Ədəbi mövzunun yeni qatları

  

Timuçin Əfəndiyev. "Hüseyn Cavid: ideal həqiqət axtarışı", Bakı, Proqres - 2013

 

Böyük humanist sənətkar, haqqın, ədalətin yorulmaz carçısı olan Hüseyn Cavidin dramaturji irsi XX əsrin birinci yarısında Azərbaycan ədəbi romantizminin ən yüksək zirvələrindən biri olmuşdur. Bu əzəmətli, üsyankar ruhlu romantizm dərin fəlsəfi və insani məzmun, həmçinin yüksək ədəbi-bədii, estetik mahiyyət kəsb edərək onun həmişəyaşar əsərlərində təcəssüm olunur.

Azərbaycan ədəbiyyatşünaslığında Cavid dühasının tədqiqi mühümaktual mövzulardandır. Cavid sənətkarlığına bir çox sanballı tədqiqat əsərləri həsr olunmuşdur. Bu tədqiqat əsərlərinin məcmusu milli ədəbiyyatşünaslığımızda mühüm bir istiqamətin - cavidşünaslığın əsasını qoyub. Yarım əsrdən artıq yaşı olan fundamental cavidşünaslıq bir çox dəyərli tədqiqat əsərləri ilə zənginləşmişdir. Bu möhtəşəm proses bu gündavam etməkdədir.

Bir faktı da xatırlayaq ki, oktyabr ayı özlüyündə Cavidlər ailəsi üçün hər zaman düşərli olub. Böyük Hüseyn Cavid 24 oktyabr 1882-ci ildə dünyaya göz açıb. Onun oğlu, istedadlı bəstəkar, həyatdan vaxtsız və nakam köçmüş Ərtoğrol Cavid 22 oktyabr 1919-cu ildə anadan olub. Qızı Turan Cavid 2 oktyabr 1923-cü ildə doğulub. Bu günlərdə ədəbi-elmi ictimaiyyət, bütün Azərbaycan xalqı, qüdrətli türk dünyası Cavidlər ailəsinin silsilə doğum günlərini bayramla qarşılayıb və qarşılayır. 4 il öncə Ərtoğrolun, bu il isə Turan xanımın da 90 yaşı tamam oldu. Uzaq Sibir sürgünündə Vətən həsrəti ilə yaşayanbu həsrətlə də gözlərini yumub ölməzliyə ucalan Cavidin Vətənə cismani dönüşü də məhz bu ayda - 26 oktyabr 1982-ci il tarixində baş tutub. Bu cəhətdən oktyabr ayı həm də cavidşünaslığın çiçəkləndiyi, bar-bəhər verdiyi ay kimi də dəyərləndirilə bilər. Hüseyn Cavidin ev muzeyi silsilə yubileylərlə bağlı tədbirlər keçirir, cavidşünaslıq yeni-yeni kəşflərlə, elmi fikirlərlə, təhlillərlə, nəşrlərlə zənginləşir. Cavid irsi istər ölkəmizin, istərsə də digər ölkələrin nüfuzlu beyin mərkəzlərində araşdırılır, öyrənilir, hər dəfə də bu əbədi mövzunun yeni-yeni qatları açılır.

Cavidşünaslığa növbəti töhfə kimi bu yaxınlarda. "Hüseyn Cavid: ideal həqiqət axtarışı" monoqrafiyası ictimaiyyətə təqdim olunub. Bu əsər çağdaş cavidşünaslığın dəyərli nümunələrindən biridir. Monoqrafiyanın müəllifi əməkdar incəsənət xadimi, filologiya üzrə elmlər doktoru, elmi yaradıcılığının böyük qismini Cavid irsinin araşdırılmasına həsr etmiş professor Timuçin Əfəndiyevdir.

Cavid yaradıcılığı sahəsində ilk tədqiqatlara gənclik illərində başlamış professor Timuçin Əfəndiyev bu sahədə monoqrafiyalar, silsilə yazılarla çıxış etmişdir. O, "Hüseyn Cavidin ideyalar aləmi" (1985), "Romantik dramaturgiyada tarixilik və bədiilik" (1999), "Azərbaycan dramaturgiyasında metodlar" (2002), "Azərbaycan mədəniyyəti və incəsənəti" (2003), "Azərbaycan teatr tarixi" (2009), "Mədəniyyətdə tarixilikmüasirlik" (2011) kimi sanballı kitabların müəllifidir. Bu kitabların əksəriyyəti bilavasitə Cavid yaradıcılığını əhatə edir. Digər qismi isə Cavid mövzusunu digər elmi problemlərlə, mövzularla qarşılıqlı şəkildə nəzərdən keçirir. Onun tədqiqatlarında Cavid sənəti dramaturgiya, teatr, kino, aktyorrejissor işi, musiqi, teatr, kinoteleviziya rəssamlığı müstəvisində, həmçinin sənətşünaslıq, kulturoloji biliklər kontekstində geniş tədqiq olunmuşdur. "Hüseyn Cavid: ideal həqiqət axtarışı" monoqrafiyası Hüseyn Cavid ev muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı tərəfindən nəşrə hazırlanmışdır. Kitabın redaktoruona ön söz yazmış Gülbəniz Babaxanlı bildirir ki, Cavid irsini işıqlandıran klassik əsərlərin latın qrafikası ilə nəşri elmi qurum olaraq Cavid ev muzeyinin daim diqqət mərkəzindədir.

