Saflıq və səmimiyyət
nişanəsi
Şəmkir şəhərində yerləşən qəzet köşkündən pulum olmadıqda belə nisyə aldığım "Ədəbiyyat qəzeti"nin 6 sentyabr 2013-cü il sayını oxuyarkən sevimli və qayğıkeş insan, gözəl şair olan Ələkbər Salahzadənin nekroloqunu görəndə bir anlıq tutuldum… Ətrafımda əyləşən insanların artıq nə söylədiklərini kəsdirə bilmirdim. Qəlbən dünyanın faniliyinə, ölümün acımasızlığına təəssüflənərək hər birimizin bu dünya adlanan evdə müvəqqəti qonaq olduğumuzu düşündüm. Onunla sonuncu dəfə telefon vasitəsilə əlaqə saxlamışdım. Mənimlə həmişə hal-əhval tutduqdan sonra xüsusi olaraq atamın vəziyyətini, hal-əhvalını xəbər alardı. Bu itkini heç cür qəbul edə bilmirdim. Xəyalən Ələkbər müəllimli günlərə səyahət etdim. Bakıda ali təhsil aldığım illərdə o, sözün əsl mənasında, mənə atalıq qayğısı ilə yanaşmışdı. Acılı və şirinli günlərimin maddi və mənəvi dayağına çevrilmiş bu insanın ədəbi taleyimdə də nur və işıq rolunu oynaması danılmaz faktlardır. O, "Ulduz" və "Qobustan" jurnallarında baş redaktor işlədiyi vaxtlarda mənim şeir və məqalələrimi işığa çıxartdı. O, işıqlı insan idi. Biləndə ki, işığından kiməsə fayda var o işığı heç zaman əsirgəməzdi. Bir sözlə, Ələkbər müəllim möhtəşəm çinar ağacı kimi ətrafına daim kölgə salan, sərinlik və şirinlik gətirən bir insan idi. Əsl sözün vurğunu, əsl şerin aşiqi idi. Şeirlərimi oxuyarkən zəif məqamlar gördükdə belə təklif və iradlarını qayğıkeşliklə diqqətimə çatdırardı. Onun şeirə, sənətə necə tələbkarlıqla və güzəşt etmədən yanaşdığının dəfələrlə şahidi olmuşdum. Nizami dühasından mayalanan, füzuli qüdrətindən süzülən, S.Vurğun əzəmətindən boylanan, R.Rza idrakından qidalanan sözə çox ehtiyatla yanaşırdı. Açığı, ona şeir verəndə bir qədər qorxub və çəkinərdim. Lakin Ələkbər müəllim saflıq və səmimiyyətindən irəli gələn bir hisslə aramızda olan dostluq və xoş münasibətə heç zaman xələl gətirmədi. Şair Qəşəm Nəcəfzadə demişkən, hər dəfə "siqaretindən asılı" gördüyüm Ələkbər müəllim işi, yazı-pozusu başından aşsa da, mənimlə həmsöhbət olmağa həmişə vaxt ayırırdı. Yaş baxımından götürəndə mən onun övladı və yaxud nəvəsi yaşda olardım. Lakin mənimlə hər dəfə görüşərkən o, yaşına uyuşmayan bir cəldliklə əyləşdiyi stoldan ayağa qalxaraq qabağıma gələrdi. Mənim aləmimdə Ələkbər Salahzadə peyğəmbər kimi bir insan idi. Sanki onun mayası saflıq və səmimiyyətdən yoğrulmuşdu. Hörmətli Anar müəllimin təbirincə desək, "Beş mərtəbəli evin altınca mərtəbəsi"nə bənzəyən Ə.Salahzadə bir çox mənəvi dəyərlərinə görə yaşadığımız cəmiyyətdən qat-qat ucada dururdu. Sanki o, bu dünyanın adamı deyildi. O, sakit dayanarkən şairi çox müşahidə etmişdim. Onu Sabirin "dəryada duran qocaman dağına", daha doğrusu, müqəddəslik heykəlinə bənzədirdim. Şirin və mehriban çöhrəsində qönçələnən təbəssüm o, ciddiləşərkən qəfil ilğım kimi uzaqlaşıb əriyərdi. Ələkbər müəllim əsl şəxsiyyət, əsl ziyalı, əsl şair ən başlıcası, əsl insan idi. O, sözü ilə əməli tən gələn şair idi. Şeirlərində tez-tez odu tərənnüm edərdi. Bəlkə də od şairin elə özü idi. O, nankorları, nanəcibləri yandıran, dostları, doğmaları hərarət və istisinə toplayan od idi. Axırıncı dəfə mənə "Vaxt vadisi" kitabını avtoqrafla hədiyyə etmişdi.
Hələ XX əsrin 1965-ci ilində "Yananlar" şerində: "Yer yana-yana günəş olacaq!" - deyən şair özü də söz-sənət uğrunda yana-yana poeziya günəşinə çevrildi.
Ələkbər
Salahzadəyə ithaf
Çıq-çıq, çıq-çıq - Vaxt dediyi apardı onu,
Tufan ölüm öz kökündən qopardı onu.
Yaxşılıqlar, gözəlliklər tapardı onu,
Ölüm alıb ilim-ilim itirdi getdi.
Saf uşağı xatırladan gülüşü söndü,
Gedişi son gediş oldu, gəlişi söndü.
Kəhkəşanlı ulduz olan görüşü söndü,
Öz ömrünü
nağıl kimi bitirdi getdi.
Halallıqdan köynək biçdi,
dərzini keçdi,
Bu zamanın avandını-tərsini
keçdi.
İnsanlara insanlığın dərsini
keçdi,
Bu dünyaya yaxşılıqlar
gətirdi getdi.
Saleh olan əməlinə günah salmadı,
Şərə pənah aparmadı, pənah salmadı.
Bu dünyanın mal-mülkünə
tamah salmadı,
Özü ilə rəhmətini, götürdü getdi.
Bundan sonra baxacağıq onsuz göylərə,
Günəş doğan, aydın olan çənsiz göylərə.
Ruhu ilə pərvazlandı sonsuz göylərə,
Öz cismini, şerə, sözə yatırdı getdi.
İlham İnam
Ədəbiyyat qəzeti.- 2013.- 20
sentyabr.- S.8.