A.İmanquliyeva Azərbaycan
şərqşünaslığının
ən görkəmli nümayəndələrindən
biri kimi
Dünən
görkəmli şərqşünas alim
Aida İmanquliyevanın xatirəsi yad edildi
Filologiya elmləri doktoru, professor Aida İmanquliyeva zəngin ənənələrə malik olan Azərbaycan şərqşünaslığının ən görkəmli və ən parlaq nümayəndələrindən biridir. Bu gün onun adı təkcə Azərbaycanda deyil, əski Sovet İttifaqında və beynəlxalq miqyasda məşhur olan akademiklər Əbdülkərim Əlizadə, Yusif Ziya Şirvani, Ziya Bünyadov, professorlar Mübariz Əlizadə, Rüstəm Əliyev, Ələsgər Məmmədov, Rəhim Sultanov, Qəzənfər Əliyev kimi nüfuzlu alimlərlə birlikdə çəkilir.
Aida İmanquliyeva, nisbətən qısa ömür sürməsinə baxmayaraq, özündən sonra zəngin ədəbi irs qoyub getmiş, fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda dünya şərqşünaslığını xeyli dərəcədə zənginləşdirmiş, inkişaf etdirmişdir. Rusiyada, Almaniyada, İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda, bir çox ərəb ölkələrində yaxşı tanınan, rəyi ilə hesablaşılan, əsərlərinə tez-tez istinad edilən Aida xanım yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş azsaylı mütəxəssislərdəndir. Yeni ərəb məhcər ədəbiyyatına, bu ədəbiyyatın Cübran Xəlil Cübran, Mixail Nüaymə, İlya Əbu Madi kimi görkəmli nümayəndələrin həyat və yaradıcılığına həsr etdiyi tədqiqatlar öz orijinallığını, zənginliyini, nəzəri dərinliyini, konseptuallığını daim qoruyub saxlayan, buna görə də mütəxəssislərin stolüstü kitablarına çevrilmiş əsərlərdir. Cəsarətlə demək olar ki, Aida xanım bu gün ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli, ən sanballı tədqiqatçısıdır. Bunu nəinki Azərbaycan və əski sovet ərəbşünasları, hətta Avropa şərqşünasları və ərəblərin özləri belə etiraf edirlər.
Məhcər ədəbiyyatının əsas xüsusiyyətləri, onun çoxəsrlik ərəb ədəbiyyatı ilə oxşar və fərqli cəhətləri, Avropa ədəbiyyatı ilə əlaqələri, bütövlükdə ərəb ədəbiyyatına gətirdiyi yeniliklər, müasir ərəb ədəbiyyatı üçün açdığı üfüqlər və s. bu kimi ümdə məsələlər Şərq-Qərb sintezində öz doğru-düzgün elmi həllini məhz Aida İmanquliyevanın çoxsaylı monoqrafik tədqiqatlarında tapmış, onun gəldiyi nəticələr beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək nüfuzlu elmi fikir kimi qəbul edilmişdir.
Aida İmanquliyeva həm də əski Sovet İttifaqında və vətənimiz Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biridir. Bu gün 20-dən artıq ərəb ölkəsində yaranmış zəngin ədəbiyyatı araşdırıb sistemləşdirmək, onu ümumi bir tədqiqat məcrasına yönəltmək, bu ədəbiyyatın səciyyəvi cəhətlərini müəyyənləşdirmək, görkəmli nümayəndələrinin həyat və yaradıcılığını öyrənmək, əsərlərini yüksək nəzəri səviyyədə təhlil etmək dünya şərqşünaslığı qarşısında duran ən çətin, ən ümdə problemlərdən biridir. Mübaliğəsiz demək olar ki, Aida xanım bu sahədə böyük əmək sərf etmiş, nəticədə belə bir çətin kursun yaradılmasına nail olmuşdur. Onun bu barədə yazdığı məqalələr, beynəlxalq konfrans və simpoziumlarda etdiyi çıxışlar, uzun illər ADU-nun (indiki BDU) şərqşünaslıq fakültəsində oxuduğu yüksək səviyyəli mühazirələr yeni ərəb ədəbiyyatının müasir dövrdə daha dərindən öyrənilməsi üçün ən gözəl mənbələrdən, ən mötəbər elmi vəsaitlərdəndir.
Aida İmanquliyeva akad. Ziya Bünyadovdan sonra AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışarkən özünün yüksək təşkilatçılıq qabiliyyətinə malik olduğunu nümayiş etdirmiş, qısa bir müddət ərzində institutun maddi-texniki bazasının möhkəmləndirilməsi, orada aparılan elmi-tədqiqat işlərinin miqyasının genişləndirilməsi, nəzəri səviyyəsinin, əməli əhəmiyyətinin yüksəldilməsi, bu ciddi tədqiqat müəssisəsinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, onun dünyanın aparıcı şərqşünaslıq mərkəzləri ilə fəaliyyətinin əlaqələndirilməsi sahəsində xeyli işlər görmüşdür.
Aida xanımın direktor olduğu müddət ərzində Şərqşünaslıq İnstitutunda bir sıra beynəlxalq simpozium və konfranslar çağırılmış, respublika miqyaslı elmi tədbirlər keçirilmişdir. Sevindirici haldır ki, bu gözəl ənənə bu gün də uğurla davam etdirilir.
Professor Aida İmanquliyeva çox az kimsəyə nəsib olan elmi istedadı, təşkilatçılıq işi və pedaqoji fəaliyyəti özündə bacarıqla birləşdirən bir alim idi. Aida xanım 20 ildən artıq bir müddət ərzində ADU-nun (indiki BDU) şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından mühazirələr oxumuş, xüsusi kurslar aparmış, dissertasiya və diplom işlərinə rəhbərlik etmişdir. Aida İmanquliyevanın maraqlı mühazirələrini dinləmiş tələbələr həmişə onun yüksək səviyyəli bir lektor olduğunu qeyd edir, Aida xanımı görmək şərəfinə nail olmamış indiki tələbələr isə onun kitablarından, məqalələrindən, əlyazma şəklində olan mühazirələrindən istifadə edib bəhrələnirlər.
Aida xanım həyatdan
vaxtsız getdi. O vaxtsız vəfatı
ilə ailəsini, qohum-əqrəbasını,
dostlarını, həmkarlarını, tələbələrini
- bir sözlə, onu
tanıyan bütün insanları çox məyus etdi,
kövrəltdi. Aida xanım indi də bu insanlar tərəfindən sevilir.
Biz onun xatirəsini daim əziz tutur, ona həmişə rəhmət oxuyuruq. Biz həm də belə hesab edirik ki, Aida
xanımın unudulmaz xatirəsinə ən
böyük hörmət onun
zəngin elmi irsini
bütövlükdə nəşr edib elmi ictimaiyyətimizə çatdırmaq, onun ADU-nun (indiki
BDU) şərqşünaslıq fakültəsində oxuduğu yüksək səviyyəli
mühazirələri çap edib tələbə və
aspirantlarımızın istifadəsinə vermək
olardı.
Vasim MƏMMƏDƏLİYEV
Ədəbiyyat qəzeti.- 2013.- 20
sentyabr.- S.1; 4.