"Qu-qu" saat
M.Nüaymə mütərəqqi humanist Livan yazıçılarındandır. 50 ildən artıqdır ki, o, ədəbi yaradıcılıqla məşğuldur. Livan xalqının həyatını, mübarizəsini əks etdirən əsərlər yazır. Onun qələmindən çoxlu hekayə, şeir, ədəbi-tənqidi məqalə, pyes və roman çıxmışdır.
Bu yaxınlarda Beyrutda Nüaymənin üç cilddən ibarət memuarları nəşr edilmişdir.
M.Nüaymə hekayə və novella müəllifi kimi daha çox şöhrət qazanmışdır.
Hazırda M.Nüaymə Livanın Biskintə adlı kiçik bir kəndində yaşayır. Yaşının 75-i ötməsinə baxmayaraq o, məhsuldar fəaliyyətini davam etdirir.
"Biri var idi, biri yox idi" hekayələr məcmuəsi də M.Nüaymənin məşhur əsərlərindəndir. Aşağıda dərc olunmuş hekayə həmin məcmuədən götürülmüşdür.
Tərcüməçi
1922-ci ilin may ayında bir məktub almışam. Müəllifin kim olduğunu
bilmirəm. Ancaq zərfin üzərindəki möhürdən müəyyən edirəm ki, O, Livanın kiçik
bir kəndindən göndərilmişdir. Bu qəribə məktubu diqqətlə oxuduqdan sonra mən, bütün məsuliyyəti öz üzərimə götürüb, onu mətbuatda dərc etdirirəm.
Dünən bizim kənddə bir nəfər vəfat
etmişdi. Kəndin
bütün əhalisi, böyükdən kiçiyədək, hamı onu
məzara
yola salırdı. Şərq və Qərb
kilsələrinin rahibləri
də burada iştirak edirdilər. Mərhumun qəbrinə hərə bir
ovuc torpaq atdı.
Torpaq dəfn
iştirakçılarının göz yaşları ilə islanmışdı.
Deyirlər dahi o kəsdir
ki, böyük kitablar yazır, gözəl şeirlər yaradır, heykəllər ucaldır, bəşəriyyət
üçün ixtiralar edir. Mərhum
isə bunların heç birindən deyildi. Bununla belə o, dahi idi və qəlbimizdə
dahi olaraq da qalacaqdır. Nə üçün? Ona görə ki, o, dünyada özünü itirib, sonra
yenidən tapa bilmişdi. O, "Qu-qu" saatı ilə mübarizə aparmış və qalib
gəlmişdi. "Qu-qu" saatı ilə mübarizədə qalib gələn şəxs isə dahidir.
Həmin şəxs bizim
kəndə iki il bundan əvvəl gəlmişdi. O, heç kəsi tanımır, onu
da heç kəs tanımırdı. İndiyə kimi
bu adam barədə məndən başqa
kimsə bir şey bilmir.
Biz
livanlıyıq və Livan
kəndlilərinin qanun-qaydalarını yaxşı
bilirik. Livan kəndlisi qapısını heç kəsin üzünə bağlamaz və bir
tikə çörəyini
heç kəsdən əsirgəməz. Ancaq
onlar adamı sorğu-suala
tutmağı çox sevirlər: Kimsən? Nəçisən? Hardansan? Niyə? Və s.
Yuxarıda haqqında
danışdığımız adamın kəndə gəldiyi
günün səhəri artıq hamı bilirdi ki, o,
amerikalıdır, adı da Tomasdır. Həmçinin
öyrənmişdilər ki, o, Livanda anadan olmuş,
uşaqlıq və gənclik illərinin bir hissəsini
Livanda keçirmiş, sonra isə vətənini tərk edib
Amerikaya getmişdir. Orada iyirmi il əlləşib,
bütün qüvvəsini itirəndən sonra yenidən
Livana qayıtmış, bizim kəndi özünə məskən
seçmişdir.
Mən onu ilk dəfə
görəndə gözlərində bir cazibə hiss etdim, elə
bil ki, o deyirdi: "Dostum, gəl yanıma!". Onun əzəmətli
cüssəsi isə sanki bunun əksini söyləyirdi:
"Mənə yaxınlaşma!".
