Üç gün Tayqada
Sentyabrın
son günlərində Surquta
uçmağımın iki səbəbi
vardı, Sibir şairi
Dmitri Mizqulinin
Bakıda Azərbaycan dilində nəşr olunmuş
"Şam" kitabının yüz nüsxəsini kitabın sponsoru Şahəmir Kərimova
çatdırmaq və bu nəşrin
Xantı-Mansiyskidə keçiriləcək təqdimat mərasimində iştirak etmək. Əlbəttə, içində son 50-60 ildə yüzminlərlə azərbaycanlının
məskunlaşdığı bu diyarı
görmək, bu yerin
insanları ilə ünsiyyət qurmaq və
nə isə yazmaq niyyətim də
vardı. Amma uçuş
ərəfəsində Dmitrii Mizqulinin köməkçisi Roman
İvanoviç zəng vurub
bildirdi ki, Surqutda rus
gömrükçüləri tirajı müsadirə edə
bilər, qanunla Rusiya ərazisinə
eyni kitabdan yalnız
10 nüsxə keçirməyə icazə verilir.
Roman isə bildirdi ki, rus gömrükçüsünü
kitabın məğzi yox, qanun
maraqlandırır. Dərhal çıxış yolu da göstərdi: Surquta uçan həmyerliləriniz
sizə kömək edə bilər.
Qəfildən belə
bir problemlə üzləşməyim
ovqatımı korlasa da,
"Şam"ın on nüsxəsini də
əlavə götürdüm ki, Surquta uçanların
arasında həmyerlimiz olsa, ağız
açım. Amma məlum oldu
ki, həmin gün - yəni
sentyabrın 17-də Bakıdan Surquta
uçanların hamısı azərbaycanlılardı. Mənə
kömək edəsi insanı təyyarənin salonunda
tapdım. Bu sarışın nərmənazik
qadına niyyətimi bildirəndə bəzilərindən fərqli
olaraq razılıq verdi.
Dərhal adını da söylədi:
-İlhamə!
Altı saatlıq uçuş zamanı da
necə ola bilər ki,
yanaşı oturduğun insanla
bir-iki kəlmə kəsməyəsən?
Məlum oldu ki, İlhamə
xanım 18 il qabaq - 18
yaşında Qubadan Surquta
gəlin köçüb və indi Surqutda üç
qız böyüdür. Bakıya gəlməkdə
məqsədi də bu qızların böyüyünü -gimnastika
idmanı ilə məşğul olan və
artıq müəyyən uğurlar qazanan qızının taleyini
Azərbaycanla, Azərbaycan idmanıyla bağlamaq
olub.
Onun on beş
yaşlı qızını hansısa idman
məktəbinə minnətsiz götürmüşdülər
və buna görə çox
sevinirdi.
Mən milliyyətcə
ləzgi idmançılarının Azərbaycan idman aləmində uğurlarını vurğulayanda İlhamə xanım
gülümsədi:
-Mən ləzgi deyiləm
ha, -dedi, - kumıkam, sizin kimi türkəm.
Hava günəşli, səma aydın olduğundan
təyyarənin aynasından yer üzü hərdən ovuc
içi kimi görünürdü. Üstündən uçduğumuz nəhrin Ob
çayı olduğunu kəsdirəndə
bildim ki, mənzil
başına az qalıb. Elə bu arada Surqutda hava durumu da elan
olundu: 4 dərəcə.
İlhamə xanım ona verdiyim on kitabı
gömrük nəzarətindən keçirib mənə təqdim
edəndə mobil telefonunu da söylədi və dedi ki,
Surqutda gözəllik salonunda işləyir, böyük
adamların xanımları ilə durub-oturur, əli çox
yerlərə çatır, problem olsa, köməyini əsirgəməz…
Amma daha nə problem ola bilərdi ki?
Telefonla vədələşdiyimiz kimi,
Nefteyuqanskidə yaşayan qələm dostum həm Rusiya, həm
də Azərbaycan Yazıçılar İttifaqının
üzvü Knyaz Qoçaq məni qarşıladı. Özü də tək yox, Surqutda yaşayan
böyük qardaşı Balaşirinlə birlikdə.
Yeri gəlmişkən, Knyazgil 11
qardaşdılar. Ortancıl - Qruzin mənim
sinif yoldaşım idi. Bacılarının
sayını bilmirəm, amma onu bilirəm ki, qardaşlar
hamısı -Vahidi çıxmaq şərtilə -Sibirin
müxtəlif şəhərlərində məskunlaşıblar.
