100 yaşlı
“Arşın mal alan”
Dünya şöhrətli dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin üçüncü operettası olan “Arşın mal alan”ın 25 oktyabrda 100 yaşı tamam olur. Bu əlamətdar hadisə YUNESKO - nun xəttilə beynəlxalq aləmdə təntənə ilə qeyd edilir. 28 yaşlı azərbaycanlı gəncin yaratdığı “Arşın mal alan” Yer kürəsini dolaşaraq bəşəriyyətə sevinc, xalqımıza isə baş ucalığı gətirir. Bütün dünyada şöhrət qazanmış bu operettanın fabulası, mövzusu doğma Qarabağımızın tacı sayılan qədim Şuşa şəhərindən götürülsə də, əsəri Üzeyir bəy Sankt-Peterburq konservatoriyasında oxuyarkən qələmə almışdı. Azman sənətkar 1938-ci ildə yazdığı “Arşın mal alan” haqqında qeydlərim” adlı məqaləsində bu barədə belə deyirdi: “Arşın mal alan” 1913-cü ildə Peterburq konservatoriyasında oxuduğum zaman yazılmışdır. Onun süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınmışdır. “Arşın mal alan” yazılıb qurtardıqdan sonra mən çar senzurasından əsərin çap edilməsi və oynanılması üçün icazə almağa çox vaxt sərf etdim, çox əziyyət çəkdim”.
“Arşın mal alan”ı Bakıya göndərməmişdən əvvəl Üzeyir bəy aktyor Hüseynqulu Sarabskiyə Sankt- Peterburqdan göndərdiyi məktubda yazırdı:
“Bəradərim Hüseynqulu!
Mən dəxi bu halda bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də “Arşın mal alan”ı yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır. İnşallah, sentyabrda göndərərəm ki, əvvəlcə onu qoyasınız.
...Mənim də bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr işini elə bir hala salaq ki, nəinki təkcə bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə imkanımız olsun.
Ancaq bir qədər vaxt gözləmək və zəhmət çəkmək lazımdır. Mən Bakıda olarkən öz əsərlərimin qədrini bilmirəmmiş, amma burada bilirəm ki, mənim əsərim gələcəkdə böyük bir iş görəcəkdir.”
Bəradərin Üzeyir
30 iyul 1913-cü il
Peterburq
Bəli,
böyük mütəfəkkir
“Arşın mal alan”ın uğurlu
gələcəyini öncədən görmüşdü.
Bəs o zaman gənc
bəstəkar olan Üzeyir
bəy Hacıbəyli necə olmuşdu ki, operetta janrına
müraciət etmişdir? Məlumdur ki, bu operettadan əvvəl 24
yaşlı Üzeyir bəy “Ər və
arvad” (1909), “O olmasın, bu
olsun” (1910) adlı operettalar
yazmışdır. Operetta ərsəyə
gətirmək zərurəti barədə isə bəstəkar
belə yazırdı: “Musiqinin
gücünə inanaraq musiqi
vasitəsi ilə ictimai-məişət qüsurlarını
qamçılamaq, Azərbaycan ziyalılarının
qabaqcıl hissəsinin ətalət və mədəniyyətsizliyə
qarşı mübarizəsini musiqidə əks etdirmək arzusunda olmaq məni komik musiqi janrı - operetta yaratmaq fikrinə sövq etdi”.
Ü.Hacıbəyli
“Arşın mal alan”
operettasını tamamladıqdan sonra onu ilk dəfə Sankt-Peterburq konservatoriyasının direktoru, görkəmli rus
bəstəkarı Aleksadr Qlazunova
çalmışdır. A.Qlazunov əsəri
çox bəyənmiş və onu bütün Rusiyada ilk operetta
adlandırmışdır. “Arşın mal
alan”a verilən
yüksək qiymətdən sonra Üzeyir bəy əsərin partiturası ilə
librettosunu vəd etdiyi
kimi, Bakıya, dostları Müslüm
Maqomayevə və Hüseynqulu Sarabskiyə
göndərir. Onlar da
operettanı tamaşaya
hazırlayırlar.
25 oktyabr
1913-cü ildə, cümə günü
Bakıda H. Z.Tağıyevin teatrında “Arşın mal alan” operettasının
premyerası olmuşdur. İlk
tamaşanın yaradıcı heyəti belə idi: Əsgər - H. Sarabski,
Gülşöhrə - Ə.Ağdamski, Soltan bəy - Ə.Hüseynzadə, Süleyman - H.Terequlov, Asya - Gülsabah xanım, Telli - Olenskaya. Əsərin
rejissoru-H. Sarabski, dirijoru isə M. Maqomayev olmuşlar.