Onunla tanış
oldum, dostlaşdıq. O, öz qəlbini mənə
açdı. Dünyanın hər yerində insanlara bir ad
qoyur və həmin adla da çağırırlar. Ancaq Livan
kəndlərində adamları ləqəbləri ilə
çağırmağı sevirlər. Onun adı mister Tomas
idi, amma bu ad onun sahibi haqqında heç bir şey bildirmirdi.
Buna görə də adamlar onu "Abu-Maaruf"
çağırmağa başladılar. "Abu-Maaruf" -
insanda olan bütün müsbət cəhətlərin cəmi
deməkdir: sevgi, dostluq, ədalət, alicənablıq, fədakarlıq,
iltifat və sair.
Bəli, kəndin sakinləri mister
Toması belə adlandırdılar. Abu-Maarufun
kəndə gəldiyindən bir neçə həftə
keçməmişdi ki, hamı onu sevməyə
başladı. O, bizim yoldaşımız, əzizimiz,
sirdaşımız, məsləhət verənimiz, təbibimiz
oldu. Hamı onu nə üçün belə
sevdi? Ona görə ki, Abu-Maaruf kəndə
qayıtdıqdan sonra heç kəs öz vətənini tərk
etmədi, heç kəs mühacirətə getmədi və
kimsə daha belə fikirlərə düşmədi.
Soruşa bilərsiniz ki, Abu-Maaruf buna necə nail oldu? Çox sadə bir üsulla. O, kəndimizi,
onun torpağını və səmasını,
havasını və suyunu, qayalarını və
bulaqlarını, onun dağlarını sevməyi bizə
öyrətdi. O,bizə başa saldı
ki, torpaqsız həyat yoxdur, əgər insan öz vətən
torpağını sevməyi bacarmırsa, qürbət
ölkə ilə də, hətta nə qədər varlansa
da, dost ola bilməz, yad torpağını sevə bilməz.
Abu-Maarufun dediyi sözlər mənim
yadımdadır. Onlardan bir neçəsini sizə
söyləmək istəyirəm: "Torpaq səni geyindirir,
yedirdir. Sən paltardan və yeməkdən
imtina edə bilərsənmi? İnsanı yedirdən bir
mənbə olmalıdır, bu mənbə, bu dost -
torpaqdır. Sən torpağa
bir buğda əksən o, əvəzində sənə onunu
qaytarar. Torpaqda elə bir ətir var ki, sən onu heç bir ətriyyat
mağazasından ala bilməzsən.
Mən təmiz bədəndə
çirkli qəlbdən çox, çirkli bədəndə
saf qəlbi sevirəm. Əlbəttə, hamısından
yaxşısı isə təmiz bədəndə saf qəlbin
olmasıdır. Torpaq - saf qəlbdir, əgər sən də
təmiz olmaq istəyirsənsə, bütün qəlbinlə
və varlığınla torpağı sev.
Bizim cəmiyyətdə insan insanın
quludur. Yalnız torpaqla işi olan kəs
azaddır, çünki torpaq insanı istismar və qul etmir.
Torpağın üzərində tikan da,
qızıl gül də, buğda da, alaq da bitir. Torpaq bundan utanmır, ancaq insanlar öz
tikanlarından və alaqlarından utanırlar, onları
bir-birlərindən gizlətməyə, aşkar etməməyə
çalışırlar. Düzlüyü torpaqdan
öyrənin!
Mən bir dəfə iki şəxslə
rastlaşdım. Bunların biri pul
yığır, digəri isə buğda əkirdi.
Aclıq ili idi, çoxlu pul
yığmış şəxs diz üstə çökərək
bütün pullarını əkinçiyə təklif edir,
əvəzində buğda istəyirdi. Əkinçi isə
ona belə dedi: "Sən vaxtilə öz bəhərindən
razı idin, mən də öz bəhərimdən
razıyam".
Sən Abu-Maarufun necə gözəl
danışdığını eşitməmisən. O,
bütün bunları xitabət kürsüsündən, təntənəli
yığıncaqlarda deyil, tarlada, zəmidə,
üzümlükdə danışırdı. Onun
əlində torpaq alətləri olurdu. Abu-Maaruf
da bizim kimi sadə geyinər, bizim kimi yeyib-içərdi.
