Xəlil Rza və Türkiyə ədəbiyyatı

  

X.Rzanın bu barədə 24 ocaq 1982-ci il tarixli gündəliyi vardır. O, 1967-ci il 14-24 aprel günlərində İ.Şıxlı, M.Əlioğlu, Q.Qasımzadə ilə birlikdə Türkiyədə olmuşdur. Şairin həyat yoldaşı Firəngiz xanım Ulutürk o günləri xatırlayaraq deyir ki, biz Türkiyədə "P" şəkilli bir binada olanda Xəlili naməlum bir şəxs gəlib apardı. Uzun müddət onu gözləməli olduq. Sonra Xəlilin makinasını da tələb etdilər və nə yazdığı ilə maraqlandılar. Hətta biz oradan qayıdana qədər Xəlilin makinasını qaytarmadılar. İ.Şıxlı narahat olub maraqlandıqdan sonra məlum oldu ki, Xəlili oranın KQB-sinə aparıblar, izləyirlər. O zaman onun "Ana dili" şeri Türkiyədə də çap edilmişdi. Hamımızı qorxu götürmüşdü. Deyirdik ki, bu saat bizi də gəlib aparacaqlar. Allahdan olan kimi axşama tərəf Xəlili buraxdılar. Makinası isə orada saxlanıldı. Yalnız çıxıb gələndə onu qaytardılar. Xəlil bu səbəbdən də həmin günlərin təfsilatını gündəlikdə canlandırmaqdan ehtiyatlanmışdı. X.Rzanın elmi-tarixi memuarlarında "Niyazinin Türkiyə xatirələri"nin təfsilatı geniş yer tutur.

X.R.Ulutürk yazmışdır ki, türk xalqları "özünün bədii nəsrinə nisbətən, daha qədim tarixə və zəngin ənənələrə malik olan poeziya mədəniyyətini dünyanın bir sıra xalqları ilə sıx əməkdaşlıq, ardıcıl ədəbi-bədii əlaqələr zəminində yaratmışdır. Bu poeziya sözün yaxşı mənasında görüb-götürən, qonşu xalqların bədii irsini öyrənib mənimsəyən, həm təsirlənməyi, həm də təsir etməyi bacaran qüdrətli sənətkarların ilham məhsulu kimi ortaya çıxmış və illər, əsrlər keçdikcə zənginləşmişdir. Təkcə Azərbaycan ədəbiyyatı ilə ədəbi əlaqələr baxımından yanaşdıqda da belə özbək (türk - Ə.Ə.) poeziyasının nə dərəcədə zəngin və qüdrətli bir sənət xəzinəsi olması aydın görünür. Burada ədəbi əlaqələrdən daha ciddi və daha əhəmiyyətli olan bir qanunauyğunluq da var". Davam edir: "Hər iki xalqın tarix boyunca eyni tipli ədəbiyyata malik olması, hətta ədəbi əlaqələrin bəzən zəiflədiyi çağlarda belə, bu iki xalqın ədəbiyyatı eyni tipli ədəbiyyat olaraq qalmış və ortaq zəmin üstündə öz inkişafını davam etdirmişdir. Bunun səbəbi təkcə etnik qohumluqda, dil yaxınlığında deyil, həm də hər iki xalqın, əsasən, eyni ictimai-siyasi quruluşda yaşamasında, təxminən eyni tarixi-mədəni inkişaf mərhələləri keçməsində və əsrlər boyu oxşar ədəbi ənənələrə malik olmasındadır. Bir sıra ədəbi janrların, poetik formaların bənzəyişi, çox vaxt ümumi olması, ən başlıcası ictimai ədalət uğrunda şərə qarşı mübarizə, məhəbbət, qəhrəmanlıq, humanizm haqqında təsəvvürlərin, qənaətlərin obrazlı təfəkkürün ümumiliyi hər iki (ümumi - Ə.Ə.) ədəbiyyatın tarixi inkişafının başlıca məzmunu və yönünü təyin etmişdir".