“Arşın mal alan”ın ilk
tamaşasından sonra mətbuatda həm
müsbət, həm də mənfi rəylər dərc olundu. 3 noyabr 1913-cü il tarixli “Sədayi həqq”
qəzetində belə bir yazı verilmişdir: “Müsəlman bəstəkarı
Üzeyir bəy Hacıbəyovun təzə
operettası “Arşın mal alan” camaata çox
xoş gəlib, təkrar
oynanmasını xahiş etdiklərinə
görə cümə günü
noyabrın 8-də ikinci dəfə
oynanacaqdır. Soltan bəy rolunda camaatın hüsni-
təvəccöhünü qazanmış Ələkbər
Hüseynzadə çıxış edəcəkdir”.
27 oktyabr
1913-cü il tarixli “İqbal” qəzetində Hacı İbrahim Qasımov adlı teatr
tənqidçisi isə yazırdı: “...Arşın mal alan” operettası bir dərəcə “fars”
(lağ-lağı, məsxərə-S.Q.) tamaşalarına
oxşayır - desək, zənn edirəm ki,
xəta etməmiş olarıq. Belə tamaşaları
müsəlmanlara göstərmək xətadan xali deyildir. Belə tamaşalar millətin əxlaqını pozar, onu indiki
halından betər bir hala
salar”.
Üzeyir bəy Hacıbəyli özü
bu məsələlərlə
bağlı “Arşın mal alan” haqqında qeydlərim məqaləsində
yazırdı: “Bu əsər
birinci dəfə oynandığı zaman Bakı burjuaziyasının “Kaspi” qəzeti tərəfindən son dərəcə hörmətsizlik və
nifrətlə qarşılanmışdır. Əsər
haqqında yazılmış “tənqiddə” avtor
söyülürdü. Onlar
bu əsəri “qızlarımızı pis yola
çağırmaqda töhmətləndirirdilər. O zamanlar azərbaycanlı qızlar ən elementar hüquqlardan belə
məhrum edilmişdilər. Bu
komediyanı yazmaqdan da
məqsəd səhnədə musiqili əsər
vasitəsilə qadın azadlığına yardım etmək,
köhnə adət və ənənələri ifşa etmək idi”.
Başqa bir resenziyada
isə görkəmli ictimai və siyasi xadim,
yazıçı Nəriman Nərimanov ( “Yeni iqbal” qəzeti, 16 mart 1916-cı il)
yazırdı: “...Doğrusu, gördüyüm operettalardan
“Arşın mal alan”
mənə xoş gəldi. Həm musiqi, həm məna cəhətdən...
...“Arşın mal alan” operettasında bir ideya var,
- desək, yarar. Nədir o
ideya? Qızı görməmiş almaq olmaz. Cənab Əsgər
bəyin fəlsəfəsində arvad mal kimi bir
şeydir. Malı görüb
almaq kimi, qızı da gərək əvvəl görəsən, sonra alasan. Demək ki, Əsgər bəyin fəlsəfəsilə
arvad almaq üçün bir sifətini
görmək tamamdır. Şəksiz bu bir tipdir,
ağılları gözündə olan
adamların tipidir...
Üzeyir bəy cənabları oxuduğu
elmin səbəbinə daha
gözəl operalar meydana
gətirəcəkdir. Hər halda qeyri əsərlərə nisbət
hal-hazırda Üzeyir bəyin əsərləri
böyük yolu
açır. Bu yolda Üzeyir bəyin daha
artıq tərəqqi etməyini səmimi qəlbdən istəyirik”.
Doktor N. Nərimanov
Ü.Hacıbəyli
“Arşın mal alan”
operettasındakı obrazları belə səciyyələndirirdi:
“Bəziləri Əsgəri idealizə edərək onu açıq fikirli, yenilik tərəfdarı, kultura
müdafiəçisi kimi göstərirdilər.