Yeni nəşr professor Timuçin Əfəndiyevin 1985-ci ildə çap olunmuş "Hüseyn Cavidin ideyalar aləmi" kitabı əsasında hazırlanmışdır. Vaxtilə kiril əlifbası ilə işıq üzü görmüş bu dəyərli monoqrafiya cavidşünaslığın inkişafında mühüm addım oldu. Odur ki, bu əsəri latın qrafikasına çevirməyə ciddi ehtiyac yaranmışdı.

Bunu da vurğulamaq vacibdir ki, "Hüseyn Cavid: ideal həqiqət axtarışı" monoqrafiyasının təkrar nəşri bir sıra yeniliklərlə zənginləşdirilmişdir. Kitaba ön sözündə nəzərə çatdırılır ki, əsərin elektron versiyasında ingilis dilində geniş xülasə də yer almışdır. Bununla da əsərin istifadə dairəsi xeyli genişlənmişdir. Bu, mədəni və elmi irsimizin dünyada tanınması baxımından, şübhəsiz ki, çox faydalıdır. Eyni zamanda monoqrafiyanın mətninin Hüseyn Cavidin ev muzeyinin veb-saytında yerləşdirilməsi də planlaşdırılır.

Professor Timuçin Əfəndiyev yeni nəşr üzərində böyük səylə işləmiş, onu xeyli təkmilləşdirmiş, kitaba maraqlı əlavələr etmişdir. Əgər köhnə redaksiyada Hüseyn Cavidin əsasən dramaturji irsi ədəbiyyatşünaslıq kontekstində təhlil olunurdusa, yeni redaksiyada həmçinin ədibin əsərlərinin səhnə təcəssümü, onların rejissor və aktyorların yaradıcılığına təsiri kimi mühüm teatrşünaslıq problemləri də nəzərdən keçirilir.

Kitabın əvvəlində filologiya üzrə elmlər doktoru, professor Gülşən Əliyeva-Kəngərlinin "Tarix Cavidə xidmət edir" başlıqlı yazısında monoqrafiyanın Cavid irsinin işıqlandırılmasında, onun dərin elmi-nəzəri təhlilinin verilməsində əvəzsiz rol oynadığını diqqətə çatdırır. O, monoqrafiyanın elmi dəyərini, onun müasirliklə səsləşməsini əsaslandıraraq bu fikirləri beş ümumiləşdirilmiş müddəa şəklində oxuculara təqdim edir. Bu müddəalarda monoqrafiyanın müxtəlif, çox zaman əlçatmaz mənbələrdən qaynaqlanması, Cavid yaradıcılığının dünya romantizmi kontekstində nəzərdən keçirilməsi, Cavidin novator sənətkar kimi səciyyələndirilməsi və digər fikirlər öz əksini tapmışdır.

Monoqrafiya yeddi fəsildən ibarətdir. Bu fəsillərdə tədqiqatın elmi-nəzəri mahiyyəti, Cavid yaradıcılığında romantik faciənin ilk nümunələri, humanist ideyaların ifadəsi, dövrün ictimai-siyasi hadisələrinə şairin fəal münasibəti, onun mənəvi-əxlaqi görüşləri və bəzi digər problemlər tədqiq olunmuşdur.

Zənnimizcə, monoqrafiyanın ən dəyərli məziyyətlərindən biri onun cavidşünaslığın tarixini yetərincə işıqlandırması, qiymətləndirməsi və elmi-metodoloji baxımdan təhlil etməsidir. Bəllidir ki, Azərbaycan ədəbiyyatşünaslığında Cavid irsini araşdıran görkəmli alimlər olmuşdur. Məhz onların elmi-nəzəri görüşləri, Cavid irsinə verdiyi obyektiv qiymət cavidşünaslığı ərsəyə gətirən əsas meyardır. Azərbaycan alimlərinin əməyini yüksək qiymətləndirən müəllif yazır: "Hüseyn Cavid yaradıcılığı bir sıra görkəmli alimlərimizin diqqət mərkəzində olmuşdur. Bunlardan akademik Məmməd Arif, professor Əli Sultanlı, professor Cəfər Xəndan və başqaları Cavid yaradıcılığını, Cavid istedadını yüksək qiymətləndirmişlər. Xüsusilə Əli Sultanlının Cavid dramları haqqındakı mülahizələri obyektiv elmi xarakter daşıyır".

