Milli xəzinəmiz
Müsahibimiz Azərbaycan Milli Kitabxanasının
direktoru Kərim Tahirovdur
“Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Heydər Əliyev
Qısa arayış:
Kərim Məhəmməd oğlu Tahirov
1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin
kitabxanaçılıq fakültəsində təhsil
alıb və yüksək ixtisaslı
kitabxanaşünas-biblioqraf ixtisasına yiyələnib.
1983-cü ilədək Azərbaycan Dövlət Respublika
Kitabxanasında böyük kitabxanaçı, böyük
redaktor, baş kitabxanaçı və
başqa vəzifələrdə çalışıb.
1983-2000-ci illərdə Mədəniyyət nazirliyində idarə
rəisi vəzifəsinədək yüksəlib. 2000-ci ildən
M.F.Axundzadə
adına Dövlət Kitabxanasında direktor müavini, 2005-ci
ildən bu günədək M.F.Axundzadə adına Azərbaycan Milli
Kitabxanasının direktoru vəzifəsində
çalışır.
Azərbaycan
Respublikasının əməkdar mədəniyyət
işçisi fəxri adına layiq görülüb və
tarix üzrə fəlsəfə doktorudur.
- Ötən
ay Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
sərəncamı ilə Azərbaycan Milli
Kitabxanasının 90 illik yubileyi keçirildi. “Ədəbiyyat
qəzeti”nin yaradıcı kollektivi adından sizi və rəhbərlik
etdiyiniz kollektivi yubiley münasibətilə təbrik edir və
yubileylə bağlı təəssüratlarınızı eşitmək istərdik.
- Təbrikə görə
mən də həm öz adımdan, həm də
kollektivimizin adından sizə minnətdarlığımı
bildirmək istəyirəm. Bəli, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 24
iyun 2013-cü il tarixində ölkədə elmi-mədəni
və ədəbi irsin qorunub saxlanılmasında mühüm
xidmətləri olan Azərbaycan Milli Kitabxanasının 90
illik yubileyinin keçirilməsini təmin etmək məqsədi
ilə imzaladığı bu sərəncam bizim
kollektivdə böyük ruh yüksəkliyi
yaratmışdır. Azərbaycan Milli
Kitabxanasının ötən bu 90 il ərzində
qazandığı uğurlardan söz düşəndə
isə heç şübhəsiz ki, bizim kollektivin əməyinin
ən dəqiq qiyməti yenə də Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
verilmişdir. Prezidentimiz demişdir ki, Azərbaycan
Milli Kitabxanası ötən müddət ərzində cəmiyyətin
intellektual-mənəvi potensialının
artırılmasında əvəzsiz rol oynamış, elm və
mədəniyyət xadimlərinin bir neçə nəslinin
formalaşmasına öz töhfəsini vermişdir.
Əlbəttə,
ötən 90 il heç də hamar olmayıb, enişlər də
olub, yoxuşlar da olub. Problemlərimiz də olub,
uğurlarımız da. Bütün bunlara baxmayaraq, Azərbaycan
Milli Kitabxanası bugünkü inkişaf səviyyəsinə
gəlib çatmışdır ki, bu da bizi olduqca sevindirir. Təbiidir
ki, Dövlət başçısının
imzaladığı sərəncama müvafiq olaraq Milli
kitabxananın 90 illik yubileyinin belə təntənəli
şəkildə keçirilməsi bizim üçün
böyük şərəfdir. Bu yubiley tək bizim yox,
bütün xalqımızın, ziyalılarımızın,
ədəbi ictimaiyyətin bayramıdır. Odur ki, fürsətdən
istifadə edərək kitabxanamızın bütün
kollektivi, bütövlükdə isə bütün kitabxanaçılar
adından Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə öz minnətdarlığımızı
bildirmək istəyirik.
