Ziyalılıq nümunəsi

  

Ədəbi ictimaiyyətə yaxşı məlumdur ki, Azərbaycan EA-nın həqiqi üzvü, Respublika Dövlət mükafatı laureatı, əməkdar elm və maarif xadimi Kamal Talıbzadə Azərbaycan ədəbiyyatşünaslıq elminin əsas sütunlarından biri olmuşdur. Həyatının 60 ilini ədəbiyyatşünaslıq elminin ayrı-ayrı problemlərinin araşdırılmasına, bütövlükdə inkişafına sərf etmiş alim Azərbaycan ədəbi fikir tarixində ədəbi tənqid tarixinin yaradıcısı, kimi görkəmli bir yer tutur. Əsas tədqiqat obyekti Azərbaycan ədəbiyyatı olan Kamal Talıbzadənin ədəbi tənqid tarixi, ədəbiyyatşünaslıq, mətnşünaslıq, müasir ədəbi proses, rus ədəbiyyatı, ədəbi əlaqələr kimi mövzularda dəyərli elmi çalışmaları vardır. Alimin “Abbas Səhhət” (1948, 1955, 1986), “Maksim Qorki və Azərbaycan” (1959), “XX əsr Azərbaycan ədəbi tənqidi” (1966), “Tənqidimiz haqqında qeydlər” (1967), “Ədəbi irs və varislər” (1974), “Sənətkarın şəxsiyyəti” (1978), “Azərbaycan ədəbi tənqidinin tarixi” (1984), “Tənqid və tənqidçilər” (1989), iki cildlik “Seçilmiş əsərləri” (1991, 1994) kimi monoqrafiyaları Azərbaycan ədəbiyyatının müxtəlif aspektli mövzularına həsr olunmuş sanballı tədqiqatlardır. Azərbaycan ədəbiyyatı tarixinin ən fundamental problemləri və mövzuları Kamal Talıbzadənin araşdırmalarında öz həllini tapmışdır.

Kamal Abdulla Şaiq oğlu Talıbzadə 1923- cü il avqustun 14-də Bakıda dünyaya gəlmişdir. O, 1930-cu ildə Bakının 9 saylı məktəbinə daxil olmuş, ibtidai təhsilini bu məktəbdə almışdır. İlk müəllimi tanınmış qəzəlxan Məşədi Azər Buzovnalı olmuşdur. Təhsilini 14 saylı məktəbdə davam etdirən Kamal Talıbzadə 1940- cı ildə orta təhsilini başa çatdırmış və elə həmin ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmuşdur. 1945-ci ildə o, “Məhəmməd Hadi və Azərbaycan romantizmi” mövzusunda diplom işini uğurla müdafiə etmiş və universiteti fərqlənmə diplomu ilə başa vurmuşdur. Kamal Talıbzadə SSRİ Xarici İşlər Komissarlığının qəbul komissiyasının qərarı və Azərbaycan KP MK -nın birinci katibi M.C. Bağırovun rəsmi zəmanəti ilə Moskva Ali Diplomatiya Məktəbinə göndərilir. O, diplomatiya məktəbinin İran şöbəsinə qəbul olur. Lakin orada təhsil almasına icazə verilmir. Səbəb isə A. Şaiqin ailəsi ilə birlikdə altı il İranda yaşaması idi. Beləliklə, tale onu siyasət aləmindən ayırıb ədəbiyyat aləminə gətirir. Moskvadan qayıdan Kamal Talıbzadə 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunun aspiranturasına daxil olur. Həmin ildən o, Ədəbiyyat və Dil İnstitutunda kiçik elmi işçi kimi işə götürülür. Aspiranturada oxuyarkən Kamal Talıbzadə M.C.Paşayevin rəhbərliyi ilə “Abbas Səhhətin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası üzərində işləyir və 1949-cu ildə dissertasiyanı müdafiə edir. 1952-1960-cı illərdə o, Nizami adına Ədəbiyyat və Dil İnstitutunda şöbə müdiri, 1960-1981-ci illərdə institutun elmi işlər üzrə direktor müavini kimi fəaliyyət göstərir. 1968-ci ildə Kamal Talıbzadə Azərbaycan EA-nın Rəyasət Heyətinin qərarı ilə institutun direktoru vəzifəsini icra etmişdir. 1980-1986-cı illərdə Tənqid tarixi və nəzəriyyəsi şöbəsinin müdiri olub. 1965-ci ildə alim “XX əsrin əvvəllərində Azərbaycan ədəbi tənqidi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

