“Ana torpaq”larda Vətən tərifi
Altmışıncılar deyilən ədəbi nəslin başlanğıc bədii-fəlsəfi müşahidə və təhlillərinin, həyat və varlıq, insan mahiyyəti və qisməti haqqındakı gənclik düşüncələrinin çox vaxt ana yurd, ana torpaqla üzvi surətdə bağlı olan psixoloji vəziyyətlər və yaşantılar vasitəsilə ifadə olunması ümumən, yeni pleyadanın ilk qələm təcrübələrində Vətən motivinin aparıcı mövqeyə malik olması, ana ilə bağlı şeir və silsilələrin üstünlük təşkil etməsi qeyd etdiyimiz poetik dövrün estetik mənşəyini, bədii anatomiyasını bizə əyani şəkildə anladır.
Aydın olur ki, yeni lirikada bədii inikas prinsiplərinin ilk əlamətləri ana mövzusundakı şeirlərdə boy göstərməyə başlamışdı. Gənc şairlərin dəst-xəttindəki təzəlik, Vətən ünvanlı bədii axtarışların mənbəyi də bu mövzudakı şeirlərlə bağlıdır. Dövrün bu yöndəki estetik axtarışlarını təsəvvür etmək və anlamaq nöqteyi-nəzərindən Məmməd Arazın “Ana torpaq” (1957) şeri çox səciyyəvidir. Vətən idealının məzmunu və mahiyyəti bu şeirdə səmimiyyətlə ifadə olunur:
Ana torpaq,
ana torpaq!
Dilə gəldi sazım yenə.
Qoy
eşqini varaq-varaq
Ürəyimə
yazım yenə...
Gənc şair Vətən şərəfinə yeni
bir nəğmə yazmaq eşqi ilə
alışıb-yanır. Ana yurd eşqini ürəyinə
yazmağı əhd edir. Onun ürəyinə
yazacağı - qəlbinə həkk edəcəyi o nəğmə
yeni və təzə tər olmalıdır. Elə bu səbəbdən də bu ilahi məskəni
tərənnüm etmək üçün o sonsuz xəyal gərəkliyini
arzulayır. Ana yurd göylərini seyr etmək
üçün qoca qartal qüdrətini diləyir.
Sənin
qoynun bir asiman
Dolanmağa xəyal gərək.
Göylərini
seyrə çıxan
Bir qocaman qartal gərək.
Gənc lirik “mən”i doğulub ilk dəfə ayaq
basdığı torpağa bağlayan sirr və qüdrət
nədir? Bu
sirli sevginin və duyğunun önündə nəyə
görə hər şey bir heçdir, mənasız və dəyərsiz
bir əfsanədir:
Ana torpaq!
Bəs bu ada
Məni çəkən hikmət nədir?
Sanıram
ki, bu dünyada
Sənsiz hər şey əfsanədir.
Şair özünün ana torpaq duyğusunun adi
olmadığını, təkrarsızlığını
vurğulamaq istəyir. Düzdür, özünün də adi bir yer oğlu
olduğunu etiraf edir, amma onun sevgisi özgə cürdür, daha
dərindir:
Ana torpaq,
ana torpaq!
Bir
oğluyam doğma yerin,
Arzularım
qucaq-qucaq,
Məhəbbətim
daha dərin...
“Ana torpaq” Məmməd Arazın fundamental vətəndaşlıq
şeirlərindən biridir. Müəllif burada
özünün və sevgisinin heç kimə bənzəmədiyini
qəti şəkildə söyləməyə cəsarət
edir. O, Ana yurd küləklərini - öz səsi-avazı,
ona məxsus olan rübabı elan edir. Nəğməkar
Xəzəri isə öz qəlbinə məhrəm və
sevimli sazı adlandırır.
Ana torpaq,
küləklərin
Rübabımdır, avazımdır.
Bu nəğməkar
göy Xəzərim
Ömrüm boyu bir sazımdır”.