Azərbaycan
Milli Kitabxanasının 90 illik yubiley tədbirlərində
ümumilikdə 60 xarici qonaq, 35-dən artıq dünya milli
kitabxana direktorları, Avropa Milli Kitabxanaları
Konfransının (CENL) prezidenti, üzvləri, Avrasiya
Kitabxanaçılıq Assambleyasının (BAE) prezidenti və
üzvləri iştirak edirdilər.
- Kərim müəllim, dövlət başçısının digər sərəncamları ilə Azərbaycan Milli Kitabxanasının bir qrup işçisi yubiley ərəfəsində müxtəlif mükafatlara layiq görüldü. Siz də Respublika Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildiniz.
- Təşəkkür
edirəm, təbiidir ki, bu sərəncamlar da bizim kollektivimizə,
xüsusilə yubiley ərəfəsində verilən
çox yüksək qiymətdir. Bütövlükdə isə
mən bunu həm də ölkə
kitabxanaçılarının əməyinə verilən
qiymət kimi dəyərləndirirəm. Bu diqqətə və
qayğıya görə də dövlət
başçısına öz minnətdarlığımızı
bildiririk. Burada onu da qeyd etməyi özümə borc bilirəm
ki, dövlət başçısı eyni zamanda belə bir
zamanda həm də vaxt tapıb bizim qonaqlarımızı da
qəbul etdi. Xüsusən onun qonaqlarla, Avropanın bir
sıra ölkələrinin, o cümlədən də Fransa, Estoniya, İsveçrə Milli
kitabxanalarının direktorları ilə etdiyi səmimi
söhbət heç bir vaxt yadımdan çıxmaz. Kitabxana sahəsində kifayət qədər təcrübəyə
və səriştəyə malik olan bu insanların
görüşdən sonra uzun müddət həmin
görüşdən bəhs etmələri, eləcə də
dövlət başçımızın kitabxana işini belə
peşəkarcasına bilməsi onlarda son dərəcə
təəccüb doğurmuşdu.
- Azərbaycan Milli Kitabxanası bu günədək zəngin inkişaf yolu keçmiş və böyük əhəmiyyətə malik nəşrləri mühafizə edən mədəni sərvətlər xəzinəsinə çevrilmişdir.
- Nahaq yerə deməyiblər
ki, bəşəriyyətin ən böyük kəşfi
kitabdır. Bu gün biz kitabxanaçıların da
missiyası milli təfəkkürümüzü, milli
yaddaşımızı, milli tariximizi özündə təcəssüm
etdirən bu kitabları mühafizə edib saxlamaq və
onları gələcək nəsillərə
çatdırmaqdır. Biz də belə bir müqəddəs
və şərəfli vəzifənin öhdəsindən gəlməyə
çalışırıq. Bizdə hazırda kifayət qədər
qədim tarixə malik olan çap kitabları vardır. Məsələn, 1568-ci ilin kitabı vardır bizdə
və həmin kitablardan bu gün də oxucularımız
istifadə edə bilirlər. 1922-ci ildə bu kitabxana
yaradılanda onun fonduna İmperator Texniki Cəmiyyətinin
Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin
kitabxanalarının fondlarından 5000 nüsxə kitab
verilmişdi. 1923-cü ildən sürətlə
inkişaf etməyə başlayan kitabxana əsas diqqəti
fondun komplektləşdirilməsinə yönəltmişdir.
1925-ci ildə kitabxana öz fondunda 51000, 1928-ci ildə isə
300000 adda kitab, jurnal, qəzet kart və digər çap məhsullarını
toplaya bilmişdir. Təkcə 1928-ci ildə xaricdən 50 adda
dövri mətbuat alınmışdır. O vaxtlar kitabxana Azərbaycan
Elmlər Akademiyasının binasında bir neçə otaqda
yerləşirdi.
- 1922-ci ildə yaradılmış Azərbaycanın baş kitabxanası olan Azərbaycan Milli Kitabxanası nəinki Qafqazda, yerləşdiyimiz Avropa qitəsində, eləcə də bütün dünyada şöhrət tapan ən böyük milli kitabxanalardan və ən iri kitabsaxlayıcılardan biridir.