1972-ci idə Kamal Talıbzadə SSRİ AAK-nın qərarı ilə professor elmi adına layiq görülmüşdür. Alim 1980-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Kamal Talıbzadə Azərbaycan ədəbiyyatşünaslıq elminin əsas simalarından biri olmaqla yanaşı, həm də fəal elm təşkilatçısı olmuşdur. Bütün potensialını, fəaliyyətini elmin inkişafına yönəldən alim bu istiqamətdə bir sıra fundamental layihələrə, səmərəli işlərə imza atmışdır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə ədəbiyyatşünaslıq sahəsində elmi işlər düzgün məcraya yönəldilmişdir. 1957-1968-ci illərdə Kamal Talıbzadə “Müasir dövrdə ədəbiyyatın inkişaf qanunauyğunluqları” Respublika Əlaqələndirmə şurasının sədr müavini, 1968-1976-cı illərdə sədri seçilmişdir. Alim 1969-cu ildə Azərbaycan “Bilik” cəmiyyətinin Bakı şöbəsinin Ədəbiyyat və İncəsənət Metodik Şurasının sədri təyin edilmişdir. 1972-ci ildən o, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Müdafiə Şurasının sədr müavini, daha sonra sədri olmuşdur. 1977-ci ildən İctimai-siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun Elmi şurasının üzvü idi. Kamal Talıbzadə 1980-ci ildən SSRİ EA Rəyasət Heyətinin qərarı ilə Sovet Türkoloqları Komitəsinin, 1987-ci ildən Türkmənistan EA-nın Məhdimqulu adına Dil və Ədəbiyyat İnstitutunun nəzdindəki Doktorluq Müdafiə Şurasının üzvü seçilmişdir. 1994-cü ildən Azərbaycan Elmlər Akademiyasının məşvərətçisi olan Kamal Talıbzadə həmin ildən həm də Azərbaycan Alimlər İttifaqının üzvü idi. 1997-ci ildə o, Füzuli adına Beynəlxalq mükafat komissiyasının və Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

Akademik 1950-2000-ci illərdə ədəbi mühitin aparıcı simalarından olmuş, ədəbi prosesdə yaxından iştirak etmişdir. Azərbaycan ədəbi həyatının bu intervalında Kamal Talıbzadə adı, imzası ilə sıx-sıx qarşılaşırıq. Yazıçılar İttifaqının, ayrı-ayrı mətbuat orqanlarının əsas heyətlərində onun geniş və səmərəli fəaliyyətinin şahidi oluruq. Akademik 1953-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, 1957-ci ildən 1975-ci ilədək Birliyin Tənqid və ədəbiyyatşünaslıq bölməsinin rəhbəri, 1965-1976-cı illərdə Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü seçilmişdir.