X.Rza da əsasən özünüdərk, azadlıq, istiqlal, millilik, bəşərilik, xalq taleyi məsələləri ilə bağlı olan böyük sənətkarları öyrənmiş, onlarla ünsiyyətdə olmuşdur. Təbii ki, bu da onun azadlıq, millilik, bəşərilik ruhundan irəli gəlmişdir. O, tərcümə etdiyi əsərlərində belə zəngin mental təfəkkürünü xüsusilə diqqətdə saxlamışdır. Bir diqqət edin, onun türk ədəbiyyatı ənənələri ilə bağlantıları Tofiq Fikrət, Rza Tofiq, Akif Nihat Asiya, Namiq Kamal, Nazim Hikmət, Yəhya Kamal Bayatlı, Məhmət Akif Ərsoy, Əhməd Ər, Nəcin Qəzayıl Qısakürək, Faruq Nafiz Çamlıbel, Orxan Seyfi Orxan, Yusif Ziya, Behcət Kamal Çağlar, Nihal Atsız, Rauf Pərfi və başqalarına söykənir. O böyük türk sənətkarları ki, Əkrəm Cəfər və H.Cavidin özü də onlardan öyrənmişdir.

X.Rza Tofiq Fikrəti həm də Əkrəm Cəfər vasitəsilə öyrənmişdir. Biz X.Rza poeziyası ilə T.Fikrət poeziyası arasında tutuşdurmalar aparmışıq. T. Fikrət poeziyası mərdanəlik, döyüş poeziyası, insanı insan kimi yaşamağa çağıran, zülmə dözməməyə, xalq səadəti uğrunda vuruşmağa səsləyən qüdrətli poeziyadır. X.Rzanın T. Fikrətə fitri sevgisi olmuşdur. Onun nə zamandan tanımağa başladığını, sevdiyini demək onun özü üçün də çətin olmuşdur. Şair bu adın "Kür qırağında, doğma Pirəbbə kəndində, Salyanda, Muğan torpağında ən sadə adamlar tərəfindən nə qədər sevildiyini söyləyir".

T. Fikrət Şərqi geri qoyan cəhalətləri qəti rədd edərək Qərb poeziyası və elmi fikrinin ən qabaqcıl cəhətlərinin carçısı kimi parlamışdır. Belə bir mövqe onu vətəndaş şair kimi yetirmiş və poeziyasını xalqının dərdləri ilə birləşdirmişdir. Bu bədii keyfiyyət X.Rzanın poetik ruhuna aydınlıq, məqsədyönlülük gətirmiş, onun da poeziyasını "ütüdən" çıxararaq ona xalqının daha çox dərd-acısını yetirmişdir. Tofiq Fikrət "din, mövhumat, yalançı müqəddəsat qalalarını topa tutan mütəfəkkir" olmuşdur. X.Rzanın isə topa tutduqları yalançı redaktorlar, ziyasız ziyalılar, süründürməçilər, riyakarlar, məddahlar, rüşvətxorlar, bifər alimlər və başqalarıdır. Kəskin tənqidi pafos, həcv, pamflet xüsusiyyətləri öz qidasını həm də Tofiq Fikrət poeziyasından almışdır. Şair saxta təəssübün, milli nifaqların, köhnəlik ənənələrinin düşməni olmuşdur. X.Rza aristokrat təbəqənin saxta təbəssümlərə, bunların bir-birinə olan təəssübkeşliyinə qarşı səbatlı mübarizə aparmışdır. O da sosial nifaqlara, ayrı-seçkiliyə qarşı çıxmışdır. X.Rza köhnə, mühafizəkar vərdişlərin düşməni idi.

Millət-bəşəriyyət:

 

Biz türkləriz - Vətənimiz başdan-başa Yer kürəsi,

Bayrağımız al günəşdir, çadırımız göy qübbəsi.

 

X.Rza da T. Fikrət kimi adı günəşlə yanaşı çəkilən insana üz tutur, onun müsbət və mənfi xislətlərini göstərir.

 

Çoxdan borcum var mənim hər gülə, hər gülzara,

İllah ki, məğrur, cəsur, qəlbi nur insanlara!

Şanlara, ad-sanlara heç bir məhəl qoymadan,

Qandallar qıranlara, ehkamlar qıranlara!