Halbuki bu tamamilə
yanlış və saxta bir
fikir idi. Əsgər
hər şeyə bir tacir
kimi baxan adamdır. O,
əgər qızı görüb almaq istəyirsə, bu onun yeni həyat tərəfdarı
olduğu üçün
yox, tacir olduğu üçün
idi. O, alacağı qızla
arşını 12 qəpiklik çiti eyni dərəcədə qiymətləndirir:
çitin safı, çürüyü
olduğu kimi,
qızın da koru, çopuru və ona layiq olmayanı da ola bilər. Məhz bunun üçün də tacir
“malı” görüb almaq
istəyir. Həm də Soltan bəy kimilərinin
qızını! Yoxsa Əsgərdən ideya gözləmək, onu
açıqfikirli bir cəmiyyət
nümayəndəsi kimi göstərmək
tamamilə yanlış fikirdir. Əsgərin
yoldaşı Süleyman da
tacir oğludur. Təfavüt
bunun bir qədər daha çevik və qulaqkəsməkdə,
iş düzəltməkdə, kələk
qurmaqda daha mahir olmasındadır.
Soltan bəy adi Qarabağ bəylərindən biridir.
Onun hər bir sözü, hərəkəti sinfi
mənsubiyyətini açıq təsvir edir.
Konservatizm Soltan bəydə
o dərəcəyə
çatmışdır ki, o, hətta “injener”, doktor və “uçitel”ləri belə bəyənmir.
Gülçöhrə
və Asya çadra
altında və dörd divar
arasında, savadsız, biliksiz, sevmək və
sevilməkdən məhrum edilmiş bir şəraitdə yaşayan
azərbaycanlı qızlarıdır. Həyatın
zövqlərini (oxumağı, kulturanı, ictimai
vəzifə və sairəni) bütün
varlığı ilə dərk etməkdən məhrum edilmiş bu gənc nəsil
nümayəndələrini ən çox
maraqlandıran məsələ evlənmək, ərə getmək
məsələsidir.
Gələcəkdə
həyat yoldaşı kim olacaqdır?
Keçmişdə
azərbaycanlı qızların həyatını qara günlərə çevirən “ərlər”
onları həmişə bu məsələ
üzərində düşündürürdü.
Ekonomik cəhətdən ailənin yiyəsi
olan ərlərin
yaxşılığı xoşbəxtlik, pisliyi
bədbəxtlik sayılırdı. Buna
görə də
Gülçöhrə qədər bir az düşüncəli qızlarımız,
heç olmazsa, bu gələcək həyat yoldaşını
görməyi arzu edirdilər.
Asya, Telli və xalalar isə tamamilə baxtabaxt,
təvəkkül və elçilərin yardımı ilə
yaşayırdılar.
İndiki azərbaycanlı gənclər bu həyata yalnız tarixi
bir hadisə kimi
baxırlar. İndi həyatımızda
arşınmalçılar olmadığı halda,
belə bir əsər
tamaşaçını maraqlandırır. Məncə, bunun səbəbi əsərin
reallığı və məzmununun maraqlı
olmasıdır”.
Doğrudan da “Arşın mal alan” bütün
dövrlərdə maraqla
qarşılanmış, sevilmiş, dünya səhnələrində böyük müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Hələ
Üzeyir bəyin özünün
sağlığında bu əsər
şöhrət tacına sahiblənmiş, müxtəlif
dillərə tərcümə olunmuşdur.
Bəstəkar özü
yazırdı ki, “Arşın mal alan” birinci
tamaşaya qoyulan
günlərdən bir neçə ay sonra demək olar ki, SSRİ
xalqlarının hamısının, o
cümlədən rus, gürcü,
erməni, özbək, tacik, yunan, fars, ingilis,
fransız dillərinə tərcümə edilərək
oynanılmışdır.
Hazırda
isə “Arşın mal alan”ın dünya şöhrəti daha
geniş miqyas
almış, 70-ə yaxın xarici dilə
çevrilmiş, 50-dən çox ölkədə, 150 teatrın səhnəsində
tamaşaya qoyulmuş,
Amerikanın 13 ştatında, Polşanın 16 şəhərində,
Çində, Çexiya və Slavakiyada, Bolqarıstanda, fransada,
Türkiyədə, Yunanıstanda, İranda və başqa Avropa, Asiya, Afrika ölkələrində səhnə həyatı
yaşamışdır.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti
dekadası zamanı oynanılan “Arşın mal
alan” operettası haqqında Moskva mətbuatında bir-birindən
maraqlı, mühüm əhəmiyyət
kəsb edən resenziyalar dərc olunmuşdur. Məqalələrin birində
“Arşın mal alan”
haqqında belə yazılmışdır: “Azərbaycanlılar
nə gözəl “gülüş”
ustalarıdırlar. Bu tamaşada o
qədər həqiqi iti fikir
və gülüş, həm artistlərin
oyununda, həm orkestrin
melodiyalarında, həm rəssamın ürək açan və parlaq
dekorasiyalarında coşqun şənlik
vardır ki, “Arşın mal
alan” tamaşasına baxarkən
tamaşaçı qəşş edircəsinə gülür”. Resenziyanın sonunda müəllif yazırdı: “Bizim rus komediya
teatrımızın (“Satira” teatrı, Operetta) “Arşın mal alan”dan özləri üçün çox şey götürə bilərlər”.
