Təcili teleqram
Hekayə
Bu günlərdə Sabir Məmmədovun seçilmiş hekayə və oçerklərindən ibarət “Qeyrət” kitabı işıq üzü görmüşdür (Bakı, MSA, 2013). Müəllifin “Təcili teleqram” hekayəsini təqdim edirik.
--------------------------------------------
- ...Deməli,
teleqramı sən vurmamısan?! Bəs, yaxşı, nə
haqq-hesabdı?! Sifəti qoz
qabığı kimi
qırış-qırış, saçları
qarışmış kimi görünən,
balaca gözlərində həyat
işığı parıldayan qarı çiyinlərini
çəkdi.
- Nə bilim, ay oğul!
Vallah, heç mənim
də başım çıxmır. Deyəsən, onuncu dəfə idi ki, oğlu soruşurdu
və hər dəfə də anası ona
cavab verirdi: "Nə
bilim... başım
çıxmır".
Fazil darıxdı, qalxıb eyvanda
gəzişdi. Sürahıya söykəndi: "Doğrudan, bu nə deməkdir?
- o düşündü.
- Yoxsa bu, bir zarafatdı? Kimsə mənimlə əylənmək
fikrinə düşüb? Ancaq nə üçün?
Nə məqsədlə?"
O, bu
səhər qatardan düşüb
avtobusa minməsini, doğulduğu
qəsəbəyə gəlməsini xatırladı. Vaqonda bütün gecəni
yata bilməmişdi. Odur
ki, avtobus,
avtobusdakı həmyerliləri ona xəyal
kimi gəlirdi. Onlar kim idilər, nədən, nə haqda danışırdılar - xatırlaya bilmirdi. Evə çatdıqda, anasını sappasağ gördükdən sonra
elə bil tilsimdən
çıxmış, rahat nəfəs
almışdı.
Büruzə verməsə
də, qocalığı açıq-aşkar duyulan qarı isə oğlunun
çinar boyuna, qaya kimi enli
kürəyinə nəzər salıb fərəhlə köks ötürdü:
"Boyuna qurban olum! Bəs səni mən nə vaxt evləndirəcəyəm. Gözümün işığı? Axı
sən mənim bircəmsən! Niyə insaf
eləmirsən, niyə mənə yazığın gəlmir?
Axı istəsən hansı qız sənə gəlməz?
Sən barmağını tuşla. Vallah, özləri yüyürə-yüyürə,
mələyə-mələyə gələrlər... Eh, mən nə axmağam
ey? Bəlkə şəhərdə
gözaltısı var?!"
- Ay
ana, niyə köks ötürdün?!
O, ehmalca
anasının çiyinlərindən tutdu.
Onu bir yarpaq
yüngüllüyü ilə
özünə doğru çəkdi...
Anası dinmədi.
Açıb-ağartmadı. Ancaq bu sükut fazilə çox şey dedi, çox şey söylədi. Həmişəki kimi, oğlu onu sözsüz anladı:
- Darıxma, ay ana, darıxma, az qalıb, lap az qalıb. - Anasının ağ
saçlarını sığalladı, öpdü.
O saçlar necə də yumşaq,
necə də ətirli idi.
Birdən teleqram məsələsi yenə də gəlib
onun fikrini
qarışdırdı. Üzünü turşutdu. Qımzanıb nəsə demək
istədi. Qarı oğlunun sifətinin dəyişməsindən
nə demək istədiyini anladı. Bir az geri çəkildi. Cansız,
quru biləyini havada yellədi.
- Ay bala, qurbanın olum, çıxart başından,
at getsin, o fikri. Nolar, elə hesab elə ki, mən
vurmuşam o teleqramı. Yoxsa gəlib məni
görməyinə peşmansan?!
Fazil
anasının taxta kimi quru sinəsini sinəsinə sıxdı.
- Yox, ay ana, bu nə sözdü? Niyə
peşman oluram. Azacıq sükutdan sonra
sözünə davam etdi. - Məni maraqlandıran budur ki,
görəsən teleqram vuran mənim ünvanımı hardan
alıb? Gərək ki, səndən başqa heç kimdə
mənim ünvanım olmaya axı?... Bir
yaxşı fikirləş, bəlkə bir adam
səndən istəyib mənim ünvanımı?!
