqqını özünə qaytarmağa çalışmasıdır.

Son dövrlər türkologiyanı miflərdə və ya elmi kitablarda axtarma meyli fəaldır. Amma əsl türkologiya budur, doğma dildəki əlyazma xəzinəmiz! Öz mətnlərimizdən kənar heç bir əsl türkologiya və onun tarixi yoxdur.

Fateh bəy kitabda hürufişünaslığın tarixindən də qısaca bəhs edir və burada da onun elmi faktlara tam bələd olduğu aşkar görünür. Hürufiləri sufi mətnlərindən ayırıb ayrıca bir məzhəb kimi öyrənilməsi E.Braun kimi Avropa alimlərinin təşəbbüsü ilə başlanmışdır. Düzü, kitabda əvvəlki tədqiqatlara analitik qiymət verilmir, amma bunların Türkiyəyə aid əsas qismi ortaya gətirilir. Fateh bəy cəsarətli bir qələm sahibidir, özündən qabaqkı araşdırma və kitablara, buraxılan mətnlərə tənqidi yanaşır.

Fateh Usluer bütün hürufi mətnlərini həm fars, həm də türk dilində araşdırdıqdan sonra belə nəticəyə gəlir ki, türkcə ilk hürufi əsərləri fars mətnlərinin təbdil və tərcüməsi kimi yaranmışdır və bu səbəbdən onlarda çoxlu paralelliklər vardır. Lakin Nəsimi, Rəfi və başqa hürufi şairləri orijinal əsərlər yaratmaqla türkdilli divan ədəbiyyatının incilərini yaratmışlar. Məhz hürufilər türkcə divan ədəbi dilinin fəlsəfi üslubunu yaradıblar, bu üslubda dini ekhamların bütün incəliklərini ifadə ediblər. Bu fikirlər Azərbaycan hürufişünaslığında mövcud ideyalara uyğundur, hərçənd ki, Fateh Azərbaycan hürufişünalığına tam bələd deyildir. Bizdə Cahanşah Həqiqiyə aid edilən hürufiməslək türkcə Divan iki dəfə çap edilmişdir. Fateh bəyin kitabında bu divan və Cahanşah özü hürufi müəllifi kimi xatırlanmır. Alimin Cahanşah dövründə hürufi hərəkatı haqqında qısa xülasəsi də Cahanşahın sözü gedən Divanın müəllifi olmasını şübhə altına qoyur. Amma Cahanşahın xocası və mədrəsəsinin rəhbəri Cəlallədin Dəvvaninin öz hökmdarına həsr etdiyi farsca “Risaleyi hüruf” adlı əsəri xatırlanmışdır.

Belə məlumatsızlığın səbəbi isə sovet dövründə Türkiyə ilə elmi əlaqələrə qoyulan qadağalarla, türkologiyaya mənfi münasibətlə bağlıdır. Təəssüf ki, indi də Türkiyə ilə elmi bağlar zəifdir, xüsusilə elmi informasiya mübadiləsi baxımından. Hamı birlikdən danışır, amma bu birliyi göstərən kitabxanalar yaradılması, kitablar basılması ilə məşğul olan azdır.

Cavan alimin hürufişünaslıq tarixində ikinci xidməti hürufilikdə hərflərlə bağlı problemi ilk dəfə elmi dəqiqliklə qoyması və bu barədə Fəzlüllahın “Cavidannamə”də qoyduğu bu problemi düzgün anlaya bilməsi və nəticədə, doğru şərh də edə bilməsidir. Doğrusu, kitab boyu cavan alimin bu problemə xüsusi məhəbbəti görünür. Bunun nəticəsi ki, alim hürufilikdə və ümumən qədim elmlərdə hərflər və rəqəmlər məsələsini elmi bir problem kimi şərh edir. Məsələnin mahiyyətini düz anladığı üçün oxucunu da maraqlandıra bilir. Bu ciddi məsələdir: hürufiliyin yanlış qəbul edilməsi tarixən çox vaxt hərflər haqda Fəzlüllah tərəfindən yaradılmış ehkamların yanlış başa düşülməsi ilə bağlı olmuşdur.

Biz Nəsimi haqqında monoqrafiyamızda qeyd etmişdik ki, “hürufi” sözü fəzlüllahın ardıcıllarına istehza ilə verilmiş aşağılayıcı bir deyimdir. Bizə tam aydın olmadığına görə bu barədə o zaman kitabda ciddi bəhs açmamışıq. Fateh bəy kitabının 127-ci səhifəsində hürufilərin necə adlandırması barədə tam bir siyahı vermişdir. Bu siyahıya Nəsiminin özünə dediyi “Adəmiyəm” adını da əlavə etmək olar.