“Ana torpaq” şeri Məmməd Araz “Azərbaycannamə”sinin
dibaçəsidir. Gənc şairin ehtiraslı Vətən
duyğuları bu şeirdən qaynaqlanıb. Sonsuz Vətən xəyalları sanki “Ana torpaq”dan
güc alıb, qanadlanıb. Məmməd
Arazın Araz nəğmələri, Naxçıvanla bağlı
poetik kəşfləri, “Azərbaycan - dünyam mənim”
şedevrinin mayasında məhz “Ana torpaq” dayanır. “Ana
torpaq” müəllifin şəkillənməkdə və
araya-ərsəyə gəlməkdə olan Vətən
konsepsiyasının dəqiq mənəvi-estetik düsturudur:
Ana torpaq,
körpəlikdən
Nəfəs aldım nəfəsinlə.
Ana torpaq,
mən sevirəm
Hər qışımı, hər yazımı.
“Ana torpaq” şerində poetik əhval-ruhiyyənin təbii
və konkret ifadəsi diqqəti çəkir. Məsələn,
aşağıdakı mətndə ovqatın son dərəcə
əyani və görümlü ifadəsi qəlbinizi riqqətə
gətirir. Sevgi duyğusunun bu qədər - bundan
artıq yazıya köçməsinə, öz gözlərinizə
inana bilmirsiniz:
Mən
sevirəm Qafqazımı
Südəmər
bir körpə uşaq
Anasını sevən kimi.
Mən
sevirəm Muğanımı
Bala tərlan
yuvasını sevən kimi...
Xalq şairi Məmməd Araz haqqında indiyə qədər
yazılmış tədqiqatlarda şair
yaradıcılığının ana Vətən və ata
yurdla möhkəm bağlılığı haqqında bir
sıra qiymətli fikirlər söylənmişdir. Akademik İsa Həbibbəylinin
“Xalq şairi Məmməd Araz” monoqrafiyasında hələ
ötən əsrin doxsanıncı illərində irəli
sürülmüş dəyərli elmi mülahizələr
bu gün də yüksək elmi aktuallığını
nümayiş etdirməkdədir: “Müasir Azərbaycan ədəbiyyatında
görkəmli milli şairlərdən biri kimi geniş
şöhrət qazanmış Məmməd Araz ulu babalardan
qoruna-qoruna gəlmiş, həmişə
“çırpısı tətikdə, odunu dəmdə” olan, əli
qabarlı tipik bir azərbaycanlı ailəsində
böyüyüb tərbiyə almışdır. Onun milli
ruhlu şair-vətəndaş kimi formalaşmasında
“Çadırdaş ətəyi, Nursu bulağı”ndan
başlamış “qaynar bulaqları qanında qaynayan” səfalı
Şahbuz, “ürəyinin bir parçası”
saydığı doğma Naxçıvan, habelə
bütün Azərbaycanı əhatə edən
ictimai-coğrafi mühit və ədəbi iqlim fəal
iştirakçı olmuşdur. Bununla belə,
Məmməd Arazın ata ocağı sözün həqiqi mənasında
bütöv bir xalqı və böyük bir Vətəni təmsil
edən ümumiləşmiş Azərbaycan ocağıdır.
Şair nəsillərdən-nəsillərə keçib gəlmiş
bu tarixi ocağın layiqli varisi, etibarlı od
qoruyanıdır. Xalq şairinin
yaradıcılığında 40 ildən artıq
çağlamaqda davam edən Azərbaycan ruhu, bənzərsiz
Vətən duyğusu və milli ideyalar həqiqi və
geniş mənada öz odunu-qorunu təmiz, müqəddəs
“ata ocağı”ndan - Vətəndən alır”.
Şairin
nəğməkar qəlbi doğma yurd-yuvanı vəsf etməkdən
doymur və nə qədər ilhamla, coşub-daşıb Vətən
şərəfinə təriflər söyləsə də,
ana yurd eşqinin tükənməzliyini, sonsuzluğunu
aydın dərk edir:
Ana yer, sən
sədəfli saz,
Mən nə deyim bu saz haqda.
Sənin
eşqin vəsf olunmaz
Beş
varaqda, on varaqda...