Axı nəyə görə? Bir parça çörəkdən
ötrümü? Bu sual bir qələm
sahibi kimi məni həmişə düşündürüb
və düşündürür.
Dmitri Aleksandroviçin bizi
Xantı-Mansiyskə aparmaq üçün Surquta göndərdiyi
maşına əyləşəndə gündüz saat bir
idi və mən fikirləşirdim ki, Xantı-Monsiyskə
çatana qədər Sibirin, oxuduğum kitablara əsasən
xəyalımda canlandırdığım mənzərələrinə
tamaşa edə biləcəyəm. Beş
saata yaxın yol getməli idik və
açığını deyim ki, bu yol məni tez bezdirdi;
eynilə bir-birinə bənzəyən meşələrə,
ağaclara nə qədər baxmaq olar? Knyaz
isə susmaq bilmirdi. Sualları Bakı ilə
bağlı idi. Daha doğrusu, Azərbaycanın
ədəbi həyatı ilə. Aradabir vətəndaşı
olduğu diyarın uğurlarından da söz salırdı.
İftixarla deyirdi ki, Rusiyanın xam neftinin 60
faizini onun vətəndaşı olduğu Yuqra diyarı verir.
Yol nişanlarından bilirdim ki, artıq mənzil
başına yaxınlaşırıq, amma hələ bir dənə
də olsun neft buruğu gözümə dəyməmişdi. Bunun səbəbi
ilə maraqlananda Knyaz:
-Burda hələ bütün quyular fantanla işləyir,-dedi,
-buruğa ehtiyac yoxdur.
Sibirin necə zəngin neft yatağı olduğunu, əlbəttə,
bilirdim və onu da bilirdim ki, Sibir neftinin kəşfi azərbaycanlı
geoloq Fərman Salmanovun adı ilə bağlıdır. Mərhum qələm dostum Səyavuş Sərxanlının
bu əfsanəvi neftçi haqqında kitabını isə hələ
ötən yüzilliyin 80-ci illərində oxumuşdum.
Söz Fərman Salmanovdan düşəndə
Knyaz iftixarla dedi:
-Xantı-Mansiyskdə yalnız bir nəfərə abidə
qoyulub - o da fərman Salmanova.
Və Knyaz dərhal bir məqamı da vurğuladı:
-Bu yaxınlarda Surqutda da fərman Salmanova abidə
qoyulub, -dedi, -özü də Leyla Əliyevanın təşəbbüsü
ilə…
Mən bu barədə məlumatlı olduğumu bildirəndə
Knyaz razılıqla:
-Söhbət abidədən getmir, - dedi, - bu, həm də
Yuqra Muxtar dairəsində yaşayan yüzminlərlə azərbaycanlıya
diqqətin təcəssümüdür.
İrtış çayının Ob nəhrinə
qarışdığı məkandakı təpəliklərdə
salınmış Xantı-Mansiysk kənardan mənə Mingəçeviri
xatırlatdı. Amma şəhərə
daxil olanda elə bir nizamla rastlaşdım ki, mənə elə
gəldi ki, bu zümrüd təpəliklərdə örnək
olaraq dünənin, bu günün yox, sabahın - gələcəyin
şəhərini salıblar.
Fikrimi açıqlayanda
Knyaz yenə də
iftixarla dilləndi:
-Qadam, bu binaların da çoxunu bizimkilər tikib.
-Bizimkilər? Yəni kim?
-Bizim iş adamları… tədbirə gələcəklər
yəqin ki…
Küçədən keçən,
harasa tələsən adamlara nəzər yetirirdim və hiss
eləyirdim ki, əksəriyyəti bizimkilərdi, aradabir,
yastı sifətləri, qıyıq gözləri ilə diqqət
çəkən xantılar, mansılar da gözə dəyirdi.
Avropanın üç, beş
ulduzlu otellərindən əsla geri qalmayan "Yuqra"
otelində bizi Dmitri Mizqulin özü qarşıladı və
çox keçmədi ki, yerli şairlər,
yazıçılar da məclisə toplaşdılar və
axşamdan xeyli keçənəcən sürən ziyafət
əslində poeziya gecəsinə çevrildi. Və
"Yuqra" otelində "Şam"ın qeyri-rəsmi təqdimatı
başlandı.