Kamal Talıbzadə respublikamızda keçirilən elmi konfransların, simpoziumların, ədəbi gecələrin həm təşkilatçıları, həm də iştirakçıları sırasında idi. O, N.Nərimanov, “Molla Nəsrəddin”, Abbas Səhhət, Səməd Vurğun, M.İbrahimov və başqa sənətkarlara həsr olunmuş elmi-ədəbi tədbirlərdə elmi yeniliklərlə, zəngin məruzələrlə dəfələrlə çıxış etmişdir. Kamal Talıbzadə vətənin hüdudlarından kənarda keçirilən elmi konfransların iştirakçısı olmuş, Azərbaycan ədəbiyyatının təbliği sahəsində az işlər görməmişdir. Alim 1977-ci ildə Heapol şəhərində keçirilən Azərbaycan günlərində iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin tərkibində İtaliyaya getmiş, Roma, Milan, Florensiya, Venesiya, Pompey şəhərlərindəki rəsmi görüşlərdə olmuşdur. 1986-cı ildə Kamal Talıbzadə Sovet-Hindistan dostluğu günlərində iştirak etmək üçün nümayəndə heyətinin başçısı kimi Hindistanda səfərdə olmuş, Dehli, Bombey, Kəlküttə və s. şəhərlərdə rəsmi görüşlər keçirmişdir. Həmin günlərdə alim Dehli yaxınlığındakı ali təhsil şəhərciyində “Azərbaycan-Hindistan ədəbi-mədəni əlaqələri” mövzusunda məruzə etmişdir. 1990-cı ilin 28 mayında Türkiyənin Kayseri şəhərində keçirilən Birinci Böyük Millətlərarası Konqresdə Kamal Talıbzadənin “XX əsrin əvvəllərində Azərbaycan ədəbi tənqidinin əsas cərəyanları (1900-1920)” mövzusundakı məruzəsi maraqla qarşılanmışdı. 1991-ci ildə o, Təbriz Universitetində keçirilən Nizaminin anadan olmasının 850 illiyinə həsr olunmuş konqresdə “Nizaminin ədəbi təlimi” mövzusunda məruzə etmişdir. 1995-ci ildə Füzulinin anadan olmasının 500 illiyinə həsr olunmuş Tehran konfransında Kamal Talıbzadə “XX əsrin əvvəllərində Azərbaycan ədəbi fikri və Füzuli” mövzusunda məruzə ilə çıxış etmişdir.

İşində, üslubunda nizam-intizamı, səliqəsi ilə seçilən Kamal Talıbzadə həyatda da səliqəli bir şəxs idi. Şəxsi arxivini vərəqləyəndə onun nə qədər səliqə-sahmanlı, eyni zamanda uzaqgörən olduğunu müşahidə etmək olar. Arxivi Kamal Talıbzadənin bütün həyat və fəaliyyətini əks etdirir. Burada onun ibtidai sinif dəftərlərindən tutmuş, bütün səfərlərini əks etdirən informasiyalar (səfərdə olduğu şəhərlərə təyyarə biletləri, yemək yediyi restoranların kuponları, həmin şəhərin dilində broşüra və kitablar və s.), şəxsi əşyalar, əsərlərinin əlyazmaları və çap nüsxələri və s. qorunub saxlanır. Arxivində diqqət çəkən qovluqlardan biri də akademikin iştirak etdiyi dissertasiyaların müdafiə və müzakirələrində yazdığı qeydlərdən ibarət kağız parçalarından ibarətdir.

Ot kökü üstə bitər. Heç bir atalar sözü boşuna deyilməyib. Talıbzadələr nəsil şəcərəsi özünün savadı, insanpərvərliyi, imanlılığı ilə tanınıb. Bu nəslin hər hansı bir nümayəndəsi ilə ünsiyyətdə olanlar onları məhz belə səciyyələndirir.

“Talıbzadə” soyadı XVII əsrdə Şəmşəddindən qardaşları ilə Sarvana köçmüş Molla Talıbdan başlamışdır. Talıbzadələr nəsli Sarvanda (indiki Marneuli) - Borçalının mərkəzində “Axund uşağı” adı ilə məşhur olmuşdur. Məlumdur ki, o dövrdə “axund” ən savadlı, bilikli, yol göstərən şəxslərə, din xadimlərinə deyirdilər. Kamal Talıbzadənin ulu babası Süleyman Talıbzadə dövrünün ziyalı şəxslərindən biri, tanınmış xəttat olmuşdur. Sədinin “Gülüstan” və “Bustan” əsərlərini yazıya almış Süleyman Talıbzadənin həmin əlyazmaları Azərbaycan EA Əlyazmaları İnstitutunun fondunda saxlanır. Kamal Talıbzadənin babası Mustafa Talıbzadə Zaqafqaziya şeyxülislamı Şeyx Əhməd Səlyaninin müavini olmuş, həm də şəriət müəllimi kimi fəaliyyət göstərmişdir. İslam dininin bilicisi və fəal təbliğatçısı olmaqla yanaşı, Axund Mustafa həm də dünyəvi elmlərə dəyər verən, insanın kamilləşməsində biliyin rolunu qiymətləndirən bir ziyalı olmuşdur. Maraqlıdır ki, şəriət müəllimi olan Axund Mustafa “mən külli ədyanı puç və əfsanə hesab edirəm”- deyən M.F.Axundzadə ilə yaxın dostluq münasibətlərində olmuşdur. Kamal Talıbzadənin əmisi Yusif Ziya Talıbzadə dövrünün tanınmış maarif, din, hərbi və siyasi xadimi idi. Bir sıra şəriət və dilə dair dərsliklərin, “Ərmənusə”, “İbn Xalid” kimi dramların müəllifi Yusif Ziya H.Z.Tağıyevin həyat yoldaşı Sona xanımın şəriət müəllimi, Sultan Əbdülhəmidə H.Z.Tağıyevin göndərdiyi qızıl cildli Quranı aparan şəxs olmuşdur. Kamal Talıbzadənin atası Abdulla Şaiq Azərbaycan ədəbiyyatının dörd romantikindən biri olmuş, şair, nasir, dramaturq, publisist, tərcüməçi, ədəbiyyatşünas alim, pedaqoq kimi xalqına xidmət göstərmişdir.