Mən onun bizim paltarları geyməsini çox
xoşlayırdım.
Abu-Maarufun xəyalı gözlərim
önündə canlananda ağlayıram. İndi də gözümdən yaş damlası məktubun
üzərinə düşür. Qorxuram
ki, Abu-Maarufun dediklərini başa düşməyəsən.
Çünki sən məhəbbətdən
doğan göz yaşlarının nə olduğunu bilmirsən,
torpağın dilini başa düşmürsən. Abu-Maaruf isə bunları bilirdi.
***
Abu-Maaruf
ölmüşdür. Ancaq o, bizim tarlalarda,
üzümlüklərdə, evlərimizdə və qəlbimizdə
yaşayır. Hamı ondan danışır.
Bir dəfə bir yerdə
olduğumuz zaman Abu-Maaruf dedi:
- Bax, nə
yaxşıdır, qarğa bülbülün səsinə və
bülbül qarğanın gücünə heç
paxıllıq etmir. İnsanlar isə belə deyildir.
Bülbül səsinə malik olanlar qarğa güclülərə,
qarğa gücünə malik olanlar isə bülbül səslilərə
paxıllıq edirlər.
Biz birlikdə təbiəti
seyrə dalmışdıq. Birdən Abu-Maaruf dedi:
- Qulaq as, qulaq as! Bir şey eşidirsənmi?
- Eşidirəm.
- Nə eşidirsən?
- Qu-qu.. Bu quşdur,
oxuyur, biz ona "qu-qu quşu" deyirik. O, yazda uçub bizim yerlərə gəlir.
Birdən Abu-Maarufun əhvalı
dəyişdi. Nə baş verdiyini bilmədi. O dedi:
- Qulaq as, mən sənə "Qu-qu" əhvalatını
danışım.
***
- Biri var idi, biri yox idi. Keçmiş
zamanlarda bir livanlı və arvadı var idi. Kişi kəndçi idi və onlar alın təri
ilə bir parça çörək tapıb
dolanırdılar. Həttar adlı yeganə
oğulları var idi. Qonşuluqda bir dul kişi
yaşayırdı. Onun da Zümrüd adlı
bircə qızı var idi. Kəndin
bütün adamları deyirdilər ki, Həttar və
Zümrüd bir-biri üçün doğulmuşlar.
Deyirlər məhəbbətin
gözü olmaz. Ancaq bu düz deyil. Məhəbbət hər şeyi görür və
hər şey ona gözəl görünür. Məhəbbət həyatın əsasıdır.
Adam başqasını sevəndə o,
sevgilisinin ancaq yaxşı cəhətlərini görür.
İnsan məhəbbətin nə olduğunu dərk
etməyə başlayanda isə həyatı dərk edir.
Həttar və Zümrüd də məhəbbət
hissləri keçirməyə başladılar.
1900-cü il idi. Həttarın
və Zümrüdün valideynləri pasxa bayramından sonra
onların toyunu etmək fikrində idilər. Elə bu günlərdə Faris Həybər
adlı bir livanlı Amerikadan bizim kəndə qayıtdı.
Faris hamıya Qərbin möcüzələrindən
danışırdı. O, "qu-qu" saatından da
danışmağa başladı.
Sən heç ömründə belə
saat görməmisən. Vaxtı qu-qu quşu xəbər
verir. Əgər saat 12-dirsə, saatın
yuxarı hissəsində olan kiçik qapı
açılır, qu-qu quşu çıxır və 12 dəfə
"qu-qu" edir. Sonra təzədən
yerinə qayıdır və qapı örtülür.
Həttar və Zümrüd də bu
möcüzəli saat haqqında eşitmişdilər. Zümrüd heyrət içində idi. O, Faris
Həybərin evində asılmış bu saatı görməyə
can atırdı…
Toy günü Zümrüd öz
nişanlısını atıb Farislə qaçdı.
Həttar təhqir olunmuşdur. O,
öz-özünə deyirdi: "Utan, Həttar, Faris kimi bir adam nişanlını əlindən aldı, səni
təhqir etdi, "qu-qu" saatı sənə üstün gəldi.