 

"Borcluyam"

 

X.Rzanın bir çox şeirlərindəki xitabların - II şəxsə müraciətin orijinal nümunələri M.Hadi, H.Cavid, M.Şeyxzadə kimi Tofiq Fikrətdən gəlmirmi? Zira onların özləri də T.Fikrətdən gəlirlər. O da öz növbəsində Namiq Kamaldan, Rizaizadə Mahmud Əkrəm lirikasından, onların vətənsevərlik və üsyankarlıq ruhundan gəlirdi. Uca bir zirvədə durub bataqlığı seyr edən və "Örtün, əvət ey faciə" deyən, yenə özünü saxlaya bilməyib örtük altındakıları göstərən T.Fikrət kimi Xəlil Rza da fəci olanları görüb göstərirdi. Müqayisə üçün:

T. Fikrət:

 

Ey dəbdəbələr, təntənələr, şanlar, alaylar,

Qatil quyular, qələli, zindanlı saraylar.

Ey xatirələr məbədi, ey köksü sədəf, zər,

Ey qürrə sütunlar ki, donan divlərə bənzər.

Keçmişləri atilərə nəql etməyə məmur,

Ey dişləri düşmüş qala, ey qafileyi-sur,

Ey qübbələr üstündə yanan odlu minacat,

Ey doğruluğun düz yolu tək incə minarat,

Ey səqfi çökük mədrəsələr, məhkəməçiklər,

Ey sərvlərin kölgəsi altında qalan yer,

Axır gecə tapdı səni ... gündüz dilənənlər.

 

X.Rza:

 

Lefortovo, ey dibsiz sovet zülmətxanası,

Kainatın ən iyrənc, murdar, mənfur binası!

 

"Ka" biçimli zindanım, lənət səni qurana!

Darmadağın edəcəm, əl basmışam Qurana.

 

Yıxacam tək səni yox, altun imperiyanı,

Qanun cildinə girmiş məlun imperiyanı.

 

Əlvida, ey baş yeyən, göz deşən sarı quzğun, -

Stalinin, Yejovun, Jdanovım, Kirovun,

 

Brejnevin, Suslovun, Çernenkonun tilovu!

Əlvida, zülmət qala, ey namərdlik alovu!

 

İşıqlı kainatda Qara kölgə, əlvida,

Yırtıcı, qansız ölkə, daş şəbəkə, əlvida!

 

Əlvida, ey cəhənnəm, bircə budur təsəllim:

Sənə cismimi verdim, ilhamımı vermədim.

 

X.Rza T.Fikrətin bütün şeirlərindən həzz alsa da, "Aşiyan", "Sis" şeirlərindən daha çox təsirlənmiş, hətta həmin şeirləri tərcümə və təhlil etmiş, onlara poetik münasibət bildirmişdir. X.Rzada da bu, bir bədii keyfiyyətdir ki, duyğu və fıkir getdikcə güclənir, işlətdiyi boyalar tündləşir, qəzəb və nifrət ümman tutumda, sətir-qəliblərdə "daşdanır".

 

Nə qədər ki, bir milləti yetmiş yerə bölənlər var,

Nə qədər ki, rütbə üçün ölənlər var,

Nə qədər ki, kabineti, vəzifəni

gözlərinə təpənlər var -

Tiranların yambızını

Bir az altdan öpənlər var!

Nə qədər ki, istedadı addım-addım pusanlar var,

Xalq dərdini hayqırmağın əvəzinə

əqrəb kimi susanlar var.

Nə qədər ki, iş başında bunca kütbaş,

kəmsavad var.

Düz bir milyon didərgindən heç nə yazmaz

mətbuat var,

Nə qədər ki, başçı olur başsız canlar,

Bir millətin mənliyini talan-talan talayanlar,

Nə qədər ki, mənə əxlaq dərsi verir

Fərarilər, boşqab dibi yalayanlar.

Nə qədər ki,

- Demokrati!

- Aşkarlama! - deyə-deyə boğaz yırtır

bu züyçülər, zurnaçılar, şeypurçular.