Moskvada keçirilən dekadada
“Arşın mal alan”
operettasının uğurla tamaşaya qoyulması barədə Üzeyir bəy belə qeyd
edirdi: “Böyük teatrda əməkdar artist rejissor Hidayətzadə yoldaşın verdiyi quruluş
“Arşın mal alan”ın keçmiş
quruluşlarının hamısından üstündür.
Rejissor əsərin məzmunu və
ideyasını düzgün mənimsədiyi
üçün, onun
traktovkası da doğru
çıxmışdır.
Yeni quruluşun bədii
tərtibatında gənc rəssam Ədhəm Sultanov yoldaş az əmək sərf etməmişdir. Rəssamın
quruluşundakı bütün işlər
gözəl təsir buraxır. Xüsusilə perspektivada
verdiyi Şuşa
şəhərinin mənzərəsi həm bədii, həm
gözəl, həm də düzgündür.
Artistlərimizin
oynamasına gəldikdə, demək lazımdır ki, əməkdar artist Bülbülün Əsgər rolunu
oynaması ampulua cəhətcə bir az qəribə
görünsə də, o, bu vəzifənin öhdəsindən gələ
bilir. Bülbül
ustalıqla böyük formalı opera səhnəsindən musiqili
komediya roluna keçə
bilmişdir.
Kələkbaz Süleyman rolunu əməkdar
artistimiz H. Hacıbababəyov gözəl
ifa edir.
Gülçöhrə rolunda Sona Mustafayeva və Səltənət
Quliyeva, Asya rolunda Aliyə Terequlova və
Elmira Axundova öz rollarını yaxşı
oynayırlar.
20 ildən çox Soltan bəy rolunu oynayan Ələkbər
Hüseynzadə qoca artist
olmasına baxmayaraq, bu
rolu oynamaqda
şöhrət qazanmış və əvvəlki məharətini
olduğu kimi saxlaya bilmişdir. Bu sözləri Vəli rolunda
çıxan Anatollu haqqında da demək lazımdır, çünki
o, Vəli rolunda
keçmişdə göstərdiyi bacarıq və temperamentini indi də
göstərir. Həqiqət Rzayevanın yaratdığı Telli keçmiş
qulluqçuların həqiqi tipidir”.
Zənnimizcə,
“Arşın mal alan”
operettasının tamaşaları haqqında Üzeyir
bəyin verdiyi təhlil hər dövrün rejissor, rəssam,
aktyor nəsilləri üçün
proqram xarakteri
daşımalıdır.
“Arşın mal alan” əsəri 100 ildir ki, dünya
səhnələrini dolaşır. Operetta bu
illərdə teatrlarda uğurla
tamaşaya qoyulmaqla
yanaşı, həm də hələlik dörd
dəfə də ekran həyatı
yaşamışdır. 1917-ci il
inqilabından əvvəl Piron
qardaşlarının “Filma” səhmdar cəmiyyətində
işləyən rejissor B. Svetlov bu əsər ilə
maraqlanmış, onu lentə çəkmişdir.
“Arşın mal alan” filminin ilk nümayişi
3 yanvar 1917-ci ildə olmuşdur.
Filmdə H .Sarabski
(Əsgər), Ə. Ağdamski
(Gülçöhrə), Ə. Hüseynzadə (Soltan bəy), Y. Nərimanov (Cahan
xala), M. Əliyev (Süleyman),
A. Olenskaya (Asya), H.Terequlov (Vəli), Y. Olenskaya
(Telli) çəkilmişdilər. O illərdə filmlər səssiz olduğu
üçün əsərin musiqisindən
əsər-əlamət yox idi. Ümumiyyətlə, film
zəif alınmışdır. Üzeyir
bəy Hacıbəylinin tələbi ilə, müəllifdən
icazəsiz çəkildiyi üçün
film qadağan edilmiş və ekrandan
çıxarılmışdır. “Arşın mal alan” ikinci
dəfə 1937-ci ildə ABŞ-da lentə
alınmışdır. Erməni əsilli Amerika
kinorejissoru R. Mamulyan bu əsəri ekranlaşdırmış və
heç yerdə də Ü. Hacıbəylinin
adı göstərilməmişdir. Yalnız filmin
Şərq motivləri əsasında çəkildiyi
vurğulanmışdır.