Lirik “mən”in estetik yaddaşında ana yurd şərəfinə
söylənmiş ən füsunkar və cazibədar nəğmələr
sıralanır. Amma onlar gənc lirik “mən”i ruhdan
salmır, qorxutmur. O, Vətənin bundan da çox və
böyük təriflərə layiq olduğunu bütün
varlığı ilə anlayır. Yeni-yeni Vətən
şairlərinin və şeirlərinin doğulmasını
arzulayır:
Ana torpaq,
qüdrətini
Vəsf eləyən şair varmı?
Sənin
dərya şeriyyətin
Bir ürəyə sığışarmı?
Nəhayət, Məmməd Araz Vətəni necə sevmək
gərəkliyini, başqa sözlə, hansı dərəcələrdə
duymaq və vəsf etmək zərurətini vurğulayır. Şair ana
yurdu tərənnüm etmək üçün Bülbül
olmaq istəyir. Yəni bülbül gülü sevdiyi tək
sevmək istəyir:
Bülbül
olsam, ömrüm boyu
Bağlarını dolanardım.
Müəllifin seçdiyi və sevdiyi başqa bir məftunluq
və vurğunluq timsalı isə qartal obrazı ilə
bağlıdır. Qartal başı qarlı dağların başına
dolandığı kimi, qartal dağlara
bağlandığı kimi, “mən” də ana torpağa o
cür bağlanmaq gərəkliyini düşünür:
Qartal
olsam, başı qarlı
Dağlarını dolanardım.
Şairin başqa bir seçimi də gözəl və
heyrətamizdir. O küləklər kimi yorulmadan ana yurd
torpaqlarını gəzib-dolanmağı, Vətən
çöllərinin-çəmənlərinin
saçlarını sığallamağı ürəkdən
arzulayır:
Külək
olsam, çöllərinin
Saçlarını darayardım”.
Şair Vətən təsəvvürünü
formalaşdırmaq, Vətən duyğusunu oyatmaq və dərinləşdirmək
məqsədi ilə ana yurdun təbii portretini gözlərimiz
önündə canlandırır. Bütün
varlığı ilə Vətənin təbiətini vəsf
və təsvir edir. Yəni Vətən
havadır - aldığımız nəfəsdir. Vətən payızımız,
qışımız, baharımız, yazımızdır.
Müəllifin ilk baxışda sadə, amma son dərəcə
dərin və geniş istiarəsi həyatiliyi ilə qəlbinizi
ovsunlayır: “Mən sevirəm Qafqazımı Südəmər
bir körpə uşaq Anasını sevən kimi”. Şairin əyaniləşmiş
və təbii təsviri Vətənin izahlı lüğəti,
sadə və dahiyanə Vətən dərsliyi təsiri
bağışlayır: “Mən sevirəm Muğanımı
Bala tərlan yuvasını sevən kimi...”.
Məmməd
Arazın lirik “mən”i cəsarəti, elsevərliyi və fədakarlığı
ilə oxucunu heyrətləndirir:
Günəş
olsam, səndən ayrı
Alışmazdım
bir an belə.
Lirik qəhrəman günəş kimi ana yurdunun hər
qarışını, hər bir guşəsini
işıqlandırmaq istəyir. Bu dərəcədəki
məftunluq daha çox gənc və təbii istedadlara xas bir
keyfiyyətdir. Ana Vətənə vurğunluq, fədailik
və fədakarlıq, onun uğrunda hər şeydən
keçməyə və hətta ölməyə belə hər
an hazır olmaq 60-cı illərdəki gənc
Azərbaycan poeziyasında ən diqqətəşayan və
aparıcı motivlərdən biri idi. Məmməd
Arazın ən istedadlı qələm dostları,
yaşıdları Əli Kərim, Xəlil Rza Ulutürk və
b. məhz bu cür qarşısıalınmaz və yenilməz
duyğularla yaşayırdılar. Vətən və vətəndaş
birliyini, ayrılmazlığını
aşağıdakı misralardan da sərrast və səmimi
ifadə etmək təsəvvürə
sığışmır:
Bir damla
da sayılmazdım
Sənsiz olsam ümman belə.