Nə qədər ki, cəzasızdır

Xankəndimdə evlər yıxan, ürək yıxan yırtıcılar,

Davam edir 37 -

Daha kəskin, daha ciddi!

 

T.Fikrət kimi Xəlil Rzada da insanı ittiham güclüdür. Əgər it hürüşü belə cəmiyyətdəki alçaqlıqlara lənət deyirsə, X.Rzada ittihamlar naqisliklərə lənətlər deyir. X.Rzada "ancaq ayaq öpməklə başa yüksələn alçaqların" ifşası daha güclüdür.

X.Rza da gözəl təbiət şeirlərinin müəllifidir. Şairanə-romantik təbiət təsvirləri X.Rza poeziyası üçün yad deyil. Həm də təəccüblü deyil ki, bu gözəlliklərə rəğmən X.Rzanın cəmiyyəti ifşa edən nə qədər tünd boyalı cəmiyyət təsvirləri vardır. Yəni X.Rza da T.Fikrət kimi gözəlliklər içindən eybəcərliklərə, eybəcərliklər içindən gözəlliklərə vara bilmiş, - nadir ədəbi nümunələr yaratmışdır. Bu, türk şerində bir ənənə, gələnəkdir.

T.Fikrətin insanlığa bəslədiyi böyük fitri sevgisi onu yolundan sapındırmamış, mübarizə meydanına çıxarmışdır. X.Rzanın da nəslindən gələn repressiyalar, təqiblər yolu onu da T.fikrət kimi mübarizə meydanına gətirmişdir.

Tofıq Fikrət şeri kədər və qəm notlarına baxmayaraq, nikbinlik poeziyasıdır, - bu xislət X.Rza poeziyasına da aiddir. İnsan qüdrətinə inam, gələcəyə ümid onların poeziyasında başlıca keyfiyyətdir.

X.Rza da, T.Fikrət də əruzu "bülövə" çəkmiş, durmadan işlətmişlər. Bu cəhətdən prof. Əkrəm Cəfərin onların hər ikisi haqqında qiymətli fikirləri vardır. O, bu böyük sənətkarların lirik şeirlərinin mənasını şərh və izah etmişdir.

X.Rza Tofıq Fikrət haqqında "Türk xalqının vicdanı" adlı məqalə yazmış, onu poetik nümunələrində xatırlamış, bir çox şerini dilimizə uyğunlaşdırıb, "Turan çələngi" kitabına daxil etmişdir.

T.Fikrət Sərvəti-fünun ədəbiyyatının ilk görkəmli nümayəndəsi kimi əsərlərini həm romantik-lirik, həm də didaktik-lirik üslubda yazmış, Qərbin sənət modernizmini poeziyasına gətirmiş, sosial-ictimai məsələlərdən yazmış, haqsızlığa ciddi etiraz etmişdir. Bəs Xəlil Rza üslubu? X.Rzanın da üslubu üçün həm romantik-lirik, həm də didaktik-lirik keyfiyyətlər xas olmuş, o da mənsub olduğu quruluşa qarşı mənən üsyan etmişdir.

X.Rza türk ədəbiyyatından çoxlu "tərcümələr"in müəllifidir. Onlardan bir çoxunu: Əhməd Ər ("Bir damla su"), Yəhya Kəmal Bayatlı ("Vüslət", "Şərqi", "Nəzər"), Nəcin Fəzail Qısakürək ("Sayıqlama"), Tofiq Fikrət ("Ayların həvəngi", "Açıq dəniz", "Cavab", "Sis"), Arif Nihat Asya ("Bayrak"), Faruq Nafiz Çamlıbel ("Mələkül mevt"), Məhməd Akif Ərsoy ("İstiqlal marşı"), Orxan Seyfi Orxan ("Könlüm"), Namiq Kamal ("Qitələr", "Gözlərdə səyahət", "Vətən türküsü"), Nazim Hikmət ("Aclıq ordusu", "Vəsiyyət", "Əllərimizə və yalana dair", "Məmmədə son məktubum", "Pekində ağ göyərçin", "37 bayraq və Ağ göyərçin", "Yeni Çin səddi", "İsmayıla məktub", "Xoş gəldin", "Sıradakının ölümü", "Qovaq"). Yusif Ziya ("Sevinc"), Behcət Kamal Çağlar ("İstəyirəm"). Nihal Atsız ("Gəlir güclü bir yay") və Rauf Pərfinin ("Türküstan xatirəsi") şeirlərini X.Rzanm arxivindən götürüb "Turan çələngi" kitabına daxil etmişik. Əlbəttə, bu sənətkarların hər birindən X.Rzada bir tam, bir duz vardır. Lakin X.Rzanı, N.Kamal, N.Hikmət, R.Pərfi poeziyası daha çox cəzb etmişdir.