Qarı fikrə getdi. Hafizəsini
bir də yoxladı... Fazil anasının
özünü yorub-üzəcəyini
bildiyi üçün əlini onun çiyninə qoydu:
- Yaxşı ay ana, boşla getsin! Havaxt
yadına düşər, düşər. Get, yol tədarükü
gör, sabah qayıdıram, - dedi.
Qarı döşəməyə səpilmiş
şüşə qırıqları üzərilə
yeriyirmiş kimi, içəri otağa keçib yol tədarükü
görməyə başladı.
Fazil
eyvanda bir qədər gəzib həyətə
düşdü. Gəlib ağacların
altında dayandı. Yaxınlıqdan
keçən arxdakı suyun sərinliyi, həzin
şırıltısı yarpaqlar arasından tək-tük
ulduzların sanki bic-bic kirpik çalması, qulaq gizildədən
xoş sükut; bütün bunlar necə də gözəl
idi.
O, uşaqlıqda öz əli ilə
basdırdığı ağacın dibinə gəldı. Eyvandan düşən işığın bir
parçası elə bil ağacın gövdəsinə
yapışıb qalmışdı.
Gözünü gövdədən
çəkdi. Bağçanın o biri başına
getdı... Sonra gəlib sürahının səmtində
durdu.
- Ana! - deyə
çağırdı.
İçəridən səs gəldi:
- Can ana!
- Yerimi bağçadan sal.
Qarı etiraz etdi:
- Bıy, qadan canıma, sənə soyuq olar axı. Hələ nə vədədir?
- Dəyməz, qorxma. Canım hələ möhkəmdir...
...Gecə yarısı yaxınlıqdakı alçaq
hasarın o tərəfində xışıltı qopdu.
- Salam, Fazil!- Həzin qız səsi eşidildi.
O, başını qaldırdı. Qarşısında
qonşusu Gülbənizi gördü. Ay
işığında ağ mələyə
oxşayırdı. O, necə də gözəlləşmişdi...
"Gülbəniz! Alçaq
boylı, sısqa, həm də olduqca dəcəl bir
qız..." Fazil onu belə görmüşdü, belə də təsəvvür
edirdi. Hələ üç il əvvəl
- universitetdə oxuyarkən yay tətilinə gəlmişdi.
O zaman qonşuluqda yaşayan bu qızı görmüş,
ona qarşı özündə qəribə hisslər
duymuşdu. Bir dəfə isə fürsəti fövtə
verməyib həyətlərini süpürməklə məşğul
olan Gülbənizi səsləmişdi:
- Qonşu, bir bəriyə zəhmət çək!
Gülbəniz buna bənd imiş kimi,
çalğunu cəld bir tərəfə tullayaraq,
uçmağa can atan körpə
quş həvəsilə
süzə-süzə Fazilin
yanına gəldi. Elə bil bu
dəvəti, bu çağırışı çoxdan,
lap çoxdan gözləyirmiş... fazil:
- Bilirsən nə var, qonşu? - deyə
ciddi tərzdə sözə başlamışdı. - Deyirəm,
əgər sənə zəhmət olmasa, hərdən bir
bizim də qapı-bacanı çalğula. Özün
bilirsən ki, daha anam əvvəlki kimi qıvraq deyil. Özü də təkdir. Mən elə bilirəm
ki, sən...
Fazil
sözünü bitirməmişdi. Gülbəniz isə heç bir söz demədən
elə o vaxtdan Fazilgilə ayaq açmış, get-gəl
başlamışdı. Bir dəfə Fazil onu öz evlərində
təkləyib (anası
xəstəxanaya getmişdi, orada tibb bacısı işləyirdi.)
zarafatla demişdi:
- Sən mənim xoşuma gəlirsən...
Fazil
sözünü bitirə
bilməmişdi. Buna səbəb
Gülbənizin bir qədər soyuqqanlı, bir qədər də
təmkinlə:
- Fazil müəllim!
Biz hələ o barədə fikirləşmirik
- deməsi olmuşdu. "Fazil
müəllim!"
Bu söz onu o vaxt yaman tutmuşdu, pərt
etmişdi. Sonra... sonra şəhərə qayıdarkən
Gülbəniz də, onunla bağlı olan xatirat da beyninin dərinliyində
bir parça bulud, bir dişdəmlik qənd kimi əriyib yox
olmuş, yerini şəhərin bir az qəribə,
bir az macəra dolu hadisələri, söz-söhbətləri
tutmuşdu...