O illərin
ədəbi gəncliyinin misilsiz fədakarlığını
və sonsuz bir ehtirasla ana torpağın bir parçasına
çevrilmək, Vətənə dönmək və vətənləşmək
duyğusunu isə bu misralar öz bağrında hifz edib
yaşatmaqdadır.
Bulud olsam,
hər
düzünə
Bir
çoşqun çay
bəxş edərdim.
Öz
eşqimi
naxış-naxış
Hər
daşına,
hər
qayana nəqş edərdim.
Filologiya
elmləri doktoru, prof. Vaqif Yusifli “Məmməd Araz
dünyası” kitabında şairin Vətən sevgisinin və
vətənpərvərlik duyğularının özünəməxsusluğunu
və hədsiz səmimiliyini vurğulayaraq yazırdı: “Vətən
haqqında poeziya yaranandan yüzlərlə, minlərlə
şeirlər yazılıb və nə qədər ki, Vətən
hissi, Vətən sevgisi var, poeziyanın ürəyi olan bu
mövzu da yaşayacaq. Məmməd Arazın da Vətən
haqqında onlarla şeri var, lakin bu şeirlərsiz də
şairin bütün şeirlərinin demək olar əvvəli
də, axırı da Vətəndir, Vətən adı
çəkdiyi şeirlərində də belədir, çəkmədiyində
də..”
Məmməd Arazın gənc lirik qəhrəmanı
sadəcə romantik bir qəlb və sevgi sahibi deyil. O, eyni zamanda, Vətənin
taleyi və gələcəyi üçün ciddi
addımlar atmağa hazır olan yenilməz bir igid və
mücahiddir. Düşmənlərə qarşı
barışmaz və amansız bir vətənpərvərdir:
Şimşək
olsam, dar günündə
Enib yerdə çaxardım mən.
Düşmənini
bir andaca
Yandırardım-yaxardım mən.
Aşağıdakı misralarda müəllifin müraciət
etdiyi “şahin” obrazı da ana torpaqlara ünvanlanan bu sevginin
mübariz və döyüşkən keyfiyyətə malik
olduğunu bir daha vurğulayır.
Şahin
olsam, göylərində
Yüz il, min il süzərdim mən.
Ulduzları qanadıma düzərdim mən”.
Müəllif öz sənətinin gücü ilə Vətəninə
kömək etmək istəyir. Qələmin qüdərti
ilə ana Vətəni müdafiə etmək, daha da qüdrətləndirmək,
onun ömrünü əbədiyyətə çatdırmaq
və qovuşdurmaq istəyir. Məmməd Arazın Vətənə
sonsuz məhəbbəti və onun ana torpaqla bağlı
böyük poetik arzuları ilk gənclik şeirlərindən
birində - “Ana torpaq”da məhz bu cür bədiiləşmişdi:
Gənc şair yeni poetik eranın sübh çağı bu
sualları özünə və ədəbi mühitinə
ünvanlayırdı. “Ana torpaq, qüdrətini
Vəsf eləyən şair varmı?” - deyə
öz qələm yoldaşlarına üzünü tuturdu.
Sanki gənc müəllif bununla biz ana yurddan, ana torpaqdan az yazırıq, demək istəyirdi.
Həqiqətən də, bu şerin
yazıldığı çağlarda Azərbaycan
haqqında yeni poetik nəslin böyük nəğmələri
hələ şair ürəklərində bəslənirdi,
doğulmamışdı. Elə Məmməd
Arazın Azərbaycanla bağlı bir çox böyük
şeirləri də gənc şairin ilhamında, təxəyyülündə
nəfəs alırdı. Hələ Vətən
torpağına enməmişdi. Maraqlıdır
ki, Məmməd Arazın ədəbi zamandaşı və qələm
qardaşı Erkin Vahidov da eynən həmin çağlarda bənzər
və əkizlər kimi yaxın, doğma duyğularla öz
doğulduğu ana torpağı tərənnüm etməyə
başlamışdı. Məhz bu cəhətdən
və formalaşmaqda olan yeni estetik
dünyagörüşünün və bədii inikas
üsulunun tədrici təzahürlərini nəzərdən
keçirmək üçün Erkin Vahidovun
yaradıcılığı da münbit şərait
yaradır. Eynən Məmməd Arazın “Ana torpaq”
şerində olduğu kimi, Erkin Vahidovun “Ana torpaq” (1959)
şerində də gənc özbək şairinin lirik qəhrəmanı
ana torpaq müqəddəsliyinin səbəbləri
haqqında düşünür, Vətən duyğusunun
mahiyyətini həssaslıqla açır:
Öz
mübarək torpağın insan,
Yad nəzərdən gözlər hər nəfəs.