X.Rza və N.Hikmət. Xəlil Rza şerində Nazim Hikmət təsiri bir məqamda üzdə, formal olaraq görünəndir. Belə olanda şair onun yalnız adını çəkir, ona poetik səmimiyyətini ifadə edir, bədii müqayisələrdə Nazim Hikmət adı və mövqeyi şairin qolundan tutur.

 

Dahi Nazim Hikməti səkkiz cilddə nəşr edən

"Narodna prosveta" bu gün türkə qapalı.

Amma sən gecə-gündüz onları mədh edirsən,

Ey sən...öküz qafalı, uzunqulaq qafalı.

 

Xəlil Rza digər poetik məqamda Nazim Hikmət obrazlarına, ifadə vasitələrinə, habelə, söz və sintaqmlarına üz tutur. Onlardan istifadə edir, bədii fikrini qüvvətləndirir.

 

Şöhrətiniz, şanınız,

Döşdə qızıl qırmızı deputat nişanınız

Divarları gümüş, zər

Tualeti də mərmər villa kəhkəşanımız

"Bizə vız gəliyor, vız!"

 

Yad məktəbdə Sabirə, Füzuliyə tamarzı

"Papa!" - deyən balanız,

Öz dilini bilmədən... ən ali məclislərdə

Rusca dızıldamanız... "Bizə vız gəliyor, vız!"

 

Xəlil Rza Nazim Hikmətin bədii motivlərini, şeirlərinin fıkir örtüyünü öz şeirləri üstünə də çəkir, Nazim Hikmət formasına meyl göstərir. Nazim Hikmətdə poetik mətni təşkil edən makro və mikro misralar daha çox sərbəstdir. Xəlil Rzada isə bu hal ölçülü sərbəstlikdir. O, istisnalar olaraq Nazim Hikmət təsirinə uyanda daha çox sərbəst mətnə (sürətlənən və ləngiyən misralar) də meyl edir.

 

Yeni cığır aça-aça,

Ot yamacdan daş yamaca

Uça-uça,

O qayadan, bu qayadan tuta-tuta,

Yeddi gülşən havasını

Bir cigərlə uda-uda

Qalxdım Uçmıx zirvəsinə.

Əl çatmayan, ün yetməyən bir zirvəyə,

Doğan günü gördüm deyə.

Hanı gövhər?

Hanı göyün mirvarisi?

Nədən ötrü gözü yolda qoyub bizi?

 

Xəlil Rza hətta bir şerini Nazim Hikmətin "Günəşi içənlərin türküsü" kitabının adı ilə adlandırmışdır. O, "Günəşi içənlərin türküsü" şerini 1979-cu ildə Şuşada, 2 həziranda yazmışdır. Yəni Nazim Hikmətin Azərbaycanda "Günəşi içənlərin türküsü" kitabının çapından - 1927-ci ildən 50 il sonra yazmışdır. Və günəş, işıq ideyalarını Nazim Hikmət aludəliyi olaraq poetik ifadə etmişdir.

20-ci illlərin axırları, 30-cu illərin əvvəllərindən başlayaraq Azərbaycan şerində Nazim Hikmət ənənələri də maraqla davam etdirilmişdir. Onun poetik ənənələrini həm forma, həm də ideya-məzmun səviyyəsində qavrayıb yeni duyumda işlətmişlər. Bu həm də Xəlil Rza poeziyasına aiddir. O, Nazim Hikmət poeziyasının dinamik gücü, sürətliliyi, təsvir dəyişkənliyi, insanın təbiətə münasibəti, onun insanda doğurduğu ruhi hal, məna ilə səsin vəhdəti, bədii dilin quruluşundan, sintaksisindən ustalıqla istifadə etmək bacarığı, obyekt və ya subyektin ritmini, ahəngini, obrazlılıqdakı təzəlik, təravət, zəngin və qüvvətli məcaz, təşbeh və istiarələr yaratmaq keyfiyyətindən poetikcəsinə faydalanmışdır.

