İstiqlal və istiqbal
yollarında
Üzeyir bəy Hacıbəyli fenomeni indiyədək çox insanları, hətta çox xalqları valeh etmişdir. Onun yaradıcılıq miqyasının genişliyi, məfkurəsinin masştabı sənətsevərləri hər zaman vəcdə gətirmişdir. Onun gördüyü işlərin çoxşaxəliyinin dərinliyinə varanda heyrətlənməmək mümkün deyildir. Bütün bu sahələrə dahiyanə şəkildə yiyələnərək, xalqa xidmətdə bulunmaq isə hər sənətkara nəsib olmur. Müəyyən bir sahədə dahi olmaq mümkündür. Lakin məşğul olduğun bütün sahələrdə dahilik nümayiş etdirmək qeyri-adi bir xüsusiyyətdir. Və bunun adı peyğəmbərlikdir.
Bənzərsiz fəhm sahibi olan Üzeyir bəy Hacıbəyli belə dahi, qeyri-adi sənətkardır. Onun qələmindən çıxan nə varsa, hamısı gərəklidir. Üzeyir bəy yaradıcılığı bitməz-tükənməz bir xəzinədir. Hər dəfə bu əvəzsiz sənətkar haqqında yazarkən bir daha bunun şahidi oluram.
Uzun zamandır ki, tanınmış tədqiqatçı Aslan Kənanın gözəl aftoqrafla mənə hədiyyə etdiyi “Üzeyir bəy Hacıbəyli: “Bayrağımız sarsılmaz” adlı kitabı haqqında yazmaq istəyirdim, lakin zaman məhdudluğu buna imkan vermirdi. Nəhayət ki, vaxt tapıb hər zaman sevə-sevə mütaliə etdiyim Üzeyir bəyin hər biri bir əsər səviyyəsində yazılmış məqalələrinin toplusu barədə fikir söyləməyi özümə borc bildim.
Mən hələ 1995-ci ildə A. Kənanın tərtibatında işıq üzü görən “Fitnələr qarşısında” adlı kitabda Üzeyir bəy Hacıbəylinin 1918 -1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan “Azərbaycan” qəzetində dərc edilmiş məqalələrinin çoxu ilə tanış olmuşdum. Onu qeyd edim ki, o kitabda məqalələr tam verilməmişdir. “Bayrağımız sarsılmaz” kitabında isə dahi sənətkarın demək olar ki, yazılarının böyük bir qismi toplanmışdır. Məqalələri toplayan, ərəb əlifbasından latın qrafikasına çevirən, şərhlərin və ön sözün müəllifi Aslan Kənan, məsləhətçi xalq yazıçısı Elçin, redaktor filologiya elmləri namizədi Paşa Kərimov, rəyçilər tarix elmləri doktoru Ataxan Paşayev, filologiya elmləri doktoru Abid Tahirli olan 426 səhifəlik Üzeyir bəy Hacıbəyli: “Bayrağımız sarsılmaz” kitabı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Avrasiya Press” nəşriyyatında nəşr olunmuşdur.
Əvvəlcə onu xüsusi vurğulamaq istərdim ki, Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin əməkdaşı, yorulmaz tədqiqatçı A. Kənan bu işə xeyli əmək sərf etmiş, çiyinlərini çox ağır bir yükün altına vermişdir. Ümumiyyətlə, korifeylərimizin irsinin araşdırılması və toplanması ilə məşğul olmaq çox vacib və məsuliyyətli bir işdir. Bunu yerinə yetirən hər bir şəxs alqışa layiqdir. Elə Aslan Kənana da minnətdarlıq düşür ki, uzun illər yasaq sayılan, açılmasına qadağa qoyulan bu arxivləri üzə çıxararaq, xalqın istifadəsinə yönəltmişdir.
