Turan Cavidi xatırlarkən
Hələ kiçik
yaşlarından kitab oxumağın həvəskarıyam.
Kitab mütailə etmədiyim gün elə bil nəsə
itirirəm. Məndə bu həvəsi atam yaradıb. Evimizdə onun
zəngin kitabxanası vardı. Bu
kitabların əksəriyyəti əski əlifba (ərəb
qrafikası), bir qismi
isə latın qrafikası ilə nəşr edilmişdir.
Atam həmin əlifbaları mənə
öyrətdiyindən Firdovsinin, Nizami Gəncəvinin, Füzulinin, Vaqifin əsərlərini
sevə-sevə oxumuşam. Onu da deyim
ki, dünya klassiklərindən
Şekspirin, Servantesin,
Şillerin, Hüqonun,
Bayronun da əsərləri
atamın kitab rəflərində tez-tez oxuduğum kitablardan idi. Böyük rus
yazıçıları Tolstoyun, Dostayevskinin və Puşkinin
əsərləri xalq ruhunda
yazıldığından atam bizə - öz övladlarına oxumağı məsləhət
görər və biz bu
mütaliədən mənəvi ləzzət alardıq.
Atamın kitab rəfində nazik cildli bir
neçə kitab vardı ki,
onları xüsusi məhəbbətlə
bizə təqdim edərdi. Bu kitablar böyük şairimiz Hüseyn Cavidin «Peyğəmbər» (1922-1923), «İblis» (1924), «Topal Teymur» (1926), «Uçurum»
(1926) və «Səyəvuş» (1934) əsərləri idi. Görkəmli şair-dramaturq Hüseyn Cavid 1937-ci ildə həbs edilərək sürgün ediləndən sonra
atam bu kitabları gizlədərək
saxlamışdır. 1956-cı ildə böyük
Cavidə bəraət veriləndən sonra
həmin kitablar yenidən
kitabxanamızın bəzəyi idi.
Yaxşı xatirimdədir. Sonralar atam həmin kitablardan bir neçəsini yaxın qohumu
Hüseyn Cavid əsərlərinin
təbliğatçısı və şeirlərinin çoxunu əzbər bilən, gözəl ədəbiyyat
bilicisi Rauf Bektaşiyə
bağışlamışdır.
Atam Hüseyn Cavidin
əsərlərinin vurğunu idi. 1956-cı ildə Hüseyn
Cavidə bəraət veriləndən sonrakı illərdə
də həmin kitabların birinin
arasında o zamanın qəzetlərindən
kəsilib götürülmüş Hüseyn Cavidin şəkilləri
və bir neçə şeir
parçasını görmüşdüm.
1957-ci
ildə atam məni Naxçıvan şəhərindəki
«Böyük bağ»
deyilən parkda yerləşən
Naxçıvan Dövlət Dram
Teatrında Hüseyn Cavidin
yeni quruluşda tamaşaya qoyulmuş «Şeyx Sənan» tamaşasına
aparmışdı. Mən Naxçıvan Dövlət Musiqili Dram Teatrının
aktyorlarının böyük Cavidə olan məhəbbətlərinin
həmin tamaşadakı rollarını necə həvəslə
yaratdıqlarının şahidi oldum.
1963-cü il idi. Bir
gün atam işdən
evə qayıdanda əlindəki sarı cildli
bir kitabı mənə verib
dedi ki, al oxu bu
dahi şair-dramaturq Hüseyn Cavidin pyesləridir.
Sonra yenə də Cavidin
acınacaqlı həyatı və taleyi
barədə mənə xeyli
danışdı. Qeyd etdi
ki, bu kitabda
ilk dəfə olaraq
«Xəyyam» pyesi çap
olunub. Məndə Cavid
yaradıcılığına çox böyük maraq oyandı
və həmin pyesləri oxudum.
Nəhayət,
qismət elə gətirdi ki, 1981-ci ilin may ayında məni
1970-ci ildən işlədiyim Naxçıvan Dövlət Tarix Muzeyindən Hüseyn
Cavidin yeni təşkil
olunmuş ev muzeyinə
direktor təyin etdilər. İyul
ayında muzeyin ekspozisiyasında
aparılacaq tədqiqat işləri ilə əlaqədar bəzi materialları alıb gətirmək
üçün Bakı şəhərinə
ezam olundum. Ezamiyyətdə
olduğum vaxt Turan xanımın iş
yerinə gedib onunla
tanış oldum. Turan
xanım o vaxt Azərbaycan
Dövlət Teatr Muzeyinin
direktoru idi. Ona içərisinə «Şeyx
Sənan» əsərindən illüstrasiya
çəkdiyim və butafor üsulu ilə düzəltdiyim boşqabı
bağışladım. Çox bəyəndi.
