"...Kəssə hər kəs

tökülən qan izini..."

     

Tarixdə çox fatehlər, hökmdarlar olub. Onlar şəhərlər, qalalar, məmləkətlər fəth ediblər, qılınc çalıb, qan töküblər. Ordular bu fatehlərin qarşısında diz çöküb. Amma bu fatehlərin, bu hökmdarların bir çoxu qədər qəddar, əzazil olsalar da, sənətin yaratdığı möcüzələr qarşısında təslim olublar. Onlar sənətkara, söz musiqi adamına, rəssama nəqqaşa ehtiram göstəriblər. Özləri qan tökməklə, ölkələr almaqla yanaşı, gözəl memarlıq abidələrini inşa etdiriblər. Böyük fateh Teymurləngdən yadigar qalan neçə abidə indi durur. Yaxud Naxçıvanda Möminə Xatun türbəsi. Deyirlər ki, Şah İsmayıl Xətai döyüşə yollananda ölkəsinin ən mahir sənət adamlarını mağarada gizlədirmiş ki, onlar yaşasınlar.

Azərbaycan tarixində sənətə, sənətkara layiqincə qiymət verən bir böyük öndərdən, xalqımızın taleyində mühüm rol oynamış görkəmli ictimai xadimdən, müstəqilliyimizin bayraqdarından - Heydər Əliyevdən söz açılarsa, onlarla misallar gətirə bilərik ki, o, milli-mənəvi dəyərlərimizin, xüsusilə, ədəbiyyat incəsənətimizin inkişafında necə böyük işlər görüb. Onu dəfələrlə məmləkətimizin, respublikamızın taleyi ilə bağlı iclaslarda, müşavirələrdə, xaricdə, dünyanın taleyini həll edən ölkə başçıları ilə söhbətdə, dialoqda görmüşük, bu məqamlarda ulu öndər necə ciddi, əsl dövlət rəhbərinə xas olan bir görünüşdə seyr etmişik, qürur duymuşuq ki, Azərbaycanın belə nəhəng, qüdrətli başçısı var. Eyni zamanda, ulu öndərin görkəmli sənətkarlarla (şairlərlə, yazıçılarla, rəssamlarla, bəstəkarlarla, heykəltəraşlarla, memarlarla, aktyorlarla, müğənnilərlə) görüşünü az görməmişik. Heydər Əliyevi bu insanlarla görüşdə tamam dəyişilirdi, onun sənətə, sənətkara olan məhəbbəti bir anlığa üzünə, gözünə yayılırdı, o ciddi insan necə də kövrək olurdu

Ulu öndərin Azərbaycan ədəbiyyatının pərəstişkarı və bilicisi olduğunu təsdiq edən onlarla misallar gətirmək olar. Deyə bilərik ki, o, klassik poeziyamızı, müasir ədəbiyyatımızı gəncliyindən izləməyə və sevməyə başlamışdı. O, Nizamini də, Füzulini də, Şah İsmayıl Xətaini də, Molla Pənah Vaqifi də, Mirzə Fətəli Axundzadəni də, Hüseyn Cavidi də, Mirzə Ələkbər Sabiri də ürəkdən sevdiyi kimi, müasir ədəbiyyatın Cəfər Cabbarlı, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Əliağa Vahid, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz, Yusif Səmədoğlu, Tofiq Bayram kimi sənətkarların yaradıcılığını da diqqətlə izləyirdi. Onun Azərbaycan yazıçılarının qurultaylarında etdiyi çıxışlar, ayrı-ayrı sənətkarların yubileylərində söylədiyi nitqlər sözün əsl mənasında ədəbiyyat dərsləridir.

Ulu öndərin ən çox sevdiyi sənətkarlardan biridahi şair-dramaturq, Azərbaycan romantizminin görkəmli nümayəndəsi Hüseyn Cavid idi.