-
Bilirsiniz, Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi
çərçivəsində dörd böyük beynəlxalq
tədbirin keçirilməsinin özü də
kitabxanamızın həm Avropa məkanında, həm
Qafqazda, ümumiyyətlə, Şərq aləmində
böyük nüfuza malik olduğunu bir daha təsdiq edir. Bunlar bir daha sübut edir ki, Azərbaycan
Milli Kitabxanası dünyanın ən inkişaf etmiş
kitabxanaları ilə eyni səviyyədədir və modern
kitabxanalar sırasındadır. Avropanın 44 ölkəsinin
milli kitabxana direktorlarının ötən ay Azərbaycana gəlib
burada öz tədbirlərini keçirməsi dediklərimizi
bir daha sübut edir. Bir faktı qeyd etmək istərdim ki,
postsovet məkanında hələlik yalnız Azərbaycan
Respublikasında belə bir tədbirin keçirilməsi
mümkün olmuşdur. Bu da Avropa ölkələri tərəfindən
bizim Milli kitabxanaya göstərilən böyük
etimaddır. Rusiyada isə hələ gələn il belə
bir tədbirin keçirilməsi nəzərdə tutulub.
Məlum olduğu
kimi, ötən ayın 24-25-də paytaxtımızda Avropa
Milli Kitabxanaları Konfransının (CENL) 27-ci illik
görüşü keçirilmiş və 40-a yaxın
ölkənin 50-dən çox nümayəndəsi
iştirak etmişdir. Görüşdə Niderland, Finlandiya, Polşa, Böyük Britaniya və
başqa ölkələrin nümayəndələri yeni əməkdaşlıq,
yeni məqsədlər barədə çıxışlar
etdilər. Tədbirin sonunda Azərbaycan Milli Kitabxanasının
rəhbərliyi adından CENL-in 32-ci
görüşünün 2018-ci ildə Azərbaycanda
keçirilməsi təklifini irəli sürdük. Kitabxanada həmçinin B.Yeltsin adına Rusiya
Prezident Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası və
Qazaxıstan Milli Akademik Kitabxanası ilə Azərbaycan Milli
Kitabxanası arasında ikitərəfli
qarşılıqlı əməkdaşlıq barədə
memorandum imzalandı. Qonaqlar Azərbaycan Milli
Kitabxanasının “Nadir kitablar və kitabxananın muzeyi”
şöbəsinin açılış mərasimində
də iştirak etdilər. Onlar Azərbaycan
Milli Kitabxanasının nəşrlərindən ibarət “90
il xalqın xidmətində”, Estoniya Milli Kitabxanasının
“25+5 nəfis eston kitabları 2011-2012”, “Dünya ədəbiyyatı
klassikləri”, “Qarabağ-mədəniyyətimizin beşiyi”,
“Azərbaycan xarici dillərdə” adlı sərgilərlə
də tanış oldular.
- 1939-cu ildən kitabxana mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundzadənin adını daşıyır. Kitabxana gündən-günə inkişaf etməkdədir. İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənmiş, onlarca yeni şöbə yaranmış, fondlarında ədəbiyyat sayı milyonlara çatmışdır.
- Sevindirici haldır
ki, bu gün Milli kitabxanamız memarlıq baxımından
tarixi abidə kimi qiymətləndirilən belə bir əzəmətli
binada yerləşir və onu da qeyd etmək istərdim ki,
kitabxanamız 1961-ci ildə indiki binaya
köçmüşdür. Binanın yerinin seçilməsində
və tikilməsində görkəmli xalq
yazıçısı Süleyman Rəhimovun böyük
xidməti olmuş, binanın layihəsini hazırlamaq isə
akademik Mikayıl Hüseynova məxsusdur. Azərbaycan Milli
Kitabxanasının böyük mütəfəkkir, ədəbiyyatımızda
realizmin banisi Mirzə Fətəli
Axundzadənin adını daşıması da bizdə
qürur hissi doğurur. Qeyd edim ki, M.F. Axunzadə Azərbaycan
xalqının fəxr edə biləcəyi mütəfəkkirlərindən
biridir. Bu gün biz də haqlı olaraq bununla fəxr edir və
öz fəaliyyətimizlə öhdəmizə düşən
müqəddəs missiyanı yerinə yetirməyə
çalışırıq.