Azərbaycan hürufişünasları, onların ən ciddiləri olan Zümrüd Quluzadə və Mirzə Abbaslı bu barədə bəhs açsalar da, Azərbaycan dilində “28 və 32 hərflər” terminini işlədiblər. Bu isə dəqiq deyil və hürufi ehkamlarında “İlahi kəlmə” (Allahın sözü) anlayışını qeyri-ciddi tərzdə təqdim edir. Niyə?

Ona görə ki,“Cavidannamə”də və digər hürufi mətnlərində, o sıradan türkcə mətlərdə hərf, hürufat yox, “İlahi kəlmə” anlayışı işlənir. İkinci tərəfdən, Fateh bəyin prinsipial məqam kimi bir qeydi tam doğrudur: o göstərir ki, “Fəzlüllah da İbn Ərəbiyə bənzər şəkildə hərfləri Allahın sifəti olaraq dəyərləndirir.” Bizə tanış terminlə desək, onlar Allahın atributudur, ondan ayrılmaz tərkibidir. Buna görə bu məsələni sadələşdirib “hərflər” haqda ehkam kimi təqdim etmək olmaz, ona görə ki, Allahın sözü ehkamı monoteizmin hər üç dinində olan mühüm elmi anlayışdır.

Lakin monoteizmdən əvvəl bu Platondan gələn qədim görüşlə bağlıdır: şeylərdən əvvəl onların adları, məfhumları olmuşdur. Monoteizmdə buna “əsmai ilahi” adı verilmişdir. Əgər sözlər, adlar Allahdan ayrılmazdırsa, onları təşkil edən səs qovuşuqları, diftonq və fonemlər də həmin xassəyə malikdir.

Bu ehkam ilk dəfə Tövrata şərhlər yazmış talmudçular tərəfindən yeni eradan əvvəl 2-ci əsrdə ortaya gətirilmişdir. Onlar ilk dəfə təsdiqlədilər ki, Tövratın ilk şifahi variantı Sina dağında Musa peyğəmbərə şifahi göndərilmişdir. Allahın insanlara sözü, tapşırığı və əhdi olan bu kitab çox-çox sonralar, nəhayət, yazıya alınmışdır.

Məhz musavilikdə ilk dəfə Tövratın Allahın kitabı və yazısı olması və onun tərəfindən insanlar üçün göndərilməsi barədə sözü gedən ehkam qəbul olunub. Bu ilahi mətnlər və ehkamlar anlayışını ortaya qoymaqla, dini mətnyaratma və mətnqoruma, sonra isə dünyəvi mətnçilik tarixində misilsiz əhəmiyyət kəsb edib. Sadə şəkildə desək, bu ehkam ən qədim mətnlərin və yazıların qorunması üçün hüquqi və mədəni baza olub. Sonra isə mətnləri öyrənmək və birmənalı anlamaq üçün zəruri olan müasir orfoqrafiya anlayışı, Allahın sözlərini identik şəkildə yazmaq tələbi yaranıb.

“Allahın sözü” bir anlayış kimi monoteizmin ikinci dini olan xristianlıqda yeni ehkamlarla genişlənib. İlk baxışda Allahın kitabı sözünün Allahın sözü (kəlməsi) anlayışı ilə əvəzlənməsi adi bir sinonim kimi görünür. Amma bu belə deyildir. Xristian ədəbiyyatında İsa Məsihi nişan verən Allahın sözü məhfumu geniş işlənmişdir, eyni adlı nəğmələr kilsə xorlarının ifasında əsas yer tutmuşdur.

Bu ehkam İncildə, Yəhyanın müjdəsi kitabında İsa Məsihə aid edilmişdir (Bax:Yəhya, 1:1,2, 14) Allahın sözü anlayışı onlar tərəfindən İsa Məsih anlayışının sinonimi kimi işlənməyə başlayıb. Nəsiminin “Söz” rədifli qəzəli də İsa Məsihə həsr edilib və onu Allahın sözü kimi təqdim və tərənnüm edir.

Allahın kəliməsi (sözü) monoteizmin üçüncü kitabı olan Quranda da özünə yer tapıb (3,45/ 4,171 və s.), həzrəti Məryəm və İsa peyğəmbər haqqında ayələrdə dəfələrlə işlənibdir, İsa Allahın ruhundan doğulma və Allahın sözü (kəlməsi) olaraq göndərilmiş - adlandırılıbdır.

Fateh Usluerin hürufişünas kimi böyük xidməti odur ki, o ilk dəfə olaraq hürufilikdə ilahi kəlmə anlayışını geniş araşdırmış, bu ehkamın monoteizmin digər kitabları ilə əlaqələrini açıqlamışdır. Ola bilsin ki, Türkiyə hürufişünaslığında ona qədər ilahi kəlmə anlayışı hürufişünaslıq ehkamları araşdırılarkən işlədilmişdir. Amma qəti demək olar ki, hürufilikdə, xüsusilə “Cavidannamə”də ilahi kəlimə anlayışının nə qədər geniş inkişaf etdirildiyini və yer tutduğunu o açıb göstərmişdir.

