Səssiz fırtına

 

Bəzən çox yorğun hiss edərsən özünü… əlinə alıb çantanı daşımaq ağır gələr, acanda hazır yeməyi isitmək ağır gələr, qələmi əlinə alıb iki sətir yazmaq belə çox ağır görünər. Bunları keç, bədənin belə ruhuna ağır gələr, bədənini daşıya bilməzsən. Həm də bu elə yorğunluq olar ki, saatlarca yatsan da keçməz. Bütün gün ora-bura qaçsan da yorularsan, səhərdən axşama qədər evdə otursan da. Bütün bu yorğunluqla evdən çıxmaq məcburiyyətində qalanda, ayaqqabının ağır gəldiyini və hətta ayağını qaldırıb-endirəmyin, addımlamağın belə bir yük olduğunu hiss edəndə əlindəkiləri yolun ortasındaca atıb hönkürmək istəyərsən, yerə çöküb ağırlıq qüvvəsinə təslim olmaq… bunun səbəbi nə fiziki yorğunluqdu, nə başqa bir şey. Səbəb sənin içində qopan fırtınalardır. Belindəki uzun müddət keçməyən ağrıların da, nə qədər isti olursa-olsun, üşüməyinin də səbəbi budur.

Heç kim görməz qıraqdan, görənlər də məna verə bilməz sənin hisslərinə. Həmin dəqiqə müqayisəyə başlayarlar; filankəsdən ki, yaxşı haldasan, bax, şükür elə. Sənin zəif olduğunu düşünərlər. Belə "xırda" bir itkinin səni bu hala saldığına, çökdürdüyünə, inandıqlarını, düşüncələrini alt-üst etməsinə inanmazlar. Çoxunun da vecinə belə olmaz sənin duyğuların.

Ümidin də səni tərk etdiyinə tək-tənha qalarsan. Küçənin ortasında, səs küyün içində, ya da otağında tək-başına - fərq etməz. Özünü hər şeydən, hər kəsdən uzaq hiss edərsən - bu dünyanın sakini deyilmişsən kimi. Ətarfında olanlar səni artıq həyəcanlandırmaz, sevindirməz, kədərləndirməz. Hisslərini də itirmiş kimi hiss edərsən. Bunların hamısını bir zəncirin halqaları kimi bir-bir itirərsən. Var olan tək şey beynindəki suallar olar. Doğrunu bilmək istəyərsən, amma harda və necə axtaracağını bilməzsən. Sualların səni daha da bilinməz bir quyuya salar. Özünü belə itirdiyinin fərqinə vararsan birdən. Elə bilərsən ki, bədəndəki ruh başqa ruhdur artıq. Ağlamaq günlük hadisəyə çevrilər hətta. Hər olar-olmaz şeyə gözlərin dolar, bəzən öz dərdini qoyub başqasının dərdinə ağlayarsan. Sənə elə gələr ki, bu dünyada hər kəsin yerinə sən əzab çəkirsən. Ətrafında olanları görməzsən. Görmək istəməzsən bəlkə. Özünü böyük bir boşluqda tək-tənha hiss edərsən. İnsanların sənə qəribə baxması, komplekslərin, qorxuların - hər şey boş görünər gözünə. Sən gözündə damla qalmağını istəmirmişcəsinə ağlamağa davam edərsən. fəsildən asılı olmayaraq, havanı həmişə payız sanarsan. Artıq əvvəlki kimi ola bilməyəcəyinə görə, olmaq istəmədiyin yerdə olduğuna görə, üzünə belə baxmaq istəmədiyin insanlarla danışmaq məcburiyyətində qaldığına görə özünə belə nifrət edərsən.

Çox uzaqlara getmək istəyərsən, amma getdiyin hər yerə özünü də apardığını unudarsan. İnsanların təsəlliləri səndə acı bir təbəssüm doğurar inamsızca. Artıq külək əssə, xəstələnərsən. Sevdiyin hər şeyə küsərsən: kitablarına, musiqilərinə, həyata… Səni sevdiklərini düşündüyün insanların səni anlamaması, qınaması, dəyişdirməyə çalışması səni çox incidər. Bəlkə də ən çox bu incidər səni. Daşıması ən ağır olan bu olar. Ən sonda var gücünlə qışqırmaq istəyərsən. Üsyanını bildirmək, etiraz etmək… amma bunların heç birini etməzsən. Yalnızca içindən keçirərsən. Bunları düşünərkən dayanacağa çatdığının, gözlərindən bir damla yaş süzüldüyünün və dərsə gecikməkdə olduğunun fərqində olmazsan. Avtobus dayanacağa çatanda gözünün yaşını heç kimə bəlli etmədən silib minib gedərsən, heç nə olmamış kimi. Heç kim sənin içindən keçənləri bilməz, sən də adi, "səssiz" həyatına davam edərsən.

 

Ülviyyə MƏMMƏDOVA

 

Ədəbiyyat qəzeti.- 2013.- 27 sentyabr.- S.7.