Hazırda Milli
kitabxanada 26 şöbə, 47 bölmə vardır və 13
oxucu zalı oxucuların ixtiyarına verilib. Bizim əsas vəzifəmiz
oxuculara xidmət göstərməkdir. Biz oxucu ilə işləyirik.
Oxucu olmasa, heç kitabxanaya da ehtiyac qalmaz. Kitab da canlı bir
orqanizmdir, o da hava almalıdır, ona da insan nəfəsi dəyməlidir.
Şükürlər olsun ki, bu gün kitabxanamıza gələn
oxucuların sayı artıq 38000-i keçmişdir.
Kitabxanamızın virtual oxucuları da vardır ki, bu gün
onların sayı 500 mini ötüb keçmişdir. Fərəhləndirici haldır ki, həmin
virtual oxucuların bir hissəsi isə xarici
oxucularımızdır. Kitabxana fondumuzda olan
kitabların isə hardasa 40 faizinin elektron versiyası
mövcuddur. Hazırda Azərbaycan Milli
Kitabxanasında 4 milyon 513 min çap məhsulu
saxlanılır. Milli kitabxana artıq
kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və
kitabşünaslıq sahəsində aparıcı müəssisə,
ölkənin bütün kitabxanaları üçün
elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana - biblioqrafiya,
informasiya xidməti göstərmək, kitabxanalararası
abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq
və ölkədaxili depozitar mərkəz
funksiyalarını yerinə yetirir.
-
Heç təsadüfi deyildir ki, elm və mədəniyyətə
yüksək qiymət verən ulu öndərimiz Heydər Əliyev
4 dəfə (1995 - 3 iyun; 1996 - 4 mart; 1997 - 5, 20 noyabr) Milli
Kitabxanaya gəlmiş və öz şəxsi
kitabxanasından yüzlərlə kitabı kitabxanaya hədiyyə
etmişdir. Bu barədə nələri qeyd etmək
istərdiniz?
- Ulu öndərimiz Heydər Əliyev kitaba, kitabxanaya həmişə
yüksək qiymət verirdi və onun bu kitabxanaya dörd dəfə
gəlməsi də dediklərimizi bir daha təsdiq edir. Onun hər dəfə kitabxanamızda keçirilən
kitab sərgilərində, yeni kitabların təqdimatında
iştirak etməsi bu mədəniyyət ocağına yeni
ab-hava gətirirdi. Həmin
görüşlər həmişə maraqla keçirdi və
kitabxanamızın həyatında özünü büruzə
verən yeniliklərlə, dəyişikliklərlə yadda
qalırdı. Yadımdadır, 1995-ci ildə
Heydər Əliyev Kitabxanamıza gələndə öz
şəxsi kitabxanasından bizim kitabxanaya 300-ə yaxın
kitab bağışladı. Həmin kitablara
baxanda valeh olmaya bilmirsən. Açığını
qeyd etmək istərdim ki, ulu öndərimizin
kolleksiyasındakı kitablara diqqətlə nəzər
yetirdikdə bir daha bu insanın kitabı nə qədər
çox sevdiyini müşahidə edirsən. Maraqlı cəhətlərdən biri budur ki, həmin
kitablarda, yəni kitabların ayrı-ayrı səhifələrinin
kənarında ulu öndərimizin qeydləri də yer
almışdır. H.Əliyev mütaliə
etməyi çox sevirdi və həm də oxuduğu hər
bir kitaba yaradıcı şəkildə yanaşırdı.