Bu yaxınlarda filologiya elmləri doktoru, Cavid ev muzeyinin direktoru Gülbəniz xanım Babaxanlının "Heydər Əliyev və Hüseyn Cavid" adlı kitabı işıq üzü gördü. Bu kitab Azərbaycanın iki böyük şəxsiyyətinin - ulu öndər Heydər Əliyevin və ulu sənətkar Hüseyn Cavidin mənəvi dünyalarına verilən çox dəyərli qiymətin təcəssümüdür. Ulu öndərin sənətə, ədəbiyyata münasibətini və məhəbbətini dolğun şəkildə ifadə etmək üçün onun Cavid sənətinə sonsuz rəğbəti daha barizparlaq şəkildə üzə çıxır. Bu haqda çox söhbət gedib, ancaq köklü şəkildə bir tədqiqat işi aparılmamışdı.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan bu kitab filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlinin "İki əbədiyyət" adlı ön sözü ilə açılır. Aybəniz xanımın kitabla bağlı son dərəcə dəqiq mülahizələri mövzunun qapısını açıb içəri girməyə bələdçi olur: "Heydər Əliyev əbədiyyəti və Hüseyn Cavid əbədiyyəti. Bu iki əbədiyyətin birliyindən, vəhdətindən danışılır bu kitabda. Azərbaycanın iki qürur qaynağından, bütövlükdə Türk dünyasının, insanlığın iki qürur qaynağından bəhs açılır. Və o da maraq doğurmaya bilmir ki, bu iki əbədiyyəti bir-birinə bağlayan ən möhkəm tellərdən biri də məhz ədəbiyyatdır".

Kitab "Giriş", yeddi bölüm və "Sözardı"ndan ibarətdir. Hər bölümdə ulu öndərin Cavid irsinə münasibətinin müəyyən, həm də konkret bir aspekti ilə qarşılaşırıq. Gülbəniz xanım H.Əliyevin ədəbiyyatla bağlı irsinə yaxşı bələddir və yeri gəldikcə ondan sitatlar gətirir. İlk növbədə, onu aydınlaşdırır ki, ulu öndərin ədəbi siyasəti necə olub. Axı sovet dönəmində elə partiya rəhbərləri vardı ki, onlar ədəbiyyatı mütləq kommunist ideologiyasının tələbləri ilə uzlaşdırırdılar. Amma H.Əliyev elə sovet dönəmində də ədəbiyyata xalqın, millətin zəngin xəzinəsi, milli -mənəvi dəyəri kimi baxırdı. Onun bir çox yazıçılarımızı təqiblərdən qoruması isə əsl fədakarlıq idi. Heydər Əliyevin ədəbiyyata münasibətini açıqlayan ümumi mülahizələrdən biri ilə tanış olaq: "Ədəbiyyat, mədəniyyət…həmişə fədakarlıqdan doğan bir anlayışdır. Ədəbiyyatı,mədəniyyəti, bədii əsərləri, yüksək incəsənət əsərlərini yaradan insanlar həmişə fədakar olurlar. Onlar fitri istedadı ilə bərabər fədakar olmasalar, böyük sənətkar ola bilməzlər. Siz gənclər bunu bilirsiniz,amma daha dərindən bilməlisiniz ki, ən qədim dövrlərdən bizə gəlib çatmış, indi fəxr etdiyimiz ədəbiyyat əsərlərinin - Nizaminin, Nəsiminin, füzulinin, Vaqifin, Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin, yaxud digərlərinin əsərlərinin heç birisi asanlıqla yaranmayıb. Heç də hamı bilmir ki, bu əsərlərin yaranması üçün onlar nə qədər zəhmət, əziyyət çəkiblər, nə qədər fədakarlıq göstəriblər".

Heydər Əliyev ədəbiyyata, söz sənətinə məhz nadir bir , bu sənəti yaradanlara fədakar insanlar kimi qiymət verirdi.