Özünün musiqi əsərləri ilə dünyaya pəncərə açan, “Leyli və Məcnun”, “Koroğlu”, “O olmasın, bu olsun ”, “Arşın mal alan ” kimi əsərləriylə cahanşümul şöhrət qazanmış Üzeyir bəy Hacıbəyli Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar, musiqişünas-alim, filosof tədqiqatçı, tarixçı, pedaqoq, tərcüməçi, ədəbiyyatşünas, akademik olmaqla yanaşı, həm də çox güclü qələm sahibi, jurnalist, publisist idi. Onun 1903 -1948-ci illəri əhatə edən publisistik yaradıcılığının ən məhsuldar və şərəfli dövrlərindən biri də 1918 -1920-ci illərdir ki, bu zaman kəsiyində yaratdığı mətbu yazıları sovet hakimiyyəti illərində yasaq edilərək, xalqdan gizlədilmişdir. O dövr ki, Azərbaycan müstəqillik illərini yaşamışdır və Üzeyir bəy də sevinc, fərəh içində hər gün maraqlı yazılarla “Azərbaycan” qəzetində çıxış etmişdir. Əvvəlcə müxbir, parlament müxbiri, ardınca isə ( kiçik qardaşı, “Azərbaycan” qəzetinin redaktoru Ceyhun bəy Hacıbəyli Fransaya getdikdən sonra) qəzetin redaktoru kimi saysız-hesabsız məqalələri, felyetonları qəzetin səhifələrində dərc olunmuşdur.
Üzeyir bəy Hacıbəyli. “Bayrağımız sarsılmaz” kitabında Aslan Kənan böyük publisistin 112 məqalə və felyetonunu və 1919 -1929-cu illər arasında kiçik, sevimli qardaşı, 1919-cu ildə yeni müstəqillik qazanmış Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti tərkibində fransaya “Versal” Sülh konfransına gedən və Cümhuriyyət rus qoşunları tərəfindən 1920-ci ildə devrildikdən sonra bir daha geri dönməyərək Fransada qalan Ceyhun bəy Hacıbəyliyə ünvanladığı 35 məktubunu nəşr etdirmişdir. Çox səmimi yazılmış bu doğma məktublar Üzeyir bəyin həyat və fəaliyyətinin müəyyən məqamlarını özündə ehtiva edir. Yəni ki, tədqiqatçılar üçün olduqca əhəmiyyətlidir.
Üzeyir bəy Hacıbəylinin “Azərbaycan” qəzetində dərc olunmuş məqalə və felyetonlarına gəldikdə isə onları oxuduqca əvəzsiz publisistin qələminin dürüstlüyünə, kəskinliyinə, qərəzsizliyinə, itiliyinə, hadisələrin düzgün şərhinə, eyni zamanda da səmimiliyinə, qəlbdən süzülərək gəldiyinə inanırsan və heyran qalırsan. Üzeyir bəyin yaradıcılığında riyakarlıq, nadürüstlük, gözə kül üfürmək, boğazdan yuxarı deyilmiş fikirlər yoxdur. O, yazılarında yalnız vətəninin rifahı, təhlükəsizliyi, xalqının azadlığı, firavanlığı naminə önəmli yollardan bəhs etmiş, bir şərhçi kimi hadisələrin çox düzgün analizini verərək, onların aradan qaldırılması yollarını da göstərmişdir.
Üzeyir bəyin müraciət etdiyi mövzular müxtəlifliyi ilə seçilir. Məqalələrdən bir neçəsinin adını çəkməklə onların nə qədər geniş dairəyə malik olduğunu görə bilərik. “Nuru Paşa həzrətləri şərəfinə böyük ziyafət”, “Mühüm məsələlər”, “Partiyalarımıza”, “Azərbaycan parlamanı”, “Tarixi günümüz”, “Andranikin məsələsi”, “Vəzifəmiz nədir”, “İstiqlal və istiqbal ümidi ”, “Lənkəran faciəsi”, “Düşmənlərimizin fəaliyyəti”, “Knyaz Tumanov ilə müsahibə”, “Fitnələr qarşısında”, “Qarabağ haqqında”, “31 mart”, “Naxçıvan və Qarabağ”, “Ermənistan və Azərbaycan münasibəti” “Qarabağ hadisatı”, “Erməni-gürcü münasibəti”, “Dərbənd əhvalatı”, “Ordumuz”, “Zaqatala məsələsi”, “Bayrağımız sarsılmaz”, “Dağıstan və biz”, “Bir yaş”, “Şimalımızın halı ”, “Rusiya əhvalı”, “Qara təhlükə”, “İçimizdəki denikinlər”, “Məmurlarımız haqqında”, “Yeni kabinə təşkilinə dair”, “Milliləşmək”, “Məmləkətimizin halı nasıldır”, “Çörək bahalaşması”, “Zaqafqaziya konfransına dair ”, “Dördgöz olmalıyıq” və s. Bu yazılarda Üzeyir bəy özünü və xalqı narahat edən, düşündürən siyasi məsələlərdən, istiqlalımız və onun mühafizəsi, əzəli düşmənimiz olan ermənilərin fitnə-fəsadı, Qarabağ, Naxçıvan, Zaqatala, Dağıstan məsələləri, Rusiyanın iç üzü, ingilis siyasəti, xalqın həyat tərzi, parlamentdə, Nazirlər Kabinetində baş verənlər, ana dilimizin qorunması və başqa bu kimi mövzulardan bəhs etmiş, hadisələri açmış, şərhini vermiş və onların çözülməsi yollarını göstərmişdir. Və bütün bunları elə ustalıqla etmişdir ki, oxuduqca o qələmə və onun sahibinə səcdə edirsən. Onun savadına, fəhminə, erudisiyasına, biliyinin çoxtərəfliyinə heyran qalırsan. Bu yazıları mütaliə etdikcə, Üzeyir bəyin nə qədər təmiz qəlbli, səmimi, riyadan uzaq, xalqına, vətəninə bağlı əsl ziyalı, vətən, xalq sevdalısı olduğunu bir daha anlayırsan. Ən önəmlisi isə Üzeyir bəy qələminin bu gün də nə qədər aktual olduğunu görürsən. Məsələn, 1 dekabr 1918-ci il tarixli “Azərbaycan” qəzetində Hacıbəyli Üzeyir imzası ilə dərc edilmiş “Mühüm məsələlər” məqaləsində qüdrətli qələm ustası yazırdı: “... Biz Azərbaycanı və iki milyondan artıq olan Azərbaycan türklərini Yevropaya və müttəfiq dövlətlərə indidən tanıtdırmalıyıq. Özümüzə məxsus tarixə, gözəl və xüsusi bir ədəbiyyata, sənayeyi-nəfisəyə malik olduğumuzu onlara bildirməliyik. Dilimizin firəng dili Yevropada olan kimi, bütün Qafqazda ümumi bir dil olduğunu, məsələn, bir ləzgi ilə bir erməninin və ya bir malakan ilə bir aysorun bir-biri ilə türk-Azərbaycan dili ilə danışmağa məcbur olduğunu isbat etməliyik. Musiqimizin ümumi Qafqaz millətlərinə zövq və ləzzəti-ruhani verən bir musiqi olduğunu bildirməliyik. Yevropa şairlərindən geri qalmayaraq şairlərimizi, müsənniflərimizi, yazıçılarımızı, alimlərimizi birbəbir nişan verməklə xüsusi bir mədəniyyətə malik olduğumuzu əyan və aşkar etməliyik”.
Sevindirici haldır ki, Üzeyir bəyin 1918-ci ildə yazdığı “mühüm məsələlər” bu gün müstəqil Azərbaycanın prezidenti cənab İlham Əliyev və xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən uğurla həyata keçirilir. Şairlərimizin, yazıçılarımızın, alimlərimizin, bəstəkarlarımızın, elə dahi Üzeyir bəy Hacıbəylinin özünün və ölməz “Leyli və Məcnun”, “Arşın mal alan” əsərlərinin yubileylərinin YUNESKO-da, həmçinin dünya ölkələrində, beynəlxalq səviyyədə keçirilməsi böyük dühanın vəsiyyətlərinə əməl olunduğunu və həyata keçirildiyini bariz şəkildə göstərir.
Üzeyir bəy Hacıbəyli məqalə və felyetonlarında xalqı narahat edən bütün məsələlərə aydınlıq gətirməklə yanaşı, erməni - Azərbaycan mövzusuna xüsusi diqqət yetirmişdir. Yazılarının çoxunda bu məsələyə toxunan sənətkar daşnakların fitnə-fəsadlarından, onların, hətta sadə erməni millətinin başına gətirdikləri bəlalardan bəhs etmiş, dəf yollarını göstərmişdir. “Başlanır”, “Eyni müamilə gözləyirik”, “Qarabağ hadisatı”, “Kontrast”, “Rusiya əhvalı”, “Ermənistan və Azərbaycan münasibəti”, “Corciən meil”in məqaləsi” və s. publisistik yazılarında Ü.Hacıbəyli məhz erməni məsələsinə toxunmuşdur. Qüdrətli qələm sahibi “Başlanır” məqaləsində yazırdı: “Özgənin iki gözünü çıxartmaq üçün özünün bir gözünü qurban etmək politikası yolunu tutmuş olan daşnaklardan nəticəsi hər vaxt erməni millətini fəlakətdən fəlakətə salan “müsəlləh üsyan”lardan başqa özgə bir qabiliyyət gözləmək üçün cahil və qafil olmaq lazım gəlir.