Bütün şüurlu həyatını Azərbaycan ədəbi-estetik fikir tarixinin tədqiq və təbliğinə, elmi fikrin sanbalının və obyektivliyinin qorunmasına, bir neçə ədəbiyyatşünas nəslinin yetişdirilməsinə həsr etmiş akademik Kamal Talıbzadə özünün çoxillik elmi təcrübələrindən doğan mülahizə və qənaətlərini pedaqoq kimi tələbələrinə və yetirmələrinə öyrətmişdir. Dərs dediyi ali məktəblərdəki tələbələr, yetişdirdiyi gənc alimlər Kamal Talıbzadə məktəbindən yüksək mənəvi və sosial keyfiyyətlər əxz etmişlər.

Ömrünün son illərində qələmə aldığı “Özəl təhsil sistemində tələbələrin mənəvi tərbiyəsinin bəzi məsələləri” adlı məqaləsi akademikin təhsil konsepsiyasını ehtiva edir. Burada təhsil necə olmalıdır, təhsildə hansı metodoloji əsaslara söykənilməlidir, gənclərdə milli düşüncənin formalaşdırılmasında təhsilin rolu nədən ibarət olmalıdır - kimi məsələlərə Kamal Talıbzadənin münasibətini öyrənirik. K.Talıbzadənin uzun illərə dayanan pedaqoji təcrübələrinin yekunlarından ibarət metodoloji tövsiyələri ixtisasından asılı olmayaraq bütün müəllimlər üçün dəyərli və aktualdır. Bir pedaqoq kimi o, təhsildəki boşluqları, çatışmazlıqları görür, onların aradan qaldırılması ilə bağlı bir sıra təkliflər irəli sürür. Akademikə görə, mənəvi tərbiyə işində yol verdiyimiz bəzi nöqsanlar bizdən Azərbaycanın bu günü və sabahı naminə bir sıra tədbirlərin həyata keçirilməsini tələb edir. Bu işdə təkcə əlaqədar nazirliklərin yox, həm də ziyalıların üzərinə düşən vəzifələri xüsusi vurğulayan alim yazır: “Həqiqətən bugünkü Azərbaycanı mövcud çətin, mürəkkəb vəziyyətdən çıxarmaq üçün 200 illik müstəmləkəçilik, mənəvi köləlik şəraitində yaşamağa adət etmiş itaətkar mənəviyyatımızın yeni əsaslar üzrə, yeni ictimai-siyasi konsepsiya ilə, yeni fəlsəfə ilə, yeni metodologiya ilə tərbiyələnməsinə və yenidən zənginləşməsinə nail olmaq lazımdır.Yoxsa, yenidən bizim nəcib xalqımız böyük C.Məmmədquluzadənin “Kamança” pyesindəki erməni kamançaçısının hiyləgərliyi qarşısında qəhrəman Yüzbaşı kimi aciz qalar, çıxış yolunu milli düşmənini əfv etməkdə görər, onu bağışlamaqla kifayətlənər”(K.Talıbzadə.Özəl təhsil sistemində tələbələrin mənəvi tərbiyəsinin bəzi məsələləri.Mədəniyyət dünyası.Elmi-nəzəri məcmuə. VII buraxılış.Bakı,2003, səh.28-29).