Xalq yazıçısı Çingiz Abdullayevin, əməkdar
incəsənət xadimi Səyavuş Məmmədzadənin
avtoqraflı kitablarını Dimaya təqdim edəndə isə
təsirləndi, uzun bir nitqlə ürəyini boşaltdı
və məlum oldu ki, cavanlığının bir neçə
ilini Azərbaycanda yaşayan bu rus şairi çağdaş
Azərbaycan ədəbiyyatına kifayət qədər bələddi
və onlarca Azərbaycan yazıçısının
yaradıcılığını izləyir.
Bu görüşə sonradan qatılan və dərhal
da öz şuxluğu ilə məclisi ələ alan azərbaycanlı iş adamı Teyfur Heybətov
isə söz verdi ki, sabah şəhərin mərkəzi
kitabxanasında "Şam"ın rəsmi təqdimatı
başlayana qədər məni Xantı-Mansiyski şəhəri
ilə tanış edəcək.
"Yuqra" otelində mənə də,
Knyaza da ayrıca nömrə ayırmışdılar. Amma Knyaz xahiş etdi ki, bir otaqda qalaq, mənə
deyiləsi bir kitablıq sözü var.
Nə qədər yorğun olsam da, qəlbini
sındırmadım. Onsuz da kövrəlmişdi.
Bilirdim ki, beş ildir Azərbaycana gəlmir.
Bunun səbəbləri də, təxminən,
bir eloğlu kimi mənə məlum idi. Əlbəttə,
təxminən. Kim kimin ürəyindən
xəbər tuta bilər ki?
Əlbəttə, Knyazın maddi
sıxıntısı yoxdur. İşgüzar
olduğundan Yuqranın bütün qəzetləri ilə əlaqə
saxlayır, hamısından qonorar alır və üstəlik
də bu vilayətdəki azərbaycanlı iş adamları
Knyaza bu diyarda əli qələm tutan yeganə azərbaycanlı
kimi xüsusi rəğbət bəsləyirlər. Və mən
bunu hər addımda duyurdum və hiss eləyirdim ki, əsas
şərt Knyazın rus dilində yaza bilməsi ilə
bağlı deyil, necə yazması ilə bağlıdır.
Bizi yuxudan Teyfur Heybətovun telefon zəngi
oyatdı. Şəhərlə tanışlığa Fərman Salmanovun abidəsini ziyarətlə
başladıq. Postmamentinə təzə
çiçəklər düzülmüşdü.
Görünür, bizdən azacıq qabaq abidəni ziyarət
etmişdilər:
-Hər gün belədi, - Teyfur dedi, - elə gün olmur
ki, bu abidənin ziyarətinə insan gəlməsin, milliyyətindən
asılı olmayaraq, burda hamı onun xatirəsini əziz
tutur. Əslində bu şəhər
özü onun abidəsidir.
Sözün bu yerində Anarın Azərbaycan
ictimai-siyasi, ədəbi həyatının son yüz ilini əhatə
edən "Yaşamaq hüququ" kitabı yadıma
düşdü və bir daha bu qənaətə gəldim ki,
bu yazıda Anarın dünya şöhrətli azərbaycanlılar
sırasında fərman Salmanovdan ayrıca bəhs etməsi təsadüfi
deyil.
Görünür, Teyfur maşını ona görə
asta sürürdü ki, mən onun sevimli şəhərinin
mənzərələrini gözlərimə, xəyalıma
köçürüm, Knyaz isə yeni özülü
qoyulmuş bir sıra tikililəri nişan
verib iftixarla deyirdi ki, bunları Teyfur tikir.
Yuqrada mamont sümükləri
tapıldığını bilirdim, amma bilmirdim ki,
Xantı-Mansiyskin ən mənzərəli guşəsində
mamontların bu torpaqlardakı həyatını əks etdirən
təbii qoruq yaradılıb. Çoxdan
nəsli kəsilmiş filə bənzər bu heyvanın həyat tərzi təsvirə gətirilib.
Qoruğa çatmamış Teyfur
maşını asfaltdan çıxarıb torpaq yola saldı
və bir daha biz yeni tikili ilə üz-üzə qaldıq. Bu binanın
inşasında ağacdan başqa heç bir tikinti
materialı işlədilməmişdi, hətta mismar da.
-Bu mənim axırıncı layihəmdi, - Teyfur dedi,
-hamam olacaq…
Soruşdum:
-Fin hamamı?
-Yox, rus hamamı, açıq havada çəlləklər
də qoyulacaq.
Knyaz da müdaxilə etdi:
-İndi hamının evində hamam var, yəni
bu xeyir verəcək?
