Hüznlü yollar

 

Kənddən xeyli uzaqda, "Sarı yal" adlanan dağda sərinlik hakim olan sıx meşənin düz girəcəyində oturmuşam. Yemişan, armud, alça, qızlar buxçası, palıd, ulas ağaclarının bütünündən yaranan bu gözə məlhəm mənzərənin istinadgahı hisslər, duyğular olan nələrəsə başlanğıc bir canlı kimi görürəm. Quşların cikkiltisi, milçəklərin, arıların vızıltısı, dağın təpəsindən ucalan fasiləli insan səsləri, fışqırıqlar, körpə keçi mələməsi, inəklərin böyürtüsüduymaqda çətinlik çəkdiyim başqa min cür səsdən yaranan bu görünməz mənzərə meşənin ruhuna yayılıb durğun çay kimi axıb gedir. Aşağı meşəyə doğru uzanan yaşıl çəmənə bürünmüş; üzərində seyrək ağaclar olan; müxtəlif yerlərinə səpələnən nəhəng qayalarla bəzənmiş torpaqda uzun, lap xırdaca eni olan, uzaqdan gözə görünməyən çoxlu cığırlar var. Mən həmin ensiz, "tək ayaqlı yolların" birində dayanıb çəmənliyin üzərində oturmuşam, ayaqlarımı da açıq yola dayamışam. Yolun eni ayaqlarımın uzunluğu qədərdir və bayaq bura ilə intizamla, yavaş-yavaş yeriməyim mənə bir az qəribə gəlir. Ancaq açıq-aydın görürəm ki, bu qəribəliyin nə mənim ayaqlarımla, nə də bu ensiz dar cığırla bir əlaqəsi var. Bu dəqiqə iki hissin, məfhumun, anlaşılmaz iki anlayışın köksümü parçalayıb böldüyünü görürəm. Düşünürəm ki, insan aşiq olandaeşqi də çətin, iztirablı, naməlum bir dünyaya qarışanda təbiətin bu qayğısız füsunkarlığı da onu narahat edir, doğmalıq və yadlıq onun daxilində barışmaz və anlaşılmaz bir mübarizəyə girir. Bax, indi buradakı hər bir ağac, səs və sakitlik təbiətə nə qədər doğmadırsa, təbiət də mənə bir o qədər doğma və əziz görünür. Və otun üzərində dayanan qalın, göy kitab, onun kənarındakı siqaret qutusu təbiətə nə qədər yaddırsa, ruhumda bir o qədər narahatlıq və yadlıq hiss edirəm. Mən iki ildən çoxdur ki, Bakıda yaşayıram və anlamağa çalışıram ki, nə bu doğma kəndim, nə də o yad şəhərim mənə rahatlıq vermir. Çox, çox uzun müddətdir ki, nigarançılıq məndən əl çəkmir.

İnsan başını qatmaqbu daxili qəribə iztirabdan qurtarmaq üçün nələr etmir ki... çalışmaq, oxumaq, gecə küçələri gəzmək, siqaretlə yaşamaq, internetdə dolaşmaq, dini qayda-qanunlarla hüzur qazanmaq, fizioloji və mənəvi narahatçılığını boşaltmaq, içmək, müşahidə eləmək və ən nəhayət, gözlərini yummaq. Bütün bu yaşananların sıxıntılar və sevgi ehtiyacının ödənilməsi zərurətindən yarandığını qəbul eləmək olar. Ancaq bütün qayğıların və ödənilən hisslərin arxasında olduğu kimi önündə də yenə nigarançılıq və əzab görünür. Elə bil varlığımın, yaşamamın yalnız bir mənası var. Çirkinlikdən də, gözəllikdən də nigarançılıq doğursa, demək yaranışımın mənası budur: hüzniztirabla qovrulan ruhumu çəkib naməlum məkanlara, uzaqlara aparmaq. Və getdikcə və dayandıqca içimdəki o anlaşılmaz dünyanı səsləyən yad məkanlarda qərar tuta bilməməyimin sirrini kəşf eləmək. Görünür, bu çox çətin işdirbütün ömrümün belə keçəcəyindən qorxuram. Sevdiyin insanın gülüşündən, sevincindən üzülüb uzaqlaşmaq, sənlə paylaşacaq hissləri olmayan birinə dəli kimi, vurulmaq və ən nəhayətində qəmi, kədəri, hüznü, nigarançılığı götürüb yola çıxmaq. Bütün ömrümün əvvəli, sonuyol boyu çəkdiyim, çəkəcəyim zülümlərin mükafatı, xoşbəxtliyi, toyu-bayramı da budur. Bura qayıtdığım üçün peşman deyiləm, ancaq Bakıda yaşayaraq çəkdiyim iztirabdan, yadlıqdan azacıq da olsun uzaqlaşa bilmirəm. Yenə gedəcəyim hüznlü bir yolsakit bir yer görünür. Həlim meşə mehi qayğılı, ehtiyatlı addımlarla yeriyib ruhumun kürən, cavan, ərköyün dalğalarını yatızdırır və dağların uclarına sancılan əzəmətli göy gurultusu eşidilir.

 

Müşfiq Şükürlü

 

Ədəbiyyat qəzeti.- 2013.- 27 sentyabr.- S.7.