Kamal Talıbzadəyə görə, təhsillə tərbiyə dialektik vəhdətdədir. Təhsildə mənəvi tərbiyə əsas yer tutur və o bütün fənlərin ümumi problemidir. O hesab edir ki, müəllim pedaqogikanın bütün imkanlarından istifadə edərək tələbənin mənəvi-əxlaqi dünyasına təsir etməlidir. Tələbənin mənəvi dünyasının tərbiyə olunması, onun əxlaqi kamilliyi təhsilin keyfiyyəti ilə, təhsil illərində aldığı elmi biliklərlə əlaqəlidir - deyən alim fikirlərini davam etdirərək yazır: “Vətəndaş olmaq üçün,vətəni sevmək üçün öz vətənini, xalqını yaxından tanımaq lazımdır, vətənin tarixini, mədəniyyətini, ədəbiyyatını yaxşı bilmək lazımdır. Vətəni, xalqı bilmədən, tanımadan onu sevmək də olmaz, onun yolunda şəhid olmaq da. Bilmək üçün də öyrənmək, elmi biliyə sahib olmaq lazımdır” (K.Talıbzadə.Özəl təhsil sistemində tələbələrin mənəvi tərbiyəsinin bəzi məsələləri.Mədəniyyət dünyası.Elmi-nəzəri məcmuə. VII buraxılış. Bakı,2003, səh.31).

Gənclərə onların böyük türk dünyası ilə bağlılığını, bu bağlılığın genişliyini, qədimliyini, böyük gələcəyə malik olduğunu təbliğ etmək, özü də müntəzəm şəkildə təbliğ etmək işinin vacibliyi qənaəti akademikin təhsil konsepsiyasında qoyulan əsas məsələlərindən biridir. K.Talıbzadə rus və fars şovinistlərinin əsrlər boyu xalqımızın türk soyu ilə bağlılığına zərbə vuran, ziyanlı bir cəhət kimi pisləyən ideologiyasından da söz açır və yazır: “Ali təhsilin proqramlarını da hazırlayanda biz azərbaycançılıq, vətəndaşlıq, vətənpərvərlik ideologiyasının təbliğinə xüsusi diqqət yetirməliyik. Müstəqil Azərbaycanda yaşayan tələbə biləndə ki, Azərbaycan ədəbi-estetik fikrinin tarixi ruslardan, qonşularından xeyli qədimdir, Sovet Azərbaycanındakından fərqli olaraq XIX əsrdən - M.F.Axundzadədən sonra yox, onun XI əsrdə adı, şöhrəti dünyaya məlum Xətib Təbrizi, Nəsirəddin Tusi, Şərafəddin Rami kimi şəxsiyyətləri var, ədəbi-estetik fikri hələ orta əsrlərdə bütün Yaxın və Orta Şərqdə meydan oxuyurdu..., əlbəttə, bu cavanlarımızda milli iftixar duyğuları, inam hissi oyadır və o bu duyğularla yaşamağın zövqünü anlayır” (K.Talıbzadə.Özəl təhsil sistemində tələbələrin mənəvi tərbiyəsinin bəzi məsələləri.Mədəniyyət dünyası.Elmi-nəzəri məcmuə. VII buraxılış. Bakı, 2003, səh.36).