O, klassik ədəbiyyata xüsusi bir diqqət ayırırdı. Dahi sənətkarların yubileylərinin Azərbaycan və dünya miqyasında keçirilməsində onun xidmətləri heç bir vaxt unudula bilməz. Heydər Əliyev Nizaminin, Füzulinin, "Kitabi-Dədə Qorqud"un yubileylərinin əsl yaradıcısı olmuşdur. Bu xidməti biz Hüseyn Cavidin yubileyində daha parlaq şəkildə görürük. Heydər Əliyev 1993-cü ilin sentyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının ziyalıları ilə görüşdə söylədiyi nitqini G.Babaxanlı xüsusi tərzdə nəzərə çarpdırır: "Böyük filosof-şairimiz, dramaturqumuz Hüseyn Cavid həbs olundu, uzun illər əsərləri qadağan edildi. Ancaq tarix hər şeyi öz yerinə qoydu. Hüseyn Cavidin cənazəsi də Sibirdən öz vətəninə gətirildi, onun adı da yüksəldi. Ancaq təəssüf edirəm ki, 1981-ci ildə Hüseyn Cavidin 100 illiyi haqqında qəbul edilmiş qərarı Azərbaycanda on il ərzində həyata keçirmədilər. İndi Hüseyn Cavidin əsərləri xalqa hava-su kimi lazımdır. Təkcə ədəbi baxımdan deyil, həm də fəlsəfi, elmi baxımdan lazımdır. Lakin bu əsərlər lazımi səviyyədə nəşr olunmuşdurmu?"

Etiraf etmək lazımdır ki, Hüseyn Cavid irsinin nəşri, təbliği sahəsində yeni bir dönəm ulu öndərin adı ilə bağlıdır. Məhz onun ikinci dəfə hakimiyyətə gəlişindən sonra cavidşünaslıq yeni bir mərhələyə qədəm qoydu. Bu da təsadüfi deyil. Gülbəniz Babaxanlı bunun bir neçə səbəbini bizə izah edir. Birinci səbəbi odur ki, Heydər Əliyev Hüseyn Cavid yaradıcılığının bilicisi olmuş, onun fəlsəfəsini dərindən öyrənmiş və bu böyük sənətkarın xalqa tanıdılması üçün qayğılarını əsirgəməmişdir. Müəllif yazır: "Hüseyn Cavidin əsərlərinin onların dahiyanə məzmununa layiq bir şəkildə nəşr olunmaması, bir çox təhriflərə və ixtisarlara yol verilməsi, şairin sənətkar ruhunun, amal və qayəsinin oxucuya lazımi səviyyədə çatdırılmaması Heydər Əliyevi bir cavidsevər kimi çox narahat edirdi və cavidşünaslıqdakı bu çatışmazlıqların aradan qaldırılması üçün o, istər maddi, istərsə də mənəvi dəstəyini əsirgəmirdi".

Gülbəniz xanımın kitabında ən uğurlu məqamlar Heydər Əliyevlə Hüseyn Cavid arasında oxşar, bir-birinə bənzəyən halların, xasiyyətlərin, bəzən həyatlarındakı oxşar hadisələrin bənzərliyini nəzərə çarpdırmaqdır. Yenə də müəllifə müraciət edək: "Heydər Əliyev... nitqlərinin birində Hüseyn Cavidi "millətinə həddən artıq xidmət edən bir adam" adlandırmışdı. Ümumilikdə böyük şəxsiyyətlərə və bu halda Hüseyn Cavidə aid edilən həmin ifadə, əslində elə Heydər Əliyevin özünə də heç bir şübhəyə yol vermədən aid edilə bilər..."