O, hansı ölkədir ki, orada bu cür qəribə
şeylər düzəldirlər".
Doğma vətən torpağı onun
gözü önündə qaraldı. Həttar da
Amerikaya getdi…
Amerikada Həttar elə ilk günlərdən
başa düşdü ki, bu ölkənin açarı
puldur, həmin açara malik olmayan və onu əldə etmək
üçün çarpışmayan şəxs bu ölkədə
dolana bilməz. Həttar da bu
açarı əldə etmək üçün
bütün varlığı ilə çalışmağa
başladı. Lakin Həttarın
qazancı - Amerika möcüzələri ilə
tanışlıq oldu, onun sirlərini öyrəndi və
"qu-qu" saatını gördü.
Gözlənilmədən Həttarın
qarşısında səadət və qazanc qapıları
açıldı və o, böyük bir ticarət şirkətinin
sahibi oldu. Həttarın ilk
aldığı şey "qu-qu" saatı oldu. Çox keçmədi ki, o varlandı. "Qu-qu" saatı onun otaqlarından ən
böyüyünün divarından asılmışdı.
Həttar Amerikada
doğulmuş, əsli isə suriyalı olan Alisa adlı bir
qızla evləndi.
***
Xoşbəxtlik
gözlənilmədən gəldiyi kimi, gözlənilmədən
də gedir. Toydan sonra Həttar həmişə həyəcan
keçirir, doğma vətən torpağını tez-tez
xatırlayırdı. Baş vermiş bir hadisədən sonra
Həttar elə bil ki, yenidən ayıldı.
Alisa təkid edirdi ki,
Həttar "qu-qu" saatını divardan
çıxarsın. Çünki bu cür saatlar artıq dəbdən
düşmüşdü və evin
görünüşünü korlayırdı.
Həttar arvadı
Alisanı sevmirdi və buna görə də onun hər bir
sözü, tələbi onu əsəbiləşdirirdi. Bu dəfə
də o, əsəbi halda qışqırdı:
- Elə mən
özüm də dəbdən düşmüş, köhnə
adamam. Mən kəndçiyəm. İndi isə ticarətdən
başqa heç nədən başım çıxmır.
Yalnız bir dil bilirəm, bu da pulun dilidir.
Sonra o,
özlüyündə fikirləşdi: "Sən indi kimsən,
Həttar? Vaxtilə kəndinizdə sən də bir adam idin,
atan, anan səni sevirdi, həmyerlilərin sənə hörmət
edirdilər. Bir parça torpağın var idi. Bəs indii
kimsən? Bu nəhəng cəhənnəm
maşınının kiçik, nəzərə
çarpmayan, gərəksiz bir vinti. Burada nəyin sahibi
olmusan? Barı bir dil öyrəndin, təzə ölkə ilə
tanış oldunmu? Yox! Sən cahilsən, indi sənin nəyin
var? Pulun? O pul nə səni, nə sənin valideynlərini, nə
Zümrüdü xoşbəxt eləmir".
Həttar
Zümrüdü yadına saldı və çox qüssələndi.
Görəsən, Zümrüd indi haradadır, necə
yaşayır? Belə çətin anlarda Həttar xidmətçi
qadının yanına gedərdi. Xidmətçi suriyalı
bir qarı idi. Neçə illərdən bəri idi ki,
Amerikada yaşayırdı. O, Həttarın
iztirablarını başa düşür, dərdinə
yanır onu doğma övladı kimi əzizləyir, təskinlik
verirdi.
Bir gün axşam Həttar
öz arvadı və amerikalı dostları ilə birlikdə
restoranda oturmuşdu. Xidmətçi Həttara
yaxınlaşıb bir məktub verdi və dedi:
- Məktub pəncərənin
qarşısında duran qadındandır.
Həttar məktubu
açıb oxumağa başladı, rəngi qaçdı.
Ayağa qalxıb pəncərənin yanında onu gözləyən
qadına yaxınlaşdı. Onlar nə haqda isə
danışdılar. Həttar vizit kartoçkasını
qadına verdi.