İndi həmin boşqab
Hüseyn Cavidin
Bakıdakı ev muzeyinin
fondunda saxlanılır.
Həmin günün səhərisi Turan
xanımın yanına gələndə əlindəki «Kommunist» qəzetini mənə verib
dedi ki, oxu, Cavidin 100 illiyinin keçirilməsi haqqında Mərkəzi
Komitənin qərarıdır. Sonra həmin
qəzetdən bir neçə nüxsə
mənə verib dedi ki, muzeyin fondunda
saxlarsan. Turan xanım
bu qərarın verilməsinə çox sevinirdi. Ona görə ki, qərarda
görüləcəyi nəzərdə tutulan
bütün işlər öz
əksini tapmışdı. Turan xanım
sonralar həmişə deyərdi: “Baxmayaraq ki,
1956-cı ildə atama bəraət verildi, lakin mən əsl
bəraəti xalqımızın ümummilli
lideri Heydər Əliyevin Azərbaycana o zaman rəhbərlik etdiyi dövrdə - 1981-ci ilin
iyul ayında Cavidin
100 illiyinin keçirilməsi ilə əlaqədar
imzaladığı qərardan sonra hesab edirəm.”
O vaxtdan
başlayaraq mən Bakı şəhərinə
tez-tez ezamiyyətlərə gəlirdim. Muzeyin tərtibatı müəyyən səbəblərə
görə bir neçə il gecikdi. Turan
xanım bizə çox köməklik edirdi. Cavidin əsərlərinin
ilk nəşrlərini, 100-dən
artıq fotoşəkilləri, müxtəlif sənədləri
və Hüseyn Cavidin
vaxtıilə işlətdiyi, şəxsən ona məxsus ev əşyalarından
bir neçəsini muzeyimizə
bağışladı.
Sonralar da o,
bizim üçün
nəzərdə tutduğu hər
hansı bir kitabı, jurnalı, qəzeti,
proqram və afişanı, dəvətnamələri,
foto və sənədləri
yığıb muzeyimizə göndərdi.
Muzeyimizin ekspozisiya mövzu-tematik planını anamın yaxın
qohumlarından olan dayısı oğlu, görkəmli teatr
və kino xadimi, Azərbaycan
teatrında öz dəst-xətti və məktəbi
olan Rza Təhmasibin
qızı teatrşünas Tamilla Təhmasib hazırlamışdır. Muzeydə tərtibat işləri
aparılan vaxt Turan
xanımla Tamilla Təhmasib bir neçə dəfə Naxçıvana gələrək
işin gedişatı ilə tanış
olmuş və bir övlad kimi, ailənin üzvü kimi lazım olan məsləhəti vermişdir.
O, hər bir kiçik
işə, detala diqqətlə fikir verir, əlavə, qondarma işlərə ehtiraz
edirdi. Mən sonralar da bunun
şahidi olurdum.
2000-ci ildə Naxçıvan Muxtar
Respublikası Ali Məclis sədrinin
qayğısı ilə muzeydə əsaslı surətdə
təmir və bərpa işləri aparılırdı. Həmin
ərəfədə Turan xanım mənə
zəng vurub muzeyin tərtibatı
kim tərəfindən tərtib ediləcəyi
və ayrı-ayrı otaqlarda hansı
eksponatların qoyulacağı ilə maraqlandı. Ona bildirdim ki,
ekspozisiyanın tərtibatı muzey kollektivinin qüvvəsi ilə həyata
keçiriləcək. Mənə dedi ki, təcili olaraq onun sxemini çək və
mənə göndər. Mən ekspozisiyanın
binasının sxemini çəkdim
ayrı-ayrı otaqları göstərərk hansı
eksponatların qoyulacağını göstərdim və bir nüsxəsini Turan
xanıma göndərdim. Turan xanım bir neçə əlavə və dəyişikliklər
etməklə bəyənmişdir.
Muzeyin açılışından bir neçə il sonra yenə də Bakı şəhərində
ezamiyyətdə idim. Turan
xanımın iş otağında oturub söhbət edirdik. Dedim ki, bizim
muzeydə bütün əlyazmaların,
sənədlərin yalnız surətləridir, bir dənə də orijinal
heç nə yoxdur. Bir neçə saniyə dinmədi, sonra asta-asta dedi ki, eybi yoxdur
o da olar. Həmin günün səhərisi
Turan xanımın yanına gələndə
stolun üzərində
bir şagird dəftəri və zərf gördüm.
Dəftəri götürüb baxanda Turan xanım
bildirdi ki, «Knyaz» əsərinin əlyazmasıdır, sənə
gətirmişəm. Zərfin içindəkilər
də müxtəlif illərdə çəkilmiş
fotoların əslidir.
Bunların hamısını Naxçıvan Muzeyinə
bağışlayıram. Sonra ayağa qalxıb otağındakı şkafı
açaraq bir bağlama götürdü.