Daşnaklar Qarabağ ermənilərini bizə qarşı üsyana dəvət edirlər. Bu üsyanı açıq-açığına qəzetə vasitəsilə elanı, daşnakların bihəyalığını sübut edən aşkar dəlillərdən birisidir» (Hacıbəyli Üzeyir, 13 fevral 1919-cu il).
“Eyni müamilə gözləyirik” məqaləsində isə Üzeyir bəy belə qeyd edirdi: “ Qarabağda bu “hartu-vurtu” salan və bu hərəkətləri çıxaran bütün Qarabağ erməniləri olmayıb, bəlkə bir dəstə daşnak güruhudur. Qarabağın kənd erməniləri yaxşı bilirlər ki, Azərbaycan hökumətinə tabe olmasalar, müsəlmanlar ilə əlaqələrini kəsməyə məcbur olub, acından ölərlər. Ona görə biz əminik ki, bədbəxt erməni kəndləri bu gün bir dəstə daşnakların xəyanət və şeytanəti qurbanlarıdırlar, bu güruhi-layəfəlhun erməni millətinin gözünü o qədər qorxudublar ki, bir bu qədər haqsızlıq və zülmlərə qarşı ağız açıb söz deməyə cürətləri yoxdur. Əgər bu xainlər güruhu Qarabağdan tərd və təbid edilirsə və onların yuvaları dağılırsa, Qarabağ erməniləri asudə nəfəs çəkib, həm acından ölməzlər, həm də öz həmişəki qonşuları ilə mehriban dolanıb, Azərbaycan hökumətinin ədaləti altında və sayeyi-mərhəmət qayəsində kəmali-asudəgi ilə imrari-məişət edərlər” (Üzeyir Hacıbəyli, 5 may 1919-cu il).
Daşnakların iç üzünü göstərən, Tiflisdə ingilis dilində nəşr olunan “Corciən meil” qəzetindəki məqaləyə münasibət bildirən Üzeyir bəy özünün “Corciən meil”in məqaləsi”ndə yazırdı: “Arzumuz budur ki, bu məqalə Avropa mətbuatına dəxi keçib, daşnak ilanlarına inananları ayıldıb doğru və həqiqətə qarşı yumulmuş olan gözləri açdırsın və bu yalanlar vasitəsilə nə qədər zəlalət və rəzilət törəndiyini və bunun nəticəsi olaraq nə kibi haqsızlıqlara yol verildiyini Avropa əfkari-ümumiyyəsinə anlatsınlar” (H.Ü. 21 oktyabr 1919-cu il).
Uzaqgörən mühərrir eyni zamanda şimal qonşumuz olan Rusiyadan gələn təhlükəni də çox aydın görürdü. Bir neçə məqalə və felyetonlarında rusun “dovşana qaç, tazıya tut” siyasətini pisləyərək yazırdı ki, ...bizim üçün şimaldan təhlükə mövcud olduğu məlum bir məsələdir. Bunu heç vaxt unutmayıb da var qüvvəmiz ilə çalışmalıyıq ki, bu şimal təhlükəsinin rəddinə qarşı həmişə və hər bir halda hazır olaq. Ona görə mümkün mərtəbə hazırlanmalı və heç bir fədakarlıqdan çəkinməməliyik.
Biz hazır olandan sonra düşməndən qorxumuz yoxdur” (Ü.H. “Dərbənd əhvalatı”, 26 may 1919-cu il).
Daha sonra “ Rusiya əhvalı” məqaləsində Üzeyir bəy bunları qeyd edirdi: “Bugünkü vəzifəmiz Rusiya işlərinə kənardan baxmaq və Rusiya daxilində vaqe olan hadisələrə qarşı bitərəf qalmaqla bərabər, oradan bizi təhdid edən təhlükələrdən özümüzü qorumaqdır...Təhlükə bolşevik tərəfindənmi və ya Denikin tərəfindən vaqe olacaqmı, bizdən ötrü təfavüt yoxdur, qorunmaq və hər bir vasitə ilə istiqlalımızı mühafizə etmək, vəssalam” (Hacıbəyli Üzeyir, 9 oktyabr 1919-cu il).