Fazil
artıq hasarı adlayıb ona yaxınlaşmış
qızın başını aşağı salıb, yarpaq
kimi titrədiyini sezdi. Səssiz
hıçqırıqlarla ağladığı duyulurdu.
Fazil keyiyib qalmışdı.
O, başa düşə hilmirdi ki, bütün bunlar nə
deməkdir? Bundan bir gün əvvəl o, harda
idi, indi hardadır? Aldığı teleqram... gəlib
sağ-salamat gördüyü anası... indi
qarşısında dayanıb gözünün
yaşını gildır-gildır axıdan bu qonşu
qızı... Qəribə iş idi.
Qız bir az sakitləşdikdən
sonra səsinin ahəngini dəyişərək ciddi tərzdə
qırıq-qırıq dedi:
- Mən ona ge.. .getməyəcəyəm.
Mən sevmirəm onu…
Fazil
heç nə başa düşmədi. Başa
düşmədiyi üçün də soruşdu:
- Sən kimi istəmirsən? Səni kimə
ərə verirlər ki? Bir əməlli-başlı
danış görüm nə deyirsən?
Qız başını qaldırdı, sonra yana hərlədi. Sanki "o adam"
həmin səmtdə dayanmışdı.
- Onu deyirəm də... Süleymanı,
Novruz kişinin oğlu Süleymanı. Məni
ona vermək istəyirlər.
Bir həftədən sonra nişandır...
Hövsələsi tükənmiş Fazilin dodaqlarından ixtiyari qopdu:
- Yaxşı, bunun mənə nə dəxli?!
Sanki qızı ilan sancdı:
- Bəs onda siz.... Bəs onda siz... niyə
dinmirsiniz?!
Fazil duruxdu:
- Axı mən nə deməliyəm?...
Əgər Süleymandan xoşun gəlrmirsə,
şikayət elə ... Bunun üçün prokurorluq var, mətbuat
var, dünya dərəbəylik dünyası deyil ki?!
Bədirlənmiş ayın bir ovuc
işığı qızın pörtmüş sifətində
qərar almışdı. Elə bil, ay bunu qəsdən
etmişdi ki, Fazil qızın qənirsiz gözəl olduğunu bir daha görə bilsin...
"Bu nədir? Doğrudanmı,
o bu qədər gözəlləşib? Yox,
o heç dəyişməyib, həmin qızcığaz
olaraq qalır. Bir də ki, bütün
bunların mənə nə dəxli var axı?!"
Qız bir müddət mənalı və bir qədər
də əsəbiləşdirici tərzdə sükuta getdikdən
sonra:
- Mən ölsəm də ona ərə getməyəcəyəm!.. - astadan, təəssüf
duyulan bir səslə pıçıldadı. Xudahafizləşmədən
geri döndü, bir topa ağ duman kimi yoxa
çıxdı...
Fazil
bir müddət oyaqlıqla yuxu arasında bu mübhəm gəlişin
mənasını arasa da, gecənin bu vaxtı beyni keyləşdiyindən
bunu adi qız şıltaqlığı sandı və
çox da dərinliyinə gedə bilmədi.
...Eyvandakı işıq yandı. Qarı
ayağındakı sürütmələri
şappıldada-şappıldada daş pillələri enirdi
ki, bağçanın dərinliyindən oğlunun səsini
eşitdi:
- Nə var, ay ana?
Qarı oğlunun yatmış olduğunu
zənn etdiyindən səksənən kimi oldu.
- Bıy, oyaqsan, ay oğul?! - soruşdu.
Sonra kallaşmış səslə gəlişinin
məqsədini bildirdi. - Hə, onu deyirəm ey, deyirəm,
bəlkə sənə teleqram vuran elə bu yanmış...
- Qonşumuzun qızı Gülbəniz imiş. - Fazil
onun sözünü bitirdi. Taəccübdən
qarının sifəti əyildi.
- Bıy, başıma xeyir ay...
Fazil yuxulu səslə,
artıq o yatmaq istəyirdi:
- Get, get yat, ay ana! Səhər danışarıq! -
dedi.
Ancaq səhər bu barədə danışmadılar. Hər ikisi gec oyandığı üçün
buna imkan olmadı.
... "İkarus" markalı avtobus təzə
qır salınmış yolla üzü aşağı Araz
çayına tərəf şütüyürdü.
