Humanist yazıçı
Oktyabrın 11-i Aida xanım İmanquliyevanın dünyaya gəlişinin 75-ci ilinin ilk günüdür. Onun çox maraqlı və əhatəli elmi-ədəbi fəaliyyətinin müxtəlif nümunələri bu gün də həvəslə oxunur və öyrənilir.
Unudulmaz Aida xanımın Livan ədibi Mixail Nüaymədən bəhs edən “Humanist yazıçı” (“ƏQ”, 18.03.1988) məqaləsini və orijinaldan çevirdiyi “Qu-qu” saat” (“ƏQ”, 10.04.1965) hekayəsini təqdim edirik.
Livan yazıçısı Mixail
Nüaymənin (1889-1988) adı təkcə Ərəb Şərqində
deyil, onun
hüdudlarından çox-çox uzaqlarda da geniş
şöhrət qazanmışdır. O, nasir
və şair, ədəbiyyatşünas
və tənqidçi, dramaturq və publisist kimi məşhurdur.
Müasir ərəb ədəbiyyatının
formalaşmasında və bu gün dünya ədəbiyyatları
içərisində layiqli yer tutmasında Nüaymənin xidməti az olmamışdır.
1895-ci ildə
Livanın şimalında Səniin dağının ətəyində
yerləşən, səfalı Biskintə kəndinin sakini Yusif Nüaymə 6
yaşlı oğlu Mixaili
Rus - fələstin pravoslav
cəmiyyətinin hamiliyi ilə
açılmış rus missioner
məktəbinə oxumağa verir. Balaca Nüaymə rus dilini ilk
dəfə elə bu məktəbdə
öyrənir. Sonra isə Nazaret
şəhərində həmin cəmiyyətə mənsub olan "Rus müəllimlər
seminariyası"nı ("Darulmüəllim ər-rusiyyə")
müvəffəqiyyətlə bitirir və
1905-ci illər təhsilini davam etdirmək
üçün Rusiyaya
- Poltava şəhərindəki seminariyaya göndərilir. Burada
gənc Nüaymə görkəmli rus
yazıçılarının həyat və
yaradıcılığı ilə yaxından tanış olur. Turgenevin və Dostoyevskinin romanları, Çexovun hekayələri, Puşkinin
və Lermontovun poeziyası, Belinskinin elmi-tənqidi əsərləri, böyük proletar
yazıçısı Qorkinin o zamankı rus həyatının
ən qaranlıq guşələrini işıqlandıran
kitabları Nüayməyə öz doğma vətənində əsrlərdən
bəri hökm sürən
ətaləti, cəhalət və durğunluğu,
vətəninin xarici müdaxiləçilərdən
asılı vəziyyətini, xalqının başına gələn
bəlaların əsl səbəblərini daha
dürüst, aydın başa
düşməkdə kömək edir.
Mixail Nüaymənin Poltavadakı təhsil
illəri 1905-ci il Birinci
rus inqilabının
yatırıldığı, irticanın son
dərəcə azğınlaşdığı bir dövrə təsadüf edir.
Təbiət etibarilə çox həssas,
humanist olan Nüaymə
şahidi olduğu
hadisələri ürək ağrısı ilə
qarşılayır və istismarçıların, hakim dairələrin
özbaşınalığı və zülmünə
qarşı öz etiraz
səsini ucaltmaqdan çəkinmir. Uzaq ərəb ölkəsindən gəlmiş,
lakin Rusiyanın əməkçi
xalqı ilə ünsiyyət bağlamış Nüaymə
oxuduğu seminariyada tez-tez təşkil olunan tələbə
yığıncaqlarının və nümayişlərin fəal
iştirakçısı olur.
Yazıçının tələbəlik xatiratlarında bu sətirlər yazılmışdır:
"Mənim həyatım bu ölkənin
həyatı ilə sıx bağlıdır. Mən özümü onun
oğullarından biri hesab
edirəm. Mən də onun xalqı kimi, çarın və onun
rəhmsiz əyanlarının dəhşətli təzyiqini hiss edirəm". Tələbə tətillərində
iştirak etdiyinə və qiyam zamanı çar
mütləqiyyətinə qarşı alovlu
nitq söylədiyinə görə
Nüaymə bir illiyə seminariyadan
xaric edilir. Bu dövrdə o, inqilabi hadisələrin təsiri altında
"Donmuş çay"
adlı rus dilində ilk
şerini yazır. Həmin şeirdə
müəllif Rusiyanı qalın buzlarla
buxovlanmış nəhəng bir çaya bənzədir. Möhtəşəm
çay qışın buzlarını əridib
məhv edəcək baharın gəlişini səbirsizliklə
gözləyir. Nikbin sonluqla
bitən bu şeirdə Nüaymə
Rusiyanın xoşbəxt gələcəyinə əmin olduğunu bildirir.