Bəs bu operetta ABŞ-ya
necə gedib çıxmışdır?
1915-ci ildə Tiflisdə
yaşayan Sedrak Maqalyan isimli bir erməni Üzeyir bəy
Hacıbəylinin yanına gələrək onun
“Arşın mal alan” əsərini
erməni dilinə tərcümə etmək istədiyini bildirmişdir. Hətta Üzeyir
bəylə müqavilə də bağlanmışdır. O,
operettanı erməni dilinə çevirib,
səhnəyə qoymuşdur. Əsər
Bakıda, Gürcüstanda və başqa şəhərlərdə göstərilmişdir.
1921-ci ildə Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan
sonra S. Maqalyan xaricə
mühacirət edir. Gedərkən özü ilə “Arşın mal
alan”ı da aparır. O, əvvəlcə
Türkiyədə, sonra Yunanıstanda
yaşayır və “Arşın mal alan” operettasının hesabına dolanır. Daha sonra ABŞ-a
köçür. Orada
da bu əsəri tamaşaya qoymaqla küllü miqdarda gəlir
əldə edir. Bu operettadan qazandığı çoxlu
pulların sayəsində o qədər
varlanır ki, çoxmərtəbəli bir otel tikdirir
və ona “Arşın mal
alan” adını verir.
1925-ci ildə Üzeyir bəy ABŞ-dan
Okorokov familiyalı bir
bakılı musiqiçidən məktub alır. Okorokov vaxtilə Bakıda violonçelçalan
olmuşdur. Məktubda o,
Üzeyir bəyə bildirir
ki, burada Maqalyan familiyalı birisi sizin “Arşın mal alan” operettanızı özəlləşdirərək
çoxlu pullar
qazanır. Mənə vəkalətnamə göndərsəniz
halal pullarınızı alıb sizə yollayaram. Lakin o dövrün təzadları
üzündən Okorokovun məktubu
cavabsız qalır. Ermənilər isə daha
da azğınlaşaraq ABŞ-da
tamaşaya qoyduqları “Arşın mal alan”ı həyasızcasına “erməni
operettalarının kraliçası” adlandırırlar və
onun süjeti, musiqisi əsasında film
çəkərək mənimsəyirlər.
1942-ci ildə, İkinci Dünya
müharibəsi dövründə Azərbaycanın
tanınmış ədəbiyyat və incəsənət
xadimləri İranda olarkən, ermənilər
tərəfindən Amerikada çəkilmiş
həmin “Arşın mal alan”
filminə baxırlar. Titrlərdə Üzeyir
bəy Hacıbəylinin adına rast gəlmədiklərindən
hiddətlənir, Bakıya dönən kimi
bunu Üzeyir bəyə
çatdırırlar. Ü.Hacıbəyli bu
xəbərdən çox təsirlənir
və müəllif hüquqlarının müdafiəsi üçün Azərbaycanın o zamankı rəhbəri Mir
Cəfər Bağırova məktub göndərir. M. C.
Bağırov məktubu alan kimi Üzeyir bəyə zəng
çalır və bildirir ki, bu məsələnin həlli
üçün Moskvaya
müraciət etmək lazımdır. Ü.Hacıbəyli dərhal
SSRİ-nin xarici
işlər naziri V.M.Molotova
məktub yazır. Aradan bir
neçə gün keçdikdən sonra, gecə vaxtı Üzeyir
bəyin evinə zəng olur. Zəng vuran V.M.Molotovun
köməkçisi olduğunu bildirir və Ü.Hacıbəylidən belə
gec telefon
açdığı üçün
üzrxahlıq edərək söyləyir ki,
Molotov yoldaş sizin məktubunuzla tanış oldu
və tapşırdı məlumat verim ki, SSRİ müəllif hüquqlarının
müdafiəsi üzrə Beynəlxalq konvensiyaya
daxil olmadığı üçün
sizin hüquqlarınızı müdafiə
etmək iqtidarında deyilik.