Kitabda "İki qayıdış" adlı bir bölmə varbu bölməyə G.Babaxanlı belə başlayır: "Dünya praktikasında tarix boyu qayıdışların o qədər də uğurlu olmadığı konkret faktlar əsasında təsbit edilməkdədir. Yalnız Hüseyn Cavidin və Heydər Əliyevin qayıdışları bu uğursuzluq çərçivəsini vurub-dağıdan… qayıdışlar kimi dünya ədəbiyyatında və siyasətində tanınmaqdadır. Ancaq bir məsələ var ki, bu qayıdışların ikisinin də müəllifi eyni bir şəxsiyyətdir - Heydər Əliyev. İstər Cavidi, istərsə də özünü Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə, Azərbaycan millətinə qaytaran məhz ulu öndər Heydər Əliyevdir".

Əlbəttə, Stalin kultu uçulandan sonra, onun təkcə heykəlləri deyil, ideoloji prinsipləri dağıdılandan, qorxu və vahimə atəşləri söndürüləndən sonra H.Cavid də bəraət qazandı. Uzun sürən cavidsizlik dövrü aradan qaldırıldı, əsərləri də nəşr olunmağa başladı. Ancaq Cavidə münasibətdə hələ də meyarlar dəqiq deyildi, təhlillərdə bəzən "xırda burjua" və s. təyinlər işlənirdi. Cavidin əsl qayıdışı məhz səksəninci illərdən başlandı. Müəllifin yazdığı kimi: "Hüseyn Cavidin rəsmi qayıdışı əslində, Xruşşov mülayimləşməsindən sonrakı bəraəti ilə baş tutmuşdusa da, bu, formal bir qayıdış idi. Böyük sənətkarın həqiqi qayıtması üçün onu sevən, qiymətləndirən, qədirbilən bir dövlət başçısına, xalq rəhbərinə kəskin ehtiyac var idi…Və bu yerdə, şübhəsiz ki, Tanrı özü, tale özü işə qarışaraq, Cavidin kamil şəkildə qayıdışı üçün Heydər Əliyev dühasını Azərbaycana bəxş etdi".

Bəli, Heydər Əliyevin Azərbaycana qayıdışı həm də Hüseyn Cavidin üçüncü dəfə qayıdışı demək idi.

Kitabda Hüseyn Cavid yadigarı - Turan Cavidə də ayrıca bir bölmə həsr olunmuşdur: "Turan xanım canlı bir körpü idi".

Bu bölümdə Turan xanımın atasının ədəbi irsin yolunda çalışmalarından söz açılır, Cavid əsərlərinin mükəmməl beşcildliyi haqda məlumat verilir. Ulu öndərlə Turan xanımın dialoqu xüsusilə maraq doğurur. O canlı söhbətdə ulu öndər deyir ki: "Mən sizin ananızı görmüşdüm. Mənim anam xəstə idi. İndiki Cavadzadənin klinikası - Leçkomissiyada müalicə olunurdu. Orda yan-yana otaqda mənim anam ilə birlikdə Mişkinaz xanım da müalicə olunurdu. Təxminən, reablitasiya vaxtında - 50-ci illər". Bu səmimi söhbət ulu öndərin Cavidlər ailəsinə səmimi münasibətindən irəli gəlir. Kitabda Heydər Əliyevlə Turan Cavidin yanaşı fotoları da təqdim edilir.

Bu kitabın müəllifi Gülbəniz Babaxanlı etiraf edir ki, indi onun rəhbərlik etdiyi Cavid ev muzeyinin yaradılmasında ulu öndərin və Turan xanımın xidmətləri danılmazdır. G.Babaxanlı cavidşünaslığın tədqiqi ilə bağlı qiymətli bir monoqrafiya yazmış, Cavidə aid onun sağlığından başlayaraq səksəninci illərin ortalarına qədər yazılan məqalələri "Cavidşünaslıq" adlı on cildlik topluda cəm etmişdir. Uğurlar olsun, Gülbəniz xanım!

 

Vaqif Yusifli

 

Ədəbiyyat qəzeti.- 2013.- 11 oktyabr.- S.5.