-Söhbət xeyirdən getmir, hamam mədəniyyət,
sağlamlıq rəmzidi, - Teyfur dedi və mən də
astadan məşhur bayatının bir beytini xatırladım:
Tikmirəm, özüm qalam, tikirəm izim qala. Knyaz da
sözümə qüvvət verdi, - əsas
iz qoymaqdı, iz cığıra çevrilir, sonra da yola…
Meşədən çıxan yolla
İrtişın sahilinə alabəzək qayıqlar pərçimlənmiş,
bəyaz qumlu körfəzlərindən birinə gəldik. "Mersedes"in sükanı arxasından
düşən Teyfur başqa bir "Mersedes"in
sükanı arxasına keçdi. Göyərtədəki
uzunboğaz çəkmələr, balıqçı toru,
çeşidli spininqlər Teyfurun ovçuluğundan xəbər
verirdi.
Qayıq sürət götürüb
körfəzdən aralananda və İrtışın ləpəli,
dalğalı qoynuna atılanda Xantı-Mansiysk dağ
yamacına sərilmiş bir əlvan xalça kimi diqqətimi
çəkdi.
Qarşıdan gələn
qayıqlardakı insanlar yaxınlığımızdan
keçəndə bizə əl eləyirdilər,
ehtiramlarını bildirirdilər.
-Bu şəhərdə hamı bir-birini
tanıyır,-Teyfur dedi, - nə əhalisi var ki, heç
yüz min də deyil.
İrtışın Oba qovuşduğu sulara
yaxınlaşanda Teyfur motoru söndürdü:
-Ürəyinizdə arzu tutun, - dedi, - burda tutulan arzu
çin olur…
…Və mən İrtışın Oba qovuşduğu
yerdə, bu azman nəhrə baxa-baxa ömrümün ən kədərli
bir anını yaşadım, ürəyimdə tutmağa
arzu tapmadım…
Hava soyuq idi. Qayığın
termometrindəki şkala sıfır dərəcənin
üstündə titrəyirdi. Teyfur:
-Qızışmaq lazımdı, - dedi və
qayığın sükanını mənə verdi.
Əlbəttə, bir gün qabaq
ağlıma da gəlməzdi ki, Ob çayında motorlu
qayıq sürərəm.
Teyfur qayığın hansı küncündənsə
çıxartdığı butulkadan üç çapma stəkana
araq süzdü:
-Tut arağıdı, Qusardan göndəriblər, -dedi
və hərəmizə bir dilim də pendir kəsdi, -bunu da
Qusardan yollayıblar,-dedi, -keçi pendiridi.
Mənim duruxduğumu görən Knyaz dilləndi:
-İçmək burda həyat tərzidi,
-dedi, -amma hamı ölçünü bilir.
Teyfur qayıqda mənə bir kitab da
bağışladı. Dünya şöhrəili bestsellər
yazıçı Robin Şarmanın ingilis dilindən ruscaya
çevrilmiş "Sən öləndə kim
ağlayacaq?" kitabını. Və dedi ki, o, bu kitabın Azərbaycanda çap
olunmasını istəyir. Qayıqdaca kitaba
göz gəzdirəndə mənə elə gəldi ki,
"İncil"i vərəqləyirəm. İnsanda özünə inam, həyata sevgi
aşılayan bu kitaba Teyfurun niyə
bağlandığını tam kəsdirə bilmədim, amma
hiss elədim ki, onun bu yerlərdə ən böyük
arxası özünə inam duyğusudur.
"Şam"ın şəhərin mərkəzi
kitabxanasında keçirilən təntənəli təqdimatında
da o parlaq çıxış elədi.
"Şam"a ön söz
yazmış Çingiz Abdullayevdən sitat gətirərək
kitabı xalqlar arasında sındırılmış
körpülərin bərpası kimi dəyərləndirdi.
"Şam"ın Azərbaycan dilinə tərcüməsində
məndən az zəhmət çəkməmiş Knyaz
Qoçaq isə öz çıxışına Vaqif
Yusiflinin "Şam" kitabı haqqında "525-ci qəzet"də
çap olunmuş rezenziyasını cümlə-cümlə
oxuyub, cümlə-cümlə rus dilinə sinxron tərcümə
etməklə başladı.
"Şam"ın sponsoru Şahəmir Kərimov
öz çıxışında etiraf etdi ki, o hələ də
kitabın müəllifi ilə şəxsən tanış deyil. Amma bu xəbər
heyrət yox, alqışlara səbəb oldu.