Məhz ilahi kəlinə ehkamını Fəzlüllahın öz kitabında inkişaf etdirməsi “Cavidannamə”ni monoteizmin böyük və müqəddəs kitablarından biri saymağa imkan açır və onun peyğəmbərlik və allahlıq statusunun düzgün yerini təsəvvür etməyə və qiymətini verməyə imkan açır. Türkcə mövcud olan hürufi əlyazmalarında, xüsusilə, Dərviş Mürtəza tərəfindən 1638/9 illərdə türkcəyə tərcümə edilmiş “Cavidannamə” kitabında Fəzlüllahın monoteizm tarixində və peyğəmbərlər sırasında statusu yorumçu kimi göstərilir. Yorumçu - müasir dilə Allah ehkamlarını, ilahi və müqəddəs kitab və yazıların sirlərini insanlara açan mənasındadır.

Fəzlüllahın yorumçuluğunun bir tərəfi onun Allahın insanlara göndərdiyi müqəddəs kitabların - Tövrat, İncil, Quranın sirlərini bilməsi, onları açmaqla Allahın insanlara tanıdılması missiyasını tamamlamaqdır. Bu iş “Cavidannamə”də görülüb.

İkinci tərəfdən Allahın kitablarının yorumlanması və tamamlanması ancaq onun özü tərəfindən icra ola bilərdi. Fəzllüllah özünü belə tanıyır və yazdığı bütün kitablarda belə tanıdırdı. Ardıcılları da onun İsa Məsihdən sonra ikinci Allah-insan kimi qəbul edirdilər. “Cavidannamə”ni də Allahın növbəti və tamamlayıcı kitabı sayırdılar. Bu kitab isə əslində Allahın sözü ehkamı üzərində və onun inkişafı kimi qurulmuşdur və özündən əvvəlki ilahi kitablardan fərqi də bundadır.

Fəzlüllaha qədər əsasən Allahın kitabı və Allahın sözü anlayışları vardı. Tövratın “Varlıq” fəslində dünyanın yaradılması Allahın ayrı-ayrı sözləri çağırması kimi baş verir. Bu ehkam bir qədər fərqli şəkildə Quranda da “Kon” feli ilə bağlı davam edir.

Fəzlüllah Allahın sözü anlayışını özü üçün vacib olan digər bir fundamental hürufu ehkamına görə irəli sürür. Hər ilahi kitab Allahın özünü insanlara tanıtmasında bir mərhələdir. Bu mərhələnin əsaslandırılması həm də Fəzlüllahın öz Allahlıq statusunun əsaslandırılması idi. Bu, ilahi sirlərin yorumçusu və tamamlayıcısı statusu idi. Bu məqsədlə Fəzlüllah söz, hərf və rəqəm simvolikasına geniş yer verir. Hərf və rəqəm simvolikası hürufilikdə elm deyildir, bunlar Fəzlüllahın İlahi sirlərə bələdliyinin dəlilləridir, yəni onun Allahlıq statusunu əsaslandıran ehkamlar sırasıdır. Məhz bu ehkamlara etiraz olaraq ortodokslar Fəzlüllahın davamçılarına istehza ilə “hürüfçular” damğası vurmuşlar.

Şübhəsiz, Fəzlüllah ən böyük əlifba və fonem və qrafem tarixçilərindən biri kimi qəbul edilməlidir. Onun bu istiqamətdəki yorumları ehkam və dəlil yaratma məqsədi ilə deyilsə də, elmi və dünyəvi əhəmiyyət də kəsb edir. O, müqəddəs kitablardakı hərf saylarına ehkam kimi məna verir. Məsələn, Suriya əlfbasında yazılmış Tövratda 22, yunanca yazılmış İncildə 24, ərəbcə yazılmış Quranda 28, farsca yazılmış “Cavidannamə”də isə 32 hərf olduğunu xüsusi vurğulayır. Bu, həm də Musa, İsa, Məhəmməd peyğəmbər və Fəzlüllah arasında varisliyi təsdiqləyir. Digər tərəfdən bu təsnif fonetik yazının tarixində fonemyaranma və variantlanma prosesini izləmək üçün külli miqdar faktik material verir. Bu, fonetik yazının yaranmasını mərhələlər kimi aydınlatmaq üçün əsas araşdırma yoludur.