Ulu öndərimiz məhz həmin vaxt
ziyalılarımıza müraciət edərək onları
bu təşəbbüsə qoşulmağa
çağırdı. Ziyalılarımız,
alimlərimiz də onun bu çağırışına
qoşularaq şəxsi kitabxanalarından kifayət qədər
kitabları Milli kitabxanamıza bağışladılar.
- Bilirik
ki, kitabxananın nadir kitablar bölməsində qədim
tariximizin müxtəlif dövrlərini əks etdirən nadir
və qiymətli nəşrlər, miniatür kitablar
kolleksiyası saxlanılır.
- Məlum olduğu kimi, əvvəllər Milli
kitabxanamızda nadir kitablar fondu var idi və bu fond binanın
alt mərtəbəsində və həm də xırda bir
otaqda yerləşirdi. Biz yubiley ərəfəsində
nadir kitablar fondunu ikinci mərtəbəyə
köçürdük və burada fond üçün kifayət
qədər böyük yer ayrılmışdır. Bundan əlavə, fondun ayrıca bir otağında
isə Azərbaycan Milli Kitabxanasının Muzeyini yaratdıq.
Onu da demək istəyirəm ki, burada kitabxanamıza hədiyyə
verilən kitablar, kitabxanamızın tarixinə aid olan
materiallar və s. kitablar saxlanılır ki, biz onları
eksponat kimi nümayiş etdiririk.
Fürsətdən istifadə edərək
qeyd etmək istərdim ki, bu günədək biz qiymətli
kitablarımızı oxucularımıza göstərə
bilmirdik. İndi isə müraciət edərək
deyirəm ki, bizim nadir kitablar fondunda olan qiymətli
kitabları görmək arzusunda olan hər bir kəs Milli
kitabxanamıza gəlib onlarla tanış
ola bilər. Milli kitabxanamızda olan ən qədim
və nadir kitablar indi açıq şəkildə,
xüsusi rəflərdə və şüşələrin
altında nümayiş etdirilir.
- 2004-cü ildə kitabxanaya Nazirlər Kabinetinin qərarı
ilə “Milli kitabxana” statusu verilmişdir ki, bu da kitabxananın
fəaliyyətinə verilən ən yüksək qiymətdir.
- Bəli, hər bir dövlətin əsas
atributlarından biri də məhz milli kitabxananın
mövcudluğudur və milli kitabxana bir ölkənin,
dövlətin və xalqın tarixi yaddaşını
mühafizə edərək gələcək nəsillərə
çatdıran, ölkənin Milli arxiv fondunu yaradan və
yaşadan elm məbədidir. Kitabxanamıza belə
bir statusun verilməsi kollektiv üçün təbii ki,
böyük bir fəxrdir, şərəfdir. Eyni zamanda bu ad bizim üçün böyük məsuliyyət
deməkdir və biz öhdəmizə düşən vəzifələrin
layiqincə yerinə yetirilməsinə
çalışırıq.
- Bu
gün elə bir sahə tapılmaz ki, orada kompyüterlərdən,
digər informasiya texnologiyalarından istifadə olunmasın.
M.F. Axundzadə adına Azərbaycan Milli
Kitabxanasında bu istiqamətdə nə kimi işlər
görülmüşdür?