Avtobusda çoxlu adam vardı. Onlardan bir neçəsi təhər-töhürlərindən
şəhərə, yaxud harasa başqa bir yerə gedənlərə
oxşayırdı. Qalanlar isə dəmir
yol stansiyasında işləyənlər idi. Belə tezdən işə gedirdilər. O, bu həmkəndlilərindən
bəziləri ilə tanış idisə
də, heç birinə uyuşmur, kəlmə kəsmirdi. Oğlan beləcə gözləri yarıyumulu halda
fikrə getmişdi. Ötüb keçən
bir qədər romantik, bir qədər də əcaib gecəni
xatırlayırdı. Ay işığında
gördüyu qızın o düz biçimli,
işıldayan, süd rəngli sifəti gözləri
önündən çəkilmək bilmirdi.
"Yazıq qız... onun axırı nə
olacaq?! İstəmədiyi bir adama ərə
getmək... - o kədərlə düşündü. -
Görəsən, bundan da dəhşətli şey varmı?!
Heysiyyətini, mənliyini diri-diri boğmalayıb,
bürüb-büküb versinlər kiminsə, nifrət
etdiyin bir adamın qoltuğuna: "Apar, sənindir".
Elə bu
zaman onun gözlərini tutmuş çəhrayı dumanlıqda
üzünü sanki halə bürümüş
Gülbəniz göründü:
"Yaxşı, cənab
psixoloq, - o, özünü
nəzərdə tuturdu,
- fikirləş tap görək,
bu nə sirr idi? Özün
də alim olmaq istəyirsən:
"Duyğu sıçrayışlarında
spontan çevrilmələr".
Gərək ki, elmi işinin adı belədir? İndi aydınlaşdır görüm, qızcığazı
bu addımı atmağa nə məcbur edib? Bu sadəcə qız
şıltaqlığıdırmı?
Yox, o, artıq uşaq deyil. Burda nəsə başqa,
daha güclü bir duyğu, daha guclü bir səbəb olmalıdır... - birdən
o, diksinən kimi oldu. - Olmuya bu sevgidir, məhəbbətdir?
Sənsə neçə illərdir
metroda, avtobuslarda, bağ-biyabanlarda məhəbbət
axtarırsan. Məhəbbətin olmadığı qənaətinə
gəlmisən. Deyirsən:
Yoxdur məhəbbət!
Bu sərabdır, özünü aldatmaqdan başqa bir şey deyil. İndi gördünmü, var məhəbbət. Day, məhəbbətin buynuzu
olmur ki?"
Bu yerdə Fazil ətrafina baxdı. Döyükdü. Bu nədir? Köhnə avtobus elə
bil, gedə-gedə çevrilib təzələnmişdi.
Yaşıl üzlü oturacaqlar, nikelli əl
tutacaqları, yan-qabaq şüşələr, hər
şey, hər şey işım-işım
işıldayırdı, gözəlləşmişdi.
Bayaq üz-gözləri yontalmamış kimi
görünən həmyerliləri də sanki ona
doğmalaşmışdı, üz-gözlərində həyat
işığı qaynayırdı. Su
kimi axıb arxada itən gümüşü asfalt yol da,
yamyaşıl təpələr də günəş
işığına qərq olmuşdu.
...Birdən fazil bu ilahi sirdən, möcüzədən
sanki yuxuda imiş kimi ayıldı. Daxilindən elə bil
güclü, çox güclü bir dalğa qopdu, kükrədi,
qüvvətli bir təkanla onu irəli itələdi:
-Saxla!..
Bu naqafil səsə maşındakılar
diksindi. Yaylıqlı, papaqlı,
papaqsız başlar çevrildi. Almaz kimi
parıldayan iti parıltılı baxışlar ona zilləndi.
Arxada əyləşib bir cüt sərçə
kimi bayaqdan ağız-ağıza verib cükküldəşən
məktəbli qızcığazların sözləri
dodaqlarında dondu, havadan asıla qaldı.
Fazil üzərində "Aeroflot"
yazılmış çantasını qapıb, ona
tuşlanmış heyrətli baxışların
gümüşü nizələrini yara-yara hələ də,
heç nə anlamayan kürən sürücüyə tərəf
atıldı:
- Saxla maşını!..
Sabir Məmmədov
Ədəbiyyat
qəzeti.- 2013.- 27 sentyabr.- S.7.