“Cavidannamə”də sağdan sola yazılan əlifba hərflərinin şəklinə görə təsnifi barədə də külli miqdarda müşahidələr vardır. Əsl və onlara dıyişiklik edilməklə yaranan törəmə hərflərin araşdırılması fonemlərdən əvvəl qədim əlifbaların hansı sait və samit diftonqları əsasına qurulduğunu aydınlatmağa imkan açır. Fonem əlifbalarından əvvəl diftonq əlifbalarını mövcudluğunu ortaya qoyur. Bu əlifbalara xas hərflərin şəkilcə təsnifi, tutuşdurulması onların real tarixi təkamülünü izləmək, qrafemaların elmi tarixini yaratmaq üçün çox maraqlıdır və bizim dilçilərin marağına tuş gəlməyib.

Hürufilər insan üzündə də ilahi hərflərin izlərini axtarırdılar. Bu da onların fundamental bir ehkamını əsaslandırmalı idi. Bu ehkam Allah və insan arasında ayrılmaz rabitənin varlığını göstərməli idi. Bu rabitəni göstərmək üçün Fəzlüllah hərf rəqəm və insan sifəti simvollarından geniş istifadə etmişdir. Bütün bu simvolikaya ilahi dəlil dəyəri verilirdi. Məqsəd bir idi: insanların öz yaradıcısı olan Allaha qayıda, dönə bilməsi, onunla müvəhidliyə nail olmasının mümkünlüyünü əsaslandırmaq. Bu, hürufiliyin və onların dininin əsas ehkamı idi. Ən kamil insanlar (hürufilər) üçün Allaha qayıdıb ona qovuşmaq və əbədilik qazanmaq şansı real sayılırdı.

Bu səbəbdən hürufi qəzəllərinin ilk beytləri Fəzlüllahın üzünün ilahi əlamətlərini göstərən epitetlərlə başlanırdı. Onun üzü də Allahlığının dəlili, bəlkə ən mühüm dəlili sayılırdı. Fəzlüllahla görüşlərində ən etiqadlı hürufilər onun üzünün təsirilə bayılardılar. Bu da onun ilahiliyinin dəlili sayılırdı.

Fatehin kitabının sonunda müəllif sanki mətnlərdən uzaqlaşır və islam ayin və anlayışlarının (namaz, oruc, zəkat, dəstamaz və s.) şərhinə keçir. Burada o çox yerdə tələsik olaraq hürufiləri islam çərçivəsinə yerləşdirməyə səy edir və bu səylər bəzən qeyri-ciddi bir tələskənliklə edilir. Əsərin bu hissələrinə “Hürufilik və islam” da demək olar. Fateh Quranı, hədisləri gözəl bilir, sevir və yorumlayır. Mövzu çox vaxt onu aparır. Amma o bir alim kimi namusludur və əqidəsinə zidd olan mətn parçalarını da misal gətirir və son nəticədə, hürufiliyə bir mədəniyyət, fəlsəfə, monoteim tarixinin parlaq bir səhifəsi kimi yanaşır. Bu da əsl alimə, əsl elm adamına və əqidə sahibinə xas olan keyfiyyətdir. Biz də bu kitabdan islam və hürufilik barədə xeyli öyrəndiyimizi təsdiqləyirik.

Müasir alim hürufiliyə öz əqidəsi baxımından qiymət vermək istəsə, o elmdən kənara çıxmış bir təriqətçiyə çevrilir. Elm üçün, türkologiya üçün hürufilik - mətn mədəniyyətidir, özəl dil və düşüncəmizin və bəşəriyyətin haqq və həqiqət axtarışlarının bir mərhələsidir. Onlar öz Allahlarını necə anlayırdılar, bu düz, ya səhv idi? - bu sual türkologiyaya aid deyildir. Belə məsələlər hürufi mətnlərinin çap edilib üzə çıxarılmasına, öyrənilməsinə mane olmamalıdır. Təəssüf ki, əvvəllər bu olmuşdur. Qoy bu barədə də mübahisələr olsun və mütləq olacaqdır, davam edəcəkdir.

Amma Fateh Usluerin və ona yardımçı olan digər Türkiyə alimlərinin, vəqflərinin, naşirlərinin fəaliyyəti bir nəticəni aşkar ortaya qoyur: türk dilli hürufi mətnlərinin çapı və öyrənilməsi türkologiyada yeni bir yol açır və bundan sonra heç bir xürafatçılıq bu yolu bağlaya bilməz. Bu, həm də müasir, açıq və yeni müsəlman düşüncəsinin, özünüdərkinin yeni bir mərtəbəsidir. Çünki müsəlman təriqət və məzhəbləri də bizim taleyimizin və mənəvi axtarışlarımızın bir parçasıdır. Onlardan kənarda açıq, “xalis” vəhdət yoxdur. Biz keçmişi anlamaqala bu günü və sabahın reallıqlarını daha düğru başa düşəcəyik.

 

Rəhim Əliyev

 

Ədəbiyyat qəzeti.- 2013.- 11 oktyabr.- S.7-8.