- M.F.Axundzadə adına Milli
Kitabxanada bu işə 1999-cu ildən başlanmış və
2000-ci ildə kitabxanada İnternet zalı istifadəyə
verilmişdir. 2001-ci ildə isə kitabxanada Tədris
Mərkəzi yaradılmışdır. 2003-cü
ildən kitabxanada avtomatlaşdırılmış idarəetmə
sisteminin tətbiqinə başlanmışdır. Sistemin proqram təminatı ABŞ-ın
VTLS-kitabxanalar üçün xüsusi
avtomatlaşdırılmış proqramlar işləyən təşkilatlar
tərəfindən həyata keçirilmişdir. Buraya elektron kataloqun tərtibi, elektron kitabxananın
təşkili, oxucuların qeydiyyatı, kitab verilişi, kitab
fondunun komplektləşdirilməsi, Milli biblioqrafiyanın və
respublikanın bütün iri kitabxanalarının toplu
kataloqunun yaradılması, yəni bütün kitabxana proseslərinin
avtomatlaşdırılması modulları daxildir. Artıq avtomatlaşdırma işinə
kitabxananın ən vacib sahəsi olan elektron kataloqunun tərtibindən
başlanmışdır və bu günə kimi milli ədəbiyyata
dair təsvir məlumat bazasına daxil edilir. Elektron kataloqla yanaşı, Milli kitabxanada kitab
fondlarının elektron versiyasının, yəni
kitabların mətninin kompyüter yaddaşına
köçürülməsi işinə də
başlanmışdır. 2006-cı ildə
informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə
tətbiqi ilə əlaqədar olaraq Milli kitabxanada
aşağıdakı yeni şöbələr
açılmışdır: kitabxana işinin
avtomatlaşdırılması və informasiya
texnologiyaları, elektron informasiya xidməti, elektron resurslarının
yaradılması, kitabxana işçilərinin təlim və
tədris mərkəzi. 2005-ci ildə Milli
kitabxanamız Avropa Milli Kitabxanalar Konfransı Beynəlxalq Təşkilatına
üzvlüyə qəbul edilib. Postsovet məkanında
Rusiyadan sonra bu təşkilata üzv olan ikinci dövlət Azərbaycan
oldu. Bu da kitabxanamızın beynəlxalq əməkdaşlıq
üfüqlərinin genişlənməsinə, ümumavropa
və ümümdünya layihələrində
iştirakına real imkanlar yaradacaq. Bu təşkilat
özündə 54 Avropa ölkəsinin kitabxanalarını
birləşdirir. Avropa
kitabxanalarının vahid bir sistemdə birləşdirilməsi
ümumavropa elektron kitabxanasının yaranmasına imkan verəcəkdir.
- Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri
barədə nə deyə bilərsiniz?
- Azərbaycan Milli Kitabxanasının beynəlxalq
əlaqələrindən söz açarkən ilk növbədə
qeyd etmək istərdim ki, bu gün dünyaya inteqrasiya etmədən
inkişaf etmək qeyri-mümkündür. Bir qədər əvvəl söylədiyim məsələlər
də bilavasitə kitabxanamızın xarici aləmlə
mövcud əlaqələrini bir daha təsdiq edir. Biz bu məsələyə xüsusi diqqət yetiririk,
çünki bu, dövrün, zamanın tələbidir.
90 yaşı tamam olan Azərbaycan Milli
Kitabxanası 1965-ci ildən bu günə kimi dünyanın
60-dan artıq kitabxanası ilə beynəlxalq kitab mübadiləsini
həyata keçirir. 30-dan artıq ölkənin
milli kitabxanası ilə ikitərəfli
qarşılıqlı əməkdaşlıq haqqında
Memorandum imzalamış Azərbaycan Milli Kitabxanası ötən
ayın 4-də növbəti Memorandumu Almaniyanın Humboldt
Universiteti ilə imzalamışdır.
Memorandum Azərbaycan Milli
Kitabxanasının direktoru və Almaniyanın Humboldt Universitetinin
Azərbaycan tarixi kafedrasının müdiri xanım Eva-Maria
Aux tərəfindən imzalanmışdır. Görüş zamanı xanım Eva-Maria Aux Humboldt
Universitet kitabxanasının Qafqaz kataloqunda erməni ədəbiyyatının
üstünlük təşkil etdiyindən, sanki Qafqazın
yalnız onlardan ibarət olduğundan yanğı ilə
danışmışdır. Xanım
Eva-Maria Humboldt Universitet kitabxanasını Zaqafqaziya
Respublikası olaraq Azərbaycanın xüsusilə tarixini, mədəniyyətini,
irsini əhatə edən yeni ədəbiyyatla zənginləşdirməyi
xahiş etmişdir. O, həmçinin Almaniya
kitabxanalarını Azərbaycanda çıxan yeni nəşrlərlə
tanış etmək, onların
fondlarını komplektləşdirmək üçün ədəbiyyat
siyahısı da istəmişdir.