Lakin aradan iki həftə keçdikdən sonra gecə saat 1-də Üzeyir bəyin evinə Moskvadan
yenə də zəng olur. Bu
dəfə SSRİ Kinematoqrafiya Komitəsinin
sədri Bolşakov gecə vaxtı narahat etdiyi üçün Üzeyir
bəydən üzr diləyərək bildirir ki, indicə İ.V.Stalin yoldaşın yanından gəlirəm.
Yoldaş Stalin sizin məktubunuzdan xəbərdardır. Və
göstəriş verdi sizə
çatdırım ki, müəllif
hüquqlarınızı müdafiə etmək məqsədilə
təcili olaraq Bakı kinostudiyasında
“Arşın mal alan” filmi çəkilməli və bütün dünya
ekranlarına göndərilməlidir. Bununla
da Üzeyir bəyin
hüquqlarını müdafiə etmiş
olarıq.
Elə də edirlər.
1943-cü ildə müharibənin qızğın çağında
“Arşın mal alan” filmi üzərində gərgin iş başlayır. Nəhayət, 1945-ci ildə
S. Rəhmanın ssenarisi əsasında R. Təhmasibin
və N.Leşşenkonun rejissorluğu
ilə eyniadlı film üçüncü
dəfə lentə çəkilir və planetin
hər bir tərəfində müvəffəqiyyətlə
göstərilir. Beləliklə də Üzeyir
bəy Hacıbəylinin müəllif hüquqları bərpa
edilir və bütün
dünyada “Arşın mal
alan”ın əsl sahibi, əsl müəllifi
hamıya bəlli olur.
Onu da qeyd
edək ki, “Arşın mal
alan” filmi çox maraqlı və uğurlu
alınmış, Üzeyir bəyin özü tərəfindən yüksək
qiymətləndirilmişdir. Bu filmdə çox dəyərli
aktyor ansamblı toplanmışdır. Filmdə dünya
şöhrətli müğənni Rəşid Behbudov (Əsgər), Leyla
Bədirbəyli (Gülçöhrə), Ələkbər
Hüseynzadə (Soltan bəy), Münəvvər
Kələntərli (Cahan xala),
İsmayıl Əfəndiyev (Süleyman),
Lütfəli Abdullayev (Vəli), Fatma Mehrəliyeva (Telli)
və başqaları çəkilmişlər. Filmin operatorları Əlisəttar Atakişiyev və Muxtar Dadaşov olmuşlar.
26 iyun
1946-cı ildə “Arşın mal alan” filminə görə Ü. Hacıbəyli,
R.Təhmasib, N.Leşşenko, R. Behbudov, L. Bədirbəyli, Ə. Hüseynzadə,
M. Kələntərli, L. Abdullayev Stalin mükafatına layiq
görülmüşlər
“Arşın mal alan” filminin
çəkilişi üçün
dövlət beş milyon
rubl ayırmışdı. Bu filmin ekranlarda
nümayişindən isə o zamankı
araşdırmalara görə dövlətə bir milyard iki
yüz min rubl məbləğində gəlir gəlmişdir.
Valyuta hesabı isə sirr
olduğu üçün
açıqlanmamışdır.
1965-cı ildə
“Arşın mal alan” əsərinə
yenidən müraciət edilərək T.Tağızadənin
rejissorluğu ilə dördüncü
dəfə rəngli film çəkilmişdir.
Burada əsas rolları Həsən Məmmədov
(Əsgər), Leyla Şıxlinskaya
(Gülçöhrə), Murad Yegizarov (Süleyman), Ağadadaş Qurbanov (Soltan bəy), Nəcibə Məlikova (Cahan xala), Safura
İbrahimova (Telli) və
b. oynamışlar.
Azərbaycan
mədəniyyəti tarixində xüsusi
yerə məxsus “Arşın mal alan” adlı sənət incisi,
şedevr bütün
cahanı fəth edərək Azərbaycanımızı dünyada tanıtdı. Bu
mədəniyyətimizin əlçatmaz, ünyetməz zirvəsi
olan Üzeyir bəy
Hacıbəylinin bəşəri, həmişəyaşar
yaradıcılığının bariz
nümunəsidir. Dünya durduqca
Üzeyir bəy də, onun
hər zaman yeni və
ölməz irsi də var
olacaqdır. Şöhrət tacı isə “Arşın mal alan”ın başının üstündən
heç vaxt enməyəcəkdir.
Səadət QARABAĞLI
üzeyirbəyşünas
Ədəbiyyat qəzeti.- 2013.- 25 oktyabr.- S.4-5.