Həttar öz yerinə
qayıdanda arvadı və dostları getməyə
hazırlaşırdılar. Bütün yolu heç kəs
danışmadı. Evə çatan kimi arvadı əsəbi
halda bildirdi ki, o, daha Həttarla yaşamayacaqdır,
dostları da Alisaya haqq qazandırıb Həttarı məzəmmət
elədilər.
Bu vaxt qapının zəngi
çalındı. Həttarın restoranda görüb
danışdığı qadın qonaq otağına girdi.
Onun əynində ucuz parçadan tikilmiş nimdaş iş
paltarı var idi. Alisa qadını görən kimi yenə
qışqırdı. Həttar daşa dönmüş kimi
yerində kiridi. Alisanın qışqırığına
xidmətçi qadın Səidə gəldi. Naməlum
qadın təəccüb və təlaş içərisində
Alisaya yaxınlaşdı və ona nə isə demək istədi.
Alisa var qüvvəsi ilə onu kənara itələyərək:
- Mənə yaxın
durma, əlini mənə vurma, - dedi və qonşu otaqda olan
amerikalı dostları ilə evdən çıxıb getdi.
Nimdaş paltar
geymiş qadının gözləri qaraldı. O, müvazinətini
itirib Səidənin qolları arasına düşdü, onlar
ikisi də yerə yıxıldı.
Həttar
özünü itirmişdi, nə edəcəyini bilmirdi. Budur, bu evdə onun üçün ən əziz
adam olan, ona qədim Suriyanı xatırladan Səidə
döşəmə üzərinə sərilib hərəkətsiz
qalmışdı. Səidənin yanında isə
evsiz-eşiksiz, yoxsul bir qadın taqətsiz halda
dayanmışdı. Bu qadın vaxtilə öz doğma
yurdunda ətirli qızıl gül qədər incə
və sevimli idi. Burada isə o, nə ətrini, nə də rəngini
qoruyub saxlaya bilmişdi. Bu qadın indi beş uşaq
anasıdır. Onun əri heç yerdə işləmir, əyyaşlıq
edir, əlinə pul düşəndə qumar oynayır,
ayrı bir məşğuliyyəti yoxdur.
Bəs Alisa kimdir? O, həyatın
yaraşığını pozan qəribə bir məxluqdur.
Həttar, bəs sən
özün kimsən? Xoşbəxtsənmi? Həttarın
gözü qarşısında doğma yurdu canlanmağa
başladı. Ona elə gəldi ki, öz vətən
torpağında yaşayır, işləyir, oxuyan quşların
səsini eşidir.
O, xəyaldan
ayrıldı. Bir tərəfdə ölüm, o biri tərəfdə
ümidsizlik gördü. Zəhlə tökən uğultular
yenə onun qulaqlarında səsləndi. Həttara elə gəldi
ki, bu şəhər minlərlə çarxı olan
böyük bir qüllədir. Çarxlar
ağlasığmaz bir sürətlə fırlanır, sərnişinləri
daşıyır. Bu sərnişinlər cahil və
avaradırlar, maşın onları hara aparırsa, ora gedirlər.
Qüllənin lap başında Həttar böyük bir saat
görürdü, saatın yuxarısında nəhəng bir
quş "qu-qu, qu-qu" oxuyurdu. Sərnişinlər isə
pıçıltı ilə deyirdilər: "Bu filan
saatdır".
Həttar Səidənin
hərəkətsiz bədəninə tərəf əyilərək
naməlum qadına dedi:
- Zümrüd, mənə
kömək et!
Onlar birlikdə Səidəni
otaqdan çıxartdılar…
Abu-Maaruf bu yerdə
hekayəni dayandırdı. Bir qədərdən sonra dedi:
- "Qu-qu"
saatının əhvalatı belədir. Bu hekayəni sənə
danışan adamın özü isə Həttardır.
Mixail
NÜAYMƏ
Ərəbcədən
tərcümə edəni:
Aida İmanquliyeva
“Ədəbiyyat qəzeti”
(“Ədəbiyyat və incəsənət”),
10 aprel 1965-ci il
Ədəbiyyat qəzeti.- 2013.- 11 oktyabr.- S.4-5.