Mən özüm Avstriya Milli
Kitabxanasında olmuşam və oradan Milli kitabxanamızda
olmayan və xüsusi əhəmiyyət kəsb edən 12
nüsxə kitabın surətini çıxararaq ölkəmizə
gətirmişəm. Həmin kitablar Azərbaycanla
bağlı, amma fransız dilində yazılmış dəyərli
kitablardır və onların içərisində hətta
1741-ci ildə çap olunmuş kitablar da vardır. Onu da qeyd edim ki, Milli kitabxanamızla Avstriya Milli
Kitabxanası arasında da Memorandum imzalanmışdır.
Bu sənədin maddələrindən biri isə
elektron kataloqlarda axtarış aparılmasıdır və məhz
bu maddə bizə digər ölkələrin milli
kitabxanalarında ölkəmiz üçün gərəkli
olan kitabların axtarılıb tapılmasına imkan verir.
Çexiyadan Nizami Gəncəvinin bizə məlum
olmayan və XVII əsrə məxsus əlyazmasını əldə
edib gətirdim. Əlbəttə, bu,
olduqca gərəkli bir məsələdir və biz bu istiqamətdə
fəaliyyətimizi davam etdiririk. Uzun
müddət bizə bu məsələlərlə maraqlanmağa
imkan verilmirdi. İndi biz müstəqil
ölkəyik və fürsətdən istifadə edərək
xarici ölkələrdə olan mənəvi sərvətlərimizi
axtarıb tapıb ölkəmizə gətirməliyik. Bu işin çox yaxşı nəticələri
olacağına əminəm.
- Kitabxanada həmçinin kütləvi tədbirlər,
sərgilər, seminar və konfranslar, kitab təqdimatları,
yazıçı və elm adamları ilə
görüşlər keçirilir ki, bu da ədəbiyyatımızın,
bütövlükdə mədəniyyətimizin təbliğində
mühüm rol oynayır.
- Milli kitabxananın əsas vəzifəsi bir qədər
əvvəl qeyd etdiyim kimi, xalqın tarixi yaddaşını
mühafizə edib saxlamaq və onu gələcək nəsillərə
çatdırmaqdır. Amma iş bununla da bitmir və Milli
kitabxana həm də mövcud dəyərləri təbliğ
etməlidir. Bilirsiniz, bu gün Azərbaycan
tarixinin, ədəbiyyatının, bütövlükdə Azərbaycan
reallıqlarının təbliğinə həmişəkindən
daha çox ehtiyac vardır. Təbiidir ki,
bu da qeyd etdiyiniz tədbirlər vasitəsilə
reallaşdırıla bilər. Həm
ölkə daxilində, həm də ölkədən kənarda
keçirilən tədbirlərdə iştirak etməklə
tariximizi və ədəbiyyatımızı bir daha təbliğ
edir, milli mənəvi dəyərlərimizi digər xalqlara
nümayiş etdirə bilirik. Biz
içimizə qapılmırıq və
çalışırıq ki, təbliğat işləri ilə
məşğul olaq. Bu gün Azərbaycan
Milli Kitabxanası dünya ölkələrinə kitablar
göndərir. Qeyd etmək istərdim ki, kitabxanamızı
ən çox Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi və Heydər Əliyev Fondu kitablarla təmin
edir. Son beş-altı il ərzində dünya ölkələrinə
42000 nüsxə kitab göndərmişik. Bu da
təbiidir ki, Azərbaycanın təbliği deməkdir.
Söhbətləşdi:
Ələsgər
BEHBUDLU
Ədəbiyyat
qəzeti.- 2013.- 11 oktyabr.- S.6.