Bağlamanın içərisində Cavidin stolüstü yazı dəsti və pensnesi (gözlüyü) var idi. Həmin gün sevincimin
həddi-hüdudu yox idi.
Təqvimdə
Turan xanımın xüsusi qeyd etdiyi əlamətdar günlər var idi. Bu əlamətdar
günlərin birində,
Mişkinaz xanımın
doğum günündə
Bakıda idim. Turan xanım məni də evlərinə dəvət etdi. Həmin gün professor Mehdi Məmmədov, Turan xanımın yaxın rəfiqəsi Pənah Qasımovun qızı Nigar xanım, xalq rəssamı Tağı Tağıyev və həyat yoldaşı Həbibə Məmmədxanlı,
teatrşünas Tamilla
Təhmasib, Afət rolunun ifaçısı Hicran Mehbalıyeva, Turan xanımın ən çox sevdiyi və hörmət bəslədiyi
qohumu Yılmaz Verdiyev və başqa qohumları da orada idi.
Həmin
günü heç vaxt unutmaram. Necə maraqlı söhbətlərin
şahidi oldum. Bunun üçün özümü
xoşbəxt sanıram.
Və
nəhayət, bir xatirəni xüsusilə qeyd edəcəyəm. Turan xanımın Naxçıvana
son gəlişini. Mən
əvvəldən axıradək
30 sentyabr 2003-cü il tarixindən 04 oktyabr 2003-cü il tarixinədək o günlərin
iştirakçısı olmuşam.
2003-cü ilin sentyabr
ayının axır günlərinin birində
Turan xanım telefonda zəng edərək, «Naxçıvana
gəlirəm» - dedi. Sentyabr ayının 30-da Azər Turanla gəldilər.
Məqbərədə əzizlərinin
qəbrini ziyarətdən
sonra muzeydə söhbət etdiyimiz vaxt dedim ki,
Turan xanım, səhv etmirəmsə, oktyabrın 2-də sizin ad
gününüzdür. Çox
ciddi bir xəbərdarlıqla və
ərklə bildirdi ki, bu sözü
bir dəfə dedin, bir də
ağzına gətirmə.
Mən Bakıdan buna görə baş götürüb gəlmişəm.
Oktyabrın 1-də Turan xanım mənə dedi ki, gecə sakit
vaxtı gedəcəyik
məqbərəyə. Həmin gün
axşam Turan xanım yaxın qohumu, Turan Cavid
qadın mərkəzi,
ictimai birliyinin sədri, həkim Sevda xanımgildəydik.
Saat 8-də
televizorda xəbərlər
proqramı başlayan
kimi ilk öncə Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin Turan Cavidin 80 illik yubileyi ilə əlaqədar təbrikini
oxudular. Turan xanıma dedim ki, dünən mənə nöqsan tutdunuz, amma mümkün deyil, daha bunu gizlətmək
olmaz. Gecə ilə xəbər verildi ki, ayın
2-də ev muzeydə Turan xanımın 80 illiyi ilə əlaqədar yubiley tədbiri olacaq, Sevda xanımgildə gecə saat 1130 dək söhbət etdik. Sonra məqbərəyə gəldik. (Bütün
bunlar Turan xanımın arzusu ilə olurdu). Əvvəlcə mən sərdabəyə
düşüb işıqları
yandırdım. Sonra Turan
xanımla Azər gəldilər. Gecənin qaranlığında
sərdabə süd kimi işıqlı idi. Tam sakitlik
hökm sürürdü.
Bayırda yağan narın yağışın
səsi hiss olunurdu. Turan xanım çox sevinirdi. Saat 12-ni vurdu. Əqrəb birə
doğru irəliləyəndə
Turan xanım 80 illiyini əzizləri ilə birgə qeyd etdi. Çox maraqlı idi, sifətində qəribə
bir fərəh sezilirdi. Onu ilk dəfə idi
ki, bu vəziyyətdə
görürdüm. Siması tamam
dəyişmişdi. Deyərdim ki,
Turan xanım ömrünün ən fərəhli gününü
yaşayırdı. Azərlə mən sərdabədən
çıxıb onu əzizləri ilə bir neçə dəqiqə tək qoyduq. Nə biləydi ki, az bir vaxtdan sonra həmişəlik
olaraq onların yanına qayıdacaq.
Həmin
günün səhərisi
- oktyabrın 2-də Ali Məclis
sədrinin iştirakı
ilə muzeydə Turan Cavidin 80 illiyi ilə əlaqədar çox səmimi və maraqlı yubiley tədbiri keçirildi.
Bəhruz
Axundov
Hüseyn
Cavidin Naxçıvandakı
ev muzeyinin direktoru
Ədəbiyyat qəzeti.- 2013.-
27 sentyabr.- S.4.