Onu qucub fəda
etdi can,
Qanı ilə etdi müqəddəs.
Vətən haqqındakı abstrakt təsəvvürlər
yavaş-yavaş öz yerini ana yurd duyğusunun səmimi ifadə
olunduğu həyati şeirlərə verməsində özbək
altmışıncılarından Çolpan Erqaşın
yaradıcılığı da mühüm rol oynayıb. Onun ilk lirikasındakı Vətənin
əzəli mahiyyətini anlamağa cəhdin poetik
görüntüləri, bu qəlb prosesinin canlı mənzərələri
ürəkləri ehtizaza gətirir: “Darıxdım...
Torağaylar həsrətlə baxan kimi asimana, Mən səndən
ötrü hədsiz darıxdım Baş vurub dörd yana,
dörd gözlə baxıb dörd yana, Quş olmağı
arzuladım, Çıxıb getmək istədim buralardan,
Qayıtmaq istədim bağrına, anacan kəndim!” Məhz bu bakirə ayrılıq hissləri
kontekstində Vətən duyğusu təsirli tərzdə bədiiləşir.
Bu mətndə həsrət şəklində bədiiləşən
məhəbbət lirik “mən” qəlbini o dərəcədə
əsir edib ki, ona aydın gecələr belə aysız, bəxtiyar
günlər - bəxtsiz, həyat mənasız duyulur: “Bu
cür aydın gecədə Ay görünmür gözümə.
Belə bəxtli bir gündə Gün
görünmür gözümə. Anasından
ayrılan uşaq rəngi kimi Sınıqdı könlüm,
Bağrı su dəyməmiş səhra kimi Bağrım
cadar-cadar yarılıb, kəndim.” Şeirdə
“ana” və “uşaq” müqayisəsi, həqiqətən də,
Vətən və insan arasındakı münasibəti
uğurlu əks etdirir. Gənc lirik qəhrəman
demək istəyir ki, Vətən məhəbbəti eynən
doğma kənddən, insan dünyaya gəldiyi məskəndən,
daha dəqiq söyləsək, ana bağrından
başlanır.
“Ana torpaq”ları tərif və tərənnüm edən
şeirlər 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində
Azərbaycan və Özbəkistan poeziyasında yeni bədii-estetik
mərhələnin başlanmasında vətənpərvərlik
mövzusundakı mənəvi axtarışların və
poetik nümunələrin nə qədər mühüm əhəmiyyət
kəsb etdiyini nümayiş etdirir. Xalq şairi Məmməd
Arazın və görkəmli özbək altmışıncılarının
bu mövzulardakı ilk qələm təcrübələrinin
qısaca elmi-nəzəri müqayisəsi belə o dövrdə
yeni Vətən konsepsiyasının və estetik
dünyagörüşünün birdən-birə deyil, tədricən
meydana gəldiyini və formalaşdığını əyani
şəkildə göstərir. Hər iki xalqın bədii
təfəkküründə silinməz izlər qoymuş yeni
və məşhur “Azərbaycan”lar, “Özbəkistan”lar məhz
gənc şairlərin ilhamla və kövrək bir sevgi
duyğuları ilə qələmə aldıqları “Ana
torpaq”lardan doğulmuş, ərsəyə gəlmişdi!..
Yaşar QASIMBƏYLİ
filologiya elmləri üzrə
fəlsəfə doktoru
Ədəbiyyat qəzeti.- 2013.- 20 sentyabr.- S.6.