Cavidli ünvanlar
Böyük filosof-şair Hüseyn Cavidin həyat yoluna nəzər salarkən, istər-istəməz,
xalqımızın "Polad sınar, əyilməz"
müdrik kəlamı yada
düşür. Hüseyn
Cavidin iradəsi, dözümü
onun böyük sələfi
İmadəddin Nəsiminin əsrlərin arxasından boylanan hünər dolu həyatına,
taleyinə bənzəyir.
Həm
sağlığında, həm də sonralar
Hüseyn Cavidin
adı Azərbaycanda və Avrasiya ölkələrində
- onun olduğu ünvanlarda hörmət və ehtiramla çəkilmişdir. Cavidli
ünvanlar isə həm çoxdur,
həm də ölməz şairin həyat
və fəaliyyətinin bəzi mərhələləri ilə
bağlı olduğundan cavidsevərlər
üçün də müqəddəs
məkanlar kimi əzizdir.
Naxçıvandan başlanan H.Cavid
ünvanları qonşu ölkələrə
və qədim türk-oğuz elləri olan uzaq Sibirə gedib çıxmışdır.
Qədim
Naxçıvanın Şahtaxtı kəndi Rasizadələrin
ata-baba yurdu olmuşdur. Hüseyn Cavidin atası Molla Abdulla, babası Molla Qulu bu kənddə doğulmuşdur. XIX əsrin ikinci
yarısında ailə Naxçıvan şəhərinə
köçsə də, Şahtaxtı ilə ələqələr
davam etmişdir. Odur ki, H.Cavidin ünvanları
coğrafiyasını görkəmli ziyalılar yetirmiş Şahtaxtı kəndindən başlamaq daha düzgün olar. Şairin ata və
babasının ziyalılıq şöhrəti
Naxçıvandan uzaqlara da
çatmış, böyük Seyid Əzim Şirvaninin qələmilə
təriflənmiş, onların haqqında şeir
yazılmışdır.
H.Cavidin və onun böyük
qardaşı Şeyx Məhəmməd
Rasizadənin gələcək istedadı Şahtaxtıdan
başlanmış, oradan bəhrələnmişdir.
İlk təhsilini evdə alan
H.Cavid sonra mollaxanada və M.T.Sidqinin
açdığı yeni üsullu
"Məktəbi-tərbiyə"də oxumuşdur.
O, Təbrizə gedərək
buradakı "Talibiyyə" mədrəsəsində dini təhsilini davam etdirmişdir.
H.Cavidin ali təhsil
ünvanı böyük Türkiyə ilə
bağlıdır. O, İstanbul Universitetinin dil-ədəbiyyat şöbəsini
bitirmiş, Naxçıvan, Tiflis, Gəncə və Bakı şəhərlərində
müəllimlik etmiş, orta
və ali məktəblərdə, həmçinin
Maarif komissarlığında işləmişdir.
Gəncliyində göz ağrısı xəstəliyi ilə
bağlı olaraq H.Cavid
Təbrizdə və Almaniyada müalicə
almışdır.
1937-ci il
repressiyası zamanı - yaradıcılığının məhsuldar,
yaşının kamillik dövründə
H.Cavid həbsxana və sürgün
həyatına düçar olmuş və uzaq Sibirin Maqadan və İrkutsk vilayətlərində cəza
çəkmişdir.
Hüseyn Cavidin keşməkeşli
ömür yolu ilə
bağlı olan çoxsaylı ədəbi
əsərlər yazılmışdır. Onların
arasında Şahtaxtı kəndinin yetirməsi, xalq yazıçısı Hüseyn
İbrahimovun üzərində qırx ilə
yaxın işlədiyi "Böhtan"
romanı xüsusi yer
tutur.
Böyük şair H.Cavidin son bir
qərinəlik tarixdəki ünvanları
xalqımızın ümummilli lideri, milli
iftixarımız Heydər Əliyevin adı ilə
bağlıdır. Məhz onun iradəsi
və qayğısı sayəsində H. Cavidə həqiqi dövlət bəraəti
verilmiş, onun
adının və xatirəsinin əbədiləşdirilməsi
tarixə həkk olunmuş böyük işlərlə zəngin olmuşdur.
1982-ci ildə H.Cavidin anadan
olmasının 100 illiyi yubileyi
ədəbiyyatımızın əsl bayramı səviyyəsində
keçirilmiş, cənazəsi uzaq Sibirdən Azərbaycana gətirilmişdir.
Bu, SSRİ dövründə əsl qəhrəmanlıq
nümunəsiydi. Kreml rəhbərliyini də
təəccübləndirən bu tədbir
bir daha 1937-ci il repressiyasındakı
qırğınları dünyaya faş etmək idi.
Yüz illik yubileylə
bağlı Şahtaxtı kəndində, Naxçıvan və
Bakı şəhərlərində H.Cavidin
adını əbədiləşdirən ünvanlar
- dövlət təsərrüfatı - sovxoz,
məktəb, küçə və prospektlərin sayı
ürəkaçan oldu.
Bakıda və
Naxçıvanda H.Cavidin ev
muzeyləri yaradıldı. Onun əsərlərinin
kütləvi nəşri aparıldı, haqqında elmi-tədqiqat
işləri hazırlandı və s.
1992-ci ildə
Naxçıvan MR Ali Məclisinin sədri
vəzifəsində işləyən ulu
öndər Heydər Əlyiev H.Cavidin anadan olmasının 110 illiyini
onun doğulduğu bu qədim diyarda geniş şəkildə keçirdi.
Hüseyn Cavidin Naxçıvan şəhərindəki
məzarı üzərində ailə məqbərəsi
tikilməsi, onun ailə üzvlərinin də
məqbərədə uyuması Heydər Əliyev diqqət
və qayğısının əyani tənənəsinə
çevrildi. İndi Hüseyn Cavid, həyat
yoldaşı Mişkinaz xanım, oğlu Ərtoğrol və qızı Turan bu möhtəşəm
məqbərədə uyuyurlar. Bu, Naxçıvan şəhərində XII əsrdə
inşa olunmuş
Mömünəxatun məqbərəsinin XX əsrin sonunda - XXI əsrə və üçüncü
minilliyə keçiddə yaddaqalan
davamıdı.
Dahi siyasətçinin layiqli
davamçıları olan Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev və Naxçıvan MR Ali Məclisinin sədri Vasif
Talıbov H.Cavidin növbəti yubileylərinin,
onun oğlu
Ərtoğrol Cavidin 90 illik
yubileyinin keçirilməsini,
adının Naxçıvan şəhərində musiqi məktəbinə verilməsini gerçəkləşdirdilər.
İnanırıq ki, illər keçəcək, H.Cavidin Sibirdə illərlə uyuduğu məzarın yerində də onun heykəli ucaldılacaqdır. Ulu Tanrıdan Cavidlər ailəsinə və
1937-ci il repressiyasının qurbanları olmuş soydaşlarımıza rəhmət
diləyir və deyirik: Ruhunuz
şad olsun!..
Bəhruz Axundov
Hüseyn Cavidin Naxçıvan şəhərinədki ev-muzeyinin direktoru
Abbas Hacıyev
filologiya üzrə fəlsəfə doktoru
Ədəbiyyat qəzeti.- 2013.- 25 oktyabr.- S.8.