Akademik Kamal Talıbzadənin pedaqoji görüşlərində islam əxlaqı xüsusi yer tutur. Bu məsələdə genetk faktoru dəyərləndirməmək olmaz. İslami dəyərlər, Allah sevgisi Talıbzadələr nəsil şəcərəsinin varisi kimi onun da yüksək dəyərləndirdiyi özəlliklərdəndir. Babası Axund Mustafa Zaqafqaziya şeyxülislamı Şeyx Əhməd Səlyaninin müavini, əmisi Yusif Ziya Talıbzadə ilk islam xəritəsinin müəllifi olmuşdur. Əsərlərində pirlərə, fırıldaqçı ruhanilərə kəskin etirazını bildirən Abdulla Şaiq isə Allahın böyüklüyündən, islami dəyərlərdən dönə-dönə söz açmış, dərsliklərində din xadimləri haqqında məlumatlar vermişdir. Bu maddi-mənəvi irs Kamal Talıbzadənin görüşlərində də genetik olaraq yer almışdır. Axund Mustafa, Yusif Ziya, Abdulla Şaiq kimi Kamal Talıbzadə də islam əxlaqını yüksək dəyərləndirir, şəri məsələlərə elm işığının ziyası altında yanaşır, islami hökmləri dərk edərək qəbul və təbliğ edir. O, islama əxlaq və elmin məcmusu kimi baxır.

Akademik Kamal Talıbzadə gənc nəslin mənəvi tərbiyəsində islam dininin müasir tələblər baxımından öyrənilməsinin mühüm tərbiyəvi əhəmiyyətini qeyd edir və onu da xüsusi vurğulayır ki, islam dininin müasir tələblər əsasında şərhi həmişə Azərbaycanın qabaqcıl adamlarını, din xadimlərini məşğul etmişdir. “M.F.Axundzadə, F.Köçərli, Y.Z.Talıbzadə, Ə.Ağayev, Ə.Hüseynzadə islamın müasir dünya və zaman üçün əhəmiyyətini şərh etmiş, onu cərəyan edən hadisələrlə əlaqələndirmişlər. Allahın qüdrəti, Peyğəmbərimizin vasitəçiliyi ilə yaranan Qurani-Kərim bütün tarix boyu şərh olunaraq müasirləşdirilmişdir. Quranın şərhi özü böyük tarixə malikdir, bu o qədər zəngin misilsiz həyat, fikir məxəzidir ki, din alimləri, mütəfəkkir elm nümayəndələri, filosoflar onu daim müasir həyatın inkişaf meylləri ilə əlaqələndirmişlər” (K.Talıbzadə. Özəl təhsil sistemində tələbələrin mənəvi tərbiyəsinin bəzi məsələləri. Mədəniyyət dünyası.Elmi-nəzəri məcmuə.VII buraxılış. Bakı, 2003, səh.33).

Akademik Kamal Talıbzadəyə görə, özəl, yaxud dövlət müəssisəsi olmasından asılı olmayaraq, ali təhsil ocaqlarının əsas vəzifəsi gələcəkdə dünyada yaranacaq bütün yenilikləri, dəyişiklikləri, hər cür texniki novatorluğu qəbul etməyə, anlamağa hazır olan, yüksək əxlaqlı, mənən zəngin insan - bu günün insanını yetişdirməkdən ibarət olmalıdır. Kamal Talıbzadənin təhsil konsepsiyası müəllimlərin qarşısında aşağıdakı vəzifələri qoyur: vətəndaşlıq hissiyyatını hər şeydən üstün tutan cavan şəxsiyyətlər yetişdirmək; vətəni canı kimi sevən, onun yolunda hər şeyi qurban verməyə hazır olan vətənpərvər şəxsiyyətlər yetişdirmək; düşmənin canına lərzə salan, şəhidliyi - xalqına mənəvi mükafat sayan mücahid şəxsiyyətlər yetişdirmək; dünya elminin önündə getməyi bacaran alim şəxsiyyətlər yetişdirmək.