Siyasi məsələlərə müraciət edərək, məqalələr yazan böyük publisist eyni zamanda daxili çatışmazlıqları da nəzərdən kənarda qoymur, xalqın yaşam tərzinə və inkişafına mane olan qüsurlara, məişət məsələlərinə, mənəvi-sosial amillərə - rüşvətxorluğa, hüquq-mühafizə orqanlarının özbaşınalığına, parlamentdəki vəziyyətə, məvaciblərin azlığına və s. bu kimi problemlərə öz münasibətini bildirirdi. Məsələn, “Bir sual münasibətilə” məqaləsində Ü.Hacıbəyli yazırdı: ” Adam öldürmək bir cinayət olduğu kimi, rüşvət almaq dəxi bir cinayətdir. ...Nifrət və istikrahla qarşılanacaq olan bu adam vaqeən mənəvi bir edama məhkum edilib, cəzai-səzasinə çatacaq və aldığı rüşvət də ona haram olacaqdır” ( Hacıbəyli Üzeyir, 22 oktyabr 1919-cu il).
“Məmurlarımız haqqında” məqaləsində isə Üzeyir bəy bunları vurğulayırdı: “ Vaqeən məmurların rüşvətxorluğu hökumət və məmləkət üçün qorxulu bir vaqeədir... Odur ki, rüşvətxorluq ilə mübarizə qılmaq hökumətin böyük vəzifələrindən biridir” (Hacıbəyli Üzeyir, 5 sentyabr 1919-cu il).
Hüquq-mühafizə orqanlarında çalışanların vəzifə borclarını anlatmağa çalışan cəsarətli jurnalist “Daxili işlərimizdən ” sərlövhəli yazısında belə bəyan edirdi: “Polis boylə bir zənndə idi ki, onun vəzifəsi əhalinin baş və bədəni üzərinə şallaq çəkməkdən və rüşvət almaqdan ibarətdir.
Fəqət azad və müstəqil Azərbaycan hökumətində boylə bir əcayib vəzifəşünaslığa yol verilməməlidir. Polis əhli öz vəzifəsinin əsl mənasını dürüst bilməli və dərk etməlidir. Onun doğrudan-doğruya vəzifəsi əhalinin canını, malını, şərəf və heysiyyətini hər bir təcavüzdən qorumaq və dövlət qanun və qaydalarını cəmaət arasında icra edilməsinə çalışmaqdır. Əhali polis məmurlarını qorxu üzündən deyil, onu təcavüzlərdən qoruyan bir mühafizə, bir qoruqçu sifətilə layiqi-ehtiram bilməlidir” (Hacıbəyli Üzeyir, 25 sentyabr 1919-cu il).
Hər zaman xalqın rifahını düşünən, onun yaxşı yaşamasına çalışan Üzeyir bəy öz yazılarında maaşların azlığı məsələlərindən də bəhs edir, millətin maddi vəziyyətinin aşağı olmasına diqqət çəkir, müəllimlərin timsalında bunun dözülməzliyini vurğulayaraq yazırdı: “Xalq müəllimlərinin məvacibi olan dörd yüz otuz beş manata nəinki külfətdar və ailə sahibi olan bir müəllim, hətta subay adamlar da dolana bilməzlər” ( Hacıbəyli Üzeyir. “Əgri yol”, 10 aprel 1919-cu il).
Qüdrətli, cəsarətli qələm sahibi, yazar olan Üzeyir bəy Hacıbəyli bütün bu həyati vacib problemlərin qaldırılmasının, oxucuların nəzərinə çatdırılmasının, həlli yollarının göstərilməsinin öhdəsindən layiqincə gəlmişdir. Səmimi qəlb ilə vətəninin, xalqının, millətinin özgürlüyünü, bağımsızlığını istəyən böyük ziyalı, dahi sənətkar həm də qürurla aşağıdakıları bəyan etmişdir: “Məmləkətimiz və vətənimiz kəmali-sürətlə bir tərəfdən qüvvət tapıb, bir tərəfdən də tərəqqi edəcək və getdikcə ağ günlərə çatacaqdır” (Ü.Hacıbəyli. “Xatimə”, 15 may 1919-cu il).
Ömrü boyu Azərbaycanımızın
müstəqilliyini arzulayan və həyatında
cəmi 23 ay onun
dadını görən, varlığının şahidi olan qorxmaz, vüqarlı, qürurlu
, obyektiv, qərəzsiz, iti
qələm sahibi olan
bu böyük şəxsiyyətin
musiqi tariximizlə bahəm ədəbiyyat,
mətbuat tariximizdə də yerinin
danılmaz olduğunu bir
daha görürük.
Səadət QARABAĞLI
Ədəbiyyat qəzeti.- 2013.- 20
sentyabr.- S.5.