Müseyib Zəyəm
Qarşımda bir kitab var.
Şair və tarixən alim
dostum Nizaməddin Onkun
tərtib etdiyi "Böyük
şair Müseyib Zəyəm"
kitabı. Nizaməddin Onkun əsli-soyu
İrəvan məkanındandır. XIX əsrdə məlum məsələlərlə
bağlı İqdıra köçüblər. Nizaməddin
bəy oradan da
Almaniyanın Bielefeld şəhərinə
köçüb. Azərbaycanda çoxlu dostları var. Mən
Almaniyada olanda Müseyib Zəyəmin kitabını mənə
hədiyyə etdi. Müseyib
Zəyəm 1900-cü ildə Şəmkir mahalının
Bayramlı kəndində dünyaya göz açıb. Məşəqqətli
ömür yolu
Bayramlı kəndindən, Şəmkir mahalından, Gəncədən,
Batumdan, Trabzondan keçib, İqdır torpağında qərar
tutub. 57 il ömür sürən Müseyib
Zəyəm 1957-ci ildə İqdırda Asrı məzarlığında
torpağa tapşırılıb.
"Məkanım Kür üstü, əslim
Şəmkirdir" - deyən şair doğma Vətənini çox
böyük məhəbbətlə tərənnüm
edir. Onun əsərlərinin
baş qəhrəmanı Azərbaycandı,
Azərbaycanın uca dağları,
qarlı zirvələri, qaynar
bulaqları, sıx meşələri, havalı
çayları Müseyib Zəyəmin ilham mənbəyidir. Doğulduğu
Zəyəm elini, Tərtər
çayını, Arazı, Kürü,
Xəzəri dilə, qələmə gətirir, "Durnalar" adlı 15 bəndlik şerində
Vətənin varlığını natiq
bir dillə oxucuya
çatdırır:
Vətən
diyarından gələn durnalar,
Söyləyiniz bizim ellər dururmu?
Çəmənli,
çiçəkli şirin obalar,
Bülbüllü bağçadan
güllər dururmu?
"Bayrağım"
şeri əsl vətənpərvərlik
nümunəsidir.
Nədən üç rəngin qırmızı oldu,
Səni kim boyadı qana
bayrağım.
Açıb qollarını qucaydım səni,
Öpəm səni dönə-dönə
bayrağım.
- deyən şair Vətənini,
millətini, bayrağını, torpağını iki
gözü kimi sevib ona gözəl şeirlər həsr
etmişdir.
Müxtəlif vaxtlarda Müseyib Zəyəmin şeirlərini
məşhur türk alimi Fəxrəddin Kırzıoğlu və
Nizaməddin Onk İqdırda müxtəlif dərgilərdə
nəşr etdirmişlər. Şairin şeirlərindən bəzi nümunələri
təqdim edirik.
Zəlimxan Yaqub
xalq şairi
Ədəbiyyat
qəzeti.- 2013.- 25 oktyabr.- S.6.