Akademik Kamal Talıbzadə ondan müsahibə alanlara, tədqiqatçılara həmişə deyirdi ki, məni atamdan ayırmayın. Fərd olaraq fərqli xüsusiyyətlərə malik olsalar da, ata-oğulun mənəvi dünyası bir-birinə çox yaxındır. Bu da təbiidir. Müəllimliyi ilə iftixar edən, ilk anadilli sinfin, ilk anadilli proqramların, dərsliklərin müəllifi olan Abdulla Şaiq həyatını xalqın milli şüurunun oyadılmasına, milli özünüdərk prosesinin sürətlənməsinə sərf etmişdir. O, Azərbaycan tədris tarixində dərsləri türkcə keçirilən ilk milli sinfin müəllimi idi. Bir neçə ziyalı ilə birgə A.Şaiqin həyata keçirdiyi tarixi missiya öz bəhrəsini vermişdi. Həmin siniflərdə yetişən Azərbaycan oğulları sonralar öz intellektləri və milli ruhları ilə vətənin gələcəyini təmin edən ziyalılar oldu. Ə.Bədəlbəyli, Niyazi, R.Axundov, T.Ş.Simurq, C.Cabbarlı, A.Musaxanlı və başqaları Şaiq Nümunə Məktəbinin yetirmələridir. Onlar müəllimlərinin kursunu davam etdirmişlər. Azərbaycan ictimai fikir tarixində onların hər birinin ayrıca yeri və xidmətləri hamıya bəllidir. Bir faktı qeyd etməklə bu məktəbin şagirdlərin dünyagörüşünün formalaşmasında oynadığı rolu vurğulamaq istərdik. Şaiq məktəbinin yetirməsi, ADU-nin ikinci rektoru olan T.Ş.Simurq universitetdə tədrisin Azərbaycan dilində aparılmasını təşkil edən ilk rektor olmuşdur.

Həmin məramı akademik K.Talıbzadənin həyat və fəaliyyətinə də görmək olar. Bir alim və müəllim kimi Kamal Talıbzadə də Azərbaycan ədəbiyyatşünaslıq elminə öz töhfələrini vermişdir. Azərbaycan ədəbi tənqid tarixini yaratmaqla yanaşı, o, milli kadrların hazırlanmasında da böyük rol oynamışdır. Ədəbiyyatşünaslıqda xüsusi yeri və xidmətləri olan alimlərin yetişməsində Kamal Talıbzadənin xüsusi xidmətləri vardır. N.Şəmsizadə, Ş.Vəliyev, K.Əliyev, N.Cabbarlı, N.Qafqazlı və başqaları K.Talıbzadə məktəbinin yetirmələridir.

Kamal Talıbzadə etibarlı övlad, layiqli varisdir. Atası - sevimli yazıçımız Abdulla Şaiqin ədəbi irsinin toplanması, nəşri və təbliği işinə o, bir alim, vətəndaş və oğul kimi daima həssaslıqla yanaşmışdır. Bu məqsədlə Kamal Talıbzadə Abdulla Şaiqin mənzil muzeyinin təşkil olunmasına var qüvvəsini sərf etdi. 1991-ci ildə o, muzeyin yaradılmasına nail oldu. Ömrünün sonuna qədər layiqli bir oğul kimi Abdulla Şaiq mənzil muzeyinin fəaliyyət göstərməsi üçün əlindən gələni əsirgəmədi, atasının qiymətli xəzinəsinə - ədəbi irsinə sahib çıxdı. Hətta öz övladlarına da bu irsi qorumağı vəsiyyət etdi. Beləliklə, Kamal Talıbzadənin çoxcəhətli fəaliyyətinə muzey işi də əlavə olundu. Digər sahələrdə olduğu kimi, bu sahədə də o, yenilikçi oldu. Akademik muzey işinə elmi tədqiqat aspekti əlavə etdi. Bu sahədə gördüyü səmərəli işlər nəzərə alınmış, 1994-cü ildə Kamal Talıbzadə Muzey işi üzrə Respublika Elmi Metodiki Mərkəzinin və YUNESKO-nun nəzdində Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin üzvü seçilmişdir.

Milli ədəbi prosesin tədqiqatçısı olan Kamal Talıbzadə həm də ömrünü milli ədəbi irsin təbliğinə və öyrədilməsinə həsr etmiş böyük pedaqoqdur. Xalqının milli-mənəvi dünyasının kamilləşdirilməsinə, milli düşüncənin formalaşdırılmasına dünya standartları səviyyəsində alimlərin yetişdirilməsinə yönəlmiş fəliyyəti ilə o, Azərbaycan ədəbi-estetik və pedaqoji fikir tarixində daim var olacaq.

 

Arzu Hacıyeva

fil.f.d.

 

Ədəbiyyat qəzeti.- 2013.- 27 sentyabr.- S.6; 8