Biz sənə inanırıq, Rusiya,
Qəlbimizdə
sönməyən, alovlu bir
inam var.
Sənin xoşbəxt
günlərin səs salacaq dünyaya,
Bütün guşələrini bəzəyəcəkdir
bahar!
Maraqlıdır ki, sonralar Nüaymə həmin
şeri ərəbcəyə tərcümə
etmiş və şerin
son misralarını öz
vətəni Livana müraciətlə
yazmışdır.
Ah, Livan, sənin
baharın nə vaxt gələcək!
Sənin buzların nə
vaxt əriyəcəkdir!
Sətri tərcümə
1911-ci ildə
M.Nüaymə seminariyada
buraxılış imtahanlarını müvəffəqiyyətlə
verir və vətəninə
qayıdır.
Bütün dünyada görkəmli
yazıçı, tənqidçi, ictimai
xadim kimi şöhrət
qazanmış, müasir ərəb ədəbiyyatının
klassiki sayılan Mixail
Nüaymə Rusiyada keçirdiyi
illəri həmişə xüsusi bir səmimiyyətlə xatırlayır,
mütərəqqi rus ədəbiyyatınn
onun istedadlı bir yazıçı və tənqidçi kimi yetişməsində nə qədər böyük rol
oynadığını minnətdarlıqla qeyd
edir. O, özünü
"Puşkinin, Lermontovun
və Turgenevin incə sənətinin, Qoqolun göz
yaşları içərisindəki gülüşünün,
Tolstoyun cazibəli realizminin,
Belinskinin ədəbi ideallarının, Dostoyevskinin ən yüksək insanpərvərliyinin"
yetişdirməsi hesab edir.
Poltava şəhərinə Nüaymə ikinci
dəfə 46 ildən sonra, 1956-cı ildə
SSRİ Yazıçılar İttifaqının dəvəti
ilə Sovet İttifaqında qonaq olduğu zaman gəlir. İndi bu şəhər Nüaymənin
yaddaşında həkk olunmuş "üstü küləşlə örtülü kiçik
daxmalardan, çirkli ensiz döngələrdən, cır-cındır geyimli adamlardan ibarət,
aclıq və səfalət hökm
sürən Poltava" deyil.
Bu səfəri zamanı Nüaymə Moskva, Leninqrad, Kiyev, Volqaqrad şəhərlərini
də gəzir. Vətənə qayıtdıqdan sonra o, "Moskvadan və Vaşinqtondan
uzaqlarda" adlı məşhur publisistik əsərini yazır.
1962-ci ildə
M.Nüaymə Sovet İttifaqının tərksilah
uğrunda keçirilən Ümumdünya konqresinə Livanın nümayəndəsi
kimi gəlmişdi.
M. Nüaymə Ərəb Şərqinin
demək olar ki, bütün ölkələrini gəzmişdir.
Livan həyatının ən təhlükəli
və həyəcanlı günlərində ərəb aləminin
ağsaqqal, dünyagörmüş
hörmətli ədibi dəfələrlə həmvətənlərinə
müraciətlə çıxış etmişdir.
Nüaymə bir neçə Avropa
ölkələrinin və ABŞ-dakı bəzi universitetlərin
fəxri doktoru seçilmişdir.
O, "Lotos"
mükafatının və Hindistanın ən yüksək ədəbiyyat
mükafatının laureatıdır.1979-cu ildə Beyrutda YUNESKO xətti ilə M.Nüaymənin anadan olmasının 90 illik
yubileyi təntənəli şəkildə
qeyd edilmiş və ədib
Livanın ən ali hökumət ordeni ilə təltif olunmuşdur.
Həmin il yazıçının şərəfinə
bir sıra ərəb ölkələrində
ədəbiyyat festivalı keçirilmişdir.
M.Nüaymənin bədii
əsərləri dünya
xalqlarının bir çox
dillərinə, o cümlədən rus, Ukrayna, Azərbaycan
dillərinə tərcümə olunmuşdur.
Görkəmli yazıçının həyat və
yaradıcılıq yolu Azərbaycan SSR
EA Şərqşünaslıq İnstitutunun
ərb filologiyası şöbəsində uzun
illərdən bəri xüsusi tədqiq edilir.
Humanist yazıçı, mütəfəkkir alim Mixail Nüaymənin
xatirəsi sovet oxucuları və şərqşünasları
üçün həmişə əziz
olaraq qalacaqdır.
Aida
İmanquliyeva
“Ədəbiyyat
və incəsənət”,
18 mart 1988
Ədəbiyyat
qəzeti.- 2013.- 11 oktyabr.- S.4.