Yeni nəşrin üstün və fərqli cəhətlərindən biriburada unikal fotoların olmasıdır. Kitabın sonunda yerləşdirilmiş bu fotolar Cavid yaradıcılığının səhnə təcəssümünün olduqca maraqlı görüntülərini göz önünə gətirir. Bu tarixi fotolarda görkəmli sənətkarlarımızın Cavid qəhrəmanları simasında canlandırdığı möhtəşəm, unudulmaz rollar öz əksini tapır. Eyni adlı əsərlərdə Abbas Mirzə Şərifzadənin İblis, Səyavuş, Ülvi Rəcəbin Səyavuş, Rza Təhmasibin Knyaz, Ağadadaş Qurbanovun, Hacı Murad Yegizarovun Şeyx Sənan, Mehdi Məmmədovun Xəyyam, Hamlet Xanızadənin Topal Teymur, İblis, eyni zamanda Ələsgər Ələkbərovun Gərşivəz ("Səyavuş"), Rafael Dadaşovun Orxan, Amaliya Pənahovanın Olqa ("Topal Teymur") rolları bu fotolarda gərgin, dramatik məqamlarda əks olunmuşdur.

Tədqiqatda Cavid yaradıcılığındakı tarixi mövzuların müasirlik kontekstində şərhi diqqət çəkir. Professor Timuçin Əfəndiyev göstərir ki, böyük ədibin müraciət etdiyi tarixi mövzular məhz müasirlik nöqteyi-nəzərindən təfsir edildiyi üçün aktual təsir bağışlayır. Bu problemi diqqətlə araşdıran müəllif yazır: "…Hüseyn Cavid inqilabın ilk illərində dinitarixi mövzularda yazdığı "Peyğəmbər" və "Topal Teymur" pyeslərini təsadüfi yazmamışdı. Qeyd etmək lazımdır ki, həmin əsərlərin yazıldığı illərdə də ədəbi tənqid Hüseyn Cavidin bu mövzuları işləməsini "təsadüfi" hesab etmirbu "təsadüfü" dramaturqun tamamilə başqa ideya mövqelərində dayanmasının təzahürü kimi mənalandırırdı". Cavid ideyaları hətta insan təxəyyülünün buxovlandığı, qəlibə salındığı amansız illərdə belə şəxsiyyət azadlığını mənəvi meyar olaraq dəyərləndirir, bu xüsusiyyəti "Peyğəmbər" əsərində canlandırdığı müsbət obrazlar vasitəsilə ifadə edirdi. O dövrdə ideyaca kamil, daxilən azad insan obrazı həqiqətən də böyük aktuallıq kəsb edirdibunu aşkar göstərmək üçün məhz Cavid kimi mətin və ədalətli olmaq, haqq səsini ucaltmaqdan qorxmamaq lazım idi. İdeyaca kamil, mənən azad ideal şəxsiyyət obrazı "Topal Teymur"da tiranlığın müdhişliyi, amansızlığı ilə sanki üz-üzə gələrək bir qədər də ucalır. Həmçinin qüdrətli, eyni zamanda ağıllı və ədalətli hakimiyyət ideyası da özünü büruzə verir. Zəmanənin, quruluşun öz içindən, öz xislətindən doğan repressiya maşınının tezliklə işə düşəcəyini irəlicədən duyan, görən ədib şəxsiyyət azadlığını müstəbid rejimə qarşı qoymaqla əslində mövcud quruluşa olan münasibətini ifadə etmişdi. Bu fikirlər tədqiqatda əhatəli şəkildə işıqlandırılmış, dərindən təhlil edilmiş, onların mənəvi, psixoloji, fəlsəfi və ədəbi qaynaqları geniş şəkildə şərh olunmuşdur.

İnanırıq ki, Cavidşünaslıq rəflərində layiqli yer tutacaq "Hüseyn Cavid: ideal həqiqət axtarışı" kitabı dəyərli vəsait olacaq, Cavid irsini öyrənənlər professor Timuçin Əfəndiyevin yeni işıq üzü görmüş bu kitabından hər zaman yararlanacaqlar. Ümid edirik ki, müəllif böyük Cavid irsinə gələcəkdə də müraciət edəcəkdir.

 

Xəzər Zeynalov

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Ədəbiyyat qəzeti.- 2013.- 11 oktyabr.- S.7.