Bu kitab Xəlil Rzanın ötən əsrin 60-cı illərindən başlayaraq Türkiyə ilə bağlı ədəbi fəaliyyətinin təcrübəsi əsasında hazırlanmışdır. Kitaba Xəlil Rzanın xatirələri, elmi məqalələri, şeirləri, tərcümələri daxil edilmişdir.

Kitabın ön söz yerinə şairin "Heydər dədə - Atatürk" şerini vermişik. Şeir Azərbaycan-Türkiyə birgəliyinin nadir poetik nümunəsidir. Ön sözdə eyni zamanda Seyfəddin Altaylının yazısı da verilmişdir. S.Altaylı hələ 1998-ci ildə Türkiyədə Xəlil Rza haqqında "Azadlıq" şeirlər kitabını çap etdirmiş və kitaba ön söz yazmışdır. Həmin ön sözün bu nəşrdə də yer almasını lazım bilmişik. Bununla bərabər, Azərbaycan-Türkiyə ədəbi əlaqələrinə dair sözümüzü də ön söz yerində verməyi lazım bilmişik. Hesab edirəm ki, Azərbaycan və Türkiyə oxucuları bizi səmimi qəbul edər. Bir ön söz onların, bir ön söz də bizim olsun.

Xəlil Rza hələ 60-cı illərdən türk sözlərinə, tələffüzünə az-çox bələd idi. Çünki türk ədəbiyyatından tərcümələr edirdi. Türkiyədə də olmuşdu, türkləri dinləmişdi. Müəyyən illər Türkiyəyə ezam olunmuşdu, Rəfiq Zəka Xəndan ilə dostluq etmişdi, onu həm də türk ədəbi dilində dinləyirdi. Bu səbəbdən Xəlil Rza türk dilinə yiyələnmişdi. Bu səbəbdən yeri olduqca yazılarında türk sözləri də işlədirdi. Bu mətnlərdə də belə halların şahidi oluruq. Bu, onun iş xüsusiyyətlərindən irəli gəlirdi. Bu baxımdan xatirə mətnlərində çoxlu türk sözləri işlənmişdir.

Bunların demək olar ki, hamısı saxlanılıb. Bəzi söz xətaları ola bibr. Bəzi adların yazılışı da ola bilər ki, düzgün olmasın. Bunlar üçün oxucudan üzr diləyirik.

Bu, ondan irəli gəlib ki, söz bizim üçün tanış olmayıb, bu səbəbdən çoxusunda yanlışlar da ola bilib. Bəzən Xəlil Rza özü sözləri ixtisarla yazıb, səhhəti sarıdan tələsib, qırıq-qırıq söz yazıb, mümkün olanları bərpa etmişik, mümkün olmayanlar eləcə də qalıb. Hörmətli oxucum, təvəqqe edirik ki, bunları da nəzərə alsın. Belə xətalar ön sözdə də ola bilər. Bunları da özümüzə aid edirik.

Hesab edirik ki, "Xəlil Rza və Türkiyə ədəbiyyatı" adlı kitab Azərbaycan-Türkiyə ədəbi əlaqələrində oxucularımız və ədəbiyyat həvəskarlarımız üçün maraqlı olacaqdır. Bir millət, iki dövlətin, bir millət və bir çox dövlətin ədəbi əlaqələrin davamında "Yaşasın od yurdu, qardaş Türkiyə" kitabı əhəmiyyətli mənəvi mənbə olacaqdir.

 

Əlizadə ƏSGƏRLİ

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun

baş elmi işçisi, filologiya elmləri doktoru, professor

  

Ədəbiyyat qəzeti.- 2013.- 20 sentyabr.- S.7.