Məşhur Xantı şairi Andrey Tarxonov, Dmitri Mizqulin
haqqında monoqrafiya yazmış, filologiya elmləri doktoru
Adeksandr Semyanov, Yuqra azərbaycanlıları "Birlik" cəmiyyətinin
sədri Valeh Adıgözəlbəyov bu ədəbi hadisə
ilə bağlı yadda qalan, gurultulu alqışlarla
qarşılanan çıxışlar etdilər.
Yuqra Muxtar dairəsinin müxtəlif şəhərlərindən
gəlmiş qəzetlərin və telekanalların müxbirləri
isə ən solaxay sualı mənə ünvanladılar:
-Rusiya Federasiyasında
minlərlə şair
var. Dmitri Aleksandroviç hansı məhiyyəti ilə
seçilir ki, tərcümə üçün onun
yaradıcılığına müraciət etmisiniz?
Yəqin ki, Knyaz dərhal işə
qarışmasaydı, mən bu sualın altından
çıxa bilməzdim. O, bu sualın
cavabına diplomatsayağı - o qədər uzaqdan
başladı ki, elə incə mətləblərə toxundu
ki, bu da ağzına qədər dolmuş zalın
alqışları ilə nəticələndi.
Dmitri Mizqulin özü də sərt bir sualla üzləşdi:
-Sizin soyadınız tatar soyadıdır. Özünüz rus şairi. Bu
necə olur?
Amma olduqca hazırcavab Dmitri
Aleksandroviç bu sualı zarafata saldı, - hansı rusun
keçmişini qurdalasan, axırı gedib Qızıl Ordaya
çıxacaq.
Sən demə, Xantı şairəsi
Mariya Voldinanın mənə xüsusi rəğbət
göstərməsi, dönə-dönə mənimlə
şəkil çəkdirməsi, nə qədər qəribə
olsa da, atam Kazımın adı ilə bağlı imiş. Sən demə, Tundrada xantıların
yaşadığı ən böyük ərazi Kazım
adlanır. Xantı ədəbiyyatının
banisi və canlı klassiki Yeremey Aypin də Kazım bölgəsindəndir.
Yeri gəlmişkən, təqdimatdan öncə
Knyazla Muxtar dairə qubernatorluğunda mötəbər vəzifə
tutan Y.Aypini də beş-on dəqiqəliyə ziyarət
etdik. Vaxtilə yaşıdım olan Yeremeyin
"Çay yanvar ayında" və "Parisli
qadın" hekayələrini Azərbaycan dilinə tərcümə
etmişdim və o zaman Yeremey məni Yuqraya dəvət
etmişdi.
Xudahafizləşəndə soruşdu ki,
Yuqrada nə qədər qalmaq fikrindəyəm? Mən hələ dəqiq bir qərara gəlmədiyimi
bildirdim. Gülümsədi.
-Bir yerdə otursaq, pis olmazdı, -dedi, -hələ mən
içə bilirəm.
"Şam"ın hava qaralandan sonra
başa çatan təqdimatından sonra şəhərdə
yaşayan azərbaycanlıların demək olar ki,
hamısı bizi qonaq aparmaq istəyirdilər. Amma Dmitri
Mizqulin yenə zarafatla hamını qabaqladı, -mən öz
qonaqlarımı heç kimə etibar edə bilmərəm,
-dedi.
Göy üzünün buludları çəkilmiş,
hava tamam soyumuşdu:
-Qar havasıdı, -Knyaz dedi, -yağsa Tayqanın
qarını da görərdin.
Mən təəccüblə soruşdum:
-Bəyəm bura Tayqadı?
Knyaz isə, deyəsən elə zənn
etdi ki, mən onunla zarafat eləyirəm. Amma sən demə, doğrudan bu yerlər Tayqa
imiş. Amma Bakıdan çıxanda mənə elə
gəlirdi ki, Tayqada mütləq maral sürüləri,
Xantı çobanları görəcəyəm, yoluma
yanıbalalı ayı çıxacaq… Amma hara
çöndümsə mənə, mənim xalqıma, millətimə
böyük maraq göstərən insanlarla
qarşılaşdım. Moskvaya uçmaq istədiyimi
Knyaza bildirəndə doluxsundu:
-Qadam, nə tez, - dedi, - axı sən, deyəsən,
Baykalı da görmək istəyirdin. Könlündən
Tundra keçirdi.
-Qalsın gələn dəfəyə, - dedim, - deyəsən,
mən bu yerlərə çox gəlib-gedəcəyəm…
Məmməd Oruc
Yuqra-Bakı
Ədəbiyyat
qəzeti.- 2013.- 